Əvvəl bir yağış
yır-yığışından
Unudulmaz
Vaqif Səmədoğlunun ən quraqlı günlərimdə
belə qulaqlarımda səslənən bir şeiri var. Bəndləri
"görürsənmi", "eşidirsənmi" kəlmələri
ilə başlayan, hətta şeir yazağzı torpaq
çiçək doğanda da, yayda bürkü
yaşıllıq boğanda da, payızlara piyada, taksidən
düşəndə də, qışlarda cahan və insan
soyuqluğundan bürüşəndə də gözü,
qulağı məzarsız sözünə və qəbirdəki
özünə doğru şəkləndirir,
tuşlandırır:
Görürsənmi,
amma necə görəsən
Qurtarmayıb
hələ də
Aramızdan
keçən qatarın vaqonları...
Eşidirsənmi,
amma necə eşidəsən
İki il, yeddi ayın ayrılığıyla
Tutulub
qulaqlarımız, -
bir
yandan da bu yağış...
Əsl şimşək, ildırım yaylım atəşli
yağışlı zamanlardasa birgə günlərimizin
xatirələrində islanıram. Heç
özümü güneyinə sərib qurutmaq da istəmirəm.
İndi onu müdriklik simasında görür, səsini
ildırım gurultusuvari eşidirəm:
- Nə
oldu, a sarı, bəs mənə söz vermişdin.
Yeniyetmə yaşlarında dünyanın ən
ağır qantelini qaldırmış (ata
ölümünü telefonla eşitmişdi) Vaqiflə o
zamanlar Rəsul Rza qayğısına bürünüb Azərbaycan
Sovet Ensiklopediyasında bərabər
çalışırdıq. İşin
ortasında özümüzü sahildəki dəmxanələrin
birinə verirdik. Hər bəndəyə
ürəyi və ağzı nadir açılan Vaqif
adaşıyla işinmişdi. O, hərdən dünya və
ata qəmxanəsindən yüngülləşmək
üçün bəzi xatirələrini söyləyirdi. Həmin
xatirələrin hamısını əvvəldə dost zəmanətinə
bənzəyən sözlərlə başlayırdı:
-
İkimiz də Vaqif, ikimiz də qazaxlı, ikimiz də 1939-cu il doğumlu, ikimiz də yarıheca, yarısərbəst
adam və şair. Birimiz sarı aşıq, o
birimiz qara... günlərin bir günüsə atasıyla
bağlı həmin xatirəni danışdı. O
günəşli gündə qara bulud kimi dolduğunun səbəbini
sonradan öyrəndim...
Şəmşir şəmşiri
Proloq
(və ya iki zirvə
görüşü)
Atam Səməd
Vurğun həmin il bəlkə də
"Azərbaycan" şeirini öz elinin, ulusunun bir köhləninə
çevirmək istəmişdi (Dilbaz. Qarabağ
atına fərqi yox). Balalarını
başına yığıb bir Azərbaycan səfəri
başlamışdı. Səfərimiz
Yuxarı Salahlıdan Kürün aydınlıq kimi torpaqlarımıza
yetişdiyi yerdən başlamışdı. Həmin səfərin bələdçisinə, sinəsini
xalqının zirehli qalalarıvarı daş kitabəsinə
döndərmiş Səməd Vurğun olmuşdu. Gəncədə Cavad xanın, oğlunun Sisyanovlara
qarşı sinə gərdiyindən qəhrəmanlıq dərsi
keçdik, İmamzadənin müqəddəsliyinə
çəkildik. Şamaxıda təbabət,
hikmət, şeiriyyət məktəbinin şagirdinə
çevrildik. Şuşada, İsa bulağının
muğam "səhnəsində" Xanın səsiylə
havalandıq...
Ən nəhayət, güzarımız Dəlidağın
ətəyinə düşdü. Hər eldə, obada
olduğu kimi, mahalın ağsaqqalı, qarasaqqalı
şairinin başına yığışmışdı.
Məclisin başlaması işarəsini
gözləyirdi.
-
Ağdabanlı balası gəlməsə olmaz...
Hamını məəttəl qoymuş adamla
maraqlandım.
Fürsət tapıb atamdan soruşdum...
- Gözlədiyimiz
burdakıların hamısından böyükdümü?
- Nəticəni
özün çıxardarsan. Məclis
sonrası soruşacağam.
Atama ərki çatanlardan biri zarafata saldı.
- Yəqin,
hansı biçənəkdəsə ya ot çalır, ya
dağın yağış tutmayan yerindəki talaların
birində arılarına baxır, ya da dizinin üstə qələmiylə
varaqlara kotan əkir. Onsuz da bərkdən yemək-içməyi
də yoxdu.
Bir azdan Ceyran bulağının üst yanından at
kişnərtisi eşidildi. Halbuki gözlər
bulağa uzanan el yoluna dikilmişdi. Kiminsə kişnərtiyə
bənzər səsi ümidləri azdırmağa
çalışdı:
-
Aşığın bu həndəvərin
cığırından atı keçməz. Hansı
meşəbəyidisə, kabab iyinə gəlir.
Amma, sən demə, gözlənilən qonağın da
atkeçməz yolları varmış. Həm də
at oynatması. Əvvəl köhlənini
şaha qaldırıb kişnətdi. Sonra
atdan sivrilib özü şeir nərəsini çəkdi.
Atamı bu görüş sevinc heykəlinə döndərmişdi. Həmin an
Dəlidağ ətəyində onun talaları kimi
çiçəkləyən bir Səməd Vurğun
vardı. (Həmin ovqatında Vurğunun həmin
səfalı dağ güllərinə ehtiyacı vardı.
Zamanın canını yüklədiyi yeli - quzu
həmin çiçəklər uçura, dumanı, sisi ətirləri
qaçıra bilərdi).
Sözün düzü, əvvəl-əvvəl xeyli təəssüf
hissi keçirdim. Çünki bu arıq, balacaboy adamın canında,
varlığında nələr yatdığından xəbərsiz
idim... (atamla bağlı bir xatirənin
içinə düşdüm. Arıq,
cılız Vəkiloğlunu Firudin bəyin hüzurunda
gördüm və səsini eşitdim, nə bilirsən bu
arıq, quru canın içində nələr var).
Sən
demə, həmin an üz-üzə, göz-gözə dayanan
həmin iki adam bir-birinin
varlığını görə, duya, oxuya bilirmiş. Və
həmin an görüşlərinin
şeirini Dəlidağın hanasında onun gülləri,
çiçəkləri ilə butalayır,
bulaqlarının, yarpaqlarının quşlarının səsiylə
bəstələyirmiş.
Gözlər insanların öz aləmlərinə
dünyanı yerləşdirməyin
alaqapılarıymış. İnsanlar cahanın
gözəlliklərini onlarla çəkir,
göyqurşağı rənglərə boyayır, həmin
rənglərin çalarlarına uyğun səsləndirir.
(Sonralar şəkil çəkmək istəyim
yarandıqda bunları başa düşdüm. Makinam olmayanda xoşuma gələnləri gözlərimlə
çəkdiyimi duydum).
Nəhayət, gözləriylə bir-birinə
qovuşanlar, əlləriylə də sarıdı. Yenə də
xeyli müddət bax beləcə qaldılar. Sanki həmin an hər ikisi buna da ehtiyacları
olduğunu başa düşürdü. Zamanın
keşməkeşləri əlli yaşına
çatmamış Vurğunun başını Dəlidağın
qarlı zirvəsinə çevirmişdi. Canına rişə salmış
sızıltıları Dəlidağın buz
bulaqlarının, qurğularının, qaymaq çiçəklərinin
amanına gətirmişdi. Bütün bu
sızıltıları Dəlidağın elçisi
yana-yana eşidir, özü də sızıldamağa
başlayırdı. O bu gün bir söz nəhəngi
qarşısında bir elatın, ozanı kimi yalnız
çalıb çağırmamalı idi. Özünü,
sözünü, sazını həm də Dəlidağdan
ilhamla yanaşı qüdrət almış bir loğmana
çevirməli idi.
Atamın şairlər vətəni bizim tərəflər
dediyi Qazaxda sazı və ona sarılanları çox
görmüşdüm. "Kərəmi" üstə sazla
özünü yandıranlar hissələrimi belə
alovlandırmışdı. Aşıqları
saza sarılanda, Kərəmi üstə onlar Kərəm,
qovuşa bilmədikləri Əsli də söz olur.
Amma Dəlidağ ətəyindəki Şəmşir
sazı həmin gün məndə başda bir aləm
yaratdı.
Şəmşir sazını dizinin üstə qoydu. Bir anlıq
sükuta daldı. Sonra yavaş-yavaş
onu köynəkdən çıxarmağa başladı.
Bax həmən gün mən, sanki ən qədim, ən
doğma bir çalğı alətimizin abidəsinin
açılışını gördüm. Həmin heykəli,
sanki bərk bir əl açmışdı. Və saz da, məkan da ibtidasına qayıdıb Dədə
Qorquddan üzü bəri yolsuluğuna
başlamışdı. Qopuzunun
açılışını Qorqud ata elədi.
Sazın köynəyində Yunus Əmrələrin,
Sarı Aşıqların, Ələsgərlərin əlləri
bir sənətin durna qatarlarına çevrildi.
Sonra bir xalqın iki sinədəftəri söz
meydanı suladı. Və həmin tarixi leysan saz və söz
qədirbilənlərin (bəlkə də, bütün
xalqımızın) yaddaşına həkk olundu.
Aşıq
Şəmşir (Dəlidağın və dəliləri kəlbəcərlilərin
ağzıyla)
Elimin günümün böyük şairi.
Gətirib
dağlara səfa xoş gəlib...
Səməd
Vurğun (şəfa diləkli bir can avazıyla)
Aşıq
Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli, daşlardan xəbər al məni.
...Axır
ki, həmin görüş yaddaşımda saz abidəsinin
açılışı kimi qaldı. Həmin
açılışı onun son nəhənglərindən
dədə Şəmşir etdi.
Bir də Koroğlu misilli igidlərimizi "Cəngi"
üstə yaddaşıma naxışladı. Xalqımızın
düşməni üstə həm misri qılınc, həm
də misri saz çəkdiyini anlatdı. Düşməni
ilə böyük qeyrəti və mənəviyyatı ilə
vuruşduğunu başa saldı.
Qəliverli
şalvar geymiş həmin çəkməli adam
həmin gün gözümdə Dəlidağa çevrildi.
Sazı da Şəmşir şəmşirinə.
Şəmşir şəmşirinə
Epiloq
(və ya
Vurğunun, Şəmşirin dağadönüşü)
Əvvəl erkən gəlmiş qonaqların əli,
ayağı çəkildi. Sonra Şəmşir
atını yedəyinə aldı.
Bu ayrılıq iki sənətkarın
üz-gözünü dumanlandırıb sisləndirmişdi. Bu dəfə
Dəlidağın ətəklərinin çəni
onların varlığından süzülürdü.
Vurğun
sözləriylə vidalaşdığı aşığın,
söz vurğununun yollarından çəni-dumanı
kürümək istədi:
-
Yolçu gəldiyi atla, gəldiyi kimi də yalmanında geri
dönər, ay dədə, dədə...
-
Aşıq atın yox, sazın yalmanından düşməsin,
ay dədələr dədəsi...
Duman soyumuş məclis yerini basmamış atamı
görə bilmədim. Uşaqlıqdan onu izləmək, kənardan
seyr edib bənzəmək, istəmək vərdişim
vardı. Atamı tapa bildim. Həm də son
günlərinin ən təsirli mənzərəsiylə.
Dəlidağ ətəyindəki nəhəng
bir palıda söykənib xəyala dalmışdı.
Həmin an yeniyetmə ağlıma başqa şey gətirdim.
Şair atamın yeni bir şeirinin misra məcrasına
düşdüyünü fikirləşdim.
Sonralar...
Lap
sonralar...
Özüm ata yolunun misra məcasına düşən
zaman anlaşılmazlıqlarımın dumanı, sisi çəkildi.
Atamın
bizimlə son səyahətinin mənasını necə var elə
anlaya bildim: Şəhərdə böyümüş
balalarına özünün son, - Azərbaycan sevgisi dərsini
keçmək istəyirmiş.
Özünün geriyə yolu olmayan xəstəliyə
tutulduğundan da xəbərdar imiş (bunu ailəsindən
başqa, çoxu bilirmiş. Fadayev özünə
son gülləni sıxmamış demişdi; mən necə
öləcəyimi bilirəm. Amma
böyük dostum Səmədi gizli gülləsi içindən
vura-vura gedir).
Demə, son ümidiylə yolunu Dəlidağa
salıbmış. Onun söz dəlişi Şəmşirə
pənah gətiribmiş. Sazın, sözün qüdrətiylə
canında can tapmağa Dəlidağ boyda ümidi
varmış (hələ beş
yaşında ikən atam ölümün pəncəsinə
düşübmüş. İki iri
gözlü, bir dəri, bir sümük uşaqdan Gəncəbasar,
Tiflis həkimləri də əl üzüb Allaha
tapşırıbmışlar. Balasından
əl üzüb, hüznünü sazın ağzını
veribmiş atası Yusif ağa, o çaldıqca uşaq
dirçəlməyə başlamışdı. Beş yaşındakı Yuxarı Salahlının
Səməd adlı bir tifili ikinci dəfə havacatlardan
doğulub söz və saz balasına çevrilmişdi).
Əlli yaşında özünü Şəmşir
şəmşirinə gec çatdırmışdı. Gec...
Demə,
həmin an palıda söykəndi atam,
misralarına söykənmək istəmirmiş.
Azərbaycanın
ən hündür yerindən, Dəlidağın
yaşından canı qədər sevdiyi Azərbaycan ilə
vidalaşırmış...
P.S. (Pərsəng
söz) Adaşım o zaman gözləmədiyim bir istəyini
bildirmişdi.
- Sən əməlli-başlı
nasirə çevrilmisən. Gələcəkdə
döşünə yatsa bunu qələminin ağzına verərsən
(o zamanlar "Uzundərə" və
"Ceyrançöllü qoç Kərəmli" adlı
iki nəsr əsərim işıq üzü
görmüşdü. Əvvəl istədiklərinin
şəkillərini gözləri ilə çəkən
Vaqifin də bir istəyi (xobbisi) doğulmuşdu. Gözdən foto makinasına keçmişdi. Həmin nəsr kitablarımdakı fotoların
müəllifi qara aşıq dostum Vaqif Səməd
oğludu. Həmin şəkillərə
görə qarşısında borclu kimiyəm. Boynumda "Şəmşir şəmşiri"
borcum var.
Qəribədir, bunları xatirəvari qələmə
almaq istərdim. Sonralar ortası boş şanıya bənzəyən
bir romanın önlüyü və sonluğuna bənzətdim.
Həmin şanıları ballandırmaq istəyirəm.
Dədə Şəmşiri sağlığında bir
dəfə görmüşəm.
İlk
kitabının şirinliyini Kəlbəcər balı
şəklində dadmışam da. (Həmin
unudulmaz xatirəm Cəmilə Çiçəyin ustad
haqqındakı xatirələr kitabında çap olunub).
Şəmşir
yadigarlarından dadıma çatanlar olsa, onun aləminə
(həm Kəlbəcərinə, həm kəlbəcərli
iç dünyasına) bələdçimə çevrilsələr
boq şanıları ballandırmağa
çalışacağam.
Romanım (bu görkəmli adamların həyatı
silsiləsindən olacaq) ərsəyə çatanda
üzümü Vaqif Səmədoğluya tutacağam.
Görürsənmi:
Səməd Vurğun, Dədə Şəmşir Dəlidağın
söz və saz zirvəsinə dönüb.
Eşidirsənmi:
ondan kəsilmədən, kəsilmədən, kəsilmədən
saz və söz səsi gəlir...
Vaqif Nəsib
Sarıhüseynoğlu
Ədəbiyyat qəzeti.- 2020.- 8
avqust.- S.28-29.