Koronavirus dövrünün
“Romeo və Culyetta”sı
Dünyanı
koronavirus pandemiyası götürüb, nə sərhəd
tanıyır, nə də mərhəmət bilir.
Hamımız evdə qalmışıq.
Bekarçılıqdan nəsə oxuyuruq. Bu epidemioloji fonda
V.Şekspirin “Romeo və Culyetta” faciəsini oxumalı oldum. Yəqin ki, virus düşüncəsi
ilə bədii əsər oxumağın mistik nəticəsi
olmalıdır. Hətta “Romeo və Culyetta” kimi klassik mətni
başqa gözlə oxuduğumun fərqində oldum. Yoxsa, niyə
bu qənaətə gəlirdim ki, əsər yalnız iki gəncin
eşq hekayəti deyil, həm də yoluxma haqqındadır. Fərqi
nədir ki, qəhrəmanlar ya eşq xəstəliyinə, ya
da hansısa yoluxucu xəstəliyə tutulur... Eşq “infeksiyasına”
yoluxma ilk görüşdə, ilk öpüşlə
baş verir. Romeo və Culyetta sağalmaz “xəstəliyə”
- “bəlayi-eşqə” mübtəla edir.
Son yoluxma
da finalda öpüşlə baş verir – bu dəfə zəhər
və ölüm. Culyetta sərdabədə yatmış
Romeonun dodağında qalmış son zəhər
damlalarını içmək üçün öpür və
canını tapşırır.
Ah, xəsis
sevgilim! İçib büsbütün
Mənə
bir damcı da saxlamayıbdır.
Öpəcəyəm
onun dodaqlarından
Yəqin,
zəhər qalıb onlarda bir az,
Mənim
ölməyimə kömək eləyər.
(Pyesdən
misallar S.Mustafanın tərcüməsində verilir)
Daha sonra
isə Romeo oyanır və ölmüş Culyettanı
öpür: ikitərəfli yoluxma baş verir.
Romeo və
Culyettanın son ölüm öpüşləri qəbiristanlıqda,
Kapulettilərin ailə sərdabəsində baş verir.
Buranın çox ağır havası var, ölüm və
yoluxucu xəstəliklər məkanıdır. Culyetta Romeonun
gəlib onu aparana qədər sərdabədə yoluxucu üfunətin içində
necə dözəcəyini düşünür:
Məni
öz Romeom aparmayınca
Saf hava
görməyən dar sərdabədə
Pis iydən,
qoxudan boğularammı?
Xatırlayırsınızsa,
rahib Lorenso Culyettanı bu qoxulara görə sərdabədən
təmiz havaya çıxartmaq istəyir:
... Tez
çıxıb gedək
Bu
ölüm, yoluxma, dərd yuvasından.
Əlbəttə,
dahi Şekspir mənim sərbəst assosiativ gəzişmələrimi
heç ağlından da keçirməyib. Faciədə
yoluxucu xəstəliyə işarə edən bir detal da var.
Güman edirəm ki, koronavirus
kontekstində bu detal da təxəyyülümüzə
yaraya bilər. Romeo milçəklərə həsəd
aparır ki, onlar Culyettanın əllərinə qona bilirlər.
Leş
yeyən milçəklər Romeodan, ah,
Daha
çox hörmətə, daha çox haqqa,
Daha
çox şərəfli ömrə malikdir.
Onlar
Culyettanın qar kimi dümağ
İncə
əllərinə toxuna bilər.
Burada
yoluxmaya, yoluxucu xəstəliyə birbaşa işarə
olmasa da, leşyeyən milçəklərin xəstəlik
yaydığını bilirik. Axı, Romeo və Culyettanın
eşqə yoluxması bir “günah kimi” əllərin
toxunmasından başlamışdı...
Əsərdə
taunla bağlı xatırlama bununla bitmir.
Üçüncü pərdənin birinci səhnəsində
Tibalt Merkusionu ölümcül yaralayır. Merkusio həm
Tibaltı, həm də Romeonu lənətləyir:
“İkinizin də ailənizi vəba aparsın!”.
Çünki onların üzündən bu işıqlı
dünyanı tərk edir.
Böyük
rus şairi Boris Posternakın tərcüməsində həmin
cümlə belə verilib: “×óìà âîçüìè ñåìåéñòâà âàøè îáà!”. Mərhum
Sabir Mustafanın tərcüməsində cümlə Azərbaycansayağı
qarğışla əvəz olunub, “vəba” isə tamam yox
edilib: “İkinizin də ocağınız keçsin!”.
Çaş-baş
qalmışdım. Yenidən internetə baş vurdum.
Orijinalla müqayisə etdim. Şekspirdə deyilir: “A plague o
bouth your houses”.
İngiliscə
- azərbaycanca lüğətdə “plague” sözü “vəba”
kimi verilmişdi...
Doğrudan
da, Merkusionun qarğışı tutur: Həm Montekkilər, həm
Kopulettilər hərəyə iki qurban verirlər. İki
nakam gəncin ölümü isə bütöv bir nəslin
sonu demək idi. İndiyəcən əsərdə taun
metaforik mənada iştirak edirdi. Süjetin sonunda isə
artıq öz adı ilə çağırılır.
Rahib
Lorensonun göndərdiyi məktubu qasid vaxtında
çatdırsaydı, Romeonu da, Culyettanı da xilas etmək
olardı. Lorensonun məktubla bağlı sorğusuna Covanni
“qorxunc yoluxmanın zəhmindən” apara bilmədiklərini
söyləyir:
Xəstələrə
baxan, o yalınayaq
Rahiblə
birlikdə getmək istədim
Onu
soraqlayıb tapdım evində.
Bu vaxt gəldi
tibbi nəzarətçilər,
Taun
düşən evdə olduğumuzdan,
Müdhiş
yoluxmadan şübhələnərək
Bizi
qoymadılar çıxaq bayıra,
Qapını bağlayıb möhürlədilər.
Daha Mantuyaya gedə bilmədim...
Bu nədir: Şekspirin öncəgörənliyidi,
yoxsa bizim “epidemioloji” kontekstdə mütailəmizin “qara-qura” nəticələri?
Bu gün bütün İtaliya, eləcə də onun Verona
şəhəri yenə də sərt karantin həyatı
yaşayır. Şəhərdə əsgərlər və
polislər dolaşır. Görəsən, Roma
Papasının məktubu Tanrıya çatırmı?
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2020.- 25
aprel.- S.11.