Koronavirus bizi
ayırır,
yoxsa birləşdirir?
Orxan Pamukun
"Bəyaz qala"sına
səyahət etmisizmi? "Bəyaz
qala"nın sakinləri osmanlılı
xoca ilə venesiyalı tacirdir. Bir də 7 yaşında
hakimiyyətə gəlmiş
və vaxtının çox hissəsini ovçuluq və əyləncəyə həsr
edən Osmanlı padşahı IV Mehmed... Uşaq hökmdarın rəngli, əyləncəli həyatı
adamı özünə
sarı çəkir.
Digər
tərəfdən də,
Osmanlı əsgərlərinə
əsir düşən
venesiyalı tacirlə
osmanlılı xocanın
iç-içə keçən
taleləri və hekayətləri.
Orxan Pamuk
"Bəyaz qala"
romanında alternativ tarix yaradır. Maraqlı bir
əhvalatla həyatı
daha mənalı bir vəziyyətə gətirməyin yolları
axtarılır. Osmanlı tarixi
bədii dekorasiyadır
sadəcə. "Bəyaz qala"da əkizlik, dostluq, mən və digəri arzu üçbucağına çevrilir.
Övliya Çələbi və Katib Çələbinin
səyahətnamələri əsərə əlavə
tarixi enerji verir. Hoffman və Dostoyevskiyə ədəbi istinadlar
isə yeni bir ədəbiyyat çağının başlanğıcıdır.
Ən azından Türkiyədə.
Amerikalı tənqidçi Cey
Parini yazırdı:
"Orxan Pamukun "Bəyaz qala"sının
səmasında Xorxe
Luis Borxes və İtalo Kalvino xeyirxahlıq mələyi
kimi dayanmışdır".
Doğrudan da, Borxes və Kalvino olmasa, XX əsrin dünya ədəbiyyatı
çağı başlamayacaqdı.
Böyük bir boşluq
yaranacaqdı. Borxes və
Kalvinonun xeyirxahlıq
mələkləri Orxan
Pamuku fərqli bir estetikada yazmağa səsləyir.
"Bəyaz qala" tarix, şəxsiyyət və mən bucağından mədəniyyətlər arasındakı
fərqlərə baxışdır.
Osmanlılı xoca və venesiyalı tacir. Hekayəni kim
danışır? Bunu heç
Pamuk özü də bilmir. Şərq, yoxsa Qərb? Karantin günlərində fərqlər
silinməkdədir.
Pamukun tarixi mədəni və sosial məzmundadır. Siyasi hiylə
və manevrləri üstələyir. "Bəyaz qala" romanında metatəhkiyə
polifonikdir. Romanın giriş
sözünün müəllifi
Faruk Darvınoğlu
(həm də romanın obrazlarından biridir) XVII əsr Osmanlı həyatına
aid bir əlyazma tapır. Əlyazma "Bəyaz qala"
romanının tam mətnidir.
Faruk yazılan hekayəni tarixi sənəd və qaynaqlar ilə tutuşduranda çox qəribə bir mənzərə ilə qarşılaşır.
Hekayədə yazılanların çoxu tarixi həqiqətlə səsləşmir.
"Dövrün əsas qaynaqlarına baxanda hekayədə danışılan hadisələrin
həqiqəti o qədər
də ifadə etmədiyini gördüm".
Girişdə romanın tarixi
gerçəkləri və
real hadisələri əks
etdirmədiyini, daha çox bir sənət əsəri, estetik situasiya olduğu qeyd edilir. Lakin bu o demək deyil ki, "Bəyaz qala" romanı tarixi birmənalı, hər hansı ekzotik hadisə kimi göstərir. Real tarixlə alternativ tarix polifonik bir mətn yaradır.
Oxucu Osmanlı İmperiyasının
XVII əsrə aid həqiqətləri
ilə müəllifin
ifadə etdiyi doğrular arasında qalır. Seçim və yozum haqqı oxucunundur.
"Bəyaz qala"nı
ilk dəfə oxuyanda
orda baş verən vəba diqqətimi çəkmişdi.
Tarixə olan marağım
məni uzun bir səyahətə çıxardı. Tarixçilər
Pamuku "tarixçilikdə",
qeyri-dəqiq məlumatlara
toxunmaqda ittiham edirdilər. Onlarca məqalə, kitab
və ensiklopediyaya baxdım. XVII əsrdə İstanbulda vəba olmamışdı.
Nəhayətdə, əfsanəvi tarixçi
Xəlil İnalcık
müşkülümü həll etdi. "1654-cü ildə İstanbulda vəba xəstəliyi yayılır.
Həmin
il Hollandiyanın İstanbuldakı səfiri
Nikbolas Qiysbrexti vəba xəstəliyindən
dünyasını dəyişir".
İnalcık rəsmi sənədlərlə
çıxış edirdi.
Tam qane etdi
məni. Qiysbrextinin vəba
xəstəliyindən ölümü
IV Mehmed dövrünə
(1648-1687) düşür. Uşaq hökmdarın əyləncəli
və işıqlı
gecələr təşkil
etdiyi günlərə.
Min bir gecə
diyarını xatırladır
uşaq hömdarın
məclisləri.
Vəba tarixə və mənəvi xəstəliklərə
ironiyadır. "Bir
çox yazıçıda
pisliyin simvolu və dövrün göstəricisi olan "vəba" bizi düşündürürmü? Vəba bizləri ayırır, yoxsa ortaq təhlükəyə
qarşı birləşdirir?".
Koronavirus çağı göstərir
ki, birləşdirir. Bütün
dünyanı. Pisi və
yaxşını. Şərqi və Qərbi. Pamuk
Şeyx Qalibin "Hüsn və Eşq" əsərinə
istinadən yazdığı "Qara kitab"da gözəllik
və eşqin insanın özündə
- mənində olduğu qənaətinə
gəlir. Koronavirus çağında nə
qədər insan və dövlət birləşdi.
Hüsnü də, eşqi
də tapmağa
çalışdılar. Kim bilir, bəlkə də tapdılar.
Ülvi BABASOY
Ədəbiyyat qəzeti.- 2020.- 25
aprel.- S.26.