Ümidsizliyinin
rüşeymlərində
gizli ümid
kodları...
Dünyada tüğyan edən koronavirus pandemiyası bütün nəzərləri 1947-ci ildə Albert Camusun yazdığı “Taun” (“Vəba”) əsərinə yönəltdi. Hansı ki, bu əsərdə fəsillərin dəyişməyi belə, güclə seçilir. Güllər kollarda bitmir. Sadəcə səbətlərdə, mağazalarda satılır... Bu romanın təsvir etdiyi şəhərdə göy üzü bombozdur. İnsanlar rəngsizdir. Məşğuliyyətlər monotondur. Ölümlərin gec-gec və bezdirici şəkildə gəldiyi məkan sonradan birdən-birə adiləşən ölümlərlə dolub daşır. Yaşamdan daha çox, ölüm hopur küçələrə, evlərə, insanlara...
Əsərdə taun dünyadakı mənfilikləri, şəri təmsil edir - “Bu xəstəlik vasitəsilə yazıçı insanların ölümün bir addımlığında olduqları zaman düşdükləri psixoloji vəziyyəti, onların özləri ilə, öz vicdanları ilə daxili hesablaşmasını, həyat öz adi axarı ilə davam etdiyi zamanlarda fərqinə vara bilmədikləri xırdalıqlara necə diqqət ayırmalarını, dünənə kimi əllərini uzatsalar çata biləcəkləri qədər yaxınlarında olan doğmalarından, həyat yoldaşlarından, sevgililərindən, dostlarından gözlənilmədən ayrı düşməyin onlarda yaratdığı əbədi ayrılıq qorxusunu oxucuya çatdırır”. Lakin sonradan artıq bütün hisslərin rəngi Oranın səması rənginə boyanır.
Bu möhtəşəm əsərdə Camus Əlcəzairin Oran şəhərində baş verən taun xəstəliyini mərhələ-mərhələ qələmə alır. Elə bil Camus Oranda oturub bütün bu ağrıları hiss edə-edə gələcəyin gündəliyini tutur. Qeydlər edir. Ağrıları unutmayın, təkrarı labüddür - deyir.
İlk olaraq siçovul ölümləri ilə başlayan bu yeriyən bəla getdikcə ağuşuna Oranın insanlarını da xüsusi tutqu ilə çəkməyi bacarır. Burada xəstələnmək tənhalıq sayılır, xəstə insan təklikdən və qayğısızlıqdan yorulur... Bezdirici ölümlər yaşanır. Romanda qeyd olunan hər insan həmin dəqiqə yıxılıb öləcək kimi təsvir olunur.
Onsuz da sıxıcı və seyrək məşğuliyyətə sahib Oran şəhərinin sakinləri bu epidemiya ilə daha da qəmginləşir və şəhərdə qeyri-adi hadisələr baş verməyə başlayır. Romanı oxuduqca son dönəmlər cəmiyyətimizdə baş verən hadisələr gəlib gözümüzün önündə dayanır. Sanki Camus günümüzün dünyasını Oran şəhəri timsalında ümumiləşdirib xarakterizə edib. Sanki Camusun “Taun” aynasından günümüzün dünyasını izləyirik, bu əsər ağrıların, sarsıntıların mikroskopik təhlilini yaddaşlarımıza köçürür. Ölüm və çarəsizlik içərisində hər gün daim ümid axtarışına çıxırıq.
Doktor Rieux, qoca Tarrou, məmur Qrand, fürsətçi Cottard, jurnalist Rambert əsərin ana xəttini təşkil edən xarakterlərdir. Bu obrazların timsalında şəhərdə baş verən bütün hadisələr, ağrılar, çatışmazlıqlar, mübarizələr və psixoloji sarsıntılar ön plana çəkilərək sadə və sakit baxış bucağı ilə təsvir olunur. “Mənə bulaşmaz” deyərək özünü yaxşı hiss edənlər, ümidlə mübarizə aparanlar, ümidsizliyə məğlub olanlar, çaxnaşma olmasın deyə, ölüm xəbərlərini kiçildən xəstəxana, hər şeyi gözə alaraq şəhərə girməyə və ya çıxmağa çalışanlar, bir müddət xəbərləri şişirdən sonra da görməməzlikdən gələn mətbuat və s.
Ax, necə də tanışdır bu mənzərə... “Amma xalqın ən çox təqdir etdiyi kəhanətlər, şübhəsiz, qiyaməti izah edən bir dillə, şəhəri belə, bir imtahandan keçirə biləcək və hər növ şərhə açıq bir komplekslik ehtiva edə biləcək bir hadisələr silsiləsini xəbər verən kəhanətlər idi. Beləcə, Nostradamus və Əzizə Odileyə hər gün müraciət edilir və qarşılığı alınırdı”. İnsanlar yaşamdan üz döndərmir, daim ümid və həll yolunu axtarırlar.
Albert Camus kimi böyük yazıçıları böyük edən və onlara Nobel mükafatı qazandıran şey ümid və ümidsizlik, həqiqət və yalan, yaxşılıq və pislik, ciddilik və itaətsizlik, vicdan və vəhşilik arasındakı seçki, fəlakəti rədd etmək və üsyan etməkdir... Doktor Rieux ümidsizliyə alışmamaq üçün mübarizə aparır. Laqeydlik, heyrətlənmiş, qorxmuş və ya həssas olmayan hər bir insana aiddir. Ancaq belə dönəmlərdə insanların daxilindəki onun üçün, əslində, birinci olan və zaman-zaman ertələnən, ləngidilən hisslər, problemlər, qorxular baş qaldırmağa, üzə çıxmağa başlayır. Heyvanlardan insanlara keçən bir xəstəlik olan taun mövzusu əsərdə lüğəvi mənasının xaricinə çıxaraq, ilk olaraq fiziki əsarət, daha sonra ruhsal qarışıqlığa səbəb olur. “Bəlanı insan təyin etmir və adam fikirləşir ki, o, mücərrəd bir məfhumdur, qorxulu yuxu kimi bir şeydir və keçib gedəcək. Lakin bəla həmişə keçib getmir, qorxulu yuxular bir-birini əvəz edir və keçib gedən adamlar olur”.
Epidemiyadan ən çox təsirlənmiş məhəllələr karantin altına alınmış və kənar məhəllədə əsir olan insanlar epidemiya yayılar qorxusuyla məhəllə xaricinə çıxmaq qadağası ilə qarşı-qarşıya qalmışdır. Bu hadisə, insanın fiziki əsarət altında olduğunun ən əhəmiyyətli göstəricisi olmaqla yanaşı, ruhsal sağlamlıqlarını bərpa etməyin yollarını axtarmaq zərurətini ortaya çıxarmışdır. Əsərdəki Rahib Paneloux vəba epidemiyasını insanların işləmiş olduqları günahların bir əvəzi olaraq görər və Tanrı tərəfindən göndərilən bir cəza olaraq şərh edər. Buna baxmayaraq, bir başqa qəhrəmanımız olan Dr. Rieux isə vəba xəstəliyi ilə mübarizənin lazım olduğunu düşünər. Humanist və əxlaqlı bir çərçivəyə sahib olan Dr. Rieux və yoldaşları taun epidemiyasına qarşı müharibə elan edərlər.
Getdikcə ağırlaşan epidemiya xaricində şəhərdə hər şey unudular. Hətta vaxt keçdikcə ağrılar adiləşər, şəhərin üzərini bozumtul inilti dumanı bürüyər. Sevgi belə, pərdələr arxasında gizlənər. Bir çox mövzu kadrarxasına keçər.
Əsərin görünən və görünməyən qatları yazıçının təxəyyülü deyil, real dünyada baş verən planlı və plansız bir çox iblisanə hadisələrə əsaslanır. Burada müharibə-humanizm, din-ateizm, xalq-dövlət, sevgi-vicdan, məcburiyyət-zərurət, ümid-bu günə nəzərən yaşamaq kimi məsələlər tetatet dayanır. Paralel inkişaf edir. Nizamsızlıqda nizam axtarışına çıxılır. Tanrı sevgisi ilə, bəşər sevgisi üzbəüz dayanır. Həkim Rieuxun öz ifadəsi ilə desək, heç Tanrı da bu müxtəlif əqidəli insanları birgə mübarizə aparmaq fikrindən döndərə bilmədi. Çünki əqidələri fərqli olsa da, hər biri pisliyə qarşı mübarizə aparırdı. Tanrıya inanıb-inanmamasından asılı olmayaraq bütün yaxşı insanlar şəhərdə tüğyan edən və hər gün yüzlərlə insanın ölümünə səbəb olan bu bəlaya qarşı birlikdə mübarizə apardılar. “Nobel mükafatını alan zaman Camus artıq Qərbin vicdanı adı ilə ictimaiyyət arasında şöhrət qazanmışdı. O yazırdısa, deməli, düzünü yazırdı, o danışırdısa, deməli, düzünü deyirdi. Ona görə də xalq arasında çox sevilirdi. O, bir vicdan, həqiqət aşiqi idi və heç vaxt haqqı nahaqqa qurban vermir, ədalətin bərpası üçün mübarizə aparırdı”. “Taun”da da ədalətli olan asayişin bərqərar olunması üçün çalışmaq və mübarizə idi. Çünki bəşəriyyətin xilasının kulminasiya nöqtəsi mübarizədir. Ümidsizliklərlə dolu həyat hekayələri fonunda təsvir olunan romanda bütün qəhrəmanlar, əslində, yaxşı insan olmaq üçün çalışır. Ağrılar insanları getdikcə möhkəmləndirir. Onlar zəiflikləri ilə daha mübarizcəsinə vuruşurlar, susmurlar danışırlar, tövsiyə istəyib nələrisə düzəltməyin gec olmadığını düşünürlər. Bəli, heç vaxt, heç nə üçün gec deyil. Ən şedevr ümidsizlik belə, daxilən bir pozitivlik daşıyır. Bunu görmək isə düşüncə gücü, mübarizə əzmi və fərqli təfəkkür tələb edir.
Camus ümidsizliyinin
rüşeymlərində gizli olan ümid
kodlarını doktorun cəhdləri ilə
simvolizə edir. Doktor
qaranlıqda bilinməyən meşədə
addımlayır. Bu isə onun
qəlbində böyük işıq
daşıdığına işarədir. Bu
işıq onu bilinməyən bir pozitivliyə doğru sürüyür.
Nargis
Ədəbiyyat qəzeti.- 2020.- 25 aprel.- S.28-29.