Bilinənlərin bilinməyən
üzü
Küçənin kirli topu
hirsli qonşu barısın tələsik
aşıb keçər,
bütün ümidlər kimi.
Baxar balaca gözlər dayanıb
yazıq-yazıq...
Rauf Ra
Deyəcəksiniz
ki, bu nədi, bu elə bizim çoxdan
tanıdığımız, nəfəsini bildiyimiz şeirlərin
davamıdır, bəli, elədir, zənnimcə, nəyinsə
davamı olmaq gözəl bir şeydir, dünyada adına
ultra-modern şeir deyilən nəsnələr məhz belə
bir keyfiyyətin daşıyıcısı olurlar (nəyisə
inkar edərək onun davamına çevrilirlər...),
köhnə qəlibdə, az qala insanın nəfəsinin,
ürəyinin şəklini daşıyan parçalarsa əsrlər
keçdikcə heç cürə təzələnmir, o
çərçivədən, o hisslərin
qovuşağından bir qarış da olsa aralanmır, bu nədir?
Ənənəvi şeir (əgər belə
bir anlayışa inanırıqsa-!) ümumiliklə təsdiqlənmiş
(guya-!) qəlibin içindədir, yəni qafiyənin
hansı məqamda yerinə oturması, sözlərin
yığışıb musiqi yaratması belə məqamınca
aydındır, burda qaçacaq yer, məkan yoxdur. Modern
təfəkkürlü şeir isə məhz
yuxarıdakı qəlibi inşa etdikdə
"yadımızdan çıxan", amma həmişə
bir yerdən ürəyimizi döyəcləyən hisslərin
davamı, onların nəfəsinin atmosferə, poetik təfəkkür
məkanına çıxmasından başqa bir şey
deyildir. Ənənəvi şeir, poeziya heç zaman köhnəlmir,
çünki yarandığı an
dünyanın bütün saatlarına "dayan" əmri
verilmiş, zaman və məkan bir nöqtədə donaraq əbədiyyətə
çevrilmişdir. Modern şeir bu donmuş, əbədiyyətə
çevrilmiş ana baxıb düşünmək, o
qalanı fəth etmək və buna görə də
ağlına gələn oyunları dövrəyə qoşmaq
anlamına gəlir... Amma bu, oyun deyildir, çox qəliz və
mürəkkəb məsələdir...
"...Mən
həmişə təşəxxüs və nüfuzunu qurban
verməyə, onları lap elə bir ev kimi yandırıb
külə döndərməyə hazır olan əlkimyagər
səbriylə tam fərqli bir şey aramış,
axtarmışam, böyük əməl ocağındakı
odu körükləmək üçün...".
Vaxtilə Stefan Malarme belə deyib. Şair
daha sonra deyir ki, poeziyanın mahiyyəti özünün ilkin
ritmini bilan dilin köməyi ilə çoxüzlü,
qatmaqarışıq varlığın gizli sirrini ifadə
etməkdədir: bununla o, bizim fani həyatımıza həqiqət
duyğusunu aşılayır və buna görə də istənilən
mənəvi fəaliyyətin idealı elə bununla şərtlənir.
Yəni hansısa əşyanı, nəsnəni, hadisəni...
ovcunun içinə alıb göstərir, nümayiş
etdirirsən, var səsinlə ondan danışır, bir-bir
özəlliklərini sayırsan, belədə həmin nəsnə
içindəki sirrin yarıdan çoxunu itirir, yaxud daha dərinlərdə
gizlədir, ancaq onun yanından keçirmiş kimi işarə
etsən aşağıdan, nəhrin girdabından gələn
təkanın qarşısıalınmaz gücə
çevrilməyinin önünü kəsə bilməzsən...
Raufun bu
şeirinə də diqqət edin:
Hər
köçən buluda titrəyər sular,
Qəfil
Ay işığı qırar su üzün,
Yüksələr Ay şəhərin uca yerindən.
Küçə
lampasından gecə
boylanar,
Bağlı pəncərələr heçə
boylanar.
Quruyar
ağaclar qucaq
yerindən...
Müəllif bu şeirləri yazanda haçan, hansı
təsadüfdə qəlbinə dolan yaşantılardan
çınqı götürüb, hər halda həmin
yaşantılar yanıb külə dönüb ki, belə
bir parça alınıb. İndi bu şeirlər haqqında
yazanda, mən bilmirəm, səhərdən rastıma
çıxan, baxdığım şeylərdən, ən
çox sevdiyin adamın gecənin bir aləmində yuxsuna girən
mahnı sözlərindən yan keçə bilməyəcəyimi
də anlayıram, amma bu yazı yazılanda həmin nəsnələr
də yanıb külə dönəcək, artıq
içimdən köçmüş kimi hiss elədiyim hisslər
hansısa keçiddə ağlıma girəcək,
yadıma düşəcək, başqa bir formada, sözsüz
ki... Bu nədir? İnsan niyə
unudub xatırlamalıdır, yaxud bir şeyi hər gün
xatırlayanda, ondan qopa bilməyəndə bir gün,
nağılların "biri vardı, biri yoxdu" döngəsində
ondan biryolluq xilas olacağını bildiyində artıq
canı ağrımayacaq və içindən
qırılıb parça-parça olduğunu da bilməyəcəkdi.
Bunları düşünəndə adamın
içi titrəşir, yaddaşın, hisslərinin,
ömür deyilən çadırın daldanacaq yerinə (bu
yerin olmadığını bilə-bilə...) keçmək
istəyirsən, qüssədən ölməyin gəlir.
Bu mənzərə, bu "poetik landşaft"
heç şübhəsiz ki, Raufun minimalist və digər
şeirlərindəki vizuallıq effektindən doğur. Ədəbiyyatda,
bədii mətnlərdə vizuallıq, belə deyək, oxunu
yavaşıdır və bütöv bir şeirə
hansısa fraqmentin (kino lentinin) yavaşıdılması
effektini aşılayır, böyük, ucsuz-bucaqsız zaman həmin
fraqmentin içinə dolub yaşayır. Məlumdur ki,
vizuallıq təkcə oxucunun görmə assosiasiyasına
köklənən əsas bədii obrazlılıq vasitəsi
deyil, o, eyni zamanda bütövlükdə bədii əsərin
daxili dünyasının "əşya-görüntü"
səviyyəsini şərtləndirir, həm də mənanın
üzə çıxma, görünmə, vizuallaşma,
yaranma mexanizmini bəlləyir. Başqa sözlə,
vizuallıq təsvirin həm predmeti, həm də üsuludur.
Görməni, seyri şərtləndirən vizuallıqda əsas
olan həm də şeirin, bədii mətnin gizlinlərindən
çıxan "başqa bir gözdür", yazarın
seyr etdiklərinin (mətni qurana, yazana qədər rastına
çıxan əşya, nəsnə, hadisələrin
ötürdüyü təsirin damcı-damcı
yığılıb dağılması...) onun özündən
fərqli bir gözlə verilməsi münasibətin,
nizamsız şəkildə qövr edən hisslərin mətnə
çevrilməsində mühüm rol oynayır və nəticədə
insanın dünyadakı yeri, hisslərin, duyğu və
düşüncələrin gerçəklikdə və mətndə
kəsişdiyi yerdən açılan mənzərənin
oxucunun dünyasına hopması, qərib və qəribə
assosiasiyalar doğurması bir anda canlanır. Filmə
çevrilir, yavaşıyan kadrlar bir müstəvi üzərində
"montaj edilir".
Şeirdə
suların hər keçən buluddan titrəməsi
(dünyanın harasındasa kiminsə birdən
üşüməsi...), Ay işığının suyun
üzündəki qırışları yuyub aparması,
çevrələri yaradıb da yox etməsi, sonra Ayın
şəhərin ən uca yerinə qalxıb indi təsvir
edilən mənzərəni
"balacalaşdırması" (google.map sayağı), hər
şeyin sovrulub, toza dönüb küçə dirəyindən
asılan lampaya yığılması, bütün bu nəsnələrin
məhz o eynəklərin arxasından gecəyə
boylanması, pəncərələrin kip örtülüb
qulaq karlığına tutulması və nəhayət,
ağacların qucaq yerinin üşüməsi...
vizuallığın bənd olduğu yeri daxili, ancaq susqun səsə
kökləyir, təsvirin səsə və əksinə
keçməsi mənanın trayektoriyasının, mənanı
yaradan xətlərin mətnin mərkəzində
"doğmasını" şərtləndirir.
İnsan,
konkret halda bu şeirin qəhrəmanı çox-çox əşyaların
yanından keçir (elə müəllif də, oxucu da-!),
sadəcə yanından keçir, amma birdən, həyatının
hansı məqamındasa onlardan biriylə üz-üzə,
göz-gözə gəlir və birdən... zaman dayanır,
insan düşünür ki (yaxud düşünə bilər
ki), ölüncə bunu bir daha görməyəcək, həyatda
bu mütləqa hər birimizin başına gəlir, sonra
unuduruq gedir, ancaq yəqin ki, bizim unutduğumuz şeylə
zehnimizdə, təxəyyül və alt şüurumuzda daha
dərin şırımlar açılır. Haçansa
yanından keçdiyin ağacın qucaq yerindən quruyub
qocalması ağlına hardan gələ bilər? Onun
yan-yörəsindən azından yüz dəfə
keçibsən, yaşıl çağında, payızda
lüt-üryan vaxtında, qışda qarla örtülü
anında... Sən o yüz dəfənin birində
olub ki, onunla göz-gözə dayanıbsan, bu ani məqamın
içində taleyin dəyişib, sən ağacdan taleyini
aldığını heç hiss etməmisən. İndi o ağacın qucaq yerindən
üşüyüb qocalması aləmi qatır bir-birinə,
daxili tutqun səsin küyə çevrildiyi an hər şey
yaddaşını itirir. Təsvirin
"göründüyü", vizuallaşdığı
nöqtə ilə səsin daxilə çəkilməsi,
başqa sözlə, daxili susqun səsin
"batdığı" nöqtə arasında məna
savaşı gedir. Əsas olan da budur.
Məsələn,
Buludu
küskün göylərin
huşsuz
olar yağışı.
Hüzünlü
bir carçıya oxşayar
qarışqalar,
yadırğayıb qəflətən çörək
qırıntıların.
Yapışar
yaxasından
qarğaların qarğışı,
qəfil
tutar küləyi.
Yelləyər
əllərini bir əkində üşüyən
cır-cındırlı müqəvva buludların
dalınca.
Üstəgəlli
sevgilər
ağacların gövdəsin
edərlər cızıq-cızıq.
Küçənin
kirli topu hirsli qonşu
barısın
tələsik aşıb keçər, bütün ümidlər
kimi.
Baxar
balaca gözlər
dayanıb yazıq-yazıq.
Oğurluğun
paklığı cib dolusu bir
sevinc
bəxş edər yanaqlara,
sığışıb qalar amma bir budaqda
ayağın...
Gözünü
birdən qırparsan,
düşünməyərsən daha
səadətin uzağın...
Barışarsan
ömürlə,
eyləyərsən heç-heçə.
Yığışarsan
büsbütün
bu kəm
ömrə gizlicə...
R.İnqardenin yazılarında audiovizual
ölçü ifadəsi işlədilir. Bu ifadə əşyaların,
onların səs və vizual görünüşünün
qavranılması, xəyalda "oynama" / görükmə
səviyyəsi kimi təqdim edilir. Bədii
ədəbiyyatda bədii zaman və məkanın səs və
vizual maddiliyi oxucunu həmin əsəri mənalar cərgəsi,
yaxud bu cərgənin dünyaya gətirdiyi məna silsiləsi
kimi qavramağa sövq edir. Məsələ
təkcə hansısa gedişlərin sonucunda bu və ya digər
əşyanın vizual görüntüsünün
alınması deyil, həm də həmin əşyaların
səsinin eşidilməsidir. Bir məqamda
bu görüntüylə o səs tutaşır, gerçəklik
şah damarından kəsilir, mahiyyət - mənaların
meydana çıxıb bir-birlərini inkar və təsdiq etməsi
oyunu baş alıb gedir. Hər şey aydınlığa
qovuşduğu an yoxa çıxır,
konkret şəkildə cızılan mənzərə, sanki
kətanın üzərinə boya
dağılıbmış kimi pozulur, qeyri-müəyyənlik
qazanır: buludu küskün göylərin huşsuz olar
yağışı... Hər şey yaddaşa
yığılıb ordaca nəfəsini tapşırır,
ölür, qarışqaların hüznlü
carçıya bənzəməsi, çörək
qırıntılarını unutması, bütün olmayan
şeylərin olacaqlar kimi verilməsi məkan
görüntüsündə "bulanıqlıq effekti"
yaradır, mənanın mətnə çevrilməsi məkanın
sınırlarını daraldıb-genişləndirməklə
şeirin nüvəsində oynaşan xəyalın getdikcə
daha çox affekt bəlirtilərə yol
açdığını görürsən. O hüznlü
/ huşsuz yağışın bir əkində buluda
çevrilib üşüyən müqəvvanın
dalınca əl yelləməsi, qarğaların
qarğışının bu yağışın, bu küləyin...
yaxasından yapışması da realla irreal arasındakı
sərhəddən adlayır və yox olub gedir. Burada, yəni bədii dünyanın vizual təşkilində
qəribə olan nədir? Mətn oxuda
fraqmentlərə bölünür (həm də sanki
özü-özünü fraqmentlərə bölür),
ancaq hər bir fraqment bütöv mətnin mənasını
sonadək ifadə edir, növbəti fraqment gəldikdə
eyni hadisə təkrarlansa da, bədii mətnin
özünü açma, özünü genişləndirmə
imkanı üzə çıxır. Bu şeirdə hər
bir fraqmentdə vizuallıq effekti yaradılır (...Yelləyər
əllərini bir əkində üşüyən
cır-cındırlı müqəvva buludların
dalınca), ancaq görüntü konkretləşmək yerinə
yayğınlaşır, fokusdan uzaqlaşdırılır, yəni
bütün əşyalara bir-bir ayrıca və birdən, tam
şəkildə işarə edilməsi bədii zaman və məkanın
içinə kömülən bütün həqiqətləri
gizlədir, yəni bu mətn parçası kotanın əkin
yerində ilişdiyi yerə çevrilir... Bu yer bütün
sirlərin qapısı, bütün bilinən şeylərin
bilinməyən üzüdür...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2020.- 25 aprel.- S.27.