Dünya qibləsini itirmişdi
HEKAYƏ
Dünyanın
düz vaxtları idi. Qurbağa gölünə hələ
daş atmamışdılar. Hələ iki
qonşu xalq arasında savaş başlamamışdı. Hələ arvadı erməni olan türk kişiləri təlaş
keçirmirdilər. Hələ mən
doğulmamışdım. Anam hələ məktəb oxuyurdu, atam hələ subay idi. Babam xərçəngdən ölməmiş, nənəm
hələ dul qalmamışdı. Kəndimizdəki qoca palıd hələ utandığından
ölüb yerə girməmişdi. Hələ kənd
məzarlığında boş
yerlər çox idi. Mollaların sayı artmamışdı.
Kəndimizin erməni məzarlığı
olan tərəfində
hələ torpaq sürüşməmişdi. Əmimgilin biçənəyi hələ
daşla dolmamışdı.
Levon hələ qardaşı Aşotu öldürməmişdi.
Hələ bulaqlar qurumamışdı.
Kəndimiz hələ quraqlığın
ən zalımını
görməmişdi. Hələ ki
dünyanın düz
vaxtları idi.
Kəndlərimiz yaxın idi. Qonşu
kənddə bir neçə adam
tez-tez babamın qardaşı Fərhad əminin qarasına danışırdılar. Qonşu kəndin
qızı Fərhad əmiyə könül vermişdi, Fərhad əmi qonşu kəndin ən gözəl qızına aşiq olmuşdu. Qonşu kəndin qızını
qonşu kəndin zəngin ailəsi oğluna almaq istəyirdi. Qonşu kəndin
zəngin ailəsi təkcə qonşu kəndlərin camaatına
yox, öz camaatına da zülm edirdi. Fərhad atını suvarandan sonra minməzmiş.
Deyərmiş ki, at təzə
su içib. İçdiyini gözündən gətirməyim. Fərhad belə
Fərhad idi.
Nənəm deyərdi ki, qonşu kəndin zəngin ailəsinin ağsaqqalı Muxtarın
ancaq saqqalı ağ idi.
Ağsaqqallığı bacarmazdı. Nənəm deyərdi ki, Muxtar yaman əzazil
adammış. Qız-gəlinə də murdar gözləriylə göz
qoyarmış. Nənəm
onu da deyərdi
ki, kolxoz sədri olanda nolar, adamda gərək
qanacaq-qabiliyyət ola. Qonşu kəndin qız-gəlini
bizim kəndin qız-gəlininə həsəd
aparırmış. Çünki bizim kənddə "Muxtarlar"ı xoş
tale gözləmir. Muxtar "yuxarı"ların
yanında yerini bərkitmək üçün
aşağıları bütün
bərk yerləri əzilib sıradan çıxana qədər
işlədirmiş. Nənəm Muxtara
Murdar deyərdi.
Muxtar belə Muxtar idi.
Dünyanın üzü qibləyə yatan vaxtları idi. Kəndin dələduz uşaqları
hərdənbir qurbağa
gölünə daş
atırdılar. İki qonşu
xalq arasında münasibətlər soyuyurdu.
Arvadı erməni olan
kişilər təlaş
keçirirdilər, mən
hələ də doğulmamışdım. Anamsa məktəbi bitirmişdi.
Atam hələ də subay idi. Babam hələ xərçəngdən
ölməmiş, nənəm
hələ dul qalmamışdı. Qoca palıdsa
soyuyan münasibətlərdən
sarsılmış, boynunu
bükmüşdü. Kəndimizin məzarlığında boş
yerlər hələ də çox idi. Erməni məzarlığı olan tərəfdə torpaq hələ sürüşməmişdi. Əmimgilin biçənəyi də
hələ salamat idi. Hələ bulaqlar qurumamış,
quraqlıq olmamışdı.
Levonsa qardaşı Aşotu öldürmüşdü. Levon qardaşı Aşotu öldürsə də dünya hələ ki üzü qibləyə yatırdı.
Sanki Levon hələ
qardaşı Aşotu
öldürməmişdi. Sanki Aşot hələ
ölməmişdi.
Levon qardaşı
Aşotu ovda ehtiyatsızlıq üzündən
öldürmüşdü. Qardaşlar ovda
dumanda azmış, bir-birlərini itirmişdilər.
Levon səs eşitmiş, uzaqda bir qaraltı
görmüş və
qaraltının qaban olduğunu zənn edib atəş açmışdı. Levonun qaban
zənn etdiyi qaraltı qardaşı Aşot idi. Bu hadisəni çox
çək-çevir etdilər.
Hadisənin ehtiyatsızlıq üzündən baş verməsi təsdiqləndi.
Levon 2 ilini həbsdə keçirdi. Levon həbsdən qayıdandasa...
Dünya üzü qibləyə yatmaqdan yorulmuşdu. Dünya düz
vaxtları üçün
darıxırdı. Savaş başlamışdı.
Anam atamla ailə qurmuşdu. Mən hələ də
doğulmamışdım. Arvadı erməni olan kişilər ölkədən
qaçırdılar. Babam hələ sağ idi. Babam sağ idisə demək ki, nənəm hələ dul qalmamışdı. Nənəmin dul qalmasına hələ 1 il qalırdı.
Nənəmin təbirincə desəm dünyanın zayı çıxdığı vaxtları
idi. Müharibə hər gün
neçə gəncin
həyatına son qoyurdu.
Fərhadsa müharibəyə getmədi, sözün düzü, gedə bilmədi. Çünki Muxtarın oğlu
avara dostları ilə öldürdülər
Fərhadı. Qonşu kəndin
ən gözəl qızı gəlin köçmədən dul
qaldı, həyatının
son gününədək Fərhada
sadiq qaldı. Könül xanım könlünü
başqa Fərhada vermədi. Könül belə Könül
idi. Sovetlikdə ən gözəl
tayanı Fərhad qoyarmış. Muxtargil
ot daşıyanda
Fərhadı çağırmışdılar
köməyə. Fərhad yüksəklikdə
tayanı bağlamaq üçün son işləri
görüb bitirəndən
sonra Muxtarın avara gədəsiylə dələduz dostları kəndiri qəsdən boş saxlamışdılar,
Fərhad yüksəklikdən
yıxılmış, həmin
andaca vəfat etmişdi. Fərhad cəmi 29 il
yaşadı. Onda hələ
bilmirdik ki, Fərhadın ölüm
səbəbi qonşu
kəndin ən gözəl qızını
sevmək olmayıb.
Onda hələ bilmirdik ki, qonşumuz bilib duz-çörək verdiyimiz ermənilərin əksəriyyəti erməni
fonduna pul köçürürlərmiş. Onda hələ bilmirdik ki, bu
fonda pul
köçürməyən ermənilər Ermənistana
qayıda bilmədilər,
məcburən başqa
ölkələrə sığındılar.
Onda hələ bilmirdik ki, Muxtarın da arvadı erməni imiş. Onda hələ inanmırdıq
ki, qonşularımız
bizə ölüm arzulaya bilər. Onda mən hələ yeni doğulmuşdum.
Atamın məni görməyə
gözü yox idi. Onda atam atası
yenicə vəfat etmiş gənc idi. Fərhad əminin ölüm
səbəbinisə öyrənmişdik.
29 yaşlı Fərhad antikommunist fəaliyyətdə təqsirkar
bilinmiş və belə şərəfsiz
yolla zərərsizləşdirilmişdi.
Çar
dövründə zülmə,
təqibə məruz
qalan nəslimizi Sovet dövründə də rahat buraxmadılar.
Muxtarın oğlu dünyanın
düz vaxtında şərəfsiz əməl
törətməklə dünyanın
ahəngini pozmuşdu.
Hökumət adamları bilirmiş
ki, Muxtarın oğlu da kəndin
ən gözəl qızını sevir.
Bu gizli nifrətdən
istifadə edən hökumət nümayəndələri
Fərhadı Muxtarın
oğlunun əli ilə öldürmüşdülər.
Hökumət nümayəndəsi Namazovun kəsdiyi başa sorğu-sual olmazdı. Namazov belə Namazov
idi.
Nənəm onu da deyərdi ki, dünyanın zayı çıxsa da, heç kəsdən payını əsirgəməz. Muxtar dəli olub çöllərə düşdü. Muxtarın avara gədəsi öz evində yanğında öldü. Babam Fərhadın həsrətiylə uzun illər yaşamadı, yaşaya bilmədi. Amansız xərçəng xəstəliyi yaşamağa qoymadı babamı. Onda mən artıq iki gün idi ki, doğulmuşdum. Savaş davam edirdi. Kəndimizin məzarlığında boş yerlər dolurdu. Qonşuluğumuzdakı erməni ailələri münaqişə başlayan ərəfədə Ermənistana və başqa ölkələrə getmişdilər.
Müharibə davam edirdi, keçirdiyi avtomobil qəzasında aldığı xəsarətə görə atamı cəbhəyə aparmadılar. Çox cəhd eləsə də, icazə vermədilər. Həmin günün axşamı kəndimizə atamın sinif yoldaşlarının, uşaqlıq dostlarının cənazələrini gətirdilər. Balaca bir kənd üçün bir günə 4 şəhid qəbul etmək ağır idi, çox ağır.
Dünyanın düz
vaxtları bir də olmayacaqdı. Qurbağalar susduğundan
daha gölə daş atan olmurdu.
Qurbağalar da dünyanın
düz vaxtlarının
həsrətini çəkirdilər.
Nənəm 50 yaşında dul
qalmışdı. Qoca palıd
kiçilib- kiçilib,
başını əyib
gövdəsinə sığınmışdı.
Kənd məzarlığında boş
yer qalmamışdı.
Mollaların sayı çoxalmışdı.
Erməni məzarlığında torpaq sürüşsə
də kənd camaatı ölülərə
hörmət göstərib
məzarlığı qoruyub
saxlamışdılar. Bulaqlar qurumuş, quraqlıq kəndimizi taqətdən
salmışdı. Erməni məzarlığında
torpaq sürüşdüyündən,
əmimgilin biçənəyi
daş qalıqları
ilə dolmuşdu.
Namazovun qızı vərəmdən
ölmüşdü.
Dünya qibləsini, adamlar doğmalarını, Könül
Fərhadını, nənəm
ərini, atam atasını, mən babamı itirmişdim. Dəhşət isə o idi ki, dünya qibləsini itirmişdi.
Nicat Həşimzadə
Ədəbiyyat qəzeti.- 2020.-
8 avqust.- S.31.