İKİ DÜNYA
ARASINDA “LO” ROMANI
2015-ci ildə Nobel mükafatını
belaruslu yazıçı
Svetlana Aleksiyeviçə verdilər. Ömrünü Sovet İttifaqında keçirmiş yazıçı
sovet-əfqan müharibəsi,
Çernobıl faciəsi
və Sovet İttifaqının dağılması
kimi hadisələrin şahidi olmuş, bunları bir jurnalist olaraq da qələmə almışdır. Onun “Çinkonun
uşaqları”, “Çernobıldan
səslər” adlı
kitabları avropalılar
üçün Sovet
İttifaqının yetmiş
illik ömrünün
və insanların üzləşdiyi faciələrin
aynası oldu. O,
2015-ci ildə Nobel komitə
üzvlərinin qarşısında
“Məğlub olunmuş
savaş üzərinə”
adlı çıxışında
belə demişdi:
“İyirmi il əvvəl “Qızıl İmperatorluğu”nu lənətlər
və göz yaşlarıyla yola saldıq. Bu gün
yaxın tarixə daha sakit, tarixi
təcrübəyə baxan
kimi baxa bilərik. Bunu etmək çox
vacibdir, çünki
sosializm mübahisələri
hələ də bitmiş deyildir. Qızıl İmperatorluq artıq yoxdur, amma “qızıl”
insan hələ var.
O, davam edir”.
Yazıçı Əjdər Ol “Lo” romanıyla sadəcə,
“Qızıl İmperatorluğu”nun
yetmiş illik ömrünə deyil, iki yüz ildən
artıq Rusiya-Azərbaycan
münasibətlərinə də güzgü tutmuşdur. Xalqın yaddaşında dərin izlər buraxan tarixi, keçmiş və acıları canlı bir hekayəylə oxucusuna çatdırmışdır:
“Bu zalım oğlu
dünyaya Urus gəldiyini bilmir” (səh. 11).
“Urusun gəlməsi”,
əslində, Svetlana Aleksiyeviçin
də vurğuladığı
kimi, Azərbaycan dünyasına aid olmayan bir dünyanın da zülümlə gələrək ölkəyə
və insanların ruhuna yerləşməsi deməkdir. Nobel mükafatlı
sənətkarın qeyd
etdiyi “yaxın tarixə sakit baxmaq” arzusu və diləyi “Lo” romanında özünü
tapmışdır, deyə
bilərik. Romanın daha
əvvəlində uzaqlardan
gələn bir əsgər məktubu, eyni zamanda sovet-əfqan
müharibəsi əsnasında
ölən xalaoğlu
İlkinin tabutuyla müəyyənləşdirilməkdir.
Sonra Çernobıl faciəsinə
şahid olan, orada xəstələnən
və buna rəğmən əsgərliyi
davam edən Qara sistemin zalımlığının,
insanın dəyərsizləşdirilməsinin
ən açıq nümunəsidir.
“Lo” romanı bir adamın və ya bir neçə
adamın hekayəsi deyil. Roman Azərbaycanın
son on ilini kəndlisi,
aydını, anarxisti,
qatili, əsgəri, müstəqillik savaşçısı
olaraq da yeri gəldikcə həm uzaq keçmişə,
həm də bütün Sovet İttifaqına işıq
tutması baxımından
zamanın şahidi deyiləcək bir dəyərə sahibdir.
Bu “zaman şahidliyi” İkinci Dünya müharibəsi sonrası
Avropada ortaya çıxaraq “yıxıntı
ədəbiyyatı” adını
alan məşhur
axının bir davamı sayıla bilər.
“Yıxıntı Ədəbiyyatı”nın
ən önəmli təmsilçilərindən biri
olan alman yazıçısı Henrix
Böll “Təlxək”
və “Adam, sən harada idin?” adlı
romanlarıyla o dönəm
insanların kimliyini və cəmiyyətin üzünü, adətən,
rəssam kimi çəkmişdir. O, iki əsərində də İkinci Dünya müharibəsindən sonrakı
burjua cəmiyyətinin
dar dünyagörüşü
və pis əxlaqı üzündən
fərqliləşən bir
insanın yaşadığı
o cəmiyyətdə özünə
yer tapa bilməməsini vurğulamışdır.
Əjdər Ol da romanında
qələmiylə bir
hekayənin axışı
içində ən sarsıdıcı gerçəkləri
dilə gətirir. Günlük həyatın mərhəmətsizliyini,
boş qanunları, haqsız basqıları oxucunun üzünə şillə kimi çəkir. Romanda bəzən
vətənsevərlik və
ya qəhrəmanlıq
adamın acılarının,
arzularının, ümidlərinin
gizləndiyi bir maskaya çevrilir.
Henrix Böll “Adam, sən harada idin?” romanında
qəhrəmanına Teodor
Haeckerin bir sualını verir:
“Adam, Allahın qarşısında
harada idin?”.
“Mən savaşda
idim”.
Əjdər Olun qəhrəmanları isə “harada” sualını əsla verməzlər. Onlar üçün yaradılan bir dünyanın içində
bəzən üsyan edərlər, bəzən
təslim olub həyatı məcburi bir cəza kimi
qəbul edərlər.
Qara, Balaş, Səmədağa,
hətta Azərbaycanın
ən önəmli intellektualları, siyasətçıləri
belə, sistemin xəncər yarasını
ürəklərinin başında
gəzdirirlər. Yaralı bir
cəmiyyətin bütün
əskiklikləri, acıları,
üsyanları, hətta
cinayətləri sistemlə
birlikdə səhnə-səhnə
gözümüzün önündən
keçməkdədir. Keçmişə bağlı xatırlamalar
(babam 1928-ci ildə öldürülmüşdü), sonra sistemdə yavaş-yavaş başlayan
çürümə, ortaya
çıxan milli arzular, kütlələri
məqsədsiz yönləndirmə
çabaları, ölkənin
addım-addım işğala
doğru getməsi, müharibənin mərhəmətsizliyi
o səhnələrin yaddaşlardan
əsla silinməyən
anları oxucunu bəzən ümidsizliyə
sürükləməkdə, bəzən də acı-acı güldürməkdədir.
Yazıçının olayları təsvir
edərkən tanrı-yazar
cəhdiylə araya girməsi, oxucunu romandakı olayların içinə daha çox çəkməsinə
səbəb olmaqdadır.
Roman qəhrəmanı və ya gerçək
kimlik Qazaxıstanda xəstə olan qardaşı Qaranı ziyarətə gedərkən
əlində bir kamera tutduğunun fərqindədir. O kamera Sovet ictimaiyyətində yozlaşan insan münasibətlərini yavaş-yavaş
çəkərkən Qazaxıstan
kimi bölgələrdə
başlayan Kunayev məsələsi kimi müstəqillik tərpənişlərini
də filminə daxil etməkdədir. Bu filmin ən
acı finalı isə Azərbaycanda yaşanmaqdadır. İnsancıl bir cəmiyyət qurmaq üçün yola çıxan sosialist sistemində Zori Balayan kimi
faşistlərin yetişməsi
bu qurğunun ən canalıcı nöqtəsi durumundadır.
Yazıçı son dönəm Azərbaycan tarixinə işıq tutarkən axıcı və sadə dildən istifadə edir. İlk iclaslar,
ilk tanışlıqlar, ilk düşüncə və
üsul müzakirələri
ilə birlikdə səhnəyə çıxan
Elçibəy, Nemət,
İsa Qəmbər, Etibar Məmmədov və digər xalq hərəkatı təmsilçilərini, Bəxtiyar
Vahabzadə, Sabir Rüstəmxanlı, Xəlil
Rza, Ziya Bünyadov, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Anar kimi Azərbaycan ziyalılarını hadisələrdən
bixəbər olanlara belə çox yaxından tanıtmaqdadır.
Azərbaycanın yaşadığı acılarla (Qarabağ hadisələri, 20 Yanvar faciəsi) birlikdə Meydan hərəkatının
bütün müsbət
və mənfi yanlarını romanda izləmək və ardından ortaya çıxan müstəqillik,
siyasi mücadilələr,
Heydər Əliyevin iqtidara gəlişi kimi Azərbaycan tarixi baxışı açısından önəmli
mərhələlər romanı
zaman-zaman tarixi bir sənədə büründürməkdədir.
Romandakı bütün axıcılıq,
rəng və hadisəyə rəğmən
ən çox önə çıxan mövzu Azərbaycan xalqının yaşayış
və düşüncə
tərzidir. Qarabağ hadisələrinin ən qızğın dönəmində Bərdəyə
gətirilən köhnə
bir topla Stepanakerti məhv etdiyini iddia edən “mırıq və sərxoş rus topçu”ya xalqın inanması, məclis təşkil etməsi həm xalqın ruslar tərəfindən necə
həqiqətlərdən qoparıldığını,
həm də nə qədər saf və təmiz
bir düşüncə
tərzinə sahib olduğunu
göstərməkdədir.
“A kişilər, müharibə
məsələsində biz avamıq, vallah, çox avam. Müharibə
kolxozda, sovxozda işləyib tər tökmək deyil e... Altı-yeddi ay bundan qabaq Bərdənin bazarında eşitdim ki, pullu kişilər
Qəbələdən bir
top alıb gətiriblər
Şelliyə... Topçunu
az qala
əl üstə gəzdirirlər. O, saçının
qabağı getmiş,
arıq, üzü vaxtından tez qırışmış mırıq
bir rusdur. Dilimizdə də bülbül kimi ötür. Deyir ki, Stepanakerti üç tərəfdən
vuracağam – mərkəzdən,
sağdan və soldan. Bir nəfər də
sağ çıxmayacaq
o dağılmışdan“.
Beş yüz səhifədən artıq
belə bir canlı romanı bir məqalə içərisində dəyərləndirmək
əlbəttə ki, çətindir. Amma yazıçı Əjdər Ol bu romanıyla öz dönəminin peşəkar izləyicilərindən
biri olduğunu ortaya qoymuşdur. Sovet sistemi ilə kapitalist sistemi arasında çapalayan və müstəqilliyi uğrunda hər cür çətinliyə
sinə gərən Azərbaycan xalqının
bütün hallarını
bu romanda görmək mümkündür.
Orxan Aras
Ədəbiyyat qəzeti.- 2020.-
25 aprel.- S.21.