LENİNİ
ÖLDÜRMƏK
hekayə
Gecədən əsən şimal küləyi sübhə
yaxın kəsdi. Kəsməyilə də qar
yağmağa başladı. Qocaların
dediyindən, hələ indiyəcən kəndə belə
qar yağmamışdı. Aydınlıqdı qar...
****
Cəfər
traktorla məktəbin həyətinə girənəcən
Pirverdi bəyin göstərişlərini həvəslə
yerinə yetirən dəliqanlılar evlərindən kəndir, lom, bel, külüng,
kumpul gətirib stadionun yanındakı bağçaya yığışmışdı. Keçmiş partkom Əmirpaşa, feldşer Vəli,
hesabdar Mürvət, anbardar Balaxanın oğlanları,
üç ildənbir zondan-zona “səfər” edən cüvəllağı
Şərif də burdaydı. Vəli ot
göyşəyən qoca qoç kimi dodağını
çeynəyir, Mürvətlə Balaxanın böyük
oğlu pıçıldaşırdı. Nə baş verəcəyini
anlamayan Əmirpaşa çaşqınlıqla mızıldandı:
- Ayə, vallahi-billahi bu, əmələ
gələn şey döyül. Bir zibili çıxmasa
yaxşıdı... Yetmiş il at oynadan, nemesin anasın
ağladan hökuməti yıxmağmı olar, a başuva
dönüm?.. Özü də kim, kim, taytağ Mirinin yetimçəsi
(Taytağ Mirinin yetimçəsi Pirverdi bəy idi).
Söhbətin
bu yerində kəndin sözgəzdirəni Narıngül
arvad yırğalana-yırğalana gəlib
çıxdı, ora baxdı, bura baxdı, sonda üzünü Vəliyə tutub soruşdu:
- A Vəli, başuva dönüm, sən
alim adamsan, kəllön işdiyir, bilməmiş olmazsan daa,
doğrudan, o başıxallı gədə hökməti
buraxdı? Yəni eləcə verdi bu
başıküllülərə? Bə, bizim yekələr hara baxır, hay? - Sualına
özü də cavab vermiş kimi mızıldadı. - İmanım haqqı, inanmaram ee, inanmaram ki, urus əlin
götürə üstümüzdən. Heç Bəkidə
oturannar da qoymaz... İradyo andır da düz-əməlli heş zad demir,
dedim çıxım görüm nağayrursuz...
Şərif qaqqanaq çəkib:
- Ay arvad, - dedi, - heç kim, heç zadı buraxmıb. Vozduxdu... Qarbaçovun başı xarab olub məyər? Baş qatmaq üçün uşaq-muşağın qabağına bir az dən atıb. Valla, həmişəki kimi yuxarıların öz quramasıdı bu... Buların başı ki qarışdı dənnəməyə, bir də görəssən, hooop, sovetin topu, tüfəngi başımızın üstünü kəsdi, başladı hamını sərçə kimi bir-bir qırmağa. Keçən il necə elədi?.. Görə-görə gəlmüşüy... Mən öli, sən diri, o taytayın yetimçəsin də basdıracaq qoduğluğa. Şura hökümətidi e! İndiki zamanada adam şərrəmək nəmənədi? Ha-ha-haaa!..
Cəfər “Belarus”la həyətə girib, iki dəfə dövrə vurub stadionun ortasında dayananda Şərif hələ də qaqqanaq çəkib gülürdü, Narıngül arvad Şərifə sarı “külü qoyum kişi başuva” deyirdi, Vəli də başını yelləyirdi o yana, bu yana...
- Ayə, Şöşü, Şöşü, kəndiri keçir o keçəlin boğazına! Tez!.. Cəfər, sən də traktorun dalın ver bura. - Pirverdi bəy ədayla, bir qəribə sevinclə Leninin iri büstü qoyulmuş postamentin qənşərini göstərəndə Cəfər marağını boğa bilmədi:
- A bəy, fikrün nədi, olmuya, kişini, o söz, həə?!
- Ayə, evə çatanda, ağzuvu yaxalıyarsan, kişi kimdi?! O “kişi” dediyinin qırmızı ordusu babalarımızın qan bahasına qurduğu dövləti dağıdıb, anladın? O cibindəki partbileti də bəsdi əzizlədün, cır, tulla. Bilirsən də, getdi day onun daşdeşən dövrü!.. Hə, bir də, Həşim bəyə tapşırmışam, şəklini çəkib göndərəcək “Azadlıq” qəzetinə...
Əlini yelləyib Cəfərdən aralandı, üzünü büstə sarı çevirib bağırdı: - Əəə, Şöşü, noldi sənə, əllərün bişməcədi, bağla da o zibili!..
Şöşü deyib çağırdığı, Şövqüydü - çayçı Qasımın oğlu. Pirverdi bəyin təşviqatına görə, “ən məsuliyyətli vəzifə” ona tapşırılmışdı deyə, elə əldən-ayaqdan gedirdi ki, sanki Leninin yerində dədəsi Qasımın heykəli qoyulacaqdı! Adama elə gəlirdi ki, bu dəqiqə heykəl yox, Leninin özü Şövqünün əlinə keçsəydi, heç “uf” da demədən boğazından asardı. Şöşü işini bitirəndən sonra Pirverdi bəyin ona söz verdiyi sədrliyi rayondan göndərilən cəbhəçiyə veriləcəyini, “cavanları iş-gücdən yayındırır” adıyla dədəsinin çayxanasını biryolluq bağlatdıracağını, döyüşə gedəcəyini, orada erməniyə salyarka satdığına görə öldürüləcəyini bilsəydi, elə həmən kəndiri indidən öz boğazına keçirərdi... Hələ bunlardan xəbərsiz idi deyə, yoğun kəndiri həvəslə ortalayıb, tələm-tələsik heykələ doladı, uclarını cütləyib Cəfərə verdi ki, götürüb traktorun yedəyinə bağlasın. O da bağladı, könülsüz qalxıb keçdi sükanın arxasına, traktoru işə saldı, bir dartdı, iki dartdı, gah sağ, gah sol təkəri yeri eşdi. Elə bil, kəndir tarım dartıldıqca, Cəfərin işə ürəksiz yanaşmasından idimi, ya da “kolxozstroy”un fəhlələri büstü yaxşı pərçimləmişdilərmi, Lenin tutduğu yerini tərk etmək istəmir, yamanca müqavimət göstərirdi. Sən demə, kəndiri Leninin boğazına deyil, beton pyedestalına bağlayıbmış. Pirverdi bəy Şöşüyə hirsləndi. Cəfər traktoru azca dala sürdü, Şöşü boşalmış kəndirin halqasını qaldırıb Leninin boğazına keçirtdi, “sür!” dedi. Traktor yerindən tərpənməyi ilə elə bil göy guruldadı, şimşək çaxdı, bir şaraqqıltı qopdu, parça-parça olmuş büstdən bir toz-tozanaq qalxdı, gəl görəsən!
Bu an Həşimin
“FED”-inin də gözündən” yayınmadı.
“Ə, bu nəydi?
Pah atonnan!.. Allah, sən saxla... Allah, sən
saxla! Bunu da
gördüy”.
Partkom Vəlinin
dili tutulmuşdu, az qala. Gördüyünə
inana bilmirdi. Fikirləşdi ki, bəs onda Bakıdan gələn heykəltəraş,
memar niyə fəxrlə deyirdi
ki, respublikada ilk qranit Lenindir ki, kənd məktəbinin həyətində
ucalacaq?! Bu, heç alüminium da deyilmiş
ki?! ...Sən öl, bu milləti hamı şeyinə sarıyıbmış ee!
İntiligentindən tutmiş fəhləsinəcən
fırıldağmiş. Maşenniklər,
görürsən, pulu yeməkçün Leninin “əbədi
yaşayacağından” necə istifadə ediblər? Büstü gibsdən
qayırıb, üstünə də qranitə oxşar kraska
çəkiblərmiş... Paatonnan, fərəsətə
bax ee!.. Demə, Leninin
büstü adi gipsdənmiş, içi də boş?!
Qəfil yadına düşdü ki, on altı il qabaq bu “əvəzsiz
heykəltəraşlıq nümunəsinə” sərf
olunacaq qranitin
alınması üçün iyirmi beş min
manat pul silinmişdi rayon büdcəsindən. Düz iyirmi beş min manat!
Kolxoz sədri gəlib-gedən qonaqlara nə qədər
xərcləmişdi, onu bir ferma müdiri bilirdi, bir də
Allah...
Partkom Vəli
rayon rəhbərliyinin
fırıldağı barədə
götür-qoy edəndə artıq Cəfərin
“Belarus”u kəndirin ucunda
ilişib qalmış sosializm banisinin iri
qulağını sürütləyə-sürütləyə
məktəbin həyətindən
çıxmışdı. Nəinki “ürəklərdə yaşayan,
bəşərin vicdanı, şərəfi olan
partiyanın” banisinin, heç qarşısında təntənəli surətdə oktyabryat olan, boynuna
qırmızı pioner qalstuku
bağlayıb sonra da komsomola keçən Cəfərin də
yatanda yuxusuna girməzdi ki, bir zaman doğma babası kimi istədiyi, şərəfinə
şeir, mahnı oxuduğu Lenini öz traktoruna qoşub kənd
boyu sürüməkdən həzz alacaq.
Cavanlar durmadan coşquyla
qışqırışırdı:
- A-zad-lıq!..
A-zad-lıq!..
- El-çi-bəy!..
El-çi-bəy!..
Həşimin
fotoaparatı şaqqıldayırdı...
Pirverdi bəyin
qardaşı oğlu
rayon qərargahından gətirdiyi üçrəngli bayraqla, yerlə yeksan edilmiş Leninin postamentinə dırmandı
və camaat ilk dəfə gördükləri bayrağı heyrətlə
alqışladı. Pirverdi bəy cavanlara tapşırdı
ki, igid oğullarımız uyuyan Şəhidlər
xiyabanından gətirilmiş müqəddəs
bayrağı məktəb binasının giriş
qapısına sancsınlar. Sancdılar.
Bəzilərinin gözləri doldu. Elə bil havanın ayazı da sındı. Sovetin xofu içindən çıxmayanlar isə
gizlincə ağız büzürdü.
- Dağıl, a dünya!.. - Qafur kişi
başını yellədi. Onsuz da Pirverdi bəydən
zəndi-zəhləsi gedirdi deyə, istehzasını gizlədə
bilmədi. - Bit vurmuş müsülmanı
çuxadan-çarığdan çıxart, savad ver, yol
çək, poyezə, maşına mindir, adam
cərgəsinə qoy.., bu da sağolun?! Çörəyverənə
şıllağ atmağı öyrənmüşüy...
Bu “bəy”dən soruşan gərəydi ki, ayə, a belə-belə
olmuş, o kişinin adına olan inistutda
nöş oxuyurdun, həə?
Oxudun, adam oldun da, pisdi? Gərəy
mollaxanaya gedib
babon kimi molla olaydın?!.
- Gorun çattasun, a Lelin,
çattasun gorun!.. Bir vaxtlar el
babasıydın, qəbrüvə də məktub
yazırdılar, kömək istiyirdilər, bu da axırun!? - Səməndər Qafura qahmar çıxdı.
Əlbəttə,
bunları Pirverdi bəy səs-küydən eşitmirdi,
eşitsəydi də ağsaqqallara baş qoşan deyildi, çünki
camaatın xislətinə
bələd idi, bilirdi ki,
kommunist rejiminin hökmünün, keqebenin zəhminin
canlarından çıxması
üçün illər
lazımdı. Bəlkə, daha çox...
Bayaqdan
siqareti siqaretə calayan, sovetin hər zülmünün
şahidi, bədənində həm nemesin, həm sovetin
damğasını gəzdirən, Bayıldan Maqadana qədər
əzablı sürgün həyatı yaşamış
Əbülfəz kişi dözə bilmədi:
- Ağsaqqal kişisən, nə
“baba, baba” salmısan?! O vaxtı sənikimilər balşeviylərə
girənniy eləməsəydi, qurduğumuz hökümət də
dağılmazdı, indi biz də
beş kişidən biriydik... Qınamıram, öyrənmüsüz
onun-bunun
avtavasını, dəsmalın daşımağa!
Tfuu!... Kasıbın hökümətidi deyib mıxın dirədi
doqqazımıza, olan-qalanımızı yığıb
qalxoz qayırdı, fərri
kişilərimizi “kulak” eləyib Sibirə göndərdi,
cavanlarımızı nemesə qırdırdı, - səsüvüz
çıxmadı,
meçitimizi mal töləsinə çöördi,
imanımızı itə yal elədi, ölüb yerə girmədüz...
Ölümüzü də adətnən basdıra
bilmürdüy, nə tez unutduz?.. Tfuu!.. Ürəynən “baba”
dediyin oğraş bilmirdi
ki, havaxtsa o toydan onun da qapısında olacaq?!. Gorbagora yas
tutana bir bax!.. Ə, Qafır, babanı
qolçomağ, dədəni vraqnarod eliyən hökmətdi
ee dağılan,
rahat ol, day qayıtmayacaq, ürəyün
nöş
töyşüyür?..
Düzələn döölsüz e, süz!..
- O, belə dövlət qurmamışdı, Əbilfəz.
Hökmətnən işin var, hökməti
yıx, söy, heykəlin nə günahı, hə? Dilsüz-ağızsız heykəli
uçurmağa nə var ki?!. Dədəmin
goru haqqı, bir gün peşman olacağsuz... Guya bular, bu quru
bəylər yağ-bal içində üzdürəcəy
bizi?.. Ay, hay! Yumşağ qresloya öyrəşənnən
sonra baxarığ
kim kimin dalını...
- Heç kəs peşman-zad
olmayacaq, Səməndər, ağzının
danışığın bil!
- Əbülfəz kişi qəzəblə
onun sözünü kəsdi. - Bəyəndiyin həmən hökuməti
də elə sənin əli qanlı “baban” qurmuşdu. Day,
yoxdu şura hökuməti! Pay
atonnan, it əl çəkdi, motal əl çəkmədi. İnana bilmirsüz? Əşi,
dağıldı e, dağıldı! Day geriyə
yol yoxdu. Pisdi, yaxşıdı,
özümüzünküdü...
Ağsaqqal susdu. Daha heç kəs danışmadı.
Havanın şaxtasına məhəl qoymayan cavanlar, qocalar
büstün boş
yerində toplaşıb məktəbin damına pərçim
edilmiş, bayaqdan qürurla dalğalanan üçrəngli
bayrağa baxırdı. Bu kənd indiyəcən
belə fərəh görməmişdi. Yağan da qar
deyildi, sanki, ağ qızılgül ləçəkləriydi,
aləmi ağuşuna almışdı...
***
O gündən Cəfərin
evindəki hüzur pozulmuşdu. Büstü uçurulan Lenin gecələr
yuxusundan, gündüzlər də yaxasından əl çəkmirdi
Cəfərin. Ona elə gəlirdi ki, traktorunun yedəyinə
bağlayıb kənd boyu sürütmə çəkdiyindən
qəzəblənib onu qarabaqara izləyən, intiqam alovu ilə
alışıb yanan Lenin sağdır, gözə
görünməsə də, haradasa buralarda, evinin lap
işində onu pusur...
Elə
ki gecələr
başını yastığa qoyur, eyni hadisə təkrar
olunurdu: qeybdən peyda olan Lenin onun üstünə cumur,
boğazından ikiəlli yapışıb boğmaq istəyir,
ömründə bir toyuq başı üzməyən Cəfər də əsəblərini
cilovlamadan var gücü ilə onu itələyib döşəməyə
sərir, yastığının altında gizlətdiyi qəməltini
qapıb ona hücum çəkir,
o boyda imperiya rəhbərinin başını kəsməyə
başlayırdı, özü də küt qəməltiylə.
Sürtülməkdən didilən dərisindən axan isti
qan çırtlayıb sifətinə, divarlara, döşəməyə
yayılırdı. İkisi də al qanın
içində, xırıldaya-xırıldaya gözləri bərəlmiş,
ağzı köpüklənmiş Lenin isə
çapalayır, ölmək istəmir, nəsə deyir, nəsə
umur, yalvarır, imdad diləyir,
bəlkə də, ona əzab verən qəməltinin küt
tiyəsini lənətləyirdi.
Cəfər isə eşitmirdi. Eşitdiyini
də başa düşmürdü. Bezmişdi.
Səsi çıxmasın deyə, dişini
dişinə sıxıb qəzəbini boğurdu.
Artıq Cəfər nə
üzərindən məsum Volodya
gülümsəyən beşguşəli ulduzlu, nə
də boynu qırmızı
qalstuklu Cəfər deyildi, yuxa
ürəyi daşa dönmüşdü, bəlkə də
quduzlaşmışdı, özüylə bacarmırdı,
nəyin bahasına olur-olsun, bu gecə onu öldürməliydi,
çünki lap ömrü boyu yuxusuz qalsa da, daha Leninin dirilməsini
istəmirdi...
Yenə də
hövlnak, havalı kimi dik atılıb yerindən duranda,
özünü qanın yox, çıpaçıp soyuq tərin
içində çapaladığını görən Cəfər,
qışqırığından diksinib ayılan Tükəzə,
o biri otaqdan maddım-maddım onun bu halına acıyan
qızlarına nə baş verdiyini heç cürə
başa sala bilmədi.
Cəld yerindən qalxıb geyindi. Artıq nə
edəcəyinə əmin idi. Köhnə paltar dolabından pencəyini çıxardıb çiyninə
atdı, odun peçinin yanından kibrit qutusunu
götürdü, asta-asta
qapını açıb həyətə düşdü. Tükəz təşvişlə onun arxasınca baxırdı.
“Allah, sən özün kömək ol!” -
pıçıldadı, yun
şalını çiyninə atıb qapının
arasından boylanan uşaqlara acıqlandı, “keçin
yerinizə” deyib pəncərəyə yaxınlaşdı. Cəfər,
deyəsən, eşikdəki şaxtanı duyub qalın geyinmək
üçün geri dönmək istəyidi, amma fikrini dəyişdi.
Təndirxananın böyründəki manqala bir-iki quru odun parçası qoydu,
üstünə kerosin töküb kibrit çəkdi. Öcaq alışdı. Pirverdi bəyin dedikləri
neçə gün idi qulağında guruldayırdı: “ O “kişi” dediyinin qırmızı ordusu
babalarımızın qan bahasına qurduğu dövləti
dağıdıb, anladın? O
cibindəki partbileti də bəsdi əzizlədün,
cır, tulla. Bilirsən də, getdi day onun daşdeşən
dövrü!” .
Odunlar tutuşandan sonra əlini pencəyinin döş
cibinə saldı. Cəmi ikicə dəfə, - raykomun
bürosunda üzvlüyə qəbul olanda, bir də
Bakıda, partiya qurultayında qeydiyyatdan keçəndə əlinə
aldığı qırmızı biletini çıxardıb
ocağa tulladı. Sanki ağır
yükdən qurtulmuşdu. Ürəyi
sevinir, gözləri alışıb-yanırdı. Rahatlandı. Dərindən nəfəs
alıb ayazın soyuğunu ciyərinə çəkdi.
Çox keçmədi, bilet büzüşə-büzüşə
qırışaraq alışmağa başladı...
***
Yatağına kirimişcə girdi. Bayaqdan
yorğanın altında onu gözləyən Tükəzə
də yaxın durmadı. Başını yastığa
qoyan kimi qayğısız körpətək dərin yuxuya
getdi...
Cəfərin
partbiletində gizlənən Leninin ruhu isə qara
tüstüyə dönüb şaxtanın
sızağına qarışırdı...
FED – Feliks Edmundoviç Djerzinski adına Xarkov əmək
kommunasında 1934-cü ildən istehsal olunmuş sovet
fotoaparatı.
Yaşar Bünyad
Ədəbiyyat qəzeti.- 2020.- 25
aprel.- S.12-13.