Musa Ələkbərlinin varidatı
Musa Ələkbərli - 70
Adam başdan-ayağa sevgiyə bələnmişlərdəndir. Onunla ünsiyyətdə
olanda saflaşırsan,
durulursan. Çünki çoxlarından fərqli
olaraq, onun ürəyində qeybətə
yer yoxdur. Təki elə ömür boyu beləcə olsun. Bütün yamanlardan, şərdən-xatadan
qoruna bilən şair təkcə o ülvi hisslərdən qoruna bilmir:
O hansı gözəldi heyran olduğum,
Gözündən, könlündən pünhan
olduğum.
Qorumur heç zaman qurban olduğum,
Qorumur bu gözəl bəladan məni.
Elə qoruna bilməsə yaxşıdır. Bu gözəl bəladan qorunmaq yaşamamaq kimi bir şeydir.
Bizə də Musa Ələkbərli
kimi şairlərin daim yazıb-yaratması lazımdır. Bu dünyada xatası-bəlası
şirin, ağrıları
ləzzətli, vüsalı
ələgəlməz olan
bircə şey var - o da sevgidir.
Ondan qorunmağa nə ehtiyac var...
Elə bu bəladır ki, minlərlə oxucunun qəlbində "Musa Ələkbərli"
imzalı bir söz adamını yaşadır. İstəsək də, istəməsək
də bu belədir. Onun hər hansı
kitabının ilk səhifəsini
çevirdinmi, sevməli
olacaqsan bu şairi. Olacaqsan - ona görə
deyirəm ki, o, bizləri sevə-sevə yazıb bu şeirləri.
Bu böyük duyğunun daşıyıcısı
olmaq, ən azından sənin seçilmişlərdən olmağına
işarədir. Elə
buna görə də özü etiraf edir:
Məhəbbət! Demə ki, qaldım dünəndə,
Söz-söz, misra-misra paylanmağım
var.
Dünyada hər şeydən
üzüm dönəndə,
Mənim sən tərəfə boylanmağım var.
Musanın şair taleyində təmtəraqlar ümumiyyətlə
yoxdur. Bəlkə istəsəydi hamısı
da ola
bilərdi. Şübhəsiz ki, buna özü rəvac verməyib. Amma söz sənətində
özü özünün
yerini çox gözəl bilir:
İstəyin odur ki, dinməyə, susa,
Bu xəbər çatmaya
elə-ulusa.
Elə arxayınsan, elə bil Musa,
Sən olan dünyaya bir də gələcək.
Musa Ələkbərli o zirvədə elə qərar tutub ki, heç bir də gəlməyə
ehtiyac olmayacaq. Çünki o zirvədən getmək yoxdur. Orda əbədilik var. Necə
ki, bu dünya
məhvərindən çıxmayıb,
onun kimi şairlərin sevilmək
haqqını heç
kim əlindən
ala bilməz. Əlindən alınanlar artıq unudulmuş keçmişdir.
Şair xoşbəxtliyi unudulmayan
keçmişdədir.
İllər hamını, hər şeyi dəyişə bilir. Amma elə insanlar
olur ki, onların qəbul etdiyi bütövlük idealını heç amansız illər də dəyişə bilmir. Belələri
az olsa
da, var. Musa Ələkbərli
belə azlardan biridir. Bir şeirində
özü dediyi kimi:
And-aman eyləyib, haray qopardım,
Belə and olarmı, qəsəm olarmı?!
Bu uşağın sənə
bir sözü vardı,
Otuz ildən
sonra desəm, olarmı?!
Və otuz ildən sonra da "O dünyada cənnətliyəm birbaşa"
deyir.
Musa Ələkbərli bu varidatı canındakı sevginin gücünə toplayıb. Hərdən
nələrdənsə haqlı
olaraq gileylənən
şairi yaradan, yaşadan sevgiyə adam ancaq
qibtə edə bilər. Sevgi şairi ona görə demirlər ki, ancaq sevgi
şeirləri yazır,
sadəcə olaraq o, sevgisiz yaza bilmir:
Gözümdən, könlümdən axan
dolu var,
Yurdun Təbrizləşən
neçə qolu var?
Torpağı gedənin bircə
yolu var,
Yaşayıb ölmək yox, ölüb yaşamaq.
Nə vaxtsa bir dəfə də vurğulamışam
bunu. Heç bir sevgi şeirində Musa Ələkbərlinin torpaq,
yurd sevgili şeirlərinin canındakı
qədər sevgi ola bilməz.
Uzun illər kitabları nəşr olunmayanda belə, onu sadiq oxucularının yadından çıxmağa
qoymayan da həmin sevgi idi. (Qəribə
də olsa Musa Ələkbərli çap
olunmayan illərdə
mən heç fərqində olmamış,
həmin illərdə
onu daha çox mütaliə etmişəm). Məmləkətimizin Qarabağ adlı bir müsibətini, yazar olaraq, bundan
artıq yaşamaq mümkün deyil. Bunlar gəlişigözəl
sözlər deyil, bir oxucunun sevdiyi
bir şair haqqında gəldiyi inkarolunmaz həqiqətdir:
Nə dərin quyuya atıldı bu daş,
ATƏT-in həmsədri dəyişdi yenə.
Allahın yanına çıxsaq
da qardaş,
Bu yolun son ucu döyüşdü yenə.
M.Ələkbərlinin poeziyası haqqında bir çox dəyərli qələm
adamları öz fikirlərini bildiriblər. Bu baxımdan
professor, millət vəkili,
Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü Nizami Cəfərovun fikirləri xüsusilə
ibrətamizdir: "Musa Ələkbərli
daha çox sevgidən yazırdı...
Ancaq bu sevgi "öz içini yeyə-yeyə duran", yaxud "tərki-dünya bir aşiqin subyektiv yaşantıları" deyildi,
təbiətin özü
qədər təbii,
mükəmməl bir
kəndli balasının
yüz illər ərzində formalaşmış
mərdanə istəyi,
kişiliyin zərif məxluq qarşısındakı
tarixi məsuliyyəti
idi".
Böyük şairimiz İlyas
Tapdığın Musa Ələkbərli
poeziyası haqqında
fikirləri də çox maraqlıdır:
"Şair müşahidəsindən
sonra hansı könül bulandıran haqsızlıqlar keçir?
Ətrafda nə qədər öz gücünə deyil, əmi-dayı hesabına sığallanan arxalılar
var! Onlar zəhmət, torpaq adamına rişxəndlə
baxır, ağayanalıq
iddiasıyla gündə
bir dona
girirlər. Həyat imkanlılar, imkansızlar
zümrəsinə ayrılır.
Bu da bir şairə bir dərd olur: axı, insanın nə üçün biri imkanlı, digəri imkansız olmalıdır?! Nə üçün biz kiçik bir xeyirxahlıq edənə
on dəfə baş əyməliyik? Axı, xeyirxahlıq
hər insanın vicdanı borcu deyilmi? Nə üçün insanlar vicdanı borcu unudurlar?! Buna görə dünyanın
ikiüzlülüyü, qismətlərin
bərabərsizliyi Musa Ələkbərlinin
nifrət hədəfinə
çevrilir. Və onun
istəyi, öz oxucusuna sözü nədir?
Mən nə istəyirəm, qayğı bolluğu,
Daima çırpınan,
göynəyən ürək.
Var-dövlət sanıram bu yoxsulluğu,
Deyirəm, bəsimdir bir tikə çörək...".
...Bu da Musa Ələkbərlinin
yetmiş yaşı. Halallıq
içində bulunmuş
bir ömür: "Məndən şeir istə", "Ürəyimin
işığında", "Bəlkə bir də görüşdük",
"Gözlərim yol
çəkir", "Aydanım
- Ay işığı", "Sevgi bulağı",
"Gözümdə ağlayan
bulud", "Dünya
sevgidən doğulub",
"Tanrı mənə
söyləməsə yazmaram",
"Gəlir türkün
səadəti", "Ata sevgisi" və "Ürəyimin qapısından
keçənlər" adlı
kitabları, bir ailəlik sevgi dünyası, canından artıq sevdiyi vətəni və sadiq oxucuları - Musa Ələkbərlinin 70 illik
varidatı bundan ibarətdir. Zamanın girintili-çıxıntılı yollarından duyğusal bir insanın yetmiş ilin o başından çəkib
bu günümüzə
gətirə bildiyi zaman kəsiyi... Mübarək!
Vasif SÜLEYMAN
Ədəbiyyat qəzeti.- 2020.- 25
aprel.- S.23.