Həyatı şeirə uduzuruq
Şair Fərqanə
Mehdiyeva ilə müsahibə
- Ədəbi prosesə yeni
gənc ədəbi qüvvələr gəlir. Bu ən çox "Ulduz" jurnalında hiss olunur. 80-ci illərin Fərqanəsinə bənzəyəni
varmı?
- Bizim
dövrlə indi çox fərqlidir. İndiyə
qədər gəncliyin üzünə açılan
qapılar bugünkü kimi heç zaman açıq
olmayıb. Son illər isə ümumiyyətlə,
gənclərə mətbuatda yaşıl işıqdır.
Mənim gəncliyimdən də fəal,
istedadlı gənclər var indi. Ancaq mən
həmişə yazılarını redaksiyaya gətirib sakitcə
qoyub gedən gənclərin yazıları ilə
maraqlanıram. Bu davranışı
onların həm ədəbi, həm də öz
yazılarına güvəni kimi dəyərləndirirəm.
Amma elə gənclər də var ki, özündən
çox razı halda gəlir, mənim haqqımda filan professor
belə dedi, mənim filan şairlə şəklim var,
sözlərimə yazılan mahnını filankəs oxuyur,
amma siz məni çap etmirsiz deyirlər. Gənclərin
çoxu ədəbiyyata əli yalın gəlirlər, yəni
mütaliələri zəif olur. Get-gedə
inkişaf, məsuliyyət hissinin artması onları
yazıçı kimi formalaşdırır. Gənclər mənim onlara olan dəstəyimi həmişə
yüksək qiymətləndirirlər. Amma
mən onlara izah edirəm ki, sizin ədəbi nümunələriniz
zəif olsa, mən bunu edə bilmərəm.
- Siz "Ulduz"
jurnalının poeziya şöbəsində
çalışırsınız. Özünüz heca şeirləri
yazırsınız, sərbəst şeirlərə ümumi
və "Ulduz"dakı münasibətiniz necədir?
- Əslində, janr söhbəti istedadın meyarı
deyil. İstər sərbəst, istər hecada əsas
meyar yenilikdi. Gərək şeirin
ab-havası oxucunu heyrətləndirsin, diksindirsin. Ədəbiyyatda yeni heç nə yoxdur, deyirlər.
Hər şey deyilib, hər şey
yazılıb. Amma yenə deyilməyən,
yazılmayan çox şey var. Bəzən elə yeni
şeirlərlə qarşılaşıram ki, təəccüblənirəm.
Gənc imzaların içində gələcəyin
gözəl şairlərini bu gün də görmək olur.
Sərbəst və ya heca şeirin fərqi
yoxdur, əsas fikrin sərbəstliyidir. Biz Nazim Hikməti,
Rəsul Rzanı, Əli Kərimi oxumuşuq. Bu
şairlər sərbəst şeirin dahiləridir, onları
oxuyanda poeziyanın ruhu ruhumuzla qovuşur. İndi
sərbəst şeir adı ilə yazıların əksəriyyəti
alınmamış məqalələr təsiri
bağışlayır. Bəzən
onların içində çox dəyərli fikirlər
oxuyuram. O fikirlərə yazığım gəlir ki,
onlar şeirə çevrilə bilmir. Bu yazarlar
bir azdan nəsrə keçirlər, çünki onların
mayası şeirlə yoğrulmayıb. Mənim
10-12 sərbəst şeirim var, amma onların da daxilində
ritm, daxili qafiyələr var. İstənilən halda
yaxşı fikrə, yeni sözə münasibətim gözəldir.
- Fərqanə xanım,
"Qadınlar, sıxmayın kişiləri siz" -
deyirsiniz, bəs qadınları sıxan nədir?
- Əslində, mən o şeiri xalqımızın
ağır günlərində, keçid dövrümüzdə
yazmışdım. O zaman rəhmətlik yazıçımız Əzizə
Cəfərzadə bu şeiri "Ədəbiyyat qəzeti"ndə
oxuyub fikirlərini həmin qəzetdə bildirmişdi. Rəhmətlik Fikrət Sadıq da deyirdi ki, o
şeiri çıxartdırıb kişilərə bir təsəlli
və qayğı nümunəsi kimi evdə divara vurmaq
lazımdır. Kişilər müəyyən
zaman və yaş dövrlərində sıxıntılar
çəkir, çətinliklərlə üzləşir.
Amma qadının sıxıntısının
dövrü yoxdur. Kişilərin nəfəs
aldığı yer genişdir, lakin bütün zamanlar
qadın üçün çətindir. Xüsusən yaradıcı qadınlar
üçün həyat ikiqat çətindir. Anadır, həyat yoldaşıdır, evin
qayğılarına bürünmüş qadındır.
Hələ üstəlik, qələmi də
varsa, bundan böyük yük yoxdur. Həm
ailə, həm övlad, həm
yaradıcılığını bir arada saxlaya bilirsə, tərəzinin
gözü əyilmir. Həmin tərəzinin
gözünü düz saxlayan qadınlar özlərini
uduzmaq naminə həyata qalib gəlirlər. Özün də yaradıcı xanımsan, bilirsən
ki, biz nə qədər həssas yanaşırıq insanlara,
düşüncələrə, həyata. Şeir xoşbəxtlikdən yaranmır, əzabdan
yaranır.
- Belə bir fikir var ki, XIX əsr
rus ədəbiyyatı dərnəklərdə, jurnalların
ətrafında formalaşdı, inkişaf etdi. Bəs
bizim ədəbiyyat necə? Məsələn, sizin həyatınızda
hansı amillər yaradıcılığınıza təkan
verdi?
- Mən Salyan rayonundanam, orda doğulmuşam. Atam məni
orta məktəb illərində 5-6-cı siniflərdə
oxuyarkən rayonun "Qələbə" qəzetinin
"Kürün töhfəsi" ədəbi birliyinə
aparırdı. Dərnəyin rəhbəri
gözəl şairimiz Əlisəmid Kürün atası, ədəbiyyat
müəllimi, gözəl şeirlər müəllifi Cəfər
müəllim idi. Şeirlərim orda
çap olunandan sonra şair Zabil Pərviz "İstedad əsasdır"
başlıqlı məqaləsi ilə məni oxuculara təqdim
etmişdi. Həmin dərnəyə
Bakıdan da tanınmış yazarlar gəlirdi. Məsələn,
Xəlil Rza, Ağacavad Əlizadə, Oqtay Rza gəlirdi. Biz şeirlərimizi oxuyurduq, onlar bizə öz məsləhətlərini
verirdi. İlk şeirlərim 7-ci sinifdə
elə həmin "Qələbə" qəzetində
çap olunmuşdu. Xəlil Rza atama
deyirdi ki, bu qızdan muğayat ol, mənə də deyirdi,
şeiri atma, şeirin səndə gözü qalar. Bu söz mənim üçün böyük stimul
idi. İnandım ki, mən yaza bilirəm.
Bu güvən məndə böyük məsuliyyət
hissi yaratmışdı. Düşünürdüm
ki, gərək gələn həftə keçən həftədəkindən
daha yaxşı şeir oxuyum. Daha sonra tələbə
vaxtı Musa Ələkbərlinin, Məmməd
İsmayılın dərnəklərində iştirak
edirdim. Hələ 80-ci illərdə
radioda "Bulaq" verilişində mənim şeirlərim
səslənirdi. Əvvəl Bakı Mədəni Maarif
Texnikumunda oxuyanda dəyərli alimimiz Qəzənfər
Paşayev mənim bayatılar şeirimi bəyənmişdi,
Ayaz Vəfalı da orda idi və dedi ki, sabah
bu şeir "Ədəbiyyat qəzeti"ndə çap
olunacaq. Səhəri gün qəzeti alanda həmin
şeiri gördüm və çox sevindim. Bu hadisədən sonra şeirlərim ədəbi
orqanlarda mütəmadi çap olundu. Bu
dövrlər yaradıcılıqla sıx məşğul
olduğum illər idi. Sonra ailə qurdum,
yaradıcılıqdan bir az
uzaqlaşdım. Yenə bir müddət sonra mətbuatda
yeni şeirlərimlə çıxış etdim. Ədəbi mühitin ən qaynayan hissəsinə
"Pərvanə" ədəbi dərnəyinə
qoşulandan sonra qarışdım. Biz
gedib orda yeni şeirlərimizi oxuyurduq, müzakirələr
olurdu. "Ədalət" qəzeti bizim
üçün səhifə ayırmışdı,
şeirlərimiz orda çap olunurdu. Mən lap orta məktəb,
tələbəlik illərindən "Ədəbiyyat qəzeti",
"Azərbaycan", "Ulduz" jurnallarını oxumuşam.
Valideynlərim bu dərgilərin oxucusu olub.
Və arzu etmişəm ki, mənim də
şeirlərim bu qəzet və jurnallarda çap olunsun.
Və gəncliyimdən bu günə kimi həmin
yerlərə şeir verəndə yüz dəfə
düşünmüşəm, yüz şeirimdən
beş-altısını seçib vermişəm. Çünki özüm də onların oxucusu
olduğum üçün, müəllifə pərəstişlə
bərabər, oxucuya hörməti də öyrənmişəm.
Mən indi də hər ay səbirsizliklə bu
dərgiləri gözləyirəm, oxumayanda elə bilirəm
həyatımda nəsə çatmır. Müasir ədəbiyyatımızın
və bölgələrin ədəbi mənzərəsi ilə
tanış oluram. Bu
artıq mənim həyat tərzimə çevrilib.
- Salyan rayonunda doğulmusunuz. Bu bölgənin qədim tarixi var. Salyan ədəbi
mühitinin yaxın tarixi və onun nümayəndələri
haqqında nə deyə bilərsiniz?
- Rəhmətlik
Əliağa Kürçaylı bizim qonşu
Kürqaraqaşlı kəndindən idi. Eşitmişdim ki,
şair Kürün sahilində ev tikdirib. Atam rayona gedəndə ağlayırdım məni
aparsın, həmin kənddən keçəndə o evi mənə
göstərsin. Mənim üçün
yazarların yaşadığı, gəzdiyi yerlər,
adları olan küçələr çox müqəddəsdir.
Həmişə fəxrlə deyirəm ki, mən
də Kürçaylı torpağındanam. O vaxt
Bakı Dövlət Universitetində imtahan verəndə Kamil
Vəli Nərimanoğlu soruşdu hardansan, dedim
Kürçaylı torpağındanam. Dedi yaman şairanə
danışırsan ha... birdən şeir yazarsan. Sonra şeirlərimi dinləmişdi. Salyandan Xəlil
Rza, Əlibəy Hüseynzadə kimi ziyalılarımız
olub. Neftçala, Salyan eyni region hesab olunurdu əvvəl,
Neftçalada dəyərli alimimiz İmamverdi Əbilov,
"Xəzər nəğmələri" Ədəbi
Birliyinin rəhbəri Soltan Abbas vardı. Daha sonra
Əlisəmid Kür, Zabil Pərviz, Eldar
İsmayıloğlu, Təyyar Nəsirli, Zərxanım
Ülvi, Namiq Hacıheydərli, Mətləb Ağa, Elnur
Uğur Abdıyev kimi şairlərimiz var.
- Hər hansı bir hadisə və
ya xeyirxah bir adam kiminsə ədəbi həyatında
mühüm rol oynayır. Sizə ən
çox kimin təsiri olub?
- Həyatımda
xeyirxah adamların rolu çox olub. Yol
açan, istiqamət verən, şeirlərim haqqında fikir
bildirənlər olub. Bir dəfə
şeirlərim "Ədəbiyyat qəzeti"ndə
çıxanda çox dəyərli dilçi alimimiz Yusif
Seyidov qəzetə açıq məktub yazmışdı.
Əsasən "Təndir" və
"Daşyonan" şeirimin üzərində
dayanmışdı. Qəzetdə belə
şeirlərin verildiyinə görə redaktora təşəkkür
yazmışdı. Ayaz Vəfalı deyirdi ki, redaksiyaya sənin
şeirinə görə Nəriman Həsənzadə, Ələmdar
Quluzadə, Qəzənfər Paşayev, Hüseyn Abbaszadə
zəng vurmuşdular. Həyatımda ən çox
qayğı gördüyüm adamlardan biri Fikrət
Qocadır. Kitabıma
"Tanıdığım və sevdiyim şairə"
adlı uğurlu rəy yazmışdı. Anar müəllimin böyük qayğısı
odur ki, mən sevdiyim, arzusunda olduğum işdə işləyirəm.
Nəriman Həsənzadə hələ bu yaşında da
televiziyada bir yaxşı çıxışımı
görəndə zəng edib təbrik edir... Gözəl
alimimiz Qəzənfər Kazımova kitabımı təqdim
etmişdim, "Kredo" qəzetində şeirlərim
haqqında çox səmimi bir yazı yazmışdı.
Fikrət Sadiq "Payızın yanında
gözlərsən məni" kitabım haqqında
"Ədəbiyyat qəzeti"nə böyük bir
yazı yazmışdı. Tanınmış
ədəbiyyat biliciləri Nizami Tağısoy, Allahverdi Emin,
Etibar Etibarlı və onlarca qələm adamları
haqqımda dəyərli yazılarla mətbu orqanlarda
çıxışlar ediblər. Balayar
Sadiq maraqlı bir məqalə, ədəbiyyatşünas
Almas Ülvi də gözəl bir yazı yazmışdı və
s.
- Bayaq dediniz ki, bir çox şairlər
şeirdən sonra nəsrə keçirlər, sizin heç
belə bir istəyiniz olubmu? Nə vaxtsa bu potensialı
özünüzdə hiss etmisiniz?
- Demirəm
mənim gücüm hekayə yazmağa çatmaz. Amma mənə elə gəlir ki, hekayə yazsam
yaxşı hekayə yazanlar kimi olmayacam. Hekayəm
şeirimdən güclü olmayacaqsa, onu yazmasam
yaxşıdır. Buna görə niyə
vərəq korlayım? Niyə kiminsə
yerini dar eləyim? Bəzən deyirlər, qoy kim nə yazır yazsın, pis işlə məşğul
olmur ki? Mən deyirəm, hamı yazıçı ola bilməz. Hərə getsin
öz işi ilə məşğul olsun, vərəq
korlamasınlar. Vərəq korlamaq ağac
kəsməyə bərabər cinayətdir. Publisist yazılarım var, amma onların da şeir
kimi ritmi var. Mən şeirlə yaşayıram, şeirlə
danışıram, şeirlə oynayıram. Şeir mənim vicdanımdır, məsuliyyətimdir.
- 80-ci illərin Fərqanəsi ilə
indinin Fərqanəsinin ədəbi zövqü nə dərəcədə
fərqlənir?
- Mən
ilk kitabımı gizlədirəm. O dövrdə
yazdıqlarımı bu gün qəbul etmirəm. İndi mənə elə şeirlər gətirsələr,
çap etmərəm. Bu günün oxucusu
çox tələbkardı. Amma hələ
də o dövrdən qalan bəzi şeirlərimi çap edə
bilərəm. Əvvəllər çox
məhsuldar idim. Demək olar, çap
olunan bütün almanaxlarda yeni şeirlərim olurdu. İndi şeirlərim arasında çox seçim
edirəm. Hər təzə şeir yazanda
düşünürəm ki, bu hələ ən
yaxşısı deyil. Hətta ən
tanınmış, yaxşı şair hesab etdiyim şairlərin
bəzi şeirlərini qəbul etmirəm. Amma həmişə
sevdiyim şairlər və şeirlər var. Hər şey bu
gün oxucunun, sabah zamanın
ixtiyarındadır.
- Ədəbi tənqidlə
aranız necədir?
- Vaxtilə
mənim şeirlərim haqqında Vaqif Yusifli, Əsəd
Cahangir dəfələrlə yazıb. Bu adamlar
da mənim xəbərim olmadan ediblər bunu. Təbii ki, tənqidçinin vəzifəsi təhlil
üçün material axtarmaqdır. Heç
vaxt heç bir tənqidçidən bunu istəmərəm.
Yeni imzalar çoxalıb, tənqidçilər
bir çoxları haqqında öz fikirlərini bildirirlər.
Amma mən yenə də tənqidçilərdən
yaradıcılığıma qarşı maraq gözləyirəm.
Yaxşısı və yanlışı ilə
təhlil etsinlər.
- Fərqanə xanım,
oxucularınıza yeni ildə nə vəd edirsiniz?
Yeni şeirlər var, yeni kitab üzərində işləyirəm. "Şəkil"
adlı kitabla oxucularımın görüşünə
hazırlaşıram.
Söhbətləşdi: Nuranə Nur
Ədəbiyyat qəzeti.- 2019.- 26
yanvar.- S.20.