Salam, qırmızı lalələr!..

 

"Dünya möminlərə zindan, kafirlərin behiştidir"

Məhəmməd Peyğəmbər

 

Dünya möminin zindanı -

Bir gün gülər, beş gün ağlar.

Salam, nəhrlər, dənizlər,

Salam, çöllər, salam, dağlar!

 

Dünya, sənə salam olsun!

Salam, yolda qara daşlar...

Salam, qara qarışqalar,

Salam, göyü qucan quşlar!

 

Salam, şəhid məzarları,

Güllü cənnətmi oralar?

Salam, qırmızı lalələr,

Salam, qırmızı yaralar...

 

Salam, köhnə-təzə dərdim,

Salam, dərdi soranlarım.

Salam, uçulan təndirim,

Salam, Ordu quranlarım!

 

Sən, ey Tanrım, bizə yar ol!

Bu didərgin duasıdır...

Peyğəmbər savaşı kimi

Haqqımızın savaşıdır.

 

Mina RƏŞİD

 

Ədəbiyyat qəzeti.- 2020.- 8 avqust.- S.27.