Plagiatdan söz düşmüşkən...
Mətbuatımızda, sosial şəbəkələrdə
son vaxtlar müzakirə mövzusu olan məsələlərdən
biri plagiatlıqdır. Vicdanlı alimləri, jurnalistləri
narahat edən problemdir. Plagiat faktlarını
aşkarlayanlarla törədənlərin arasında bəzi məqamları
diqqətlə izləməli oldum: biri açıq plagiat
nümunəsini gözgörəsi boynuna almır; digəri
"nə olar, qoy bu yaxşı nümunələrin sayı
bol olsun" deyərək dolayısı ilə əməlini
etiraf etsə də, guya anlamır plagiat nədir; bir
başqası oğurluğuna görə həqiqi müəllifdən
halallıq aldığını car çəkir; müəlliflik
hüququ pozulan bir müəllif də bəzən deyir:
"filankəslə işiniz olmasın,
yazdığımı ona halal edirəm".
Bu tragikomik durumu niyə diqqətlə izləməli
oldum? Bu səpkidə macəralarım var idi, ona görə.
Dostlarımın təkidi ilə bu macəralarımdan
bir qismini yazıram. Təkid etdilər ki,
tarixdir, yaz qalsın. Bəlkə, kimlərəsə
təsiri də oldu.
Türkiyəli
qardaşlarımızın plagiatlığı
...2001-ci
ilin yaz ayları idi. Türkiyədə səfərdə
olan qardaşım Xansuvar telefonla zəng etmişdi.
Deyirdi: "Burada TV kanallarının birində bir saata
yaxındır islahatçı və ənənəvi
ilahiyyatçılar arasında ailəiçi
qadın-kişi münasibətlərinə dair məlum Oxu ayəsi
(4:34) ətrafında qızğın mübahisə gedir.
Ənənəçilərin də,
islahatçıların da dedikləri aparıcıda
istehzalı suallar yaradır, məsələni bir yana çıxara bilmirlər. Sənin
fərqli yanaşman, əslində, çox şeyə
aydınlıq gətirə bilər. İstəyirsən
onlara zəng edim səninlə telefon bağlantısı
qursunlar, yeni yanaşmanı anlat. İnanıram
həmin ayəyə dair məntiqli izahın, ayədə
işlənən müvafiq sözün ərəbcə yeni
mənasına dayalı yozumun aparıcıda da, seyrçilərdə
də maraq doğura bilər". Razılaşdım
və gözlədim əlaqə yaradarlar. Az sonra əlaqəni təkrar Xansuvar
özü yaratdı. Dedi: "Təsəvvür edirsən,
özünü ilahiyyatçı kimi təqdim edib müzakirəyə
qoşulan bir nəfər elə sən deyəni olduğu kimi
ifadə etdi". Hansı qaynağa istinad
etdiyini soruşdum, çünki ərəb dilinin izahlı
lüğətlərində "da-ra-bə" feilinin
yazımda qeyd etdiyim mənası yer almır. Dedi:
"Heç nəyə istinad-filan etmədi, sadəcə,
qısa şəkildə sənin tərcüməni elan etdi,
amma elə də diqqət çəkmədi, maraq
doğurmadığından müzakirəyə də səbəb
olmadı".
Xansuvarın "sənin fərqli yanaşman" dediyi,
əslində, teoloji tapıntı idi və indinin
özündə də bu mahiyyətdə qalmaqdadır. Oxucuda
aydınlıq hasil olsun deyə, həmin tapıntının
tarixi barədə bir qədər ətraflı yazım.
Deməli, 90-cı illərin ortaları idi,
"Quran"da insan haqları mövzusunda mühazirələrim,
çıxışlarım olurdu. Bir gün Hikmət Hacızadə məni
sorğuladı ki, bəs "Qadınlar" surəsində ərlərinə
dikbaşlıq göstərənlərə qarşı
"onları döyün" ifadəsi keçir, bunu necə
izah edirsən, dediklərinlə bu, düz gəlmir axı?!
Sözün açığı, Hikmətin qəfil
sualına dərhal cavab verə bilmədim, əslində, o
zaman bu barədə heç düşünməmişdim də. Məcbur oldum
müəyyən araşdırmalar aparım.
Bilməyənlər üçün öncə
müvafiq ayənin məzmununu çatdırmaq istərdim. Dikbaşlıq
sərgiləyən qadınlara aid öncə
"öyüd verin" deyilir. Yola gəlməsələr
deyilir "onları yataqda tək buraxın". Duruma
uyğun bu ikinci tövsiyənin ardınca
üçüncüsü də gəlir: mətnin
orijinalında "vadribuhunnə". Əksər
müsəlmanlar ifadəni "onları döyün" kimi
anlayırlar. Əlbəttə, bunun Oxu məntiqi
ilə tərs düşdüyü aşkardır.
Çünki söhbət konkret məqamda cəza tədbirindən
gedirsə, nəzərə alınmalıdır ki, hər
hansı yanlış əməlin qarşılığı
onun misli ilə, yəni adekvat qaydada verilməsinə dair Oxu
ayələrində açkarca təlqinlər var. Bu təlqinlərlə
"onları döyün" arasında ziddiyyət məni
xeyli məşğul etdi.
Təfsir ədəbiyyatına baş vurdum öyrənim
ki, ilahi məntiqə tərs düşən bu ənənəvi
yozumdan fərqli hansısa başqa bir məqamı, görəsən,
vurğulayan olubmu. Mütərəqqi, islahatçı
sayılan müsəlman alimlərinin qeydləri də məni
qane etmədi. Əksəriyyəti "vadribuhunnə"
ifadəsinə aid "da-ra-bə" felinin kökündə
otuza yaxın məna olduğunu yazır, bunlardan ən önəmlilərindən
dördünü - "vurmaq, döymək, çıxmaq,
getmək" mənalarını diqqətə almağı
və ifadəni bu cür açıqlamalarda qəbul etməyi
məsləhət görürlər: "onları evdən
çıxarın"; "onları olduqları yerin
dışına getmək zorunda buraxın"; "onları
döyün". Bunlardan hər birinin vəziyyətə,
şəxsi keyfiyyətlərə görə
uyğulanmasını keçərli bilərək birinci və
ikincini insan psixologiyasına və hüquq məntiqinə daha
uyğun sayanlar da var.
Ancaq məsələ
burasında idi ki, "da-ra-bə" felinə həmin
ilahiyyatçıların əlavə etdiyi mənaları gətirən
müvafiq ön qoşmalarıdır və bu ön
qoşmalarından heç biri Oxu orijinalında "vadribuhunnə"
ilə birgə işlənmir və ənənəvi şəriəti
islah etmək məqsədi ilə istinad edilən mənalar məhz
bu üzdən elə təkcə ərəbcənin
qrammatikası baxımından mənə, sadəcə,
etibarsız görünmüşdü.
Ön
qoşmasız halda işlənən "da-ra-bə"
feilinin diqqətdən qaçmış, izahlı lüğətlərdə
yer almamış, daha çox ərəblərin məişətində
(məlum feil də zatən elə ailə-məişət
kontekstindədir!), danışıq dilində işlənən
və görkəmli rus ərəbşünası V.Borisovun
tərtib etdiyi "Arabcko-russkiy slovar"a daxil etdiyi bir mənası
diqqətimi çəkdi. Bu, erkəyin
dişiylə cinsi əlaqəyə girməsini ifadə edir.
Feilin digər məlum mənaları ilə
yanaşı, həmin lüğətdə gedən bu mənası
ənənəvi oxunuşda, yəni feilin birinci
babının "va" bağlayıcısı ilə birgə
işlənən əmr şəklində olan variantına da
tam uyğun gəlirdi.
İlahiyyatçıların həmin ayənin izahı
ilə bağlı məntiqi dalana dirənmələrinin
başlıca səbəbi indinin özündə də, bir
daha təkrar bildirim, həmin sözə aid rast gəldiyim mənanın
ərəb dilinin ən məşhur izahlı lüğətlərində
yer almaması ilə bağlıdır. Yəni
sözün lüğəti mənasına istinad etmək
müsəlman alimləri üçün ilk baxışdan
mümkün görünmür. Niyə
ilk baxışdan? Az sonra buna da
aydınlıq gətirəcəyəm. Ona
görə də bəzən yanlış bir tərzdə
kontekstdən kənar mənaya üstünlük verməli
olurlar. Mənim vaxtilə istinad etdiyim isə
məşhur bir ərəb-rus lüğəti idi ki, sözügedən
feilin yeni mənasının əsaslandırılması
üçün müraciət etdiyim qaynaq rolunu
oynamışdı. Maraqlıdır ki,
izahına çəhd etdiyim məna ənənəvi olmayan
oxunuşda da öz əksini tapa bilir. Bu qeyri-ənənəvi
oxunuş isə islam ilahiyyatında əksəriyyətcə
məqbul sayılmır.
Yeri gəlmişkən, buna da toxunum ki, aydınlıq
yaransın. Məsələ burasındadır ki, "Quran"
ayələrinin toplanaraq kitab halında tərtibləndiyi
dövrdə ilkin nüsxələrin mətnlərində nə
bəzi samitləri bir-birindən fərqləndirən, nə
də saitləri bildirən diaktrik işarələr
varmış. Hazırda da ərəbcə
həm çap materialları, həm əlyazmalarda "hərəkələr"
dediyimiz sait işarələri bir qayda olaraq qoyulmur. Sözləri bilən, qrammatikadan agah olanlar
üçün bu, problem yaratmır. Bəzi
samitlərin isə nöqtələri qoyulmasa olmaz,
yazılanları fərqləndirə bilməzsən. "Quran"ın ilk nüsxələrində bu
nöqtələr də yoxmuş və o zaman bunlara kəskin
ehtiyac olmayıbmış, çünki ilk müsəlmanlar
ayələri əzbər bilirmişlər. Zaman keçdikcə fərqli oxunuşlar
üçün risklər artırmış ki, bu da mətnə
sonradan diaktrik işarələrin əlavə edilməsini
şərtləndirmişdir.
Qeyd
etdiyim "da-ra-bə" feili ilə bağlı ərəbcəni
bilənlərə məlumdur ki, həmin feilin əmr şəkli
"idrib"-dir, "va" bağlayıcı ilə
işlənəndə olur "v-adrib". Feilin
dördüncü babı olan "ad-ra-bə"nin əmr
şəkli isə "adrib"-dir, "va"
bağlayıcı ilə işlənəndə olur
"va-adrib". Belə qəbul edilib ki,
birincinin əmr şəklində zəif boğaz samiti kimi qəbul
edilmiş "həmzə" birləşdiricilik
funksiyasını yerinə yetirərək oxunmur və
oxunmadığına görə aid olduğu əlif
dayağının üstündə yazılmır,
dördüncünün əmr şəklində isə
ayrıca tələffüz edilir və uyğun əlif
dayağının üstündə yazılır. Hələ işarələrin qoyulmadığı
"Quran" nüsxələrində həmin feili
dördüncü babda da oxumaq mümkün idi. Ən
maraqlısı odur ki, feilin dördüncü babında olan və
izahlı lüğətlərdə yer alan
mənalarından biri elə birbaşa mənim qeyd etdiyimdir. Yəni azacıq fərqli oxunuş tərzi feili
dediyim anlamda səsləndirir və gəldiyim qənaətə
əlavə dəstək qazandırır. Ancaq yenə də deyim, o zaman üstünlük
verdiyim heç bu fərqli oxunuş da deyildi, istinadım ənənəvi
oxunuşdakı mənalardan biri idi ki, izahlı lüğətlərdə
yox idi. Düşünürəm həmin
mənanı gələcəkdə izahlı lüğətlərə
də salarlar.
Mətləbə qayıdaraq deyim ki, bütün
bunları əsas götürüb
çıxışlarımda vurğulamağa
başladım və yazı da yazdım. Ancaq
uşaqcasına etiraf edim ki, intim məsələyə aid
olduğu üçün məqalələrimi mətbuatda
izləyən anamdan utanıb həmin yazının dərcinə
tələsmirdim. 2000-ci ildə dünyasını dəyişəndən
sonra yazım "Sevgi yaradıcılığı"
başlığı altında "Azadlıq" qəzetində
çıxdı, daha sonralar isə 2005-ci ildə "Oxu
müqəddəsliyi" kitabımda, ardınca da "525-ci
qəzet"də eyni başlıqla dərc edildi. İlahiyyat çevrələrində ilk dəfə
verdiyim fərqli yozumun müzakirəsi çox gedib və bunu
bəzən ciddiyə almırmışlar kimi istehza ilə mənim
guya radikal və yersiz islahatçılığımla da əlaqələndiriblər.
Ənənəvi yozumu qəbul etməyənlər
isə öz növbələrində, zaman-zaman Türkiyənin
mütərəqqi ilahiyyatçılarının verdiyi
yanlış yozuma istinad etmişlər.
Həmin o TV proqramında plagiatlıq edənin dilindən
səslənən teoloji tapıntım Türkiyədə bir
müddət yayılmadı. Bunun bir səbəbi,
şəksiz, plagiatçının mətləbi ciddi şəkildə
əsaslandıra bilməməsi, müvafiq qaynağa, yaxud
qeyri-ənənəvi oxunuşa müraciət etməməsi
idi. Həmin şəxsin tanınmaz birisi
olması da bu işdə, görünür, öz rolunu
oynamışdı. Bu yaxınlarda isə xəbər
tuturam həmin o teoloji tapıntı artıq, necə deyərlər,
2015-ci ildə "səssiz-küysüz" ahıllıq
çağını yaşayan Hüseyn Atay adlı
tanınmış türk ilahiyyatçısının tərcüməsinə
daxil edilib. Və heç də müzakirəyə
səbəb olmayıb, çünki əsaslandırmağa
çalışmayıb. Necə də
çalışa biləydi, axı istinad edə biləcəyi
qaynaq olmalıydı, ya da deməliydi guya istinadını
çağdaş ilahiyyatçılıqda belə qəbul
edilməyən qeyri-ənənəvi oxunuşda feilin
dördüncü babına edib.
Türkiyə
ilə sıx əlaqələri olan bir dostumdan soruşuram,
axı necə ola bilərdi yetərincə
ciddi qəbul edilən bir şəxs bu plagiatı etsin,
görəsən, necə izləyə bilib bizim burada dediklərimizi,
yazdıqlarımızı?! Dostumun zarafatla dediyini olduğu kimi
yazıram: "Əşi, nə qoyub, nə axtarırsan, sən
özünə baxma, bir sənsən, bir özün. Onun
dünyanın hər yerində o qədər müridləri
var ki...".
Yaxınlarda üzləşdiyim bir plagiat macərası
yenə də ilahiyyat araşdırmamla bağlıdır. Bu dəfə
də söhbət Türkiyədə islahatçı imicinə
iddiaçı başqa birisindən - Hakkı Yılmazdan
gedir.
...Bir
neçə il əvvəl internetdə İran təhsilli azərbaycanlı
gənclərdən biri mənə Oxu-da "ərəb
dili", "ərəbcə hökm" qəbilindən
ifadələrin izahını xahiş etdi. Adını
unutsam da həmin gənci minnətdarlıqla
xatırlayıram. Onun bu xahişi məni
ciddi araşdırmaya sövq etdi. İfadələrin
tamamilə başqa mənalarını üzə
çıxardım. Ənənəvi
müsəlman şüurunun islahı üçün, həqiqətən,
olduqca ciddi bir teoloji tapıntı idi. Hələlik
"Quran" tərcümələri tarixində ilkdir, bu il çapdan çıxmış Oxu-Quran
açıqlaması kitabımda da yer alıb. Bu
yenilik barədə də yeridir qısaca məlumat verim.
Ərəbcəni bilməyənlər üçün
qeyd edim ki, bu dildə sözlər əsasən feillərə
aid bilinən köklərdən düzəlir. Lüğətlər
də bu köklərə uyğun tərtib edilir. Məsələn, K-T-B samitlərindən ibarət
feil kökü ("kə-tə-bə") "yazmaq" mənasında
qəbul edilir. Niyə "qəbul
edilir" deyirəm? Çünki, əslində, "kə-tə-bə"nin mənası "o yazdı" deməkdir.
Keçmiş zaman feilinin
üçüncü şəxsin təkində
yazılışca bu ən sadə şəkli əsas
götürülür (qeyri-ərəblər də bu sadə
şəkli şərti olaraq məsdər forması kimi qəbul
edirlər) ki, ondan düzəlmə sözlərin etimolojisi
aydın bilinsin. Dilimizdə işlənən
"katib" ("yazan"), "kitab"
("yazı"), "məktəb" ("yazmaq yeri,
zamanı", "ofis" və s.), "məktub"
("yazılan, yazılmış") sözlərinin, eləcə
də ərəbcə bu kökdən yaranan bir xeyli başqa
sözlərin etimolojisində həmin o feil kökü
dayanır.
İsimlər
bir yana, ərəbcə sadə sifətlərin
də etimolojisi başqa dillərdən fərqli olaraq feil
kökləri təşkil edir. Məsələn,
"böyük" mənasını verən "kəbir"
sifəti "K-B-R" samitlərindən ibarət "kə-bu-ra",
yəni "böyük olmaq" feilindən düzəlir.
Düzəlmə sifətlərin əksəriyyəti isə
qrammatik cinsə görə bir qayda olaraq
"iyyun"-"iyyətun", yaxud
"avıyyun"-"avıyyətun" şəkilçilərinin
müvafiq sözlərə artırılması ilə
yaranır. Dilimizdə bunun izini ərəbcədən
alınma sifətlərdəki "i" sonluğunda görmək
olur: "ibtidai", "nizami", "icbari",
"kütləvi", "ailəvi" və s. Sifət
düzəltmək üçün həmin şəkilçilər
isimlərə də, ismi-məsdərlərə də artırılır.
Feillərdən düzəlmə ismi-məsdərlər
dilimizdə məsdər şəkilçiləri olan
"maq"-"mək"lərdən sonuncu samitlərin
atılması ilə düzələn sözlərə
ekvivalentdir. Məsələn, "yazmaq" feilin məsdər
şəklidirsə, "yazma"nı
ismi-məsdər adlandırırıq.
"Ərəbcə"
düzəlmə sifətinə gəlincə, bu, çox
zaman "dil" mənasında "lisənun",
"luğatun" sözlərilə birgə işlənən
və "arabun" sözünə artırılan
"iyyun", yaxud "iyyətun" sonluqları ilə
düzəlmə sifətdir, yəni ərəb dilində
işləndiyi sözlərin qrammatik cinsinə uyğun ya
"arabiyyun", ya da "arabiyyətun" olur. Maraqlıdır ki, "arabun" (sonluq tənvinsiz,
qısa tələffüzdə "arab")
sözünün bir mənası "ərəblər"
deməkdir. Təkdə "ərəb"
də olur "arabiyyun". Bu sonuncu həm
düzəlmə sifət kimi işlədilir, həm də məlum
dil daşıyıcısı fərdin milli mənsubiyyətini
bildirir.
İzahlı lüğətlərdə bu
"arabun" sözünün A-R-B kökünü
araşdırdım. Bu kökdən yaranan "a-ri-bə"
feilinin ilkin mənası "aydın, ifadəli
danışmaq"dır. Özü də
bu "aydın, ifadəli danışıq" mənasız,
mədəniyyətsiz, nöqsanlı danışıqdan
sonra baş verəndə olur "a-ri-bə". Feilin
başqa bir mənası da var: "bol sulu olmaq",
"enerjili, canlı olmaq". Bu sonunculara aid belə ifadələr
işlənir: "aribəti-l-bi'r" - "quyu bol sulu oldu,
quyunun suyu artdı". Sadə keçmiş zamanda ayrıca
işlənəndə üçüncü şəxsin təkini
bildirən insan haqqında bu mənanı verir: "o,
canlı, enerjili oldu", yaxud "o, canlı, enerjili idi".
İzahlı lüğətlər bu feildən düzələn
ismi-məsdərin "arabun", sinoniminin isə ərəbcədə
"fəaliyyət" mənasını verən
"naşatun" olduğunu diqqətə çəkir.
A-R-B
kökünə aid başqa bir feil "a-ru-bə"dir, tərcüməsi
yuxarıda qeyd etdiyim mənaya yaxındır:
"nöqsansız danışmaq".
Ərəbcə feillərin sadədən mürəkkəbə
doğru şəkillənən, mənaları öz ibtidai
anlamına yaxın məzmunda dəyişikliyə uğrayan
variantları var ki, ərəb qrammatikasında bunlara feilin
babları deyilir. Nümunə gətirdiyim feil birinci
babdadır. Feilin ikinci babının nümunəsində
- "ar-ra-bə"də bu mənalarla da rastlas?ırıq: "bir şeyi
aydınlaşdırmaq, aşkar etmək";
"danışıqda nöqsanı düzəltmək".
Həmin feilin ismi-məsdəri "tə'rib"
isə, "müalicə etmə, xəstəliyi
sağaltma" mənasını da verir. Və
yaxud feilin dördüncü babı "ə'-ra-bə" -
"fikri nöqsansız, aydın ifadə etmək" deməkdir.
Sözsüz
ki, istinad edilən feilin göstərdiyim və göstərmədiyim
digər bablarında "ərəb olmaq", "ərəbləşdirmək",
"ərəbləşmək" mənaları öz
yerində, bir xeyli başqa mənaları da var ki, bunlara
ayrı-ayrılıqda toxunmağa lüzum görmürəm.
Ancaq istinad etdiyim feil kökünə aid
yuxarıda sadaladığım ifadələr daha qədimdir
və əslində, sözün etimolojisini məhz həmin mənaların
təşkil etdiyi mənə aydın idi.
Qeyd etdim
ki, "ərəbcə" sifəti "arabun"
sözünə qrammatik cinsə görə "iyyun",
yaxud "iyyətun" sonluğunun artırılması ilə
formalaşıb və bu "arabun" yuxarıda diqqət
yönəltdiyim "daim canlı, enerjili olma" mənası
bir yana, "ərəblər" kimi də qəbul edilir. Əlbəttə, bu mənaların hər birinin
müasir ərəb dilində öz yeri var. Məni
düşündürən bu idi ki, görəsən,
Quran-Oxu kontekstində necə, bunlardan hansı daha məqbul
sayılmalıdır?
Oxu orijinalını oxuyuruq, görürük ki, ərəbcədir. Bu da məni
düşündürdü ki, hansı ehtiyacdan doğub ki,
hamının görüb bildiyi bu aydın həqiqət
haqqında Oxu-da dəfə-dəfə vurğulansın:
"bunu ərəbcə bir Oxu olaraq endirdik", "ərəbcə
bir hökm olaraq endirdik", bu, "aydın ərəb dilində"dir,
bu, "ərəb dilində doğrulayan bir
Yazı"dır. Axı Kitabın xitabı bütün
insanlaradır! Bəlkə, ilahi
ismarışların ilkində ünvanlandığı
toplum ərəblər olmuşlar, ona görə belə vacib
imiş? Əlbəttə, bu sualın
müsbət cavabı var və cavab keçmişə aid
cavabdır, bu günümüzün idrak tələblərinə,
yaxud da deyək, elə Oxunun müasirliyə yönəlik məntiqinə
uyğun gəlmir. Çünki Quran-Oxu
daim canlı, aydın dillə danışan bir məzmunda
oxuyanları ilə canlı, fəal əlaqədədir.
Və Oxunun bu özəllikdə qavranılması onu şərtləndirir
ki, ayələrdə tarixən "ərəbcə" kimi
anlaşılan müvafiq sifət indi yerinə görə
"canlı", "aydın ifadəli" kimi qəbul
edilsin. Sözün "ərəbcə"dən
başqa digər müvafiq məna çalarları məhz bu
variantlara üstünlük qazandırır. Digər tərəfdən,
mətnin açıqlamalarında "ərəbcə",
"ərəb dili" sözlərini saxlamaqla Oxunun
bütün xalqlardan, millətlərdən olan inananlara və
dananlara yönəlik müvafiq "müjdələmək"
və "xəbərləmək, çəkindirmək, xəbərdarlıq
etmək" təyinatlı ismarışlarını
başqalarına deyil, məhz ərəblərə aid
etmiş olursan. Məsələn, 46-cı surənin
12-ci ayəsinin ənənəvi açıqlaması,
ümumiyyətlə, zalımlara xəbərdarlıq kimi axirət
əzabının xatırladılmasının,
yaxşılara axirət mükafatının müjdələnməsinin
açıq-aşkar məhz ərəb dili vasitəsilə
həyata keçirilməsi kimi yanlış bir qənaət
də yaradır.
Bütün bunları nəzərə alıb ətraflı,
ayrıntılı bir məqalə yazdım. Birinci plagiata Türkiyənin
özündə şahidlik etmiş, müəlliflik
hüququmun qayğısına qalan qardaşım Xansuvar bu
yazının çapını məsləhət görməyib
dedi: "Yeni tərcümənin ön sözündə
fikirlərini xülasələndirib yazarsan, yoxsa yenə də
Türkiyədəkilər öz adlarına çıxa bilərlər".
Razılaşdım, məqalədən bir
parçanı yeni tərcüməmə əlavə edib
kitabı Konyada çapa verdim. Orada
çap xərcləri baha olduğuna görə fikrimi dəyişib
kitabın Bakıda çapını qərarlaşdırdım.
Vaxt darısqallığından çap məsələsi ilə
az məşğul olduğuma görə,
proses ləngidi və kitab ötən yayın əvvəlində
nəşr edildi. Bundan sonra həmin məqaləmi
("Quran dilinin statusu haqqında") "Ədəbiyyat qəzeti"ndə
dərc etdirdim.
Öz aləmimdə guya plagiatın qarşısını
alıram deyə, həm məqalədə, həm də
kitabda dostlarımın təkidi ilə haqqında
danışdığım məsələyə dair belə
bir qeydə yer verdim ki, bu yanaşma ilk dəfə bu
yazıda, bu kitabda ifadə olunur. İndi yuxarıda adını
çəkdiyim "islahatçı" da internetdə guya
mart ayında yerləşdiyi bircə absazlıq kiçicik
qeydində ifadə etdiyim yeni yanaşmanın məğzini
(ayrıntılarını yox, sadəcə, məğzini!)
saxtakarlıqla öz adına
çıxardıb.
Bilənlər bilir, demə, Türkiyədə
hazırda plagiat məqalələrin, dizaynların köhnə
tarixlə internetdə yerləşdirilməsi geniş
yayılıbmış. Plagiata məruz qalan müəlliflər
bundan dad çəkirlər. 10-15 il əvvəl
Türkiyədə bir şəxs Üzeyir Hacıbəyovun
1945-ci ildə çapdan çıxmış "Azərbaycan
musiqisinin əsasları" əsərini Türkiyə
türkcəsinə çevirib saxta müəllifliyi ilə
öz kitabı kimi nəşr etdirmişdi. Vaxtilə
Ələkbər Tağıyevin bəstələrinin
Türkiyədə musiqi dəllalları tərəfindən
mənimsənilməsi də qalmaqal yaratmışdı.
O zaman bəstəkarın oğlu həmin mahnıların həqiqi
müəllifinin adına bərpasına məhkəmə
yolu ilə nail olmuşdu.
Üzləşdiyim
son plagiatla əlaqədar dostlarımdan biri dedi: "Boş
ver getsin, qoy doğru bilinən mətləblər
yayılsın, vacib olan budur, əcrin Tanrıdandır, sənin
kimliyinin bilinməsi önəmli deyil". Əlbəttə,
razılaşa bilərdim, amma məsələ
burasındadır ki, "doğru bilinən mətləblər"
plagiatlıq edənlərin adından yayıldıqca zaman gələr
hörmətdən də düşər. Çünki belələri bir qayda olaraq hansısa
elmi-nəzəri xətalara da yol verirlər və bu üzdən
başqa beyinlərə məxsus doğrular həmin xətaların
sırasına yazıla bilər, gözdən düşər,
necə deyərlər. Bu riski də nəzərdən
qaçırmaq olmaz. Söhbət, misal
üçün deyək, Oxu-dakı ənənəvi olaraq
"namaz" kimi tərcümə edilən sözün elə
adını çəkdiyim Hakkı Yılmaz tərəfindən
tamamilə qeyri-elmi və təhrifli təqdimi müstəvisində
bu qəbildən aşkarlanan yanlışlardan gedir.
Bir yandan da
özümüzünkülər
Və
madam söhbət açılıb, bir az
da özümlə bağlı buradakıların plagiat
faktlarından danışım. "Dövlət
və din" jurnalında "İslam və demokratiya"
başlıqlı məqaləmi (qəzetlərin birində,
eləcə də "Ayə aydınlığında"
kitabımda getmişdi!) görəndə çaş-baş
qaldım. Nöqtəsinə,
vergülünə toxunulmadan dərc edilmişdi, amma
başqasının adı altında, tanınmış və
ahıllıq çağını yaşayan bir professorun
"müəllifliyilə". Məsələdən
xəbər tutan redaksiya onu belə cəzalandırdı ki,
yazdıqlarının dərcinə həmin jurnalda qadağa
qoydu.
Adını
çəkmək istəmirəm...
Bu da lap köhnənin əhvalatıdır. 1985-ci ildə
"Ədəbiyyat" qəzetində "bomba effekti"
yaratmış "Qalasan andıra, Nik" şeirim dərc
edilmişdi. Yetərincə
yayıldığına baxmayaraq, bir şair həmin sətirləri
başdan-ayağa olduğu kimi saxlayıb bunlara bəzi əlavələrini
edərək Abşeron məclislərində "samizdat"
yolu ilə yaymağa başlamışdı. Abşeronda şair, qəzəlxan,
füzulişünas alim kimi tanınan, indi bəzilərinin
hörmətlə istinad etdiyi biri idi, dünyasını dəyişib.
Allah rəhmət etsin.
Çapı o zaman müşkül olan həmin şeir
gənc müəllifinə bir-iki günün içində
ölkədə əməlli-başlı şöhrət
qazandırmışdı. O dərəcədə ki, bir dəfə
rəhmətlik Məmməd Aslanla "Azərbaycan" nəşriyyatında
üzləşəndə ciddi-ciddi qayıdasan ki, "bilirsən,
həmin şeiri qəzetdə görəndən sonra səhərə
kimi sənə paxıllığmdan yatmamışam,
çünki 10-dan artıq elə şeirim var, heç birini
də mətbuatda dərc etdirə bilməmişəm".
Şeirin qəzetdə çapına xeyirxahlıqla göz yuman Abbas Abdulla da sonradan "Ulduz"
jurnalında işləyəndə mənə demişdi:
"Həmin şeir səni o qədər tanıdıb ki, gərək
ömrün boyu bunun məsuliyyətini daşıyasan və,
ümumiyyətlə, haqqın yoxdur zəif şeir
yazasan". Elə bilirəm, ayrıca bir yazının
mövzusudur, amma qısaca da olsa qeyd edim ki, o şeir
sözün birbaşa mənasında məni
Naxçıvandan Sədərəyə qədər kənd-kənd,
çayxana-çayxana, məktəb-məktəb gəzdirmiş,
sadə insanlarla ünsiyyət qəbilindən
görüşlərimin təşkilinə təkan
vermiş və bütün bunlar yorulmaz
folklorşünas-alimimiz, yad torpaqları belə dərvişanə
bir xislətdə diyar-diyar gəzib mədəniyyətimizi
yayan dostum Əli Şamilovun təmənnasız xidməti,
milli dərdlərimizə yanğısı səbəb
olmuş, bütün təşkilatçılıq işlərini
dostlarının da yardımı ilə şəxsən
özü düzüb qoşmuşdu...
Plagiata görə halallıq
"iltiması"
Sosial şəbəkədə plagiat haqqında
müzakirədəki şərhlərin birində oxudum ki,
kimsə törətdiyi yazı oğurluğunu əsaslandırmaq
üçün müəllifindən halallıq istədiyini
bəhanə gətiribmiş. Bu mənə uzaq illərdə
Qasım Qasımzadə ilə bağlı kiçicik bir epizodu
xatırlatdı.
Şuşaya
həsr etdiyi bir şeiri var: "Zümrüd tac".
Şeirdə Qarabağın obrazı bir qız
timsalındadır, hörükləri Xaçın, Qarqar
çayları, Şuşa da
başında zümrüd tac kimi bərq vurur... Şuşalılar bu ifadəni sevə-sevə
işlədirlər. Əlbəttə,
müəllifini xatırlamadan.
Bir gun
Qasım müəllim görür "Bakı" qəzetində
qonşularımızdan birinin, sonradan xalq şairi titulu
qazanmış dostunun məqaləsi dərc edilib, yazı da
eynən bu başlıqda gedib: "Zümrüd tac". Elə
zənn edir Şuşa haqqında həmin
yazıda onun şeirindən ya sitat olar, ya ona istinad-filan. Məqaləni oxuyub görür bunların heç
biri yoxdur. "Bakı" qəzeti də
axşamlar çıxırdı. Elə
həmin axşam məqalə müəllifi Qasım müəllimə
zəng edir, deyir "sənin Şuşaya aid obrazlı ifadəndən
çox xoşum gəlir, onu yazıma başlıq seçdim.
Sən Allah, halallıq ver". Q.Qasımzadə
belə şeylərə "öyrəncəli" idi, bir
neçə şeirinə yazılan mahnılar belə, o
zaman televiziya, radio kanallarında xalq mahnıları kimi səsləndirilirdi.
Gələcək xalq şairinin xırda
plagiatına görə halallıq xahişini dərhal qəbul
edir.
"Uğurlu yol"da plagiat
80-ci illərin ortaları olardı. Bir gün Qasım
Qasımzadə "Azərbaycan gəncləri" qəzetini
mənə uzadıb dedi: "Bir bu şeirlərə
bax". Qəzetdə Mirvarid xanım Dilbazinin
bir gənc şair haqqında "Uğurlu yol!"
yazısı və təqdim etdiyi şeirlər dərc
edilmişdi. Uğurlu poetik nümunələrdən
biri Qasım müəllimin "Səndən ayrılanda
dağlar, cavandım..." misrası ilə başlayan
şeirindən dırnaqsız "sitatlarla", necə deyərlər,
aşıb-daşırdı.
Elə oldu ki, ertəsi gün Mirvarid xanım telefonla zəng
etdi. Dəstəyi mən götürmüşdüm.
Bir-birimizdən mehribanlıqla hal-əhval tutduq.
Bu həm də o zamana təsadüf edirdi ki, ərəb dilində
sovet poeziyası antologiyasının içində 15-16 sayda
Azərbaycan müəlliflərindən onun da şeirləri
yer alırdı və bunların ərəbcəyə sətri
tərcüməsini mən, poetik tərcüməsini isə
suriyalı şair Ayman Əbu Şeir öhdəsinə
götürmüşdü. Mirvarid xanım o ərəfədə
ərəb şairi ilə mənə əvvəl öz mənzilində,
sonra Bilgəhdəki bağ evində qonaqlıq vermişdi...
Antologiyanın çapını xəbər alandan sonra
dəstəyi Qasım müəllimə verməyimi istədi. Deməli,
Mirvarid xanım ondan qəzetdəki şeirləri
oxuyub-oxumadığını soruşur. Biləndə
ki, oxuyub, deyir, "görürsünüz də, şeirimizə
necə istedadlı gənclər gəlir". Qasım müəllim də gülə-gülə
"ugurlu yol" yazısına aid şeirlərdən birini
özünün yazdığını deyir. Sonra da şeirdən bir neçə misranı
oxuyur. Mirvarid xanım pərtliklə deyir,
"deməli, məni aldadıbmış nanəcib, elə ən
çox bəyəndiyim də o şeir idi, zalım mənim
saqqızımı o şeirə görə
oğurlayıbmış".
Söhbətlərini bitirəndən sonra öz
aramızda plagiat məsələsinə təkrar
qayıtdıq. Mənə özü ilə bağlı
plagiatın başqa növündən danışdı.
Gəncliyində dostluq etdiyi şairlərdən biri ilə
münasibətləri çox səmimi imiş, ən məhrəm
sirlərini bir-birilə bölüşürmüşlər. Qasım
müəllim bir neçə dəfə həmin qələm
dostu-sirdaşına deyibmiş ağlına belə-belə
poetik obrazlar gəlib, gərək bunları hökmən yaza.
Və yaza bilmirmiş, çünki hər dəfə
beynində həmin tapıntılarını elə
bişirib kağıza köçürmək istəyirmiş
ki, görürmüş onun dediklərindən istifadə ilə
dostunun yazdığı şeir artıq qəzetdə dərc
edilib. Münasibətləri çox
yaxın olduğundan üz vurmurmuş.
Küləklənən qəzet
parçası
Təxminən
4-5 il öncə Dövlət Sosial
Müdafiə Fondunun Yasamal rayon şöbəsinə illik
hesabatımı verib "İnşaatçılar" metro
stansiyasına tərəf gedirdim. Yolun kənarında
düzülmüş zibil yeşiklərinin yanından ötəndə
gördüm yerdə bir qəzet səhifəsi küləklənir.
Diqqətimi iri hərflərlə
yazılmış sərlövhə çəkdi. Anidən sezdiyim ilk sözlər tanış gəldiyinə görə əyilib
qəzeti götürdüm. Məqalənin başlığı
belə idi: "Güllələnmiş güllükdə
keflənib külləndi gəlmələr". 1988-ci ildə
Səs-88 silsiləsindən yazdığım, həmin il "Ulduz" jurnalında, daha sonra
1990-cı ildə "İki doğum günü"
kitabımda dərc edilmiş şeirlərimdən bir sətir
idi. Elə bildim haqqımda məqalədir, təəccüb
də qalmışdım, nə əcəb bundan xəbərim
olmayıb. Oxuyub görürəm
imzasını tanımadığım bir şair
haqqındadır, yazı müəllifi həmin şairin
şeirlərinə tərif yağdırır, daha çox
da diqqəti yönəldir başlıqdakı sətrin
getdiyi şeirə. Şeiri oxuyub görürəm
şair bir az insaflı davranıb,
"güllələnmiş güllükdə keflənib
külləndi gəlmələr"i olduğu kimi saxlasa da,
şeirimin o biri sətirlərini öz redaktəsində təqdim
edib.
Bunların da adlarını çəkmirəm. Doğrusu,
xatırlamıram da. Deyəsən, elə
oradaca dərhal unutmuşdum, qəzet parçasını əzib
zibil qutusuna atdığım andan.
Nəriman QASIMOĞLU
Ədəbiyyat qəzeti.- 2019.- 26 yanvar.- S.26-27.