Kalmık dastanı Babək

Qurbanovun təqdimatında  

 

Hər bir xalqın zəngin folklor yaradıcılığı, mədəniyyət tarixi onun milli təfəkkürünün, fəlsəfi fikir və mənəvi dünyasının tarixidir. Xalqın adət və ənənələri, vətənpərvərliyi, milli özünüdərki, azadlıq və müstəqillik yolunda mübarizələri onun xalq yaradıcılığında - nağıllarda, dastanlarda və musiqi mədəniyyətində bədii ifadəsini tapmışdır.

Türk xalqlarının folklor nümunələri, o cümlədən dastan yaradıcılığı ideya-məzmununa və zənginliyinə görə dünya mədəniyyəti tarixinə daxil olmuşdur. "Manas", "Kitabi-Dədə Qorqud", "Koroğlu" kimi böyükhəcmli dastanlar bütün dünyada şöhrət qazanmışdır. Azərbaycan folklorunun özəlliklərindən biri də onun başqa türk xalqlarının şifahi xalq ədəbiyyatı ilə ortaq cəhətlərə malik olmasıdır. Böyüklüyündən və kiçikliyindən asılı olmayaraq hər bir xalq özlərinə məxsus dastan mədəniyyətini yaratmışdır. Mübarizələrlə dolu tarixi keçmişə malik olan Kalmık xalqı da qədim mədəniyyətini və xalq yaradıcılığını bu günümüzədək qoruyub saxlaya bilmişdir. Kalmık xalqının qəhrəmanlıq dastanı "Canqar" da belə ədəbi örnəklərdən biridir. Fəlsəfə üzrə elmlər doktoru, professor Babək Qurbanovun yüksək peşəkarlıqla tərcümə etdiyi bu dastan 2017-ci ildə "Şur" nəşriyyatında nəşr edilib. Kitabın redaktoru və naşiri Musa Ələkbərli, elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Mahmud Allahmanlıdır. Tərcüməçi "Kalmık xalqının qəhrəmanlıq dastanı "Canqar"da türk mənşəli ünsürlər" sərlövhəli ön sözdə yazır: "Xatırlatmaq lazımdır ki, hər bir xalq böyük və kiçikliyindən asılı olmayaraq son dərəcə mükəmməl maddi və mənəvi dəyərlər, bu sırada monumental dastan mədəniyyətini yarada bilmişdir. Müasir mərhələdə bu qəbildən olan nümunələrin araşdırılması və öyrənilməsi, milli mədəniyyəti zənginləşdirməsi kimi məsələlər haqlı olaraq mütəxəssisləri və ilk öncə mədəniyyət xadimlərini, folklorşünasları ciddi surətdə məşğul etməkdədir". Kitabda qeyd edilir ki, zəngin folklor yaradıcılığına malik olan Kalmık xalqının mədəniyyəti, əslində, monqol, Tibet və hind mədəniyyətindən qaynaqlanmışdır. Zaman-zaman kalmıkların öz azadlığı və müstəqilliyi uğrunda apardıqları çoxillik mübarizələrdə və döyüşlərdə qəhrəmanlıq göstərən igid oğulların şərəfinə dastanlar bağlamışlar. XV əsrə aid edilən Kalmık xalqının böyük ədəbi abidəsi sayılan "Canqar" dastanı da bu qəbildən diqqəti cəlb edir. 12 boydan ibarət olan dastanın hər boyu qəhrəmanlıq səhnələrini əks etdirir. Xalq qəhrəmanı Canqar öz məmləkətini ədalətlə idarə edir, burada "sənin", "mənim" kimi anlayışlar yoxdur, xalqın güzəranı xoş keçir, onlar daim bolluq içərisində həyat sürürlər. Dastanın giriş hissəsində oxucu ədalətli bir məmləkətdə firavan həyat sürən, naz-nemət içərisində yaşayan və təbii ki, xalq fantaziyasının məhsulu olan utopik bir dövlət quruluşu ilə rastlaşır. Dastanın əsas ideyasını qəhrəmanlıq, vətənsevərlik, mənəvi təmizlik, dostluq, sədaqət kimi keyfiyyətlər təşkil edir. Xalq heç bir zaman bu keyfiyyətlərin yox olacağına inanmaq istəmir. Düşdükləri xəyali ölkədə bu keyfiyyətlərin daima yaşamalarına onlar qəlbən inanırlar. Babək Qurbanov "Canqar" dastanı ilə "Koroğlu" dastanı arasında uğurlu paralellər aparıb, müqayisəli təhlillər verib və maraqlı nəticələr çıxarıb. Onun fikrincə, hər iki qəhrəmanın atları arasında da bir oxşarlıq var: "Canqarın atı Aranzal (Koroğlunun Qıratı kimi) sədaqətli və insan kimi hikmətlidir, hətta danışır da. O, Canqarı da, onun bahadır dostlarını da dəfələrlə döyüş meydanından ölümcül yaralı vəziyyətdə ikən xilas edə bilir". Dastan qəhrəmanlarından hər birinin adı həm   mənəvi keyfiyyətlərin daşıyıcısıdır. Məsələn, Altan Tsedji - müdriklik, dözümlülük, Sovar-güc, Minqyan-gözəllik idealı, Ke Cilkan - hikmətlilik və s. Müəllif qeyd edir ki, Kalmık dili monqol dialektlərindən (Oyrat ləhcəsi) sayılmasına baxmayaraq, burada həm də türk dilinin təsiri duyulur. Dastanda tez-tez işlədilən tanqrı, bulat, aslan, tulum, qanun, ulus, ura, Çaçır - Qulaq,  bezek, burhan, Qırğız, sultan, xan və s. sözlərini və "Canqar" sözünü türk mənşəli hesab edən müəllif yazır: "Canqar" sözünün türkcə "can" və "qar" sözlərindən meydana gəlməsini də ehtimal etmək mümkündür (Türkiyə və Azərbaycanda bu cür adlara günümüzdə belə rast gəlmək mümkündür: məsələn, Canpolat, Caner, Canal, Cansevər və b.)". Kitaba yazdığı əhatəli ön sözdə müəllif qeyd edir ki, kalmıklar haqqında məlumatlara bir çox türk dastanlarında, o cümlədən "Alpamış"da və qazax xalqının qəhrəmanlıq dastanı "Batır Kambar"da da rast gəlinir. Qeyd olunan bu nümunələr kalmıkların tez-tez türk soylu xalqlarla əlaqələrini, torpaq uğrunda aralarında olan mübarizələrini əks etdirir.

Dastan Rusiyada, Çində, Bolqarıstanda, Monqolustanda, Almaniyada, Latviyada və b. yerlərdə nəşr edilmişdir. Dastanın estetik idealını qəhrəmanlıq kimi dəyərləndirən professor yazır: "Rusiya Federasiyasına daxil olan bu xalq digər türksoylu xalqlar kimi, təqiblərə və işgəncələrə məruz qalmasına baxmayaraq daima öz mədəniyyətini, folklor sənətini, şifahi ədəbiyyatını, atalar sözlərini, nağıllarını, xalq musiqi yaradıcılığını, bulmacalarını və s. xüsusilə də 13 min misralıq fundamental ədəbi abidə kimi dəyərləndirilən "Canqar"ı günümüzə kimi saxlaya bilmişdir". Onu da qeyd edək ki, Türkiyədə keçirilən IV Beynəlxalq Türk Dünyası Simpoziumunda professor Babək Qurbanovun məruzəsi "Canqar" dastanına həsr olunmuşdur.

Babək müəllim təkcə Azərbaycanda deyil, Türkiyədə, Rusiyada və başqa ölkələrdə də tanınmış alimdir. Onun elmi əsərləri həmişə özünəməxsusluğu və elmi dərinliyi ilə seçimlənir. "525-ci qəzet"in daimi oxucusu kimi, onun 24 iyul 2018-ci il tarixli sayında Ali Kafkasyalının "Kafkas kocakları" bədii roman dili ilə" məqaləsi əhatə dairəsi, məzmun tutumu və elmi-nəzəri səviyyəsinə görə diqqətimi cəlb etdi. Məqalə müəllifi qeyd edir ki, əsərdə təsvir edilən hadisələr və qəhrəmanların fəaliyyət göstərdikləri coğrafi ərazi Qazax bölgəsi və İkinci Şıxlı kəndidir. Əsərin qəhrəmanları da elə bu kəndin nümayəndələridir. Babək müəllim əsərdə repressiya olunan bir çox qohumlarının adlarının yer aldığını, illər sonrası onların sürgündən Vətənə geri dönməsini və evlərinə qonaq gəlməsini xatırlayaraq yazır: "Əsərdə prototipi olan insanlar az deyil və onların qohumları, varisləri bu gün də Qazax bölgəsində, xüsusilə də İkinci Şıxlı kəndində həyat sürməkdədirlər". Müəllif qeyd edir ki, "Kafkas kocakları" əsəri Azərbaycan xalqının tarixində dramatik bir tarixi dövrü - 1917-1940-cı illəri əks etdirir. Tarixi olayların obyektiv təsvirini və əsərdə adları keçən bütün iştirakçıların real həyatda prototiplərinin olmasına görə müəllif bu əsəri sənədli roman kimi dəyərləndirir.

Əsilzadə bir ocağın sayılıb-seçilən yurdçusu, tanınmış alim və təcrübəli pedaqoq Babək müəllim şərəfli bir yaradıcılıq yolu keçib. O, 1981-ci ildən Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun estetika və etika şöbəsinin müdiri olmuş, 1988-ci ildən 1992-ci ilin sentyabr ayına qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "mədəniyyət tarixi və nəzəriyyəsi" kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1992-ci ildə Atatürk Universitetinə dəvət edilən Babək müəllim 2008-ci ilədək müəllim vəzifəsində, 2017-ci ilədək Qaziantep Universiteti Türk Musiqi Dövlət Konservatoriyasında çalışmışdır. O, otuzdan artıq Uluslararası elmi konqreslərdə, beynəlxalq sammitlərdə, simpoziumlarda və çeşidli konfranslarda sənət fəlsəfəsi, musiqi və sənət tədrisinin aktual problemləri mövzusunda elmi məruzələrlə çıxış etmiş, orijinal fikir və mülahizələrini bildirmişdir. Babək müəllim 700-dən çox elmi-publisistik, o cümlədən musiqi nəzəriyyəsi, ifaçılığı, heykəltəraşlıq, rəssamlıq, kino sənəti, sənət fəlsəfəsinə aid elmi-nəzəri məqalələrin, 45 kitab və monoqrafiyaların müəllifidir. Alim bu yaxınlarda "Şur" nəşriyyatı tərəfindən çap olunan yeni bir əsəri - "Xalq çalğı alətlərimizin tarixi və nəzəri problemləri" kitabı ilə musiqişünaslığımıza öz töhfəsini verdi. Yeni kitabda türksoylu xalqların, o cümlədən Azərbaycan xalqının Türk və Şərq dünyasında tarixən geniş istifadə olunan bir çox xalq çalğı alətləri, onların ictimai həyatdakı rolu və nəzəri-estetik özəllikləri barədə əhatəli bilgi verilir. Onun elmi fəaliyyəti barədə Türkiyədə, Rusiyada, Özbəkistanda və bir sıra xarici ölkələrin mətbuatında məqalələr çap olunmuş və tədqiqat əsərləri yüksək qiymətləndirilmişdir. Məşhur alman şairi İ.Beherin fikridir: "Nə vaxt qəmli-qüssəli oldun işlə, bu, qəmi qovmaq üçün yeganə vasitədir. Kədərə-qəmə batmamaq üçün işlə, çünki zəhmət qədər bir şey səni düşdüyün məyusluq boşluğundan xilas edə bilməz. Müvəffəqiyyətlər səni həmişə müşayiət edəndə də işlə, çünki zəhmətdən başqa heç bir dərman qələbədən "başgicəllənmənin" qarşısını ala bilməz". Bu tədris ilindən professor Babək Qurbanov Bakı Xoreoqrafiya Akademiyasının "musiqi fənləri" kafedrasında pedaqoji fəaliyyətini davam etdirir. Sadəliyi, səmimiliyi və ünsiyyət mədəniyyəti kollektivdə ona dərin hörmət qazandırıb. Akademiyanın tələbələri onu yüksək elmi potensiala, zəngin pedaqoji təcrübəyə, intellektual səviyyəyə malik  seçkin bir ziyalı kimi tanıyır və sevir. Fikrimi alimin "Mənəvi saflıq dünyası" kitabından gətirdiyim sözlərlə yekunlayıram: "Hər bir xalqın mədəniyyəti tarixən insanların mütərəqqi ideyalarını, həyat tərzini, hiss və həyəcanlarını, adət və ənənələrini əks etdirməklə yanaşı, gec-tez dünya sivilizasiyasının malı olur, dünya mədəniyyətini yeni-yeni estetik sərvətlərlə zənginləşdirir". Şübhə etmirik ki, professor Babək Qurbanovun dilimizə çevirdiyi "Canqar" dastanı mütəxəssislər və oxucular tərəfindən maraqla qarşılanacaq.

 

Vəfa Xanoğlan

 

Ədəbiyyat qəzeti.- 2019.- 26 yanvar.- S.23.