Vəba və eşq
savaşı
Hardasa bir gənc aşiq
havasızlıqdan boğulur,
iştahı küsüb,
boğazından heç
nə keçmir, bir az da hərarəti var. Evdəkilər təşviş
içindədir.
-Aman Allah! Bu, koronavirusun
əlamətləridir. Təcili test etdirmək lazım.
Təcili tibbi yardım çağırırlar, testin
cavabı neqativ çıxır. Gəncin valideynləri sevincək, bir az da çaşqın durumdadır. “Şükür,
xatadan sovuşduq.
Bəs bu cavan oğlanın
xəstəliyi nədir?”
Valideynləri onun eşq bəlasına
giriftar olduğundan xəbərsizdir. Bu aşinalıq
bir özgə dərman istəməz, onun dərmanı özündədir.
İndi, dünyanın sim kimi gərildiyi bir çağda küncə qısılıb
özümü Qustav
Malerin instrumental lirikasına
təslim etməklə
ruhi müvazinətimi
qorumağa çalışıram. Mənim qədər
aşırı dərəcədə
həssas adamların bu dönəmi keçməsi həddən
artıq ağır bir prosesdir. Musiqi terapiyası gün boyu davam edir.
...Aşiqlər özləri
bəlanı istərlər,
çün bəla da onları istər. Florentino Arisa da Kolumbiyanın Məcnunudur.
“Vəba günlərində
eşq”in fədakar qəhrəmanı. Bu əsər bəlkə bu günlərdə Markesin ən çox oxunan, axtarılan romanlarından
biridir. Öz eşqinə çatmaq üçün 51 il, 9 ay, 4 gün – bir ömür boyu gözləyən və o möhtəşəm
eşqi yaxalayan bir aşiq sevginin
simvoludur. Sabahımızdan
nigaran qaldığımız
günlərdə dünya
elmi bəşəriyyəti
təhdid edən pandemiyaya qarşı səfərbər ikən
Füzuli dühasından
iki misra hey beynimdə fırlanır:
Eşq imiş hər nə var aləmdə,
elm bir qeylü-qal imiş ancaq.
İnsan eşqin məhsuludur, insan eşq ilə gəlir dünyaya. İnsan yoxdursa, elm də
yoxdur. Peyğəmbərimiz
də belə buyururdu: “Alim öldü, aləm öldü”. Alim kimdir? İnsan. Kainatın əşrəfi. Sevgi insanın
başlanğıcıdır. Elm isə insan
zəkasının keçdiyi
yolun tarixidir. Ruhumuzu xilas etmək üçün eşqin dərgahına üz tutmağımız gərəkir.
Florentina
Arisanın yenilməz
iradəsi, məğlubedilməz
ruhu zamana belə meydan oxumağı bacardı.
O, vüslətə yetişməkdən
ötrü yarım əsr döyüşdü!
Vəba günlərinin unudulmaz vaqeəsi Markesin sehrkar qələmilə bir eşq iksirinə
çevrilir.
Florentina
Arisa Fermina Dasanı gördüyü
gündən rahatlığı
pozulur, eşq atəşində qovrulmağa
başlayır, iş
o həddə çatır
ki, halsızlıq, ürəkbulanma, qusma onu haldan salır.
Anası
qorxuya düşür,
oğlunun vəziyyəti
artıq eşq pərişanlığına deyil,
vəba xəstəliyinin
simptomlarına bənzəyirdi.
Həkim isə onu müayinə etdikdən sonra bunu müəyyən etdi: eşqin və vəbanın simptomları eynidir. Vəba insanın orqanizmində, eşq isə ruhunda həmişəlik zədə buraxır.
Fermina Dasanın atası mənfəətcil
adam idi,
o, qızını kasıb
bir teleqrafçıya
verməzdi. Onun üçün eşqin heç bir önəmi yox idi. Şəhərdə vəbanın kökünün
kəsilməsində böyük
rol oynamış doktor Xuvenal Urbino elə həmin vəba günlərində Fermina
Dasanın könlünü
yox, eşqini oğurlayır. Demək, təkcə
vəbanı deyil, eşqi də zərərsizləşdirir. Florentina Arisa yenidən eşqinə
sahib çıxmaq üçün
51 il, 9 ay, 4 gün gözləməli
olmuşdu. İnadkar tutuquşu onun
bu fövqəladə
arzusunu gerçəkləşdirmişdi.
Doktor məhz bu sözəbaxmaz
tutuquşunu tutmaqdan ötrü nərdivana dırmaşmışdı. İşə baxın, doktorun
hüzr məclisində
Florentina Arisa çox asanlıqla əlini uzadıb quşu tutur və öz yuvasına salır. Burda tutuquşu taleyi simvolizə edir. Fermina Dasa ömrünü doktor Urbinoya sərf etsə də, onun alın
yazısında Florentina
Arisanın pozulmaz imzası vardı.
O zamanlar dənizin dibində batmış qaleon və onun içindəki xəzinə haqqında çox danışırdılar.
Florentina
Arisa o xəzinəni mütləq tapacağanına
and içmişdi və
bunu Fermina Dasa üçün edəcəkdi. Bundan sonrakı
ömrünü o xəzinənin
axtarışına sərf
edəcəkdi.
Vəba kütləvi şəkildə
insanların həyatına
son qoyurdu. Florentina Arisanın məktubları
isə sevənləri
bir-birinə qovuşdururdu.
Epidemiyalar sevgi hissinin
qarşısında çox
acizdir. Vəba və eşq
savaşında eşq
mütləq qalibdir.
Markes bu həqiqətə inanaraq yazırdı: “Bu dünyada
heç nə eşqdən güclü deyil”.
Vəba insanların payızıdır,
insanlığın yarpaq
tökümüdür. Eşq isə
insan ömrünün
yaz fəslidir. Koronavirus günlərində dünya
sanki qabığını
dəyişir, qlobal dünya arıtq əyləci basıb, postqlobalizasiya dönəmi
başlayır, bəşəriyyətin
tamamilə yeni bir mərhələyə
qədəm qoyduğuna
şahidlik edirik.
Dünya
kitab bazarında Markesin ölümsüz əsəri – “Vəba günlərində eşq”
ən çox satılan kitablar sırasındadır. İnsanlar evlərinə
sığınır, özüylə
baş-başa qalır,
hər kəs özünə yaşadığı
ömrün hesabatını
verir. Əcəllə üz-üzə qalanda hər kəs özünə “mən bu ömrü
necə yaşadım?”
sualını verir.
“Dünya bizim
evimizdir” deyirdi şair. Şəhərlər, ölkələr qapılarını dünyanın
üzünə bağlayır.
İndi dünya çətin imtahan qarşısındadır.
Hamımız bir gəminin
sərnişinləriyik. Bəlkə də suların dibinə gömülmüş
qaleondakı xəzinə
bizim yeganə xilasımız olacaq.
Fermina Dasa atasının acgözlüyünün
qurbanı olmuşdu, iradəsi xaricində vəba həkiminə təslim olmuşdu. Markes bu cümləni tez-tez romanın səhifələrinə acı
bibər kimi səpələyir: “eşq
deyildi bu”. Malerin musiqisi sanki bəşəriyyətə layla
oxuyur. Bütün dünya sanki
qorxunc bir yuxu içindədir.
Gün gəlir,
bir virus bütün dünyaya meydan oxuyur. İnsanlar qoxu, dad bilmə
hissini itirirlər.
Həyat
isə davam etməkdədir. Son günlər
viziona girən “Yer üzünün sonuncu eşqi” filmi
modern bir eşq hekayəsindən bəhs edir. Şotland rejissoru David Makkenzinin
2011-ci ildə çəkdiyi
bu film həm də dünya kinosunda yeni bir dönəmin başlanğıcını xəbər
verirdi. Bu film yeni dünyanın ilk qaranquşlarından oldu.
Filmdə bəşəriyyətə hansı
mesajlar ötürülür? Modern dünyanın faciələri
həyatımıza virus şəklində
daxil olur. Bu melodramın qəhrəmanları
Susan və Maykldır.
Susan epidemioloqdur, Maykl isə bir restoranda aşpaz işləyir.
Onlar bir-birlərini sevirlər.
Bu sevgi onları
yaxalayar-yaxalamaz epidemiya
araya girir. Öncə qoxu hissini itirirlər,
sonra kar olurlar, amma aralarındakı
sevgiyə xələl
gəlmir, əksinə
bu eşq daha da alovlanır.
Maykl bir gün Susanı
evdən qovur və həmin gün Susanın da qulaqları səslərə qapanır.
Anlayırlar ki, bir-birindən
ayrı yaşaya bilməzlər. Epidemiya isə
bütün şəhəri
ağuşuna alıb.
Susan geri qayıdır,
onların əlləri
bir-birinə toxunan anda dünya qaranlığa bürünür...
Gözləri də tutulur.
Amma onlar bir-birinə sarılıb ehtirasla öpüşürlər. Kənardan onları görə bilən olsaydı, heç nəyin fərqinə varmazdı.
Bədən və
hiss arasında kommunikativ
realllıq hələ
də itməmişdi.
Dünya
qaranlığa bürünmüşdü,
amma hələ dünyanın sonu deyildi. Həyat davam edirdi.
O sevgililər də qalibdirlər. Eşqin qalibləri.
Məlum qlobal fəlakət çağında psevdoelmi fərziyyələr çiçəkləyir, şamın işığı öləziyir, səhra daha da böyüyür. Bu gün sanki hamı zühur edəcək xilaskarı gözləyir. Amma bu dəfə göydən yerə deyil, yerdən göyə elçi göndərməyə ehtiyac var. Yer planeti bütün bəşəriyyətin adından tövbə ismarışını Tanrıya yetirmək üçün müqəddəs səfirini dərgaha göndərsə, düşünürəm ki, o gözəgörünməz də özündə olan mərhəmət, sevgi hissinin insanın da fitrətində olduğunu ona xatırladacaq. Mütləq xatırladacaq! “Mən səni özümə bənzər yaratdım” deyəcək. “Şeytana daş atma, içindəki şeytanı öldür” deyəcək. Şeytan eşqin qatilidir. Dünya eşq ilə Günəşin ətrafında dolanır. Bir gün yarasalar çəkilib gedəcək, yerində sevgi çiçəkləri bitəcək.
Hamımız bir gəmidəyik. Limanı olmayan bir səyahətə çıxmışıq. Bu gəmidə insanlığın bayrağı dalğalanır və dalğalanacaq. Florentina Arisanın kapitana verdiyi cavab kimi:
Bütün həyat boyu!
Kənan Hacı
Ədəbiyyat qəzeti.- 2020.- 25
aprel.- S.30.