Günəş, buludlarAğca

 

Hekayə

 

O, bəmbəyaz idi... Günəşə doğru uçanda göy üzündə bir topa buluda bənzəyirdi. Dostu ona Ağca deyirdi. O da dostunun dilindən adını eşidən kimi uçub gəlir, lələkli çəhrayı ayaqlarını götürüb qoya-qoya onun ovcunda dənlənirdi....

Günlərin bir günü eşitdiyi sözlərdən həyəcanlandı:

Ağca, mən gedirəm...

Boynunun tərpənişi ilə astaca soruşdu: "Hara?".

Cəbhəyə, Ağca. Vətəni qorumağa... Hər kəsin bir Vətən adlı sevimlisi var. Hər kəs ona olan borcunu verməlidir...

Ağca yaxşı anlayırdı Vətən deməkdir. Hər dəfə yovşanlı çöllərinin ətrini sinəsinə çəkəndə sevinirdi. Hər dəfə yağışında yuyunub, Günəşində lələklərini qurudanda Vətən hərarətini duyurdu...

Ağca dimdiyini dostunun sevimli üzündə gəzdirdi. Onunla fəxr etdi, qürur duydu. Göyərçinlərin ağlaması bilinməz ki... Amma Ağca kövrəldi. Sonra ayrıldılar. Ağca əsgər paltarı geyinmiş dostunun ardınca bir xeyli uçdu. Yorulanadək... Sonra uca bir ağaca qonub o, gözdən itənədək baxdı... Onun əvəzinə sevindi...

Ağca cəmi bir neçə gün dözə bildi. Sonra qanadlandı. buludların arası ilə üzü Günəşə uçdu, uçdu... Nəhayət, bir hasarın üstünə qondu. Diqqətlə baxdı... Yanılmamışdı. Dostu xidmət etdiyi ordu hissəsini tapa bilmişdi...

Ağca... Gəldin?!

Gəldim, dostum, gəldim...

Burada sənin üçün çox çətin olacaq... Dözə biləcəksənmi?!

"Dözəcəyəm", - dedi Ağca... Uçub dostunun başı üzərində dövrə vurdu. Elə alçaqdan uçdu ki, lələkləri onun üzünə, boyun-boğazına toxundu...

 

***

 

o gündən cəbhə göyərçini oldu... Bəmbəyaz lələklərini səngərlərdən qalxan toz bozartdı, çəmçəhrayı ayaqları Vətən çöllərinin torpağına bulaşdı... Amma dözdü. Əsgər qazançalarından yedi... Əsgər çiyinlərinə qondu... Əsgər nəğmələri oxudu:

 

Vətən, səndən uca var,

Yer üzündə, Göy üzündə...

Vətən, sənsiz dar olar, dar

Yer üzü , Göy üzü ...

 

Ağca böyük bir alayın sevimlisi oldu... O, indi hər bir əsgərin dərd ortağı idi... Onunla pıçıldaşırdılar. Əsgərlərə elə gəlirdi ki, Ağca onların dediyini çox gözəl başa düşür. Kobud əsgər əlləri onun yupyumşaq başına sığal çəkəndə Ağca dünyanın ən xoşbəxt göyərçini olurdu...

günlərin bir günü... Göy üzünü qapqara buludlar aldı. Günəş buludların arasında itdi. Qəfildən düşmən zirehli tanklar böyük canlı qüvvə ilə hücuma keçdi. Əsgərlər səngərlərdə qəhrəmanlıq göstərirdilər. Amma qüvvələr qeyri-bərabər idi. Tanklar səngərlərin üstündən keçir, ətraf od tutub yanırdı. Düşmən gülləni dolu kimi yağdırırdı.  Onlar mühasirəyə düşmüşdülər. Ön xətt ilə əlaqə tamam kəsilmişdi. Silah-sursat ərzaq ehtiyatı tükənmişdi. Ağca qanadlarını çırpa-çırpa yaralıların arasında gəzişir, dimdiyinə aldığı bir damcı suyu onların yanan dodaqlarına çiləyir... yenidən su dalınca gedirdi... Başqa edə bilərdi ki?!

Sonra tüfəngin qundağına söykənmiş dostuna yaxınlaşdı. Ağca gözlərinə inanmadı. Üstünə qan sıçramış lələklərini həyəcanla çırpdi. Muncuq gözləri bərəldi. Dostu yaralanmışdı... Dimdiyini onun barıt ətri verən yanağına sürtdü. Sonra qayıdıb tüfəngin lüləsinə qondu. Dostu ona baxdı. Qolundan axan qan barmaqları aşağı süzülürdü... Ağır nəfəs alırdı...  Qəfildən gözləri işıqla doldu. Gülümsündü. Ağarmış dodaqlarını güclə tərpədib dedi:

Ağca, diqqətlə dinlə məni... Bizə kömək etməlisən... Arxa cəbhə ilə əlaqə yaratmalısan.

Ağca sevindi... Necə sevindisə, tüfəngin lüləsi işıqlandı... Başını tərpətdi. Deməli, o, kömək edə bilər... Vətənin çətin anında Ağca lazım oldu. Deməli, Ağca da Vətənə xidmət edə bilər. Vətənə əsgər dostlarına... Poçt göyərçini olmuş əcdadlarından qalan bütün məharətini cəmlədi. Günəşlə istiqaməti müəyyənləşdirmək bacarığını beynində bir daha təkrarladı. Əsgərlərin gözündə ümid qığılcımları parladı:

Ağca, sən bacaracaqsan.

Mütləq. Son ümidimiz sənsən, Ağca...

Dostu onun gözlərinin içinə baxdı:

Ağca, əzizim. Əsas bizim xilasımız deyil... Vətənin xilasıdır. Dostum! Vətən naminə...

Ağca ayağını qoyduğu torpaqdan güc aldı. Üzünü əsən küləyə tutub yalvardı: "Məni darda qoyma, dedi. Mən uçan istiqamətdə əs, küləyim!".

çəhrayı ayağına bağlanmış məktubla havaya qalxdı.

Ardınca əsgər əlləri yelləndi, əsgər baxışları dikildi... Uçuş istiqamətində ilıq Vətən küləyi əsdi...

Ağca qara buludların arasında getdikcə kiçilən nöqtə kimi uzaqlaşdı. Buludlar aralandı. Günəş gülümsədi...

Ağca uçdu, uçdu, uçdu... Yoruldu, amma dincəlmək üçün enmədi. Buludların arası ilə elə sürətlə uçurdu ki... Qəfil göy üzü qapqara oldu... Buludlar su ilə doldu, ağırlaşdı. Sonra şimşək çaxdı. Səma parça-parça oldu. Ağca müvazinətini itirdi. Bir anlığa səmti azdırdı. Havada çapaladı, sürətlə aşağı enməyə başladı. Ona elə gəldi ki, bu saat daş kimi torpağa çırpılacaq. Pıçıldadı: "Vətən, bağışla!". Amma qəfil buludlar dağıldı. Günəş... Günəş necə parıltı ilə qaranlıqlara işıq səpdisə. Ağca endiyi sürətlə qalxdı. Bir günəş şüasını tutub, onun işığı ilə yoluna davam etdi. Susadı... Buludlarla yatırtdı susuzluğunu. Yoruldu... Qanadlarına Vətənə olan sevgisi dosta sədaqəti güc verdi...

Günəşin son şüaları göy üzündən çəkiləndə Ağca müqəddəs bildiyi borcu artıq yerinə yetirmişdi...

 

Sevinc Nuruqızı

 

Ədəbiyyat qəzeti.- 2020.- 25 aprel.- S.32.