Vətənə söykənən
saat
və
qıpqırmızı əqrəbləri...
...Əvvəl
içində süd dişi itkin düşdü,
sonra bir evin otaqları,
sonra da özü.
...ağaclar böyüdükcə
məzarlara tərəf,
uzaqlarda
bir qız qarımağı sevdi,
bir güzgü özünə tamaşa etməyi,
bir Allahsa unudulmağı...
...Hələ
kağızların məktub
kimi ölməyini demirəm,
hələ
sobadakı buludların
azadlığından danışmıram...
...bir tərəfdə
heykəllər qapıları
döydükcə
bayraqlar quşların qanadını tanıdı,
balıqlar dilənçilərin
ovcunu,
analarsa öz bədənini.
Bilirsənmi,
adam öz bədənini tanıdığı
gündən başlayar
qış fəsli...
...və bir gün
Vətənə söykənən saatın
qıpqırmızı əqrəbləri
bağışladı səngərlərin
günahını...
...və
saatın içindən
nə süd dişi tapıldı,
nə də evin otaqları.
Bircə
özü tapıldı
həmin adamın,
amma,
amma
ayaqlarına qədər...
Dedi;
Unudun gözlərinizi, bir azdan səhər açılacaq,
və
bir azdan darıxacaq göy üzünə atılmış
siqaret kötükləri...
Emil RASİMOĞLU
Ədəbiyyat qəzeti.- 2019.-
26 yanvar.- S.22.