Kamal ALMURADLI: “Məncə,
atam
həyatı boyu
doğru bildiyi işi görüb”
Varislərin qonağı Azərbaycan
teatrı və kinosu tarixində özünəməxsus
üslubu ilə diqqət çəkən, populyar nəsr əsərlərinin
səhnə həllinə verdiyi orijinal quruluşlarla yadda
qalan, kino tariximizin maraqlı ekran işlərinə imza atan və
bir il əvvəl sıralarımızı vaxtsız tərk
edən teatr və kino rejissoru Rövşən
Almuradlının oğlu Kamal Almuradlıdır.
19 aprel 1954-cü ildə
Bakıda anadan olmuşdu, amma bütün ömrü
Sumqayıtla bağlı idi. O, burada orta
məktəbi bitirmiş, burada xalq teatrında səhnəyə
çıxmış, hələ lap gənc ikən bu şəhərin
teatrında ən uğurlu işlərini teatrsevərlərə
təqdim etmişdi. O, İncəsənət
İnstitutunda (Mədəniyyət və İncəsənət
Universiteti) təhsil aldığı dövrlərdə bu ali
təhsil ocağında Adil İsgəndərov, Mehdi Məmmədov,
Nəsir Sadıqzadə, Əşrəf Quliyev kimi görkəmli
pedaqoqlar dərs deyirdi. Ürəyi sənət eşqi ilə
alışıb yanırdı. Həm klassik
dramaturgiyaya, həm də müasir müəlliflərin əsərlərinə
verdiyi səhnə yozumları elə ilk vaxtlardan teatr tənqidçilərinin
diqqətini çəkmişdi. Onun üçün həyat
sənətdə idi. Daima axtarışda olan, sənətin
müxtəlif janrlarında özünü uğurla
sınayan Rövşən Almuradlı həyatını
özü üçün deyil, səhnə
üçün, sənət üçün, böyük
ideallar üçün yaşayırdı, amma 2019-cu ilin 2
aprel səhərində başı üstünü alan qəfil
əcəl onu arzuları ilə bir yerdə
bizdən alıb apardı. Bir ildən çox az zaman
keçib onun fiziki yoxluğundan, lakin Rövşən
Almuradlının xatirəsi hər vaxt teatr və kino ictimaiyyəti,
onun dostları, yaxınları və ümumiyyətlə, Azərbaycan
tamaşaçısı üçün doğmadır.
Unudulmaz dostumuzun
varisi Kamal Almuradlı ilə əməkdaşı olduğu
"xəbərlə.com" saytının ofisində
görüşdük.
Onsuz keçən
ilk doğum günü
- Rövşən
dünyasını dəyişəndən 17 gün sonra ad
günü oldu, amma təbii ki, o vaxt itki çox təzə
idi, hələ nəfəsi, ruhu evdən çəkilib getməmişdi.
Hələ ailə bütünlüklə onun yasını
saxlayırdı. Amma bu il ilk dəfə onun ad günü
onsuz necə keçdi?
- Məlum hadisələrlə əlaqədar xüsusi karantin rejiminə əsasən aprelin 2-də vəfatının ildönümünü, ayın 19-da ad gününü, xatirəsini geniş tərkibdə deyil, sadəcə, ailə içində qeyd etdik. Hətta bacımgili də gələ bilmədilər. Amma səhər tezdən gedib məzarını ziyarət etdik, sonra hər zamankı kimi sadiq dostu, kinoprodüsser Gəray Əlibəyov gəldi bizə. Fürsətdən istifadə edib "Ədəbiyyat qəzeti" vasitəsilə Gəray müəllimə ailəmiz adından təşəkkür etmək istəyirəm, çünki o, bu bir il ərzində heç vaxt bizi unutmadı, həmişə əlaqə saxladı, bir şey lazım olan kimi özünü yetirdi. Bir sözlə, əsl dosta layiq hərəkətlər etdi, bizə mənəvi dayaq oldu. Amma dediyim kimi, nə vəfatının ildönümünü, nə də ad gününü geniş tərkibdə keçirə bilmədik. Məncə, bu mərasim məsələsi formal şeydir, bəlkə elə atam özü də xatirə gününün, ad gününün heç kəsə əziyyət verilmədən keçirilməsini istəyərdi. Təki dünyamız salamat olsun və növbəti illərdə dünyadan köçmüş ziyalılamızın, doğmalarımızın (bunu Rövşən Almuradlının oğlu kimi demirəm) xatirəsini yad etməyə imkan tapa bilək.
Rövşən haqqında danışanda qardaşım, dostum haqqında danışıram, ona görə də müəllim, bəy kimi müraciət formalarından istifadə etməyəcəyəm. Çünki təxminən 14-15 yaşım olandan tanıyıram onu, həm aktyor kimi səhnədə görmüşəm, həm də sonradan teatr və kino rejissoru kimi fəaliyyəti, demək olar, gözlərim qarşısında ötüb keçib. Dostlar arasında Rövşən haqqında belə bir fikir yaranmışdı: mədəniyyətimiz maraqlı bir aktyor itirdi, amma əvəzində unikal bir rejissor tapdı. Sözün həqiqi mənasında Rövşən sənətkar kimi unikal adam idi, hər zaman axtarışda, dinamik inkişafda olan biri... İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirdiyinə görə aktyor sənətini gözəl bilirdi, aktyorla işi mükəmməl idi. Daha sonra Moskvada, ali rejissorluq kursunda təhsilini davam etdirmiş, Moskva Satira Teatrında təcrübə keçmişdi və Sumqayıt teatrında fəaliyyəti dövründəki rejissor yozumlarında milli və dünya rejissorluq məktəbinin özünəməxsus sintezi açıq-aşkar hiss olunurdu. Məhz bu səbəbdən Rövşənin quruluş verdiyi teatr tamaşaları həmişə maraqla, özü də birmənalı qarşılanmırdı. Sənin yaşın azdır və yəqin, onun Sumqayıt teatrında hazırladığı tamaşaları xatırlamırsan, amma mənim yaxşı yadımdadır."Bayramın birinci günü" (N.Hikmət) və "Dəyirman" (M.Süleymanlı) bütünlüklə teatr tarixinin ən uğurlu işləri idi və tamaşaçı zalı həmişə dolu olurdu.
Teatr itirdi, kino isə
qazandı
Əlbəttə, yaşım az idi həmin tamaşalar hazırlananda. 5-6 yaşım ancaq olardı, amma "Dəyirman" tamaşasının videoyazısına baxmışam və dediyiniz kimi, çox maraqla baxmışam. Amma onun quruluşunda "Zirzəmi" və "Qətl günü" tamaşaları haqqında da xeyli maraqlı fikirlər söylənir. Məsələ ondadır ki, "Dəyirman" da, "Qətl günü" də səhnə üçün yazılmayan əsərlərdir, bildiyim qədərilə bu əsərlər öz dövründə (elə indi də) roman kimi, povest kimi çox maraqla qarşılanıb və onları səhnələşdirmək də rejissordan məsuliyyət tələb edir. Özü də siz bilirsiniz, bədii əsərin səhnə variantını işləmək çox ağır prosesdir. Romanda, povestdə sərhəd yoxdur, amma səhnə üçün yazılan əsərlərdə konkret çərçivə var, bu baxımdan əsərin təqdimatı üçün doğru həll forması tapmaq artıq istedad məsələsidir və zənnimcə, atam bunu bacarmışdı.
- Məncə,
Rövşən Almuradlı fəaliyyətini teatr rejissoru
kimi davam etdirsəydi, daha böyük işlər görə
bilərdi. Bəlkə heç ürək ağrısı
da tapmazdı, bəlkə hələ də
yaşayırdı və gözəl işləri ilə bizi
sevindirirdi.
"Teatr bu gün, kino isə sabah
üçündür"
- Məncə,
atam həyatı boyu doğru bildiyi işi görüb. O,
paralel olaraq həm teatrda, həm də kinoda fəaliyyətini
davam etdirib. Məsələn, 1989-cu ildə
"Debüt" studiyasında Qarabağ savaşına həsr
olunmuş "Hücum" adlı ilk qısametrajlı filmə
quruluş vermişdi. Sonra "Qəzəlxan"
filminin çəkilişlərində rəhmətlik
Şahmar Ələkbərovla birgə işləmişdi və
elə məhz bu səbəbdən ssenari müəllifi
Şahmar Ələkbərov olan "Yük" filminin ekran həllini
atam öz üzərinə götürmüşdü.
Ola bilsin, ömrü vəfa etsəydi və Şahmar Ələkbərov
çəksəydi "Yük"ə tamam başqa cür
quruluş verərdi, çünki hər rejissorun öz
yozumu, öz dəst-xətti var. O ki qaldı teatrdan getməyinə,
bu barədə atamla söhbətimiz olmuşdu, teatrdan inciyib
getmişdi. İnciməsinə səbəb isə
teatrda baş rejissor seçkilərindən sonra olmuşdu.
Gənclər və yaradıcı kollektivin əksəriyyəti
onun baş rejissor olmasını istəsə də, direktor səsvermədə
teatr tarixində unikal bir ilkə imza ataraq, bütün texniki
heyəti də səsverməyə cəlb etmişdi və
süni şəkildə onun seçilməsinə əngəl
yaratmışdı. Məncə, Rövşən
Almuradlı kimi bir adam belə
haqsızlıq mühitində fəaliyyət göstərə
bilməzdi. Sonrakı dövrlərdə isə bildiyiniz kimi,
teatrlar, ümumiyyətlə, mədəniyyət müəyyən
durğunluq dövrü yaşadı, lakin buna baxmayaraq atam
Mingəçevir teatrında baş rejissor kimi fəaliyyət
göstərdi və orada bir-birindən maraqlı tamaşalara
quruluş verdi. Teatr Xadimləri
İttifaqı nəzdində Azərbaycanın ilk müstəqil
teatrını - "İstiqlal" teatrını yaratdı.
Məncə, özünü daha geniş spektrdən təqdim
edə bilmək üçün kino rejissorluğuna
keçid etdi, çünki onun maraqlı bir fikri vardı,
"teatr bu gün, kino isə sabah
üçündür", - deyirdi.
- "Varislər" layihəsinə
başlayandan sonra, demək olar, bütün söhbətlərdən
əvvəl müəyyən qədər
hazırlaşıram, informasiyalar toplayıram, amma ilk dəfədir
bu söhbətə hazırlıqsız gəlmişəm və
bunun konkret səbəbi var. Çünki müəyyən
dövrdən sonra Rövşənin həyatı, fəaliyyəti
az qala gözlərim önündə keçib. Yəqin, sən
də xatırlayırsan, hətta iş elə gətirdi ki,
2019-cu ilin 2 aprel səhərində o xəbəri eşidən
kimi özümü xəstəxanaya çatdırdım və
inanmaq istəmədiyim bir həqiqətlə üz-üzə
dayanmaq məcburiyyətində qaldım. Yəni
Rövşən haqqında söhbət etmək
üçün mənə heç bir xüsusi
hazırlıq lazım deyil və onun haqqında
keçmiş zamanda danışmaq isə mənə
çox çətindir.
Kamal, səninlə
söhbət edə-edə fikirləşirəm, məncə,
Rövşən Almuradlı vermək istədiyi mesajları,
bir yaradıcı adam kimi cəmiyyətə
ötürmək istədiyi ideyaları tamaşalarda daha
qabarıq, daha konkret verə bilmişdi, zənnimcə, kinoda
bu, o qədər də uğurlu alınmadı. Onun tamaşaları bütün
tamaşaçılar üçün maraqlı idi, amma filmlərdə
bu ənənəni qorumaq olmadı.
O filmin ilk baxışına
bütün ölkə rəhbərliyi gəlmişdi
- Mən
səbəbini deyim. Ümumiyyətlə, sənət
zəncir kimidir, bir tamaşa digərinin halqası olduğu
kimi, film də elədir, bir-birinə zəncir kimi
bağlıdır. Çalışmaq
lazımdır ki, bu halqa qırılmasın. Kino rejissoru ard-arda filmlər çəkdikcə
bişir. Götürək Stiven Spilberqi: bir də
görürsən, 2-3 il ara verir, amma bu o
demək deyil ki, bu aralıqda o işləmir, əksinə,
növbəti film üçün ciddi hazırlıq zəmini
yaradır. Bizdə isə bu məsələ
çətindir. Təsəvvür edin ki,
"Yük" filmindən sonra atam növbəti filmi çəkmək
üçün 11 il fasilə verməli
olmuşdu. Hətta "Yük" filminin
özü bir müddət ekranlara
buraxılmamışdı. Bəlkə
xatirinizdə olar, 2000-ci ilin əvvəllərində
"Ekran üzü görməyən filmlər" adlı
bir festival keçirilmişdi və "Yük" də
orada nümayiş etdirilmişdi. Amma filmin ilk təqdimatı
Heydər Əliyev Sarayında baş tutmuşdu (o vaxt
Respublika Sarayı adlanırdı) və ulu öndərdən
başqa, demək olar, ölkə rəhbərliyi həmin
premyerada iştirak etmişdi. Heydər
Əliyevin son anda tədbirdə iştirak edə bilməməsinə
səbəb Rusiya Xarici İşlər nazirinin qeyri-rəsmi səfərlə
Azərbaycana gəlməsi olmuşdu. Yəni
"Yük" böyük maraqla
qarşılanmışdı. Amma belə uğurlu bir
işdən sonra 11 il kamera arxasında
dayanmamaq istər-istəməz adamı ruhdan salır.
- Mən bir az fərqli
düşünürəm, mühafizəkarlıq etmək
istəyirəm. Teatr canlı ünsiyyət
vasitəsi olduğu üçün mənə daha çətin
və daha məsuliyyətli görünür. Kinoda
tamaşaçı ilə aktyor arasında həm də bir pərdə
var, teatrda aktyorun stop deyib, növbəti dubla hazırlaşmaq
şansı yoxdur. Nə baş verirsə orada, birbaşa, indi
baş verir. Ona görə kino, televiziya yarandıqdan sonra da
teatr ölmədi, əksinə yeni, modern, sintetik təqdimat
formaları axtarıb tapdı. Rövşən isə bu
ünsiyyətin fərqli həll formalarını
tapmışdı, o, teatrda quruluş verdiyi istənilən
materialı tamaşaçıya qəbul etdirə bilirdi.
Teatr rəhbərləri nazirə
yalan məlumat verirdi
- Müəyyən
qədər sizin fikirlərinizlə razıyam. Mənə
elə gəlir ki, bizdə ümumiyyətlə sənətə
yanaşmada, münasibətdə nəsə
çatışmazlıq var. Rejissorun işi odur ki, (teatrda,
ya kinoda fərq etmir) klassikaya da, müasir əsərə də
yeni təqdimat forması tapa bilsin. Əgər Axundov,
yaxud Cabbarlı 50-100 il əvvəlki ənənəvi
təqdimatla tamaşaçıya göstəriləcəksə,
buna ehtiyac yoxdur, yəni həmin tamaşanın
hazırlanmasına xüsusi rejissor ayırmaq lazım deyil. Elə tamaşanı teatrda istənilən rejissor
köməkçisi də hazırlaya bilər. Rejissor
odur ki, Şekspirin yüz cür traktovka ilə təqdim
olunmuş "Hamlet" əsərinə yüz birinci
traktovkanı tapa bilsin, hə, bu olur iş. Tamaşalara
baxıram, bəzən mətn rejissordan tələb edir ki, bu
yerdə məni qabartmalısan, amma, nədənsə, o yerin
üstündən sükutla keçilir, dəxli olmayan,
heç bir mesaj verməyən bir yerdə isə xüsusi
vurğu vurulur. Bunun iki yozumu var: ya rejissor mətni
başa düşmür, ya da nədənsə çəkinir,
başını ağrıtmaq istəmir. Mənə
elə gəlir ki, atam məhz başını tez-tez
"ağrıtdığı" üçün müəyyən
mənada illərlə diqqətdən kənarda
qalırdı. Təsəvvür
edirsinizmi, nazir Əbülfəs Qarayev ona tamaşa verilməsini
tapşırırdı, amma teatr rəhbərliyi yüz cür
bəhanə gətirib buna mane olmağa
çalışırdı. Və hətta iş elə
gətirmişdi ki, bir dəfə nazir zəng vurub:
"Axı biz danışdıq, sən niyə tamaşadan
imtina edirsən?!" soruşanda, heç nədən xəbərsiz
atam təəccüblə: "Mən imtina edirəm?!"
cavabı vermişdi və Əbülfəs müəllim:
"Hər şey aydındır", deyib, ona tamaşa verilməsini
az qala öz nəzarətinə
götürmüşdü.
- Aydındır, çünki
istedadsız adam yanında istedadlı birinin olmasını istəmir,
məhz bu səbəbdən teatr rəhbərləri
bacardıqları qədər Rövşəndən uzaq
durmağa çalışıblar. Mən
başqa şeyi demək istəyirəm. Rövşənin
quruluş verdiyi demək olar hər
tamaşada yaxşı mənada sənət üsyanı,
yaradıcı mesajlar, ümumiyyətlə tanınmayan bir
aktyorun səhnədə ağla gəlməyən
performansları göz qabağında idi, amma mənə elə
gəlir ki, "Cavad xan" kimi bir filmdə o, bu ənənəni
davam etdirə bilmədi.
- Bunun bir
çox səbəbi var. Film çox ağır sahədir.
Misal çəkim sizə: bizdə "Cavad xan" filmi
çəkiləndə Qazaxıstanda "Köçərilər"
filmi çəkilirdi və həmin filmin büdcəsi 32
milyon dollar idi. "Cavad xan"ın büdcəsi isə 2
milyon manat, o vaxtkı kursla 2,5 milyon dollar
idi. Və üstəlik, bu məbləğ də
filmə əvvəldən ayrılmamışdı.
Filmə ilkin dövrdə 800 min manat, yəni 1 milyon dollar
ayrılmışdı, yerdə qalan məbləğ isə
filmin bütün ağır çəkiliş prosesi bitəndən
sonra ayrıldı, haradasa montaj dövründə. Yəni o məbləğ
artıq film üçün çox az
iş görə bildi. Film kollektiv iş prosesi nəticəsində
ərsəyə gəlir, bunun üçün mütləq
normal büdcə olmalıdır. Yaxşı film almaq
üçün yaxşı texnika, peşəkar
işıqçı, qrim, kostyum, dekoratorlar, rəssam, musiqi,
montaj, qrafika və s. Lazımdır. Hər
şey yüksək səviyyəli olanda yaxşı film
çəkməmək günahdır. O ki qaldı
"Cavad xan" filminə, mənə elə gəlir,
bütün qüsurları ilə bir yerdə həmin filmdə
yaradıcı heyətin və o cümlədən, rejissorun
vermək istədiyi mesajlar var. Bu, həm mətnin
özündən, ssenaridən gələn mesajdır,
çünki bildiyiniz kimi, "Cavad xan" filminin ssenarisini
Xalq şairi Sabir Rüstəmxanlı yazmışdı, həm də konkret kadrlarla verilən
mesajlar kifayət qədərdir. Üstəlik, atamın maraqlı
bir fikri var idi, indi xatırladım: "Ola bilər ki, bu məsələ
indiki dövrdə aktual olmasın, amma on ildən, on beş
ildən sonra mütləq öz yerini alacaq, ona baxanda tam fərqli
bir şey görəcəksiniz".
Hər şey öz yerini alacaq
- Bu fikirlə razıyam. Adi bir misal gətirim:
uzun illər "Yeddi oğul istərəm" filminə
baxarkən həmişə komsomol Bəxtiyara haqq
qazandırmışam, amma yaşa dolduqdan, dünyanı dərk
etdikdən sonra Gəray bəyin nə qədər haqlı
olduğunu anladım. Eyni ilə
"Axırıncı aşırım"dakı Kərbəlayi
İsmayıl obrazına haqq qazandırdım. Yəni zamanla baxış rakursu dəyişir fikri
ilə tam razıyam.
- O ki
qaldı teatr tamaşalarında daha uğurlu olması fikrinə,
bu barədə də onun tələbləri maraqlı idi. Deyirdi ki, rejissor mətn seçməkdə və
rol bölgüsündə səhv edə bilməz. Məncə, bu gün teatrlarımızın ən
ciddi problemlərindən biri əsər seçimidir. Bəzən dəxli olmayan mətnlər səhnəyə
ayaq açır. Klassik, yaxud müasir əsər,
fərq etmir, rejissor nə təqdim etmək istədiyini bilməlidir.
Atamın son işlərindən biri Akademik Milli
Teatrın səhnəsində quruluş verdiyi məşhur
alman dramaturqu Fridrix Dürrenmattın "Yaşlı
xanımın gəlişi" pyesidir. Bildiyiniz
kimi, çox məşhur əsərdir, dünyanın əksər
teatrlarında tamaşaya qoyulub və hətta bir neçə
ekran həlli də var. Həmin tamaşaya siz də
baxmısınız. Mən, demək olar
ki, hər tamaşasına gedib baxıram. Bir dəfə
zalda arxada orturmuşdum, məndən irəlidə iranlı
teatrşünaslar vardı və onların reaksiyasını
eşitdim: "Bu, Dürrenmatt deyil, nəsə başqa
şeydir", - deyirdilər.
- Görürsən ki, mən də
onu deyirəm, Rövşən Almuradlı teatr rejissoru kimi təqdim
edə bildiyi möhtəşəmliyi filmlərində təkrarlaya
bilmədi və bununla Azərbaycan teatrı itirdi. Kamal, teatr, kino problemləri haqqında uzun-uzadı
danışa bilərik, amma bugünkü mövzumuz
Rövşənin bir ata kimi, insan kimi portretini
cızmaqdır. Quruluş verdiyi tamaşalardan, filmlərdən
hansı ona daha doğma idi?
İşinə ayrı-seçkilik
qoymurdu
- Mənə
elə gəlir, hamısı ona doğma idi. Yəni
mənə qalsa, onun hansısa işini digərindən fərqləndirdiyini
görməmişəm. Amma şəxsən
özüm "Yük" filmini digər işlərindən
fərqli sevirəm. Hazırladığı
tamaşalara qalanda: köhnə tamaşalar haqqında
danışmağa yaşım çatmasa da, video
yazısından gördüyüm üçün əminliklə
deyə bilərəm, "Dəyirman" və
"Yaşlı xanımın gəlişi" xüsusilə
seçilir.
- Rövşəni bir dost kimi, insan
kimi xarakterizə etmək mənə asandır, çünki
dəfələrlə Bakıda hansısa tamaşaya baxıb
qayıdarkən bir yerdə yol yoldaşı olmuşuq,
söhbət etmişik. İş elə gətirdi ki,
Rövşən ssenari müəlliflərindən biri
olduğum "Sonuncu fəsil" serialına çəkiləndə
bir yerdə işlədik və onun uzun fasilədən sonra
aktyor kimi işini gördüm. Yəni bütün bunlar
möhtəşəmdir, bəs evdə, ailədə,
doğmalarına münasibətdə necə idi?
Ən az diqqəti
ailəsinə yetirib
-
Əslinə qalsa, belə demək olar ki, bu illər ərzində
ən az diqqəti ailəsinə yetirib. Bütün həyatını teatra, kinoya,
ümumiyyətlə, sənətə həsr etmişdi.
Teatrda işləyəndə yenə heç
olmasa axşamlar üzünü görürdük, amma kino
çəkilişləri vaxtı aylarla uzaq
düşürdü bizdən və işini sevərək
görürdü. Çox qohumcanlı
idi, hər kəsin dərdinə şərik olmağa, nəsə
bir ehtiyacı olana kömək etməyə, xeyirdən-şərdən
qalmamağa çalışırdı.
Evin
sonbeşiyi mənəm, iki böyük bacım var və
hamımız onunla qürur duymuşuq, çünki mənim
atam halal adam idi, həm sənətinə
halal idi, həm də insan kimi bu sözləri onun haqqında
deyə bilərəm. Məsləhət verməyi, yol
göstərməyi xoşlayan adam idi və
fikirlərini əsaslandırmağı sevərdi. Qətiyyən
kinli adam deyildi. Olurdu bəzən
evdə, ya da dostları arasında kiminləsə sözü
düz gətirmirdi, əsəbləşirdi. İnsanıq da, olur belə şeylər, amma bir
saat keçməmiş elə bil heç nə olmayıb,
ümumiyyətlə, çox vaxt unudurdu söz-söhbətin
səbəbini.
- Rövşənin
ömrünün son gününü qəribə
xatırlayıram. Ölümündən bir gün əvvəl
şad xəbər eşitdik, uzun illərdən sonra ona
quruluşçu rejissor kimi ssenari müəllifi olduğu yeni
"Səs" adlı film verilmişdi və artıq
kinostudiyada işləməsi üçün otaq da
ayrılmışdı. Aperlin 2-də isə
Qubaya, "Əsgərlər unudulanda ölür" filminin
təqdimatına getmək üçün səhər evdən
çıxmışdı. Kim yola
salmışdı onu həmin səhər?
Baş tutmayan səfər və
son...
- Həmişə
yuxudan tez duran olmuşam, amma, nədənsə, o gün
yatıb qalmışdım. Anam yola
salmışdı onu. Evin
yaxınlığında yer var, dostları Bakıdan gələcək,
orada görüşəcək, sonra Qubaya yola düşəcəkdilər.
Nədənsə, evdən vaxtından tez çıxıb, bəlkə
də ürəyi sıxılırmış, kim
bilir. Az sonra Gəray Əlibəyova zəng
vurub ki, siz mənsiz gedin, nəsə özümü pis hiss
edirəm. Gəray müəllim təkid edib ki,
gələk, əvvəlcə həkimə dəyək, sonra
Qubaya gedərik, razı olmayıb. Belə... Bir müddət sonra Gəray əmi mənə zəng
vurdu və "Atan necədir?" soruşdu. Elə bildim zarafat edir. Dedim onu səndən
soruşmaq lazımdır, bir yerdə deyilsiz? Məsələni
izah elədi və tez mobil telefonunu yığdım, cavab verən
olmadı. Həyətə
düşüb ətrafa göz gəzdirdim. Təcili yardıma zəng vurdum, anamla bir yerdə Təcili
Tibbi Yardım Xəstəxanasına getdik. Yolda artıq anamın ürəyinə
dammışdı. Göz yaşı içində
dedi: "Kamal, atan daha yoxdur". Xəstəxanaya
çatdıq və ömrümün ən ağır
anını yaşadım. Sonra ilk
özünü xəstəxanaya çatdıranlardan biri siz
olduz. Hətta təcili yardım
maşınına mindirəndə qolundan tutub kömək etmək
istəyiblər, razı olmayıb, özü minib
maşına, amma sonra halı lap pisləşib və
maşındaca keçinib.
Beləcə, arzuları,
planları, ideyaları ilə bir yerdə bizi tərk edib
getdi... Ən böyük arzusu ssenarisini Arif Əliyevlə bir
yerdə yazdığı sənət müəllimi Adil
İsgəndərov haqqında film çəkmək idi, o da
qismət olmadı...
P.S. Beləcə, dostum,
qonşum rejissor Rövşən Almuradlının ciyərparası
Kamalla söhbətimi başa vurub ondan ayrıldım. Amma ürəyimdə bir işıq yandı,
şükür ki, Rövşən özündən sonra dəyərli
bir ailə, gözəl, tərbiyəli, vətənsevər
övladlar, dostlarının qəlbində unudulmaz xatirələr
qoyub gedib və kim bilir, bəlkə də,
lap tezliklə baba Rövşən Almuradlı nəvə
Rövşən kimi yenidən öz doğmalarına
qovuşacaq və babasının yarıda qalmış
arzularına işıq salacaq. Əlvida, dostum! Ruhun şad
olsun, qardaşım!
Söhbətləşdi: Əyyub
Qiyas
Ədəbiyyat qəzeti.- 2020.- 25 aprel.- S.14-15.