Anamın gətirdiyi cehizlərin içində
bircə
“Xoşbəxtlik”
gəlməmişdi ata
evindən…
Elə indilərdə, elə indicə...
Sevincimin
həddi-hüdudu tapıldığı
yerdən
sükut girov götürdü sürünüb
gedən vaxtı.
Ovxalayıb şeirə söz yumşaldıram xatirələrin
hamısından.
Uçub
qəlbimə köçən
təngnəfəs qaranquşlardı
dimdikləyir göyərmiş
arzuları.
Mən gözümü
yumub-açdığım divarların vətəndaşıyam.
Yaxın gəl.
Boylu-buxunlu uşaqlığımı çıxart
qatlanmış dilimin
altından.
Təbəssümə qoşulan yerdən ayırıb
sənə pay qoymuşam
həyatı.
***
Bir otağı
üç otağa böyütmüşdük.
Həyətimiz böyük idi evimizdən.
Üç-dörd dənə tut ağacı
qurumuşdu,
Üzümüzü qaraltmaqdan, döyülməkdən, çırpılmaqdan...
Üç-dörd dənə nar ağacı qızarmışdı,
üzümüzü turşutmaqdan,
Ağzımızda turş dadmaqdan.
Bir otağı üç otağa böyütmüşdük,
Girişdəcə buxarlanmışdı mətbəx,
Həyat
qapını üzümüzə
çırpmışdı,
Ağzımızın dadı qaçıb getmişdi evdən...
"Pis günümüz belə olsun" deyə-deyə
Atamın qara əllərində yuyulub getmişdi yaxşı günlərimiz.
Anamın
gətirdiyi cehizlərin
içində bircə
"Xoşbəxtlik" gəlməmişdi
ata evindən...
Bir otağı üç otağa böyütmək,
Bir otaqda üç uşağı
böyütməkdən çətinmiş.
Saralmış divar kağızlarının
altında payızı
qarşılamaq,
Yağışdan çıxıb yağmura
düşməkdi.
***
Səni
ovcunun içində saxlaya bilməyən adam
darıxır barmaqların
bu tayında.
Küləyin havasına oynayır
həyətdəki ağaclar,
Mən də başımı qatıram.
Hərdən barmaqlarımdan yumruq hazırlamaq istəyirəm.
Qayıdıb özümə dəyir
"beşbarmaq" kimi.
Yeriniz yamanca görünür.
Anam hər gün yerinizi yığır alnının
qırışlarında.
Əqrəblər gecə saat
12-ni sancan kimi,
öldürür dünəni,
zəhərləyir bu
günü.
Evdə
hüznlü demokratiyadı!
Kədərin ürəyə girişi sərbəstdi.
Deyəsən, çoxdan yoxsuz.
Allah Adəmi qovan
gündən.
Ehh....
Yer kürəsini sıxıb
suyun çıxartmaq
istəyirəm,
arxanızca atmaq üçün.
Silahların ağzından üfləyib
mərmiləri
beşiyində boğmaq
istəyirəm.
Sonra özümə qayıtmaq...
Bir az əvvəl
şəkillərinizə baxırdıq.
Sınıxmısız.
Şərf də düşüb yalvarır ayaqlarınıza.
Vallah, dəbsiz
geyinmisiz.
Sizə
burdan "qayıtmaq"
göndərirəm
Geyinin, elə
bil biçilib əyninizə, boyunuza.
Başını tumarladığın o it də getdi
sən gedən gün...
Boynundakı ipi də apardı.
Yağış da yağırdı.
Sənə dediyim "rədd ol"a şəkləmişdi
gənəli qulaqlarını.
Hamı öz işində idi.
Hər şey öz yolunda düşmüşdü qəzaya.
Fransız ətirli Müsəlman
qadını
daha o şirin ətrin qoxusu qarışmır otaqdakı
acı havaya.
Ürəyini buz kimi saxla.
Ürəyimin açıqlığına baş
örtüyünü bağla.
İndi
yataq otağına matəm elan edib qaranlıq qonaq otağı
Qırçınlı pərdənin arxasından
Nə Günəş deyir: Sabahın xeyir.
Nə
Ay deyir: Gecən xeyrə.
Tıxaca
düşən fikirlərim
də, yəqin ki,
Xətasız-bəlasız çatar bu şeirə.
***
Hər səhər məni yuxudan oyadan qadın
daha məni unudub,
indi də kimsə oyadır.
Oyanıb görürəm ki, başım balışdan
yıxılıb.
İlk sabahın "xeyir"i də
Özü deyib utandıran,
Yəni
yeni bir sabahın olmağına inandıran qadın
Görən kimi utandırır?
Bir qadın yoxluğundan kim ölüb
ki, mən də ölüm.
ölən içki
şüşəsidi,
dünən dimdik dayanmışdı.
Bu gün çölə atılıb
O da mənim kimi
İçindəki boşluğundan yıxılıb.
***
Gecən
beşikdə qalsın,
səhəri yırğalıyım,
Üstünə şeirimi ört, isti geyin dərdini.
Qulağını kilidlə, sözüm
bayırda qalsın,
Bircə imkan ver mənə
iməkliyim qəlbini.
Gəl sevməkdən oynayaq, gəl sevməkdən mərc edək,
Bəlkə cüt qoşa düşdük bəxtimizin
üstünə.
Özünü "mən"lə öldür, boş ver cansız gülləni
Gündüzlər beyninə sıx, gecə ciyərlərinə.
Bu südəmər təkliyin
səndən nə vaxt doğulub?
Necə gözəl çəkirsən
darıxmağın nazını.
Bir doyumluq sevgi ver, ürəyim lap üzülüb,
Savabdı, Tanrı haqqı, doydur acın qarnını.
***
Eşidirsən?
Dünən doğulan kəpənəyin
taleyi rəngarəng oldu.
Bu çiçəkdən o çiçəyə bir
günlük ömür
apara bildi.
Sonra bir-iki çəllək bulud yağış ələdi
yer üzünə.
Qanadlarıyla bərabər yuyulub getdi alın yazısı.
Eşidirsənmi?
Dünən doğulan o çəlimsiz
qarışqalar da bu gün fil
boyda olub
ağlımıza qədər
işğal etdilər.
Ayırdılar ətdən dırnağımızı.
Birimiz ölməli,
birimiz gülməli adamlar qaldıq.
İkimiz də eyni adamlarıq,
sən demə.
Eşidirsənmi?
Yox, eşitmirsən.
Ürəyində danışma, Tanrı bizi eşidə bilər axı.
***
Qərənfil boyda uşaqlar idik,
Anamız gül balam deyib saçımızı
tumarlayanda.
Heç
vaxt gözləmirdik sabahı,
Harda olsa özü gəlib çıxırdı.
Əlimizdən gülmək gəlirdi.
Mən,
başındakı yaylığı
açıb xınaya
qoyan
ağ saçsız Ananın da yerinə gülürdüm
doyunca.
Oğlunun ölüm xəbərin gətirən adamı əliboş qaytarmamışdı.
Saçından və gülən üzündən qopardıb
vermişdi əvəzində.
***
Heyif...
Qərənfil boyda qala bilmədim
Qaçıb keçmək istədim
təngnəfəs həyatı
Eşələndim çürük ömrün
içində
Paslı
bir ümid də tapılmadı...
Paslı
bir ümid də tapılmadı ki, dünyanın əllərinə
batırım,
gözəllik xilas olub düşsün ovcuma.
Anar Adil
Ədəbiyyat qəzeti.- 2020.- 8
avqust.- S.7.