Qəlpələr
Ovcumdan əsən küləklər
çırpınıb yıxılar
bir gün tərk etdiyin yollara...
Tərtəmiz bir payız axşamında
palçıqlarla kirlənər
xatirələr
saatın əqrəbləri
tək.
...fırlanar xaraba dəyirmanların ağrı
daşı,
islanar yağışlar
üstündə göy
üzü,
islanar yağışlar
altında pəncərələrin
göz yaşı.
Saniyəsi neçəyədir gözlərinizin,
soruşa bilərəmmi?
...Skamyalar Allahın atılmış oğlu,
tənhaların sürgünlükdə
sığınacağı, skamyalar.
Skamyalar,
üstünə şeir
yazılar
ağlımın küçələrindən
keçərkən yarpaqlar...
Qaranlığı yalayar bir kimsəsiz
itin tənhalığı.
...Uçar ağaclar göy üzünə,
qonar ağaclar bir quşun budağına,
ağrıyar qurşunların
vicdanı.
Mənimki şeir yazmaq deyil,
oturub bir-bir ruhuma batan qəlpələri
çıxarmaqdır mənimki!
Səni
düşünmək deyil,
...gecələr günəbaxanların
baxdığı yerə
baxmaqdır mənimki!
O kimdir gözlərində
gecəyarı oturub siqaretin tüstüsüylə
şəhəri dumana bürüyür...
O kimdir nəfəs çəkdikcə
gəmi yelkənləri
havalanır...
Bakı
gecələri soyuq olur...
Adını üstümə çəkirəm.
Ovcum dolu qəlpələrlə...
...Yenə həsrət,
yenə həsrət,
yenə həsrət!
Ümid Nəccari
Ədəbiyyat qəzeti.- 2019.-
26 yanvar.- S.22.