Müharibə
Esse
Mənim üçün müharibə anamın ölüm yatağında balası Ələkbəri çağırması oldu. İkinci Dünya müharibəsi başlayanda anamın 25 yaşı vardı. Atam müharibəyə getmişdi. Azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasının tərkibində vuruşurdu. Melitopol uğrunda gedən döyüşlərdə ağır yaralandı. Müharibədən əlil qayıtdı. Atam qayıdanda Ələkbər artıq yoxuydu.
Müharibənin əvvəlində 8-10
aylıq uşaq ıdi. Hələ ayaq üstə dayana bilmirdi. Əziz qonşumuz
Bəyaz xala inəyini bizim həyətdə saxlayırdı.
Ələkbər hər səhər
inəyin yanına gedirdi. İnək körpəni görən
kimi yerə uzanırdı, uşaq da iməkləyə-iməkləyə
gedib onun döşünü əmirdi.
Anamın südü kəsilmişdi.
Qarlı bir qış səhəri Ələkbər bilmədən
inəyin döşünü
dişləyir, inək
ona təpik atır. Onda böyük qardaşım
Məzahirin yeddi yaşı vardı.
Cörək almağa gedəndə
çörək kartını
itirmişdi. Anam uşaqlarla
– Məzahir, Eyvaz, Mürşüd, Ələkbərlə
Allah ümidinə qalmışdı.
Bəyaz
xalanın hər gün anama 1 litr süd verməsi uşaqları dayanıqlı etmişdi.
Anam o süddən içmirdi ki, uşaqlara qalsın. Hərəsinə gün ərzində
1 stəkan süd düşürdü - həm
çörək, həm
yemək əvəzi.
Bəyaz xala hər səhər
inəyini sağanda anama baş çəkirdi, uşaqların
süd payını verirdi. Anam aclıqdan,
xəstəlikdən yatağa
düşmüşdü. Öləcəyini düşünüb, yatağını yerdən
qibləyə sarı
salmışdı. Bilmirdi ki,
həmişə onun qucağında isinib yuxuya gedən sonbeşiyi ondan qabaq öləcək.
Anama həmişəki
kimi baş çəkən Bəyaz
xala anamı zorla qaldırıb, “dur, ay bədbəxt, balan getdi” - dedi. Hər şeyi alatoranlıq
içində görən
anam, böyük uşaqların ağlamalarını,
sonra bəmbəyaz qarın üstünə tökülmüş qanı
gördü. Ələkbərin ağzından qan gəlirdi. Anam balasının üstünə
sarıldı. Onda
o bilmirdi ki, az qala
40 ildən sonra balaca Ələkbəri görəcək, O isə
artıq qocalmış
anasına əl edib onu yanına
çağıracaq. Anam da zorla - Ələkbər, ölüm qabağında,
gəlirəm deyib, gedəcək. Anan xoşbəxt
olacaq...
Mənim üçün müharibə
- qoca qonşumuz Küşvər xalanın
həmişə axşama
yaxın küçədə
dayanıb oğlundan bir xəbər qələcəyini gözləməsi
idi. Mən onu balaca məktəbli olanda da, artıq təhsilimi başa vurub evimizə qayıdanda da küçənin başında
görürdüm. O, kor olmuşdu. Ancaq məni addımlarımdan
tanıyırdı, elə
bil. Mənim yaxınlaşmağımı eşidib
dərhal – salam, ay bala, poçtalyonu görmədin
ki?
O, İkinci Dünya savaşı vaxtı rus dilində yazılmış rəsmi
məktub almışdı
- oğlun itkin düşüb. Ancaq Küşvər xala oğlunun gəlməyinə inanırdı.
İtkin
düşmək - ölmək
deyil, düşünürdü
o. Oğlu universiteti bitirib cəbhəyə getmişdi. Ailənin tək oğlu
idi. Yəqin, Küşvər xala da oğlunu
yuxuda görürdü.
Hələ müharibədə həlak olan müəllim ərini də görürdü uyğularında. Oğlu, Allah bilir, hansı qərib obada, qərib məzarda son mənzilini tapmışdı.
Küşvər xala düz 50 ildən sonra elə küçəmizin
başında oğlundan
soraq gətirəcək
poçtalyonu gözləyə-gözləyə
yerə yıxıldı, dünyasını
dəyişdi.
Mənim üçün müharibə
ermənilərin Qukartda
körpə Azərbaycan
uşaqlarını böyük
dəmir borunun içinə yığıb,
ağızına dəmir
qapı qoyub qaynaqla bağlayıb dağın başından
dərəyə atmaqlarıdı.
Mənim üçün müharibə
Xocalı barədə
aldığım xəbər
oldu. Xəbər qeyri-rəsmi mənbədən
gəldi. Dərhal bir
qrup Gəncə ziyalısı ilə birgə Ağdam xəstəxanasında yatan
yaralılara yardım
aparmağı qərar
verdik - pambıq, sarğı materialları,
dərmanlar, isti corab, əlcək, siqaret, konservlər və s.
Biz Ağdama çatanda sulu qar
yağırdı. Onda fevralın
26-sı idi. Qarın altında
ayaqyalın qadınlar
qucaqlarında körpə
uşaqlar rəqs edirdilər. Mən avtobusdan
düşüb rəqs
edən qadınlara yaxınlaşdım – onlar,
sanki heç kəsi, heç kimi görmürdülər.
Buzlaşmış gözləri ilə
mənə baxıb oynamaqlarına davam edirdilər. Mən onların
qucağındakı uşaqlara
baxanda dəhşətə
gəldim - analar uşaqlarının meyitləri
ilə birgə rəqs edirdilər. Bütün cismimi soyuq tər
bürüdü.
Xocalı
soyqırımından artıq
28 il keçib.
Ancaq mən o səhnəni hərdən yuxumda görürəm. Və yenə
də cismimi soyuq tər bürüyür. Hərdən uyğularımda görürəm
ki, özüm o qadınların birinə dönüb rəqs edirəm. Biixtiyar inildəyirəm. Alnımın tərini silirəm.
Dərhal atamı xatırlayıram.
Onun top qəlpəsindən
yaralı ayağı
həmişə soyuq
havalar olanda ağrıyırdı. Ancaq o, ağrıdığını
heç kimə bildirmirdi. Lakin yuxuya gedəndə
gecələr hərdən
inləyirdi. Mən dərhal
onun yorğanını
qaldırıb, yaralı
ayağını öpürdüm.
O da yuxudan ayılıb:
- Get yat, quzu balam.
- Sən yenə Melitopolu gördün? Yenə yaralanmağını gördün?
- Get yat, gözəl balam, bu hamısı
keçmişdə qaldı.
Allah sizə müharibə
göstərməsin.
Onda atam bilmirdi ki, onun
müharibədən sonra
doğulan uşaqları
müharibə də görəcək, yurdlarının
talan olmasını da və hər
gün gəncliklərini
və gələcəklərini
itirən həmyaşıdlarını
görəcəklər. Onlar hamısı
Ana torpağa qarışacaqlar.
Mənim
üçün müharibə
üç il
öncə 7 yaşlı
nəvəm Tamerlanın
mənə rəngli karandaşlarla çəkib
bağışladığı şəkil oldu. Bu şəkildə o, mavi sularda üzən,
üstünə Ata yazılan
gəmi və mavi səmada qara günəş oldu. Mən ondan günəş
niyə qaradır soruşanda – “Görmürsən,
nənə, bütün
dünyada – Qarabağda,
İraqda, Suriyada və hər yerdə müharibə gedir, bombalar partlayır. Onların tüstüsü
göyə qalxır və günəş qaralır” - deyirdi.
Müharibə mənim üçün
həm də suriyalı uşağın
ölüm ayağında:
- Mən hər şeyi Allaha deyəcəm – sözləridir.
Mən də Allaha hər şeyi deyəcəm – şəhidlərimiz basdırıldığı
torpaq üstündə
düşmənin kabab
çəkib yeməsini,
o torpağın üstündə
onların rəqs etməsini deyəcəm. Və bir
də anaların röyalarında inildədiklərini
deyəcəm.
08.04.2020
Nüşabə
Əsəd Məmmədli
Ədəbiyyat qəzeti.- 2020.-
25 aprel.- S.7.