Həyatın məhrəm yerləri haqda
esse
Mən ona çox şey yaza bilərdim, çox
şey.
Əlimə yaxşı fürsət keçmişkən,
sadəcə, ondan sonrakı ilk günümü yazsaydım,
məsələn, böyük bir hekayə olardı, povest
olardı, roman olardı, amma yazmadım, yazsaydım nə dəyişəcəkdi
ki! Yox, qardaş, yazmadım, eləcə telefonumu meyit kimi əlimin
içinə uzadıb artıq əhatəm dairəsindən
xaricdə olan nömrəsinə xırda bir SMS göndərdim:
Səndə darıxdıqlarım var...!
Onda darıxdıqlarım vardı,
bəli, burnumun ucunu göynədən cəhətləri!
Hansını deyim, hansını danışım ki!
Sualımı özümə qaytarmağını sevərdim,
məsələn, deyərdim, əzizim, səncə, filan
şey niyə elə deyil, belədi? Tələsməzdi cavab
verməyə, dirsəklənərdi qəşəngcə,
gözlərini gözlərimin içində gəzdirib xəfifcə
dillənərdi: "bəs səncə?".
Hələ onun suallarıma
dəxlisiz cavabları... Əzizim, sovet
hökuməti niyə dağıldı? Cavab: bağsız
ayaqqabıların istehsalı çoxaldı deyə!
Əsəb götürərdi məni,
bu nə cavabdı, nə dəxli,
axı! Amma böyüdükcə, dərinləşdikcə
və bir az da durulduqca görərdim ki, adam həqiqətin
dibinəcən haqlı, sovet ittifaqı məhz o dediyi səbəbdən
dağılıb!
Sonradan bir alimin həyatında da
gördüm bu cəhəti. Təsəvvür edin, bir ata
oğlunu gətirib ki, tələbə olsun və utana-utana
soruşur: ustad, sizcə, bu uşaqdan bir şey
çıxar? Qaşlarını çatır ustad: Yox! Pencəyinin
düyməsi çoxdur!
Bir az sonralar
bildim ki, Ana kitabda da varmış bənzər
söhbət. Bəqərə surəsi, Bəqərə
hadisəsi. İsrail övladları birini öldürüb gəlirlər
Həzrət Musanın yanına ki, lütfən, gerçək
qatili tap bizimçün! Musanın cavabına baxın: "fəzbəhu
bəqarah!" (Bunun üçün bir inək kəsin!)
"Quran" deyir, adamlar dərhal
şığımışdı Musanın üstünə:
bu nədir, bizi ələ salmısan?
Nədən ki, insanlar suallarına standart, uyğun, aydın cavab
axtarırlar, həyatınsa, əzizim, cavab vermə metodu
özünəməxsus! Həyat, kişiyə vermək istəmədiyi
qiymətli şeyi məhrəm yerində gizlədən işvəli
qadın kimidir: götür görüm necə
götürürsən! Yəni bir az cəsarətli, bir az
bilgili olmalı insan, üzdə, göz qabağında
axtarmamalı istədiyini - cavab, əl-əlbət, həyatın
məhrəm yerlərindədir.
Niyə belə edir həyat? Niyə belə edir Tanrı?
Dedim axı, onda darıxdıqlarım var.
Məşhəd ziyarətindəydik, çağırdı məni
yanına, bir sualına cavab vermək istəyirəm,
- dedi. Danışdıqca
həyəcanlandım, danışdıqca
tərlədim və...
hesabladım: düz 4
il 3 ay keçirdi
o sualımın üstündən.
Bəs niyə indi, bəs niyə məhz 4 il 3 ay sonra?
Nə baş verdi ki?
Nə dəyişdi ki? - Sual sual ardınca
axıb töküldüm
üstünə.
Dirsəkləndi qəşəng-qəşəng, gözlərini gözlərimin
içində gəzdirib
qımışdı: bəs
səncə?
İlqar Kamil
Ədəbiyyat qəzeti.- 2019.-
26 yanvar.- S.25.