Yağan yağışı da sevirəm bil ki,
"Sən" adlı bir nəğmə oxuyur deyə.
Son sevgimsən
İlk sevdiyim deyilsən sən.
Sənə qədər nəyi
sevdim, kimi sevdim
bilmirəm mən.
Sənə qədər səndən
ötə sevdim bəlkə
ipək donlu gəlinciyi,
bərbəzəkli yelləncəyi.
Bəlkə qışı, qarı
sevdim,
Bəlkə də, baharı sevdim.
Sənə qədər onu
sevdim, bunu sevdim,
kimisinin gözlərini,
kiminin boyunu sevdim.
Bəlkə sevdim mən hamıdan çirkinini,
bəlkə də, ən gözəlini?
Amma demə sənə qədər
sevməmişəm heç
birini.
Demə
sənə çatanadək
bilməmişəm
sevgi nədir.
Amma ki, mən səni sevdim.
Hər tikəni, hər parçanı
gözlərimə, ürəyimə
yığdım elə.
Səni bütöv sevdim elə.
Hər daşını əzizlərəm,
Hər ağrını
ovudaram.
Yadlardakı hər qarışın dərd evimdi.
Hər yarana məlhəm olmaq,
yad əllərdən
səni almaq and yerimdi.
Adım "Vətən" deyən neçə şəhidin
var.
Türkün yurdu şəhid
olmaz,
türkün özü
şəhid olar.
"Vətən" adlı oğlun ilə,
qızın ilə mən əl-ələ
Təbrizimlə Bakım ilə
gedəcəyəm Qarabağdan
Zəngəzura,
İrəvana, Göyçə gölə.
Oxşayacam hər gülünü,
yarpağını,
oxşayacam mən hər qarış torpağını.
Bəlkə bir az
səndən doyum.
Səni bütöv sevəcəyəm
ömrüm boyu.
Sən uğruna öləcəyim,
sən uğruna yaşadığım varlığımsan
-
ana Vətən.
Səni bütöv sevirəm mən.
İlk sevgilim deyilsən sən -
Son sevgimsən.
Rafiq Hüseynliyə
O, Şuşada dünyaya gəlmişdi. 20 yaşında Azərbaycan
Dövlət Televiziyasında
diktor kimi fəaliyyətə başlayan
andan xalqın sevgisini qazandı. Qarabağ hadisələrindən sonra
neçə illər
efirdən uzaq qaldı. Sənət adamı üçün
bu ağır idi. Bu ağır
illərdə Ona xalqın sevgisi dayaq oldu. İllərlə efirdə görünməsə
də xalqın sevgisi azalmadı. Xalq bu sevgiylə öz sevimlisini son mənzilə yola saldı. Mən də həmin
gün xalqın öz sənətkarına
olan sevgisini duydum. Qarabağ dərdi, Şuşa
həsrəti içinə
hopmuşdu, ürəyinə
dolmuşdu. Cismini qoruya bilmədi.
Yaşaya bilmədi...
4 avqust dünyaya
gəldiyi gündü.
Onu sevən hər baxışda, hər səsdə,
hər ürəkdə
74 yaşı olacaq...
Göylər sonsuzdu, sonsuzluqdu.
Sən göyləri qoyub getmədin,
göylərə getdin.
Hərdən günəş olub
baxacaqsan,
Hərdən ulduzları sinənə taxacaqsan.
Hərdən yağış kimi
yağacaqsan,
hərdən darıxacaqsan
mənim kimi.
Mən də kövrək adamam,
ağlaya bilmədim
amma
Sənin
kimi...
İki gözüm
var, hərəsində
bir damla.
Gücüm yetincə gözlərimi
açdım,
yox, dünyanı görməkçün yox,
damlalar düşməsin
deyə,
kimsə görməsin
deyə.
Biri geriyə - ürəyimə
döndü .
biri gözümdə
qaldı sənin kimi.
Ehtiyacım
Baxma gözlərimdən axmayan
yaşa -
O yaşı silməyə gücün yetməz ki.
Bir ömür mənimlə,
ya mənsiz yaşa
Sənə ehtiyacım heç vaxt bitməz ki.
Əsən küləyi də
sevirəm bil ki,
hardasa saçına toxunur deyə.
Yağan
yağışı da
sevirəm bil ki,
"Sən" adlı
bir nəğmə oxuyur deyə.
Ay gerçək xəyalım,
ay yosun gözlüm,
Dünyam gözlərinə sığınıb
qalıb.
Deyə
bilmədiyim nə qədər sözüm
Hələ ürəyimə yığılıb
qalıb.
Hər yerdə hər zaman, bil, mənimləsən
Yaxın
ol, uzaq ol fərq eləməz
ki,
Mənim
gözlərimdə yaşayırsan
sən,
O sən gözlərimi atıb getməz ki.
Sənsiz
ötən illər nəyimə gərək
Sənli bircə anı əvəz etməz ki.
Bir ömür gözlərəm
deyəsən məntək
Sənə ehtiyacım heç
vaxt bitməz ki...
Yoxluq
Bir küçə ola
gəzib darıxasan,
bir ev ola gedib darıxasan,
bir adam ola görüb darıxasan...
yoxluğa darıxmayasan.
Bir küçə ola
gəzib darıxmayasan...
bir ev ola gedib darıxmayasan...
bir adam ola görüb darıxmayasan...
Yoxluğa darıxmayasan...
***
Əllərimdə verə bilmədiklərim,
Gözlərimdə deyə bilmədiklərim,
Ürəyimdə çəkə bilmədiklərim...
Döymə pəncərəmi
Yalançı ümid kimi sən
Döymə pəncərəmi, döymə.
Yalançı ümid kimisən,
Dəymə ürəyimə, dəymə.
Tapmadığım o izlərin səbəbkarı olacaqsan
Deyilməyən o sözlərin günahkarı
olacaqsan.
Onsuz da nəmdi hər
yerim
İslatma gəl məni, yağış.
Mən ürəyimə yığışdım
Sən də öz evinə yığış.
***
Ağrımaq ağrı deyil
ki...
ağrı canavar kimidir - didər səni
Yanar deyə, suya deyə bilmədiyindi
Donar deyə,
oda demədiyindi.
içinə dolan səsdi,
çəkə bilmədiyin
nəfəsdi.
Gülüşün acı dadıdı,
Çarəsizliyin adıdı...
Ağrı baxışın,yerişin
sürünmək rəngidi,
görməzsən
ürəkdən yağan
yağışın rəngini...
***
Min ildi, milyondu yaşı bilinmir,
özü öz-özündən
qədimdi dünya.
Gələnin, gedənin sayı
bilinmir,
amma elə bil ki, yetimdi
dünya.
Bitib tükənməyən xəyallar
kimi
neçə qışı
ötüb nə qədər yazı.
amma eyniadlı adamlar kimi
fərqlidi hər yayı, hər bir payızı.
Ya sənin, ya mənim, ya heç kiminsə
görəsən, bəs
onda kimindi dünya?
Məmməd Arazın da əgər deyilsə,
demək ki, doğrudan yetimdi dünya
Əgər
Əgər gəlmək istəsən
küləyə qoşulub
gəl.
Yazına
dön ömrümün
Çiçəyə qoşulub gəl.
Səni
axtaran gözə,
Doymadığım o səsə,
Həsrət qaldığım sözə,
Kəlməyə qoşulub gəl.
Əgər gəlmək istəsən,
Bəhanə axtarma sən.
Qəlbindəki arzuya,
İstəyə qoşulub gəl.
Qisas al ayrılıqdan,
Üz çevir tənhalıqdan,
Sevgi ilə çırpınan
Ürəyə qoşulub gəl.
Mənə nağıl danış
Mənə nağıl danış,
nağıl, ay ana,
Yatım
bu dünyadan bir az xəbərsiz.
Yatım
yuxularda nağıllar
görüm,
Yatım körpə kimi qəmsiz, kədərsiz.
Mənə nağıl danış,
eybi yox, ana,
Düşmənlər, xainlər olur, qoy olsun.
Ağ atlı oğlanlar
girib meydana
Təki düşmənlərə qələbə
çalsın.
Çəkib qılıncını qorxmaz igidlər,
Yağı düşməniylə üz-üzə
gəlsin.
Qorusun yurdunu, sonunda ellər
Qırx gün şadlıq etsin, sevinsin, gülsün.
Mənə nağıl danış,
nağıl, nə olar,
gecənin zülməti
məni sıxmasın.
O Simurq quşunu çağır, nə olar,
İşıqlı dünyaya məni aparsın.
Divlər
gözəlləri assın
saçından,
Quyuya salsınlar
Məlikməmmədi.
O da gözəlləri qurtarıb dardan,
sonunda tanısın mərdi, namərdi.
Mənə nağıl danış,
inanım sənə,
Qorxmayım, ay ana, təpəgözlərdən.
İnanım xeyirin qələbəsinə,
bilim qurtaracaq dünyanı şərdən.
Mənə nağıl danış,
ay ana, de ki,
Ötən günlərimiz nağıldı
elə.
Sonu yaxşı olur hər bir nağılın
nə qədər qorxulu olsa da
belə.
Mənə nağıl danış,
nağıl ay ana,
Bənzət dünyamızı nağıllara
sən.
Mənə nağıl danış,
ay nağıl anam,
Bir az nağıllanım,
ağıllanım mən.
Ömür
Heç
nə demirəm,
Heç
nə demirəm ki...
Daha nəsə deməkçün
saatı sevmədiyim yerdəyəm,
zamanın sevilmədiyi
yerdəyəm.
burda zaman uzaqlara aparır -
hər şeydən, hər kəsdən,
hər yerdən qoparır...
uzaqdı buralar.
Burda nə gözlənti, nə ümid var.
Nə də təsəlli tapılar.
Darıxan boşluğun,
boş darıxmağın
içindəyəm,
darıxan boşluq
kimiyəm
darıxan gecələrdə,
darıxan küçələrdə
nə edəcəyini
bilməyən biriyəm.
Hərdən yağışın səsinə ağlayıb,
hərdən güldüm.
hərdən kədəri,
hərdən sevinci dəniz bildim,
ləpələrlə oynadım.
Heç dayanmadım.
Rahat da olmadım...
Xoşbəxt olmağa, xoşbəxt etməyə çabaladım.
bir heç kimi üzümə çırpıldı çabalarım...
Mən bu çabaların altında
ölən biriyəm.
darıxmaq və boşluq var hər yerdə,
heç biri yox olmur, ölmür.
Mən,
sadəcə, darıxan
boşluğun içində
hələ ki diriyəm...
Kamalə Abiyeva
Ədəbiyyat qəzeti.- 2020.- 8
avqust.-S.13.