“Səni andım bu gecə,
qulaqların çınlasın!”
Yıldız Tilbənin məşhur
bir mahnısı var. Darıxanda zümzümə
eləyirəm:
“Səni andım bu gecə,
Kulakların çınlasın.
Şimdi
darğınız seninle
İnan,
sən hər kəsdən başkasın”...
Uşaq
vaxtı qulaqlarım gedib-gəlib cingildəyərdi.
Bilmirəm ilk dəfə
qulaq cingildəməsi
ilə necə tanış olmuşam. Qulağım cingildəyəndə, nənəm
ayin kimi bir söyüş söydürərdi mənə:
“Dalımca danışanı
belə olsun, qabağımca danışanı
elə”. Təbii ki, mən o söyüşü burda
abıra salmışam.
Rasim Qaracanın “Arqodeyimlər”
kitabına düşəsi
söyüşdür halbuki.
Nənəm deyirdi, qulaq cingildəyəndə, qeybətcil
biri arxanca danışır. Bu ayin
kimi söyüşü
söyəndə, adamı
susdurursan.
Özü də qulağım cingildəyəndə
nənəm soruşardı:
-Sağ qulağın cingildəyir, sol qulağın?
Əgər sağ qulağım cingildəyirdisə, söyüş
söymürdük. Çünki qaydaya görə, sağ qulağın cingildəyirsə,
sənin xeyrinə, yaxşı əməllərindən,
yaxşı keyfiyyətlərindən
danışırlar, sol qulağın
cingildəyirsə, pisinə
danışırlar.
Bilmirəm, niyə sağ
qulaq – xeyir qulağı, sol qulaq - şər qulağı sayılardı.
Yəqin ki, bu sağ çiynimizdə oturub xeyir əməllərimizi,
sol çiynimizdə oturub
şər əməllərimizi
yazan o məşhur mələklərlə
bağlı idi.
Uşaqlıqdan bəri qulaq cingildəməsi haqqında çox sadə düşünmüşəm.
Hətta universitet tələbəsi olanda belə, qulağım cingildəyərkən, o söyüşcül
ayini icra eləmişəm.
Heç vaxt ağlıma başqa bir şey də gəlməyib. Heç zaman qulaq cingildəməsinin əsl
səbəbi barədə
düşünməmişəm. Bu məni narahat
da eləməyib.
Mənə elə gəlib
ki, kimsə qeybətimi qırır, mən də ona söyüş göndərərək, onu
susdururam. Bütün uşaqlığım
boyu qulağım cingildəyib. Amma yetkin
yaşlarda bu halla az-az rastlaşmışam.
Bu günlərdə 9 yaşlı oğlum içəri otaqdan qışqıra-qışqıra gəldi.
“Ana, qulağım, qulağım,
qulağıma nəsə
oldu!”
Qorxumdan dik atıldım,
düşündüm ki,
qulağını harasa
çırpıb, yaxud
nəsə yad cisim salıb.
Uşaq
gəlib yanıma çatanda, sakitləşdi,
ürəyi yerinə
gəldi, dedi ki, onu narahat
edən hər nə idisə, keçdi getdi. Təbii, uşağı dilə tutdum, öyrəndim ki, sadə bir
qulaq cingildəməsiymiş.
Və bu halla ilk dəfə
rastlaşdığına görə qorxubmuş. Güldüm xeyli, sonra da istər-istəməz nənəmin qədim söyüş ayinini xatırladım. Ancaq şeytan
məni qıdıqladı.
Qəfil düşünməyə
başladım: “görəsən,
qulaq cingildəməyinin
əsl səbəbi nədir?”
Eləmə tənbəllik, google-da axtarış verdim. İlahi, kaş
verməsəydim o axtarışı.
Tibbi bir saytda qulaq cingildəməyinin
elə səbəblərini
yazmışdılar ki!
İlk başda bu gəlirdi:
“Qulaq cingildəməsi
qulaq törəməsi
kimi ciddi bir xəstəliyin səbəbi ola
bilər!” Bundan başqa bir
çox xəstəliklərin
səbəbi kimi özünü büruzə
verə bilər.
Bu sırada beyin-damar xəstəlikləri, ürək
və damar xəstəlikləri, qulaq
zəri dəlikləri,
orta qulaq iltihabı, depressiya, yorğunluq, stress və s onlarla xəstəliklər.
Telefonu əlimdən
buraxıb bərk-bərk
oğlumu qucaqladım.
21-ci əsrin, internet əsrinin
insanı 20-ci əsrin
insanı qədər
hüzurlu ola
bilməz. İstəsə
də bunu bacarmaz! İnternet, bu qədər
informasiya bolluğu əslində rahat və qayğısız həyatımızın sonudur.
Nənəm nə qədər qayğısız
yaşayıb, nəvəsinin
qulağı az qala hər
gün, özü də ən az gündə iki-üç dəfə
cingildəyən nənə
bir dəfə də nəvəsində hər hansı xəstəliyin olub-olmamasını
ağlına da gətirmirmiş. Və ona
kiçik söyüşlü
bir ayin öyrədirmiş qulaq cingildəməsinə qarşı.
Yeniyetmə illərində isə sevimli müğənnim Yıldız
Tilbənin mahnısına
qulaq asar, romantik xəyallara qapılardım.
Amma indi, illər sonra, artıq internet deyilən bir şey varkən,
qulaq cingiltisindən sonra nə romantik
xəyallar qura bilirəm, nə məzəli söyüşlər
söyə bilirəm.
Çoxbilmişlik, lazım olduğundan
çox informasiya qəbul eləməsi insanın
hüzurunu qaçırır,
xoşbəxtliyini əlindən
alır. Adamlar paranoyak olublar, heç kim
heç kimə inanmır, internetdə o qədər xəbər çıxır ki, qardaş öz arvadını qardaşa əmanət eləməyə
qorxur. Asqıran kimi internetdə
bunun səbəbini axtarırıq, elə səbəblər tapırıq,
həyatımız günlərlə
cəhənnəmə dönür.
Bilmirəm bütün bunlarla necə başa çıxmaq olar? Əvvəlki hüzurumuzu, xoşbəxtliyimizi necə geri qaytarmaq olar? Qulağımız cingildəyəndə, xəstəliyə düçar olduğumuzu düşünmək yerinə, kiminsə bizi yadına saldığını xatırlayıb necə xoşhal olmaq olar?
Karonavirusla bağlı söhbətlər çıxandan bəri isə həyatımız əməlli-başlı cəhənnəmə dönüb. İndi bizi asqırmaq da, öskürmək də, qulaq cingildəməsi, qarnımızın quruldamağı, əsnəmək belə qorxudur. Tragikomik vəziyyətə düşmüşük.
Sevinc ELSEVƏR
Ədəbiyyat qəzeti.- 2020.- 25 aprel.- S.20.