Astana...
2016-cı ildə yazdığım "Qapalı dairə və ya bitmək istəməyən XX" adlı tarixi-fəlsəfi traktat üç-dörd ay ərzində hissə-hissə "Ədəbiyyat qəzeti"ndə çap olunurdu və mübahisəli fikirlər yaradırdı... Hətta tənqidlərə də məruz qalırdı...
Tarixi hadisələrin analizi və müasir dövrümüzə tətbiqi üzərində qurulan bu əsərin əsas ideyası bir neçə tezisdə əksini tapmışdı...
I tezis - Təqvimdə XXI əsri görsək də, əslində, XX əsr bitməyib. Biz hələ də XX əsrin düşüncəsi, fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı içindəyik... Cəmiyyətin əsas strukturlarını təşkil edən təfəkkür paradiqmaları, oxuduğumuz fəlsəfi kitablar, ədəbi əsərlər, bəyəndiyimiz kinoteatr nümunələri əsasən XX əsrdə formalaşan xətlərin sadəcə davamıdır.
Yeni minilliyin həqiqi mənada başlaması üçün qlobal bir dəyişiklik lazımdı. Təfəkkürləri, düşüncələri dəyişən bir hadisə... Məhz bu hadisədən sonra biz köhnə əsrin təfəkküründən xeyli dərəcədə fərqlənən yeni düşüncənin və yeni dünya düzəninin yaranacağını müşahidə edəcəyik.
II tezis - Yeni minilliyin yeni təfəkkür sistemi içində ilk olaraq dəyişən bir neçə məfhum olacaq - Sürətli inkişaf, Hüdudsuz azadlıq, Mütləq bərabərlik, Maddi rifah, Humanizm....
Niyə məhz bunlar? Çünki bü məfhumlar XX əsrin təfəkkür inkişafının sütunlarını təşkil edir. Əgər tam fərqli və tam yeni bir düzən istəyiriksə, köhnə sütunların dağılmasını gözləməliyik...
Bu məfhumlar yeni minillikdə tam fərqli, hətta XX əsrdəkinin tam ziddi kimi görünən mənada dərk ediləcək... Yeni minillik məhz bu məfhumların yenidən dəyərləndirilməyi, fərqli mənalandırılmağı və yaxud da ümumiyyətlə, lüğətlərdən silinməsi ilə başlayacaq...
III tezis - Bir çox dünya alimləri onilliklərdir ki, bütün bəşəriyyəti bürümüş mənəvi-ruhani krizisdən yazırlar və XX əsrin pozitivist-praqmatik dəyərlərinin puç, mənasız olduğunu bəyan edirlər. Deməli, yeni minillikdə ortaya çıxan təfəkkür sisteminin bir çox məqamları XX əsrin məntiqi-rasional-praqmatik düşüncənin ziddi kimi çıxış edəcək... Bəlkə də fizika öz yerni metafizikaya verəcək...
Qəfildən dünyanın başının üstünü almış bu pandemiya, sözün bütün mənalarında Yeni Minilliyin qapısını bizimçün aralamış oldu. Düzdür, qapının o tərəfində nə olduğunu hələ tam görə bilmirik. Hələ astanadayıq. Lakin dəqiq bildiyimiz bir şey var - qapının o üzündə hər şey bizim gözlədiyimizdən, ümumiyyətlə, təfəkkürümüzdə canlandıra biləcəyimizdən çox çox fərqlidir. Necə ki, XX əsrdə baş verən bir çox hadisələri - qlobal ictimai kataklizmləri, elmi-texniki inkişafın, insanların təfəkkürlərindəki dəyişikliyi XIX əsrin insanı heç cür təsəvvür edə bilməzdi... Nadir fantastik əsərləri çıxmaq şərtiylə, XIX əsr insanı XX əsrin heç 5 faizini də xəyalında canlandıra bilməzdi... Lakin XX əsrdə nə baş verdi? Onilliklər əvvəl heç kimin ağlına belə gələ bilməyən hadisələr reallığa çevrildi...
Qarşıda bizi eyni keçid gözləyir - xəyallarımızda belə təsəvvür edə bilməyəcəklərimiz reallığa çevriləcək... Bu reallıq əvvəlkindən yaxşımı olacaq, pismi olacaq, bilmirəm. Lakin dəqiq bilirəm ki, ümumilikdə, yaxşı-pis, çətin-asan məfhumlarına münasibətimiz dəyişəcək.
Bəli, biz həqiqətən də tarixi bir dönəmi - yeni minilliyin doğuluşu prosesini müşahidə edirik. Yeni əsrin - minilliyin yeni insanı (insaniyyəti) doğulur - bu saat ən böyük dəyişikliklər məhz təfəkkürlərdə müşahidə edilməyə başlayıb. Təfəkkür dəyişikliyi isə ilk olaraq sözlərin - məfhumların məna və məzmunlarının dəyişməsində özünü göstərir...
Hollivud filmlərindən müşahidə elədiyimiz hadisələri bu gün öz real həyatımızda yaşayırıq. Bir çox insanlar, ələlxüsus Avropada, bu gün, sanki özlərini bir qorxulu yuxunun içində təsəvvür edirlər... Əminliklə deyə bilərəm ki, yüzlərlə, hətta minlərlə avropalı, amerikalı gecə o arzuyla yatır ki, oyananda özünü yenə köhnə reallıqda görsün, baş verənlərinsə, sadəcə, bir yuxu olduğuna sevinsin... Bəli, bu gün bunu arzulayanlar minlərlə, on minlərlədi. Ancaq təəssüf ki, bu arzu elə arzu olaraq qalacaq... geriyə yol yoxdur...
Yuxu məfhumunu dilə gətirməyim səbəbsiz deyil... Bu gün baş verən hadisələri XX əsrin yetirdiyi insan məntiqi rasional yolla dərk eləməyə çətinlik çəkir. Buna görə də müxtəlif konspiroloji nəzəriyyələr peyda olur, qeyri-adi fikirlər irəli sürülür. Bu, təbiidir, XX əsrin insanı belə öyrəşib - rasional məntiqlə dərk eləmədiyini öz özünə izah etməkçün təxəyyülü işə salır, hansısa məntiqi görünən vasitələri önə çəkir...
Lakin yeni minillik bizə hələ çox şeylər öyrədəcək. Hərəkət-sükunət məfhumlarını daha fərqli dərk edəcəyik, dinamik inkişaf konsepsiyasını dəyişəcəyik, azadlıq ideyalarını yenidən dəyərləndirəcəyik, həqiqi rifahın mahiyyətini başa düşəcəyik. Ən əsas da Sükunətdən və Sükutdan daha qorxmayacağıq... Çünki bu saat təkcə yeni minillik doğulmur. Bizim hər birimiz yenidən doğuluruq, yenidən dünyaya gəlirik. Fərqli bir dünyaya...
Bu proses ağrılı olur və təəssüf ki, itkilərsiz ötüşmür. XIX əsrin doğuluşu Napoleon müharibələriylə, XX əsrin doğuluşu isə Birinci Dünya müharibəsiylə başladı. Bəşəriyyət milyonlarla itki verdi... Bu gün də müharibə şəraitidir... Və yeni doğuluşun ağrılarını yaşayırıq. Dözməliyik... Çünki hər şeydən öncə beynimizdəki köhnə təfəkkür sistemləri dağılır, sınır tökülür, psixikamız dəyişir... Çətindi, əziyyətlidir, amma qaçılmazdı... Bəlkə də Üçüncü Dünya müharibəsi məhz belə olmalı idi? Axı yeni minillikdə hər şey əvvəlkindən fərqli olduğu kimi, Üçüncü Dünya müharibəsi də, Birinci və İkinci Dünya müharibələrindən eyni dərəcədə fərqli olmalıydı. Və oldu da...
Dünyaya böyük faciələr gətirən ilk dünya müharibələrində əsas düşmən insanların içindəki "tamah" hissi idi. Bu gözəgörünməz duyğu böyük qəsbkarlıqlara, istilalara, işğallara, qanlı döyüşlərə gətirib çıxartdı...
Üçüncü Dünya müharibəsində düşmən insanların içindəki virusdur... Bəli, bir molekul... Hətta canlı da olmayan, sadəcə dağıdıcı informasiya daşıyıcısı olan bir DNK... Sanki mikro ölçüdə olan bir flaş-kart...
Epidemiyalar həmişə olub. Minillər əvvəl də bəşəriyyət belə sınaqlarla üzləşib... və yenə də haqqında danışdığım "Qapalı dairə" əsərində İntibah dövrünün yaranmasında epidemiyanın rolu xüsusi işıqlandırılmışdı. Axı Qərb tarixçilərinin bir çoxu XV əsrdə Avropada yayılaraq əhalinin dörddə birini öldürən qorxunc Taun (Çuma) epidemiyasını məhz İntibah dövrünün əsas səbəblərinin biri kimi tədqiq edirlər. Təxmini rəylər belə idi ki, "kimliyinə baxmadan hamını biçib tökən bu qorxunc epidemiya insanlarda Tanrıya olan inamı azaltdı və beləliklə, insanlar yavaş-yavaş Xristianlıqdan üz döndərərək Antik təfəkkürü bərpa etməyə, yenidən dirçəltməyə başladılar". (İntibah da, əslində, nəyinsə yenidən yaranması yox, yaddan çıxmış, unudulmuş bir şeyin yenidən dirçəlməsi deməkdir).
Bəs, görəsən, indiki Pandemiya, öz növbəsində, hansı köhnə dəyərlərin intibahına start verəcək? Bəlkə, ümumiyyətlə, intibah yox, tam yeni, tam fərqli bir düzənin doğulmasına gətirib çıxaracaq? Əlbəttə, indidən onlarca rəy irəli sürə bilərik. Ancaq sizi inandırıram ki, indi verilən rəylərin hamısı yanlış olacaq...
Hər halda müəyyən müddətdən sonra yeni doğulan minilliyin əsl simasını görəcəyik... sadəcə, səbr eləmək, dözmək və yaşamaq lazımdır...
Məncə, 2016-cı ildə yazılmış "Qapalı dairə və ya bitmək istəməyən XX" əsərinə yenidən nəzər salmağa ehtiyac var. Hər halda, ən böyük müəllim tarixin özüdür...
İlqar
FƏHMİ
Ədəbiyyat qəzeti.- 2020.- 25 aprel. S. 17.