Koronovirus adlı uçurum

 

Bütün dünyanın üstünü alan Koronovirus pandemiyasının xofu ilə yaşayırıq və düzü, bu virus söhbəti bizə Əli Kərim demiş, “bir zamanlar xoşbəxt olmağın” qədrini bilmək əzmini öyrətdi həm də. Xatırlayıram, 2019 - “Nəsimi ili” bitən kimi bir sual çox səslənməyə başladı. Bəs 2020 nə ili olacaq? Hərə bir təklif, versiya irəli sürdü. Amma düz deyirlər ki, Allahı güldürmək istəyirsənsə ona planlarından danış. Zaman çox az vaxtda ilin adını uca səslə bəyan etdi. Həm də bütün bəşəriyyətə. Koronovirus...

Günün nəbzi elədir ki, başqa mövzulara varmaq, sənətin, ədəbiyyatın problemlərindən bəhs etmək qeyri-ciddi görünür insana. Sanki hər biri sözünü deyib qurtarıb, missiyasını bitirib. Gələcəyə apokalipsis baxış önə keçib. Reallıq hər şeyi öz acı ironiyasına tuş edib. Dünyanı gözəllik xilas etmədi. Cahanda kamal qalib gəlmədi. Sənət, elm, din hamısı əllərini qaldırıb təslim oldu. Məna yox olub, söz kəsərdən düşüb, fikir və ideallar mahiyyətini itirib. Bəs sənət xalis xilas idi?! Elm yüksəliş idi?! Din huzur vədi idi?!

İndi bütün dünya başına gələn fəlakət dalğasından qorunmaq, kor Edip kimi ayağa durub yerimək üçün güc tapmağın praqmatik yollarını fikirləşir.  Maddi və mənəvi cəhətdən öhdəsindən gəlməyə çalışır. İnsanların stress, qorxu, xof prosesindən adlaması lazımdır. İndi tək ədəbiyyatımız deyil, bütün dünya, bəşəriyyət Kamyunun dediyi həmin “qorxu çağını” yaşayır. Yenə də insanların səbri və gücü sınaq qarşısındadır. Bəşəriyyəti xilasın Şərq yolu daha mütəhərrik görünür. Mənəvi katarsis, Mövlana, Yunis İmrə, bütün ruhani və cismani aləmin duruluq rəmzləri... Ruh ucaldan hər dəyərdə istinad nöqtəsi axtarırıq. Evdə qalmaqda bir rəmz, küçələrdən təcrid olmaqda başqa rəmz arayırıq. Görünən xaosun içində həm də sabitlik, ahəng bərqərar etməyə çalışırıq. Zənnimcə, yaşadığımız fəlakətdən, total siyasi stress və kütləvi sosial böhran məqamından bizə qalan ancaq bu olacaq. Çünki yeni oriyentir, yeni sosial və mədəni tərəqqinin dirçəlişini nişan verən təqvim mənəvi ekologiyanın diriliyindən keçir.

Amma ömrün mənası həm də hərəkətdə, zaman çarxının dolanmasındadır. Tarix həmişə axan dövriyyədə, qapalı olmayan məcradadırsa inkişaf edir, var olur. Bu gün həyat çövdarlığa çevrilib. Amma burda yıxılan uşaqlar yox, böyüklərdir. Kimsə gəlsin və onları uçurumdan xilas etsin.

 

Elnarə AKİMOVA

 

Ədəbiyyat qəzeti.- 2020.- 25 aprel.- S.7.