Yorğun qağayıdır sükutun
dili
Enməyə suyu yox,
Uçmağa göyü.
Yol çəkib yoxluğun içindən əli
Sancılıb sahilə - ağac
göyərib
Göynəyi üstündə lal
- düyün-düyün...
Suların içində çəkib
geriyə
Dərin
nəfəsini, bir div
gizlənib
Qoyub ürəyini büllur şüşəyə
Atıb,
Sinəsinin boşluq yerinə
kimin canı düşsə,
can təmizlənir...
İlahi!
Nə yaxşı dərin suların
Nə yaxşı
göz boyu çölün var sənin.
Nə yaxşı dünyadan köçüb getmisən
Nə məzarın qalıb,
Nə xanimanın.
Nə çərxin, nə dənin, nə dəyirmanın,
Nə tutub yaxandan niyə deyənin
Nə ortada qalan ölün
var sənin...
Getmisən...
Gəlmisən,
pəncərəmizdə
Təzə çiçəklərə torpaq olmusan
Bax, o küçədəki ağacımıza
Kök-köməc olmusan,
yarpaq olmusan...
Sənə də bəs edir, mənə də bu ev
Divin sinəsinin boş yerindədi...
Sən də sev bu
səhər,
Bu şəhəri sev
Canını axtarma
Canın
məndədi...
***
Düşdü tor içinə Tanrı dağları
Yollardan
gözünü çəkib
sükuta
Zillənib sakitcə öldü
bir adam...
Bütün olanları, olacaqları
Axı hardan bildi, bildi
bu adam?
Sən
de kor quyudur, mən deyim səma
Hərə öz qəlbinin
pəncərəsindən
Boylanıb baxanda
Yaxşı görünür
Gedən də, gələn də, ölən də.
amma...
Kim çəkib bağlayıb
lal qapıları,
halaldır!
Əlləri var olsun onun!
Hərə öz içində
qursun Tanrını -
Kimi səmasında,
Kimi korluğunda öz quyusunun...
Bircə
toxunmasın heç kim çöllərin
Sarı
sükutunun ağaclarının
get-gedə təklənən
budaqlarına
Dua gözləməyir
Çöpdən yuvalar quran quş dimdiyi,
Dinclik istəyir
dinclik
uçanların qanadlarına...
Qırılıb
Çilik-çilik olmuş
gecənin sükutunun
ortasında
Bir bulud göyərdi...
Bir
Ağac
qurudu yolunun
şəhərlə kəsişdiyi
yerdə...
Bir də
küçə fənərinin
işığı
Gözünü
Qarşıdakı qaranlıq pəncərəyə
dikmiş
Adamın
üstünə səpələndi...
Kəlmələndi
yoxluğun
beş-on addım o yanında
Bütün günahlara meydan
oxuyan
bir gülümsəmə
-
Kimsə
bilmir...
Kimsə
bilmir...
...və heç
zaman da bilməyəcək...
***
Qoxusuz çiçəklərin üstünə
çökən
duman kimidir
Hansısa yoxluqlar
Aynaların o tərəfində
Kölgəyə çevrilir insanlar
hər axşam...
Mən nə o üzdəyəm indi
Nə bu üzdəyəm
Yıxıb getdiyim hər şeyin dağıntılarıyla
göz-gözə dayanmışam...
İslaq
küçələrin qıjıltılı
səsini dinləyirəm,
Ürəyim sakitləşir
Sakitləşir əllərimin titrək
döyüntüləri
Sakitləşir köksümü ağrıya
sürükləyən üsyan...
İndi
Gözümü zillədiyim bircə
nöqtə var
hər yerdə
Bircə
ibadətxana
Bircə
dua
Bircə
ünvan -
Tanrı...
O da...
Qarşıma çıxdı keçənlərdə
-
O balaca qızın qorxaq baxışlarında...
Unuda bilmirəm
- Bağışla - deyir, -
bağışla hamını...
Bizi də içində...
...bacarmıram...
Hədiyyə Şəfaqət
Ədəbiyyat qəzeti.- 2019.-
26 yanvar.- S.22.