GÖZÜM O
GÖZLƏRDƏ QALDI...
Poema
“Ədəbiyyat qəzeti”nə,
Baş redaktora...
Hörmətli Azər müəllim!
91-ci ildə yazdığım əsərdi.
29-il əlyazmalarımın
arasında qalıb. Bir az əl
gəzdirib Sizə göndərirəm. Hadisələr Azərbaycan
Xalq şairi, Respublikanın Milli Qəhrəmanı X.R.
Ulutürklə mənim gənclik və tələbəlik
illərimizdən bəhs edir.
Biz iki rəfiqə qızla
ailə həyatı qurmuşduq. Bu əlyazmamı Xəlilə oxuyanda,
artıq mənim xanımım dünyasını dəyişmişdi.
İndi də X.R. Ulutürk dünyada yoxdu.
Tanrı Firəngiz xanım
Ulutürkü qorusun!
Bakı şəhəri - 23 mart 2020
Sizə hörmətlə, Nəriman Həsənzadə,
Xalq şairi
P.S. Bu şəkli 1962-ci ildə, tələbə
ikən Moskvada çəkdirmişik.
PROLOQ ƏVƏZİ
Qarşımda
bir şəkil var,
arada
neçə il var.
Neçə
payız, neçə qış:
orda
saçlar qaraydı,
burda
saçlar ağarmış.
Orda
vüsal danışır,
burda həsrət,
ayrılıq.
Ordakı
“mən deyiləm”,
burdakı mənəm artıq.
Arada bir
Araz var,
içimdə etiraz var.
Üz-üzə
iki sahil! –
çağır, eşidən deyil.
Xəlil!
Sara!
Firəngiz!
Üçü də doğma, əziz.
Bir dastandı
bu şəkil,
sirli,
sehirli dastan.
Qalıb
iki gəlindən,
iki tələbə
dostdan.
Hardadı şəkil çəkən? –
səadət bəxş eləyib,
O da
özü – bilmədən.
Burdakı
nöqtə, vergül,
adi
işarə deyil.
Öz ahımdı – nəfəsim.
Sinəmdən
damcılayıb,
qələmdən yox,
əzizim!
I
İyirmi
bir yaşında,
örpəkləri başında.
Səadəti
gözündə,
Həyaları üzündə.
İki gəlin,
iki gül,
eşq
dolu iki könül.
Biri –
Şirindən şirin,
biri –
Leylidən əziz.
Sara, bir də Firəngiz.
Güləndə
– ekiztayı,
mümkün deyil ayırmaq,
ayırıb qəlbi qırmaq.
İkisi
də – bəxtəvər:
biri bir
az doludu,
o biri
sınıqtəhər.
Biri bərk
güləyəndi,
o biri –
az danışan.
Biri tez
küsəyəndi,
o biri –
tez barışan.
Biri – kino
sevəndi,
o biri –
şəkil yığan.
Biri – gecdən
durandı,
o biri
çox yatağan.
İkisi də – ağappaq.
Günüağ
olmuşların
hərəsi bir cürə ağ,
hərəsi bir cürə pak.
Birinin
düşbərəsi,
o birinin
süfrəsi.
Bir gəncin
yastığına
baş
qoyubdu hərəsi.
Ovsunlayıb
aparıb
hərəsi bir cavanı, –
biri – Xəlil
Rzanı,
o biri də
Qiyamı.
Sonra bu
toy-bayramı
biri
Salyanda qurdu,
biri Gəncədə
qurdu.
Aşıqlar
oxuyurdu,
gəlinlər oynayırdı,
qanımız durulurdu.
Bəylər qucaqlaşırdı.
Bu
dünya paklaşırdı...
Sara elə
bilirdi
daimiyik,
əbədi.
Yüz il sonra gec olmaz,
danışsa bu söhbəti.
Mən
dedim elə demə,
dünyaya ərk eləmə.
Dünya
timsah ağzıdı,
açılıb bəşər üstə.
Yatıb
xumarlanırıq,
biz
mişar dişlər üstə.
Yazıram
o söhbəti,
heyif,
özü görmədi.
Onda yaza
bilmədim,
indi susa
bilmədim.
II
Hadini
oxuyurdum,
Cavidi oxuyurdum.
Müşfiqi
də yanaşı, –
bir
sırada qoyurdum.
Hadi –
Cümhuriyyətin,
şair
oğluydu – mətin!
Yoxa
çıxdı sonradan,
On birinci
ordudan,
bir
silahlı çalağan,
dilində söyüş, hədə,
bir
yabançı ləhcədə
sual
verir, o susur,
Əmr eləyir, o susur.
Satır
şeirlərini,
alanı
yox, o susur.
Uçub
ilham pərisi,
həyanı yox, o susur.
Deyirdilər
o nadan,
atəş açıb sonradan.
Gəncədə
deyirdilər,
Bakıda deyirdilər.
Deyən,
görən sınırdı,
millət
hayıfsınırdı.
Şəhərdə
bir təlatüm,
xalq
qalxmışdı, görürdüm.
Özüm
də qarışırdım,
evdə
də danışırdım.
Meydanda
başqa Meydan,
nümayiş, şüar, filan!
Üçrəngli
bayrağımız,
yuxulu
oyağımız,
oyaq
yatanlarımız,
ara
qatanlarımız...
Tamam dəyişib
şəhər,
asfaltla
yox,
insanla
örtülmüşdü küçələr.
Xəzər
– iki dənəydi,
Meydanda – zəlzələydi.
Bu da
tarixi bir gün,
tarixi mərhələydi.
Meydanda –
“Cümhuriyyət”,
“Demokratik hökumət”.
sözünü ilk dəfəydi
üzə deyirdi millət.
Mən də
qalxdım kürsüyə,
demirsən qayna-qarış.
Aparıcı
susurdu,
Elçibəy
dedi: danış.
Söz
verirəm sənə mən! –
təkrar
elədi yerdən.
Sağ
gözümdə qığılcım,
sol
gözümdə məşəqqət, –
bir dildə
danışırdı,
bayraq
dilində – Millət.
III
Dəyişdi,
sənə qurban,
səndən sonra dünyamız.
Himnimizə
qarışdı
ağımızla
laylamız.
Tanklar
yeridi, tanklar!
Susdu qaynar bulaqlar.
Yer
tüstüydü, göy bulud,
təkərlər altda sükut
boğulub,
bağırırdı,
dünyanın axırıydı.
Döngələr
təhlükəliydi,
tarixi
bir ləkəydi!
Qətl,
qarət – xəbərsiz,
qanunsuz,
məhkəməsiz.
Fövqəladə
vəziyyət!
Bu
zülüm, bu əziyyət
Kremlin “töhfəsiydi”.
Dolu
sisternlərin,
neftimin əvəziydi.
Bakı –
proletariat!, –
bir fəhlə
ölkəsiydi.
Bakı –
SSRİ-nin
seçilən bölgəsiydi.
Kremlin
gözüylə bax:
özü yox, kölgəsiydi!
Tarix! Ulu
Öndərin
tarixi
çəkisi var
O göy
gurultusunun
bir
ildırım səsi var.
Cəllad
onda gördü ki,
millətin yiyəsi var.
Salam, Fəxri
Xiyaban! –
səndə bir Türbəsi var.
Hər
gün, növbədənkənar,
hər
nəslin növbəsi var.
Zaman səs
verdi bizə,
İstiqlal
yazılırdı
qədim
salnaməmizə.
İgidlər
məzarına,
əyildikcə, ucaldıq.
Ölən
yoxuydu daha,
Şəhid olurduq artıq.
IV
Şeirin,
sözün ağrısı
bu dəfə
cana düşdü.
Xəlil zindana düşdü.
Qarışdı
Lorkalara
və
Musa Cəlillərə.
Xalq səs
verdi Xəlilə
və Xəlilkimilərə.
SARA
Cinayəti nəydi bəs?
QİYAM
Dedilər millətpərəst.
SARA
Yaşayıbmı
dünyada
millətsiz bir sənətkar?
QİYAM
Dedilər
sev milləti,
Dili lal, qulağı kar.
SARA
Nə qədər yatdı Xəlil?
QİYAM
Nə qədəri şərt deyil.
Uca tutdu
başını
Sovetin bayrağından.
Nə
çəkicindən qorxdu,
nə
onun orağından.
SARA
Firəngiz hardadı bəs? –
həssasdı, dözə bilməz.
QİYAM
O,
keçmədi Xəlildən,
ona
borcludur vətən.
Sərt,
təmkinli, pərişan,
az dinən,
az danışan.
Teleqramlar
vururdu
yuxarıya birəldən.
Səni
xatırlayırdı
məni
görəndə hərdən.
“Davam edir
otuz yeddi,
daha kəskin,
daha ciddi!”
Xəlilin gur səsiydi.
“Lefortovo”
zindanı
təzə “gözətçi”siydi.
“Ucundadır
dilimin
Həqiqətin böyüyü.
Nə
qoydular deyəyim,
nə kəsdilər
dilimi...”.
Xəlilin
sinəsində
şaxələndi bu üsyan.
İki
dahi yetişdi
bizim
Kür qırağından,
O – türkçü,
Bu – Ulutürk.
Türkün
xəritəsini
xəritədə böyütdük.
V
SARA
Moskva,
yataqxana,
yadımdadı o illər.
Yanaşı
çarpayınız,
Şərikli kitab-dəftər.
bizim
kirayə evlər.
Qaçırdıq
yanınıza,
arada,
axşam-səhər.
Yoxuydu
heç nəyimiz,
İki
qutu göy noxud
gətirdik, gələndə biz.
Qonşu
hiss eləmişdi,
həyətə, bağa çıxıb.
Deyirdi,
altı qutu
anbardan
yoxa çıxıb.
– Altı
qutu?
– Düz
altı.
Əlim çənəmdə qaldı.
İki
qutuydu vur-tut,
yarı
su, yarı noxud.
Əvəzində
sonradan,
noxudun
havasıyla, –
aş
apardım qonşuya,
üstünün qarasıyla.
uğundu,
getdi Xəlil:
“İki
qutu göy noxud,
bir sini
aş...” pis deyil!
– Bir
axşam itmişdiniz,
kinoya
getmişdiniz.
Moskvaya,
şəhərə!
Nə
burda, bələdsiniz,
nə də
orda, bir yerə.
Şər
qarışır, gün batır,
biz
yollarda bir təhər.
Allah,
ürəyimizə
nələr gəlmirdi, nələr!
– Sara!
– Firəngiz!
– Sara!
səs
salmışdıq yollara.
Gedib qəbristanlığı
harayladıq nə qədər,
Yol –
içindən keçirdi,
susurdu
daş qəbirlər.
Baxırdıq,
boylanırdıq,
gedirdik,
əylənirdik.
Sonra gileylənirdik.
XƏLİL
Firəngiz
gülər üzdə,
küsər heç şeyin üstə.
Sonra da
minnət, xahiş,
gəl,
indi dindir, danış.
QİYAM
Sara da
küsəyəndi,
dediyini
deyəndi.
Bilmirəm
necə dözür,
soruşsan danar özü.
XƏLİL
Qızlar
küsür ki, Qiyam,
hardasa
oxumuşam:
onları
çox istəyək,
nə
desə, onu deyək.
Xəlil
susurdu hələ,
tutulmuşduq arada.
Gəlib
tapdıq biz sizi,
bizim
yataqxanada.
– Bircə
yolumuz qalır,
bundan
sonra biz gərək, –
Vağzaldan
bilet alıb,
evinizə göndərək.
Xəlil
dedi, mən dedim,
mən
bilmədim, nə dedim.
Sənin
gözlərin doldu,
Firəngiz
də tutuldu,
o da
çəkdi içini.
İndi
necə uçurdaq
İki ağ göyərçini!
Öz
tale payımızı,
öz
alın yazımızı,
dünyadan – dünyamızı?!
Güləndə,
bağışladıq,
söz
də veririk ki, sözsüz, –
kinoya
gedəcəyik,
ikimiz
yox,
dördümüz.
VI
Qorki
institutundan
məktub
göndərmişdilər,
Qızlar
pərtiydi yaman, –
ailəli
olanlar
tək
gəlsin, – demişdilər.
Dolmuşdu
yataqxana,
ümid
yoxuydu ona.
Moskva!...
İlk dəfəydi.
bizim də
səfərimiz.
Məndən
soruşdun, Xəlil,
bəs
Sara, bəs Firəngiz?!
Küsdülər,
köyrəldilər,
vağzalacan gəldilər.
Getmək
istəyirdilər,
Moskva
qızlarını
dalda
pisləyirdilər.
– Necə?
– qısqanırsınız?
– Yox, –
deyib danırdılar.
Xəlil,
bizi sevənlər
bizdən
utanırdılar.
Bu da bir
istedaddı,
heyif,
çoxuna yaddı!
Neyləyəsən,
həyatdı:
bir
bağın meyvəsi də,
gah
şirindi, gah acı.
Söz –
ağızda çəkilir,
dil – nədir
bəs?
Satıcı!
–
əridir
mətahını,
ucuz-baha
qiymətə.
Eşq
olsun təbiətə!
VII
Bizə
demişdilər ki,
yağarlıqdı Moskva.
Soyuqdu, sərtdi hava.
plaş
alın siz orda,
zont
alın, beret alın,
Qaloş alın siz orda.
Əldə
zont, başda beret,
geyindik
plaşları.
Ayaqqabının
üstən
keçirdik qaloşları.
Dərsin
birinci günü
“bəzənmişdik” büsbütün.
Nə
hava soyuq oldu,
nə
yağış yağdı o gün.
Sən
demə, baxıbdılar,
gülübdülər kənardan.
“Marsdan,
Aydan gəlibdi
yəqin
bu iki cavan...”
Nə
plaşı çıxartdıq,
nə
qaloşu soyunduq,
Nə
bereti, nə zontu,
Beləcə, “məşhur” olduq.
VIII
Yaxşı
keçdi seminar,
inciyən olmadı heç.
Smelyakov
apardı –
Yaroslav Vasilyeviç.
On il sürgündə yatan,
nə
yuvası, nə evi.
“Gözəl
qızıydı Lida”
şeirinin müəllifi.
Ürəyi
söznən dolu,
narazıydı mühitdən.
Misal
çəkərdi bizə,
Puşkindən, bir də Fetdən.
– Heç kim yerində deyil,
kimsə,
bilmək istəsən:
yaxşı dərzi olardı
şairdi,
nə deyəsən!
Əla cərrah
çıxardı,
istəsəydi filankəs.
O da poema
yazır,
şairdi,
gəl indi döz!
Vlademir
Oqnev də 2
həqiqətə mat qalır:
– “Klassiklər”
çoxalır,
oxucular
azalır!
Seminar rəhbərinin
dönüb baxır üzünə.
O, dərin
məna verir,
tənqidçinin sözünə.
Seminarın
davamı
düşmürdü dilimizdən.
Bu,
deyirdi: mən düzəm,
o biri
deyirdi: mən!
“Şeiri
Mayakovski
necə
yazır, bax elə.
“Sol,
sol,
sol!..
ancaq elə.
Döyüşdəsən, davada.
misralar
qırıq-qırıq!
Ütülü,
Sığallı
yox!..”
Bir tələbə
– şairin
fikiriydi
bu, belə.
O biri də
deyirdi,
təmkinlə yox, təkidlə:
“Yesenin də yazır bəs? –
başqasına bənzəməz.
Ağcaqayın
dilində,
ana
dilində rusun.
Kimə meydan oxusun?
Kimin üstə çığırsın?
Misranı
niyə qırsın?”
Bu
biçdik, bir ölçdük,
bir
yaxşı fikrə düşdük.
Xəlil
dedi gəl, gedək,
mən
də dedim ki, mütləq.
Bağ
evi qonşudaydı,
burda,
Nazim Hikmətin.
Ustad
sözü deyərdi,
Nə desəydi o, yəqin.
Nazim uca
boyuyla,
qıvrım, sarı saçıyla,
öz
şəfqət bacısıyla 3
evindəydi –
təzə-tər.
Yenə o
mavi gözlər!
Yenə o
türkcə dəvət!
Yenə o
səs, o ülfət!
Yenə
“Canım!”, “Şəkərim!”
sevdiyi kəlməsiydi.
Bizi
görəndə hər dəm,
bizə
“gəl” deməsiydi.
XƏLİL
Seminarıydı,
ustad,
şeiri
necə yazaq?!
Mayakovski
kimi,
yoxsa,
Yeseninsayaq?
QİYAM
Gəldik, sizdən soruşaq.
Vurğunun
bir bəndini
əzbərdən deyə-deyə, –
söykəndi pəncərəyə.
“Nemətdisə
gözəl şeir,
şair
olan qəm də yeyir.
Ömür
keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən
məni nədir deyir,
saçlarına düşən bu dən,
şair,
nə tez qocaldın sən?”
Bir xəzinə
yatırdı
Nazimin sinəsində.
Mehriban
görkəm aldı,
sağ əli
çənəsində:
–
Canım, bax, hansı dildə
ananla
danışırsan, –
o dildə
yaz şerini,
başa
düşsün qoy anan.
XƏLİL
“Mən Şərqdən
gəliyorum,
Şərqin
dərdlərini
bağıra-bağıra
gəliyorum!
Sən
yanmasan,
mən
yanmasam,
biz
yanmasaq,
nasıl
çıxar qaranlıqlar
... aydınlığa?!”
– Sizinkidi
bu, ustad,
misal
çəkirdi Xəlil.
–
Mayakoskivari,
üsyan,
çağırış deyil?!
–
Canım, üsyan, çağırış
lazımdısa oxumaq;
qoy məni
oxusunlar,
Mayakovskini yox.
Gördüm
başqa bir sual
düşündürür Xəlili.
– Bəs?..
Nazim
qabaqladı:
–
Vurğun, Rəsul, Rəfili.
Oxuyuram
onları,
risk,
yeni söz, cəsarət
yaşadır sənətkarı, –
deyirdi
Nazim Hikmət.
Dünən
orda seminar,
bu
gün burda bu söhbət.
İki tələbə
– şair,
ortada
Nazim Hikmət.
Nazim –
parlaq bir ulduz,
Nazim –
özünəməxsus.
Yolda bir səs
deyirdi:
uddunuz,
uduzdunuz?!
Şərt
deyil dedi o səs,
oxşamaq,
oxşamamaq.
Şərtdi
– şair doğulmaq,
şair
– doğulur ancaq.
IX
Məhəmməd
Mamakayev –
Çeçeniydi milləti.
Canlara dəyəniydi
amma bir
xasiyyəti:
Gücsüzün
tərəfiydi,
haqsızın – qənimiydi,
onda da səmimiydi.
İki,
ya üç yaş artıq,
əslində yaşıdıydıq.
Boyda-buxunda
da şax!
dilində yalnız: Allah!
Ucadan
danışardı,
danışanda – yaşardı
əli,
qolu, bədəni.
Canlıydı,
daş deyildi,
biz
sevirdik çeçeni.
Xəlilin
ad günüydü,
yataqxana
süfrəsi.
Biz dəvət
eləmişdik,
o da
saymışdı bizi.
Bir
çeçen xəncəri də
gətirmişdi Xəlilə.
Belindəki
kəmərə
bağladı öz əliylə.
General
Yermolovun
heykəlini uçurdan, –
biri – Məhəmməd
imiş,
deyirdilər o zaman.
İstiqlal
istəyibmiş,
Məhəmməd Mamakayev.
cəza
çəkib gəlibmiş
Məhəmməd Mamakayev.
Qorki
İnstitutunun
o da tələbəsiydi.
Çeçen
tərbiyəsiydi,
bizə
qardaş deyirdi,
sağlıq deyən tələbə.
(Yadımdadı hələ də!)
Professor
İşutin, –
bizim
müəllimimiz,
kimdənsə, tutub xəbər,
bilməmişik birimiz,
açdı qapını gülər.
– Burda bir
tələbəmin
ad
günüdür dedilər.
Təsadüf!
Nə qiyamət!
Əvvəl
Xəlil gəl! – dedi,
sonra
çeçen Məhəmməd.
– Bir tələbə
qız gəlib,
lap
uzaqdan, Çitadan.
Mən
onu axtarırdım
elə
burda bayaqdan.
Biz onun gəlişini
bəyəndik, alqışladıq.
Bərk tərifə başladıq.
Saxladı:
– Yox, belə yox,
mən
bunu xoşlamıram.
Xəlilin
sağlığına
qaldırdı bir yüz qram.
– Maqomet
Mamakayev! –
düzmü dedim bu adı?
Mənim
tələbəm olub,
o
yaxşı yadımdadı.
Başsağlığı
oxudum,
qəzetdə dünən axşam.
düzü, bərk tutulmuşam.
Əsl
çeçen: igid, ər,
bəs
sizə deməyiblər?
– Başqa
Mamakayevdi,
adı
qəzetdə gedən.
Məhəmməd
Mamakayev
cavab
verdi yerindən.
Gülüş
– masabəyiydi,
tələbə süfrəsində.
Doldurulan
hər qədəh, –
bir
sağlıq növbəsində!
Hər kəs
öz aləmində,
hər
kəs öz kölgəsində.
Mamakayev
oxudu
bir
çeçen ləhcəsində.
X
İki
göyərçin qondu,
o
gün pəncərəmizə.
“Gəlirik,
qarşılayın”
teleqram
gəldi bizə.
Firəngizdən,
Saradan,
Rostovdan,
Belqoraddan,
Xarkovdan,
daha hardan!
Bir
qayğımız var ancaq, –
Onlar harda qalacaq?
komendant
köhnə bezdi.
Desək
ki, qızlar gəlir,
deyəcək hələ tezdi.
– Xəlil!
– Qiyam!
çağırdı
İkimizi iki səs.
Bir an –
yüz günə dəyər,
yüz
gün bir ana dəyməz.
Baxdıq,
gordük, sevindik,
Göydəydik, yerə endik.
–
Sizsinizmi?
– Bizik,
biz!
Sara, bir də
Firəngiz!
Dünya
– qadın ətirli
gülüymüş, bilməmişik.
Gələndə
özümüzlə
niyə
gətirməmişik?
Nə
yaxşı, burda tapdıq,
orda
itirməmişik!
XƏLİL
Teleqram
vurubsunuz,
yəqin
bərk qorxubsunuz.
Düz deyirəm Firəngiz?
beş...
altı... bu da səkkizi
Heç
qalmayıb pulunuz,
yolda
soyulubsunuz.
– Gəlmişik
ki, qaytaraq,
bir az da
artıq alaq...
Firəngiz
gülə-gülə,
cavab
verdi Xəlilə.
Sara da
dedi: Qiyam,
mən
qorxmuşdum, danmıram.
Ünvanı
səhv yazarıq,
gəlib
burda azarıq.
QİYAM
Görmüşdüm
yuxusunu,
gələndə, yol uzunu
deyirdim
sən işə bax,
ayan olur
ürəyə.
Bir
cüt göyərçin – dümağ,
qonmuşdu pəncərəyə.
Əsl xəbərçidilər,
Sizin gəlişinizi
onlar bizə
dedilər.
XI
Sara mənə
deyirdi ki,
bu,
ayrıca hekayətdi,
sizdən
sizə şikayətdi.
Mən tərsinə
yozurdum:
– Yox,
Şikayət də – məhəbbətdi.
SARA
Siz
getdiniz qoyub bizi,
məni,
bir də Firəngizi.
Gündə poçtu yoxlayırdıq.
Atamızın
evindəydik,
sizdən
ötrü ağlayırdıq.
İyirmi
il doğma ikən,
yad
olmuşdu bu ev birdən.
Firəngizə,
mən dedim ki,
bir yol
tapım, çıxış yolu,
aramızda sirr oldu bu.
Məktub
yazdıq atamıza,
mən
Qiyamın imzasıyla,
o Xəlilin
imzasıyla,
yeni
görüş sövdasıyla.
Guya xiffət
edirsiniz,
xahiş,
minnət edirsiniz,
bizi dəvət
edirsiniz.
“Bilet
alıb salın yola,
Moskvaya,
Dobrolyubov
küçəsinə,
üç-dörd günə...”
Məktubu
göstərdilər,
muştuluq istədilər.
Oxutdular...
oxuduq.
İkimiz
də yox, – dedik,
guya
razı deyildik.
Guya biz
darıxmırıq,
Darıxan tək sizsiniz.
orda
ikinizsiniz.
Fikirliydi
atamız,
İki evə
sığmırdı
hikkəmizlə ədamız.
– Haraya...
Moskvaya?...
deyirdik
onda biz də.
Məktubu
yazmasaydıq,
ölərdik ikimiz də.
Anamız
təkləyirdi,
bizi
birçəkləyirdi:
– Gedin,
ev-eşik olun,
bir az
göz-qulaq olun,
yatanda,
oyaq olun.
duranda
dayaq olun.
Təzə
ər-arvadsınız,
elə
bil ki, yadsınız.
Gedin,
verin əl-ələ,
yaşayın innən belə.
Darıxıb
binəvalar,
Orda pisdi havalar.
Gedin, bir
həyan olun,
bir az
mehriban olun...
Ağıl-öyüd
verdilər,
qəlbimizə girdilər.
Danışdılar,
küsdülər,
biz
dözdük axıracan,
onlar da
çox dözdülər.
Yenə
ana ürəyi!
Gəlinlərin
“kələyi”
özü də bir yuxuydu,
xəbərləri yoxuydu.
Qorxurduq
sonra, düzü,
sirrimiz
çıxar üzə.
Gələndə
göstərəllər
məktubu onlar sizə.
Sizsiz,
sizin
imzanız,
axı,
yazmamısınız.
Məktubu
tez götürdük,
rahat bir
köks ötürdük.
Firəngizlə
görüşdük,
Paytaxta 1 yola düşdük.
Gəlib
yola saldılar,
bizdən
razı qaldılar,
Vağzallarda
enirdik,
uçurduq, sevinirdik.
hədəfə –
bir
teleqram.
“Dobrolyubov
küçəsi,
Moskva, Xəlil,
Qiyam!”,
Dəvət
eləmədiniz,
yenə
Sara, Firəngiz!
Elə
ki, gördük sizi,
əlinizdə gül-çiçək,
Ağladıq
ikimiz də,
çətindi sözlə demək.
Gərək
bunu mən, Qiyam,
nəvəmə də danışam,
o da
öz nəvəsinə...
Mat
qalmışdım mən onun
yaşamaq həvəsinə.
Ağırıydı
yataqda,
amansızdı təbiət.
Bəlkə
də bu hekayət,
qadın
heysiyyətindi,
onun vəsiyyətiydi?
EPİLOQ
ƏVƏZİNƏ
Ömür
uzun, ömür qısa,
ad
qazandıq adımıza.
Məndən
sizə nə qaldısa,
o da bu
sözlərlə qaldı.
İz
axtardım, yola çıxım,
sağa
dönüm, sola çıxım.
Üzüm
bir sahilə çıxım,
o
gücüm izlərdə qaldı.
Mən
dost gördüm, həyan gördüm,
salam
verib, sayan gördüm.
Sənə
bir oxşayan gördüm,
gözüm o gözlərdə qaldı.
[1] Heydər
Əliyevin 1990-cı il 20 yanvar faciəsi
ilə bağlı Moskvanın Azərbaycan nümayəndəliyində
xarici ölkə jurnalistləri qarşısındakı
çıxışı nəzərdə tutulur (müəllif)
[2]
Tanınmış rus tənqidçisi (müəllif)
[3] Nazim
Hikmətin evində həm şəfqət bacısı, həm
də xidmətçi qadın (müəllif)
1 O
vaxtkı Moskva nəzərdə tutulur (müəllif)
Nəriman HƏSƏNZADƏ
Ədəbiyyat qəzeti.- 2020.- 25
aprel.- S.4-6.