KORONAVİRUS -
BƏŞƏRİYYƏTİN “QORXU ÇAĞI”
Vəba sözlərin bitdiyi yer olsa da, həm də böyük ədəbiyyatın başladığı yerdir.
1348-ci ildə Florensiyada vəba nəinki ölkəni, nəinki onun insanlarını, bütün dəyərlər sistemini alt-üst etdi. Ölkə ölümcül yaralandı. Nə dərman, nə həkim, nə dua... heç nə... heç nə insanı xilas edə bilmədi. Amma “Taun” yazarı Kamyu haqlıdır: “Gecələr sonsuz deyil...”. Florensiyanı “Qara Ölüm”ün pəncəsindən Bokkaççonun “Dekameron”u xilas etdi. Yəni Bokkaçço xalqının ruhunu həmin ərəfələrdə yazdığı “Dekameron”la şifrələdi. Sanki Veyl quyusunun dibinə yuvarlanmış, milyonlarla adamın ölümüylə sınağa çəkilmiş ölkə var olmağın, diri qalmağın, bir sözlə, yaddaşın semiotik harmoniyasını “Dekameron”da tapdı…
Bəlkə də pandemiyalar insanlığa Apokalipsisi xatırlatmaq üçündür. Amma incə bir fərq var. XIV yüzilin İtaliyasındakı “Qara Ölüm” milyonların həyatına son qoysa da, sanki metafizik anlam daşıyır və Qurandakı Qiyaməti xatırladır; əmzikli qadınlar belə körpələrini atıb qaçır. Bokkaççonun yazdığı kimi, hamı-hamıdan – ana övladından, bacı qardaşından, övlad valideynindən qaçır. Yəni hamı ölümdən qaçır. Quranda belə bir qaçış Allahın qəzəbindən qaçışdır. “İncil”dəki Apokalipsis isə fərqli bir sosial mənzərəni yansıdır. Amma hər iki halda Göylər Yerə - insana qəzəblidir. Həvari İohanın xəbər verdiyi Apokalipsisdəki vəhy: “Babil necə davrandısa, qarşılığını ona eynən verin… Dünya tacirləri onun üçün ağlayıb yas tutur. Çünki mallarını satın alacaq kimsə yox artıq… Vay başına böyük şəhər, vay! Bir saat içində viranəyə döndü…” (“Əhdi-Cədid”).
Sivilizasiyalar dəyişdi, amma yeni sivilizasiyalarda meydana çıxan burjuaziyanın xisləti heç dəyişmədi. XIX əsrdə hamının hamıya qarşı başladığı ənənəvi burjua müharibəsi XXI yüzildə hamının hamıdan təcrid olunması ilə tamamlandı. “İncil” burjuaziya kontekstində daha aydın anlaşılır. Yəni fikirləşirəm, dünyanın hansı böyük şəhəri zahirən Babilə, yaxud “İncil”dəki Babil fahişəsinə bənzəyir? Yaxud hansı şəhər, hansı ölkə belə bir bənzətməni qəbul edər? Yaxud edir?
Rəssam Sakit Məmmədovun 2017-ci ildə çəkdiyi “Yerdən qovulanlar” adlı tablosunda Yer kürəsi bütün bəşəriyyəti özündən, öz içindən qovub… bütün dünya, sanki qaranlıq fəzaya boşaldılıb. Madonnanın ötən il oxuduğu “Gələcək” mahnısında gələcəyə yönəlik qorxu duyğusu təlqin edilir. Tabloya baxdıqca və mahnını dinlədikcə XIV və XXI əsrlərə aid olan hər iki düşüncə arasında paralellər aparmağım gəldi. İtalyan yazıçısı Bokkaçço XIV yüzildə “Qara Ölüm”ün pəncəsi altında əzilən, qəbiristanlığa çevrilən ölkəsinə həyat iksiri kimi bir “Dekameron” bəxş edir. XXI əsrin Amerika kökənli müğənnisi gələcəklə bağlı qorxu, vahimə xəbərdarlığı sərgiləyir, Azərbaycan rəssamı isə bütün bəşəriyyəti Yer kürəsindən qovur... Görəsən, Sakit Məmmədovun tablosundan və Madonnanın mahnısından yansıyan pessimizm doğaldırmı? Sakit Məmmədovun dünyadan qovduğu amillərin içindəki erotik nüanslara rəğmən, “Dekameron”dakı hər şey, o cümlədən erotizm bəşəriyyətin xilası səviyyəsindədir. Madonnanın oxuduğu mahnıda “Günəşə parlamamasını söylə” – deyilir. İkinci Dünya müharibəsi illərini xatırladan Lui Araqon isə yazırdı ki: “O çətin illərdə Matiss bizə kömək etdi və biz günəşi qoruyub saxladıq”. Fransız rəssamı nəinki Fransanı, nəinki Yer kürəsini, hətta duyğularındakı günəşi belə faşizm taunundan qoruyub saxlamaqda öz millətinə və Avropaya yardım edirdi...
XX yüzilin taunu – faşizm tarixin özündən əvvəlki və özündən sonrakı bütün taunlarını kölgədə qoydu.
İndi İtaliyada yeni bir Bokkaçço,
Fransada yeni bir Kamyu doğulacaqmı? Allah bilir. Amma bəşəriyyət
çox pessimistdir. Hətta kahinlər də susub. Hətta Hindistanda kahin kimi
bir yoq Sadhguru, Tibetdə kahin Dalay Lama da susub. Kəbə
qapalıdır. Tibet məbədi qapalıdır. Vatikanda
müqəddəs Pyotr meydanı qapalıdır… Dünya
sükuta qərq olub… İndi dünyada nə din, nə ədəbiyyat
danışır. XIX əsrin 90-cı illərində Rusiyada da belə olmuşdu. Vəba
xəstəliyinə qarşı savaşın ön cərgəsində
yazıçı Çexov deyil, həkim Çexov
dayanırdı. 1892-ci ildə Çexov
yaşadığı Melixovo kəndindən “Novoye Vremya” qəzetinin
redaktoru Suvorinə yazırdı: “Çalışıram ki,
yerli idarəçiliyin başçıları yeni məntəqələr
açmaq üçün vəsait ayırsınlar, amma pul
vermirlər. Əlacsız qalıb, imkanlı adamlara, ona-buna
yalvarıram ki, yardım etsinlər. Əməlli-başlı
peşəkar dilənçi olmuşam...Dilənçilərə
məxsus yalvarışla, ürək yumşaldan ifadələrdən istifadə edib istədiyimə
müəyyən qədər nail oluram. Artıq, mənim sahəmdə
vəba ilə yoluxan xəstələr üçün hər
cür şəraiti olan 2 barak, əlavə olaraq babat şəraiti
olan 5 barak, bir də iki ayaqyolu var. Mən, hətta yerli idarəçiliyi
dezinfeksiya xərclərindən azad etmişəm. Fabrik sahiblərindən
25 kəndin hamısına əhəng və sulfat duzu
almağa nail olmuşam... Ruhum yorğundur. Darıxıram.
Özünə məxsus olmamaq, yalnız pis şeylər
haqqında fikirlər adamı üzür... Bax, bu cür gərginlik
içindəyəm. Zəhlətökən yabını
minib kəndbəkənd gəzmək, yalnız epidemiya barədə
düşünmək əzablı işdir... Nə vaxt qəzetlərdə
oxusanız ki, epidemiya sona çatıb, o zamandan mən yenə
də yazmağa başlayacam. Hələ məni
yazıçı hesab etməyin... A.P. Çexov”.
Vəba və
həkim Çexov məni vəba və həkim Əli bəy
Hüseynzadə barədə düşünməyə vadar
edir. 1904-cü ildə İstanbuldan Bakıya gələn
Əli bəy Hüseynzadə siyasətdə milli
ideologiyanın, ədəbiyyatda romantizmin qurucusu olmazdan
öncə vəbadan – xoleradan əziyyət çəkən
Bakıda xolera xəstəliyinə qarşı
çarpışan, eyni zamanda bu sahədə böyük
maarifləndirmə işi aparan tibb professoru kimi
göründü. Ancaq hələ Bakıya gələnə
qədər o, 1902-ci ildə İstanbuldaykən Türkiyə
tarixində ilk dəfə “Vəba və mikrobu”
kitabını yazıb nəşr etdirmişdi və bu kitab o
dönəmdə Türkiyədə Vəba və mikrobu barədə
yazılmış ilk modern tibb kitabı idi.
İndi
bu sətirləri yazdıqca ötən əsrdə, yaxud
XIV-XIX yüzillərdə taundan ölən intibah dahilərini
– Tisianı, Füzulini, pravoslav aləmində Məsihin ən
sevdalı tərənnümçüsü rəssam Andrey
Rublyovu, “İdiot”da Raqojinin evinin divarındakı
“Ölmüş Məsih” tablosunun yaradıcısı Hans
Holbeyni düşünürəm və onları da
düşünərək ötən əsrlərin
dünyasını öz dünyamızla müqayisə edirəm.
Hətta 600 il əvvəl, əhalisinin yarısını
itirmiş Avropadan, Asiyadan, yaxud ötən əsrin
Rusiyasından fərqli olaraq, ümidsiz, pessimist
çağırışlar indi daha çoxdur. O zaman ədəbiyyat,
“Qara Ölüm”ün təzyiqinə cavabı Florensiyada
dediyim kimi, “Dekameron”la, İngiltərədə “Kral Lir”lə
verdi. Yaxud 1830-cu ildə Hindistan yolu ilə Rusiyaya yayılmış vəba
günlərində və karantində Puşkin rus ədəbiyyatının
incilərini yazdı, ən başlıcası isə “Yevgeni
Onegen”i tamamladı. Və “Bu dünyada heç nə eşqdən
güclü deyil” – deyən Markesin “Vəba günlərində
eşq”indəki kimi, lətafətli, zərif mələyinə
- sevgilisi Qonçarovaya məktublar yazdı: “Əziz Natalya
Nikolayevna, baxmayaraq ki, Siz bunu istəmirsiz, səmalar xatirinə,
mənə yazın. Mənə bildirin, Siz haradasız?
Moskvadan çıxa bildinizmi?.. Mən tamam ruhsuzam, heç
bilmirəm nə edim. Artıq aydındır ki, bu il (lənət
olsun belə ilə) bizim toyumuz baş tutmayacaq.
Doğrudanmı, Siz Moskvadan getməmisiz? Könüllü
olaraq özünüzü yoluxucu xəstəliyin göbəyinə
atmaq bağışlanılmaz olardı... Epidemiya təkcə
yoxsulların əlini sıxmır, zərif və cazibəli ədaya
malik əsilzadələrin də qoluna girir... Deməli, Siz kənddə,
vəbadan uzaq yerdəsiz, elədirmi?
Hələ ki, xəstəlik bizi yaxalamayıb... A. S.
Puşkin”.
***
Sənət,
ədəbiyyat dünyanın ən qaranlıq
çağlarında belə, günəşi qoruyub saxlamaqda
insanlara yardım etdi...
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2020.- 25
aprel.- S.16.