İnsan

 

Bir səhər ayılıb görək ki,

İnsanlar sevinc içindədi, -

Çarəsi tapılıb koronavirusun!

Dərindən nəfəs alaq...

Sonra da başlayaq

Bir-birimizin ətini yeməyə.

 

Gorbagor

 

Deyirlər: - Niyə təzə paltar almırsan,

Qorxursan kasıb düşəsən?!

Deyirəm: - Təzə paltar harama yaraşır?!

Yengibar bibioğlunun sözü olmasın,

Kürdəmir yemişi kimi qoonumuşam -

Dəyib ötmüşəm,

Bıçaq vur - cırr... eləyim.

Bilmirəm qabaqda gözləyir məni,

Bilirəm ey... amma haçandı, onu bilmirəm!

Cındırı çıxana qədər köhnələrimi geyəcəm,

Məndən sonra niyə aparıb versinlər məscidə!

Dəli-qudurmuşun biri

Götürüb təpə-təpişdirə əyninə,

O yan-bu yanı yerinə oturmayanda,

Dalımca nəmər göndərə:

- Gorbagor!

 

Yaşa doldum

 

İşim olmayanda iş haqqında fikirləşirdim,

Sonra işim oldu.

Evim olmayanda ev haqqında fikirləşirdim,

Sonra evim oldu.

Cavan idim,

Yadıma düşmürdü cavanlıq.

Yaşa dolandan

Başlamışam ölüm haqqında fikirləşməyə... -

Gözüm qalıb qapıda.

 

"Evdə qal"

 

Şifanerə çəkildi pal-paltarımız,

Özümüz evin küncünə!

Qalstukumuz, köynəyimiz istirahət eləsin,

Dik duqmaq arzusunda olan şalvarımız

Dədə-babasıyla qələt eləsin!

Rahat olar topuğumuz,

Ayaqqabımızın dincələr dabanı.

Qarajda canı çıxar rezin təkərli arabanın!

 

Qəşəm İsabəyli

 

Ədəbiyyat qəzeti.- 2020.- 8 avqust.- S.15.