Pandemiya dövrünün şeirləri
#EvdeQal
Bu gündən evdə qal,
günlərdən cümə...
Aç
gözlərini,
oxu kitabları,
aç cümlələri!
O gəldi ki,
cümləmizin başına
gələnləri görəsən
-
indi mübtədamız
o (koronavirus),
xəbərimiz də
o.
Ölən var,
qalan var,
Sən də evdə qal!
Günlərdən şənbə...
Özünü və gözünü
götür evdən düşəndə,
Eynəyini tax, amma gözüaçıq
ol,
Maskanı gey,
əlcəyini gey,
telefona bax,
məsafə saxla məsafə tanımayan insanlarla...
Vaxtın
bitdimi geri dönəcəksən onsuz
da,
evdə qal!
Günlərdən bazar...
Evdə
qal və tanı
Covid-19 adlı azar dolaşır dünyanı...
Sən elə bilirdin ki,
yalnız ətli-qanlı
olur düşmən,
canlı olur düşmən?
Cəsədləri gördünmü, evdə
qal!
Hazırlaş, günlərdən bazar
ertəsi:
Ölən var, infarktdan, amma,
dönən var -
Çıxır evdə qalmaq yaraşmayan acların səsi...
- Evdə qal,
sənə də düşəcək,
Tanrının yardım tikəsi.
Günlərdən ikinci gün -
çərşənbə axşamı,
Karantində beşinci,
Siz heç
belə bir tonqallı gün gördünüzmü?!
Hardasa uzaqlarda yandırılır
cəsədlər,
bağlanıb sərhədlər,
evdə qal!
Günlərdən çərşənbə,
Bir film izlə tarixi,
tarixi izlə,
xəbərdən aralan,
ondan uzaq dur!
bir muzeyi səyahət et virtual,
Evdə
qal!
Günlərdən cümə axşamı,
Aç
bağladığın qapıları,
Tanrım!
Səndən uzaq qalanlara
bir məktub yazdır,
qara düymələr
üzərində
bəyaz
barmaqlarla:
#evdeqal
#nigaran qalma,
#ürəyimdəsən...
#ölümsüz bir sevda qal,
Tanrım!
12.04.2020
Karantində qal indi
Yenə
könlümə düşdün,
Varmı başqa yol indi?
Qəlbimin köşəsində
Karantində qal indi!
Gecə-gündüz darıxma,
Sənə nə fərq edər ki!
Getmisən, yerdə qalan
Sənsizlik o qədər ki!
Hava gözəl, ağaclar
Çiçəklərlə bəzənir,
Yenə
havalı gəl ki,
Əfv edə bilim səni.
Tanrının istədiyi
Olurmuş əvvəl-axır...
Elə bil Yer üzü
də
Sənin üçün darıxır.
Çıxarıram yadımdan
Adını baş hərfiylə,
Sənə məktub yazmışam
Dolub zaman zərfiylə.
15.04.2020
Koronaviruslu Bakım
Diyar-diyar
gəzdi
bəxtiyar insanlar və şəhərlər
arasında,
Sənə də qıydı,
Bakım!
Küçələrini yudu-sərdi Günəşə,
Balkonlarda
asıldı insanlar,
çəkildi adamlar,
ağır gəldi
zaman...
Küçələr quşların, otların,
daşların oldu.
Boğazından tutduğunu
atdı atəşə...
Nə gəldi sənə, Bakım!
üzüldün içindən,
sənə gələn
mənə də gəldi,
özü də Çindən...
Daha gendən dur, oxucum!
Səsimdən öpmə,
hərflərə toxunma,
oxuma bu şeiri, oxuma!
Sənə də keçər...
Keçər, Bakım, keçər!..
17.04.2020
Həyat ŞƏMİ
Ədəbiyyat qəzeti.- 2020.- 25
aprel.- S.26.