"Mozalan bəyin səyahətnaməsi":

mülahizələr, qənaətlər  

 

Cəlil Məmmədquluzadənin təbiricə "Molla Nəsrəddin"i "təbiət" və "zəmanə" yaratdı. Zaman həm də Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, S.Mümtaz, Q.Şərifov, Ə.Qəmküsar, R.Nəcəfov, M.H.Zeynalov və onlarca həmməslək, həməqidə qələm əhlini, qüdrətli söz sahiblərini - şair, nasir, publisistlərini yaratdı. "Molla Nəsrəddin" tək bir nəfərin əsəri deyil, Məmmədquluzadənin "bir neçə əziz qələm dostlarının - yoldaşlarının" əsərlərinin birgə məcmuəsi oldu və bu birgəlik Azərbaycan ədəbiyyatı tarixində satiranın yeni bir mərhələsini yaratmış oldu. Satira "Molla Nəsrəddin"də dərc olunan bütün hekayə, şeir, felyeton, lətifə, atalar sözü, müxtəlif tipli xəbərlər və elanlar, hətta "Poçta qutusu"nda oxucu məktublarına verilən cavabların belə nüvəsinə çevrildi. Satirik üslubun bütün imkan və vasitələri səfərbər edildi: "Yuxu"lar görüldü, heç vaxt edilməyən "Zarafat"lar olundu, dünyanın ayrı-ayrı məmləkətlərindən "Xəbərlər" eşidildi, hətta "Qəbirdən", "Behiştdən", "Cəhənnəmdən" məktublar yazıldı, nənələrin danışdıqları "Nağıllar", uşaqlıq xatirələri yada düşdü. Empirik rüşeymləri ədəbiyyat tariximizin uzaq qatlarında görünən ənənəvi səyahətnamələrə yeni biçim və rəng qatıldı, yazarlar gördüklərini (əslində görmək istəmədiklərini) "Səyahətnamə"lərdə qələmə aldılar. Tədqiqatlarda M.F.Axundzadənin mütərəqqi ənənələrinin uğurlu davamı, "ilk realist satirik roman", "İran həyatının ensiklopediyası" kimi qiymətləndirilən Zeynalabdin Marağayinin "İbrahim bəyin səyahətnaməsi" əsərinin təsiri ilə yeni tipli səyahətnamələr yazıldı. Gorkəmli ədəbiyyatşünas Ə.Mirəhmədovun fikrincə, "XIX əsrin axırı XX əsrin əvvəllərində Azərbaycanda heç bir kitab "Səyahətnamə" qədər şöhrət tapmamış, Məmmədquluzadə və onun dostlarına heç bir kitab "Səyahətnamə" qədər xoş gəlməmişdir... Bu əsərin ayrı-ayrı seçmə yerləri onların dilinin əzbəri, ədəbi məclislərin söhbət və mübahisələrinin, bir-birinə yazdıqları məktubların əsas mövzularından biri olmuşdur" (Mirəhmədov Ə. Azərbaycan Molla Nəsrəddini. B., 1980, s. 194).

"İbrahim bəyin səyahətnaməsi" digər müasirləri kimi, C.Məmmədquluzadənin də ideya aləminə daxil olmuşdur. Təsadüfi deyil ki, yazıçının M.Füzuli adına Əlyazmalar İnstitutunun saxlancında olan şəxsi arxiv materialları içərisində "İbrahim bəyin səyahətnaməsi"nin (fond - 31, s.v. 555) fars dilində Qahirə nəşri var (Əliyeva A. Cəlil Məmmədqulizadə (Molla Nəsrəddin) arxivinin təsviri. B., 2011, s. 323).

Ümumən, yaradıcılığı, o cümlədən, "Molla Nəsrəddin" (1906-1931) jurnalının ilk saylarından başlayaraq nəşri boyu C.Məmmədqquluzadə felyetonlarında "İbrahim bəyin səyahətnaməsi"nə tez-tez müraciət etmiş, bəzən əsərin kiçik hissələrinin fars dilindən tərcüməsi çap olunmuş, əsərdəki mövzulara karikaturalar çəkilmiş, "Həmşəri" (1907, ¹ 3) felyetonunda isə "cırıq-mırıq həmşəriləri"n "İndi bəs nə eləyək?" sualına "İbrahim bəyin səyahətnaməsi"ni oxuyun... oxuyun... oxuyun" kimi tövsiyə etmışdır. Yazıçı həm də "Səyahətnamə"nin təsiri ilə jurnalın nəşrinin ilk illərində "Lemsə tayfasından Reynqart"ın "səyahətnaməsi"ndən "Müsəlman içində gördüklərim" (1906, ¹ 21) və ingilis səyyahı cənab Bekkerin "səyahətnaməsi"ndən "Meşədə gördüklərim" (1907, ¹ 2, 4) başlığı altında ədəbi mistifikasiyanın həcmcə kiçik gözəl nümunələrini yaratmışdır. Jurnalda dərc olunan "Mozalan bəyin səyahətnaməsi" əsəri də məhz Z.Marağayinin "İbrahim bəyin səyahətnaməsi"nin təsiri ilə yazılmışdır.

Niyə "Mozalan bəyin" səyahətnaməsi? "Mozalan" jurnalın 1906-cı il 2-ci sayından başlayaraq nəşri boyu - 1930-cu ilin 26-cı sayına kimi "Molla Nəsrəddin"də istifadə olunan gizli imzadır. "Mozalan" - antroponim - köməkçi şəxs adı, heyvan adı bildirən zooantroponimdir. Jurnaldakı "Ağcaqanad", "Mığmığa", "Diddili", "Vızvıza", "Hüd-hüd" kimi bir yerdə qərar tutmayan, xisləti sancmaq, narahat etmək, incitmək, oyatmaq, qan sovurmaq olan həşərat adı bildirən entomonimlərdən biridir (Adilov M., Paşayev A. Azərbaycan onomastikası (izahlı terminoloji lüğər). B., 2005, s. 129).

Əsli "Mozalan" olan bu imzanın "Molla Nəsrəddin"də "Mozalan bəy", "Məşədi Mozalan bəy", "Dilinin ucundan avara düşən Məşədi Mozalan bəy", "Əz-tərəfi-imza Mozalan", "Filan və filan Mozalan", "Molla Nəsrəddin idarəsinin təbibi Mozalan", "Qardaşın Mozalan Tağı", "Sənin nökərin Mozalan" kimi bənzəri və törəmələri var (Qasımova E., Əliyeva A. İmzalar. "Molla Nəsrəddin" (1906-1931). B., 2015). "Mozalan" C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.Haqverdiyev, Q.Şərifzadə və S.Mümtazın istifadə etdiyi müştərək gizli imza - koynonimdir (Məmmədli Q., Əliyeva A. İmzalar. B., 2015).

Eyni gizli imzadan başqa bir müəllifin də istifadə etməsi birinci halda fərdi məzmun daşıyırsa (bilmədən, xoşa gəldiyi üçün, şəxsiqərəzlik, plagiatlıq, imzanın şöhrəti altında gizlənmək və sair), ikinci halda daha çox birgəlik mahiyyəti daşıyır. Bu müştərəklik təkcə gizli imzaya deyil, bilavasitə əsərin özünün yaranışına aid olur. "Mozalan bəyin səyahətnaməsi" üç müəllif - Ə.Haqverdiyev, Salman Mümtaz, Q.Şərifzadə tərəfindən yaranan, eyni gizli imza ilə nəşr olunan bir əsərdir. Müştərək gizli imzanın satirik üslub üçün yararlı olan məna tutumu, oxucu düşüncəsinə təsir gücü əsərlərinin gələcək taleyi ilə bağlı heç bir umacağı olmayan yazıçının zamanında yazmaq istəyini təmin etmişsə də, belə əsərlərin müəllifinin müəyyən edilməsi gələcək tədqiqatçılar qarşısında bərpası uzun zaman və ciddiyyət tələb edən istintaq xarakterli problemlər yaratmış, üst-üstə düşməyən fikir müxtəlifliyinə səbəb olmuşdur.

Gizli imza, xüsusilə, müştərək gizli imzanın yaratdığı çətinliklər səbəbindən bəzən eyni bir əsər hər iki müəllifin "Əsərləri"nə daxil edilmiş, bəzən Ö.F.Nemanzadə, M.S.Ordubadinin felyetonları C.Məmmədquluzadənin "Əsərləri"ndə özünə yer almış, yaxud da əksinə, Mirzə Cəlilin felyetonları M.S.Ordubadiyə aid edilmişdir. Belə qüsurlar M.Ə.Sabir, Ə.Nəzmi, Ə.Qəmküsar, M.H.Zeynalovun və digərlərinin əsərlərinin nəşrlərində də görünəndir (Əliyeva A. Cəlil Məmmədquluzadə əsərlərinin mənbələr üzrə müqayisəli biblioqrafiyası. B., 2011, s. 85-107).

Fikrin təsdiqi üçün nümunə kimi, "Molla Nəsrəddin" jurnalında silsilə şəklində nəşr olunan "Mozalan bəyin səyahətnaməsi" əsərinin müəllifliyi ilə bağlı tədqiqatlarda üst-üstə düşməyən fikir və qənaətlərə diqqət yetirməyə ehtiyac var. Ə.Haqverdiyevin "Molla Nəsrəddin" haqqında xatiratında oxuyuruq: "Bir dəfə cəm olub "İbrahim bəyin səyahətnaməsi"ndən söhbət edirik: burada "Molla Nəsrəddin" dostlarından Faiq Nemanzadə, Salman Mümtaz, Qurbanəli Şərifzadə var idi. Bunu da deməliyəm ki, "Molla Nəsrəddin"in cəmi Türküstanda şöhrət və nüfuz qazanmasına səbəb Salman Mümtaz olduğu kimi, Naxçıvan tərəfində də Qurbanəli Şərifzadə idi.

"İbrahim bəyin səyahətnaməsi"ndən söhbət olduqda mən dedim:

- Nə olardı bu kitaba nəzirə bir "Səyahətnameyi-Molla Nəsrəddin" də olaydı. Aya, görəsən Molla Nəsrəddin islam aləmini sayəhət etsə, onun başına nə müsibətlər gələ bilər?

Bu yerdə Mirzə Cəlil üzünü bizə tutub dedi:

- Gəlin biz "Mozalan"ı gəzdirək, ancaq bunun səyahətnaməsini öz aramızda bölüşdürək, hər kəs onu özü görüb-bildiyi yerə aparıb səyahət etdirsin; oxuyanlar güman etsinlər ki, həqiqət bu adam gəlib, buraları görüb bu felyetonları yazmış.

Belə də oldu. Birinci felyetonu mən başlayıb, Mozalanı Bakıya kimi gətirdim, Bakıdan Məşhədə onu Salman Mümtaz apardı, İrəvan və Naxçıvan tərəflərində Qurbanəli Şərifzadə gəzdirdi. Beləliklə, "Mozalan bəyin səyahətnaməsi" ortalığa çıxdı" (Haqverdiyev Ə. "Molla Nəsrəddin" haqqında xatiratım // Cəlil Məmmədqulizadə. Məqalələr. Xatirələr. B., 1967, s. 280-281).

"Molla Nəsrəddin"in 1908-ci il 10 və 11-ci saylarında "İdarədən" qeydi ilə Mozalan bəyin səyahətə çıxacağı və səyahətin yol xəritəsi haqda məlumat verilir. Ə.Haqverdiyevin bu yazılarında "Mozalan"ın "bəy" statusu alması vacibliyi və onu əldə etməyin mümkün üsulu izah edilir: "Ona görə bəylik kağızı lazım oldu ki, şəhərləri gəzəndə camaat ona ehtiram göstərsin, bəy olmayanda ki, nə hörməti? ...Biz də bu məsləhəti bəyənib kağızı yazdıq və zəhmət haqqını göndərdik. Bəy dəftərə baxıb orada Mozalan bəyin babası Qozqıran bəyin adını yalandan tapıb sübut etdi ki, həqiqətdə Mozalan elə bəydir ki, bəydir". O vaxta kimi jurnalda "Mozalan" kimi istifadə olunan bu gizli imza "Mozalan bəy"ə çevrilir.

Əsərin Ə.Haqverdiyevə məxsus hissəsi 1908-ci ilin 24-cü nömrəsi də daxil olmaqla, "Mozalan bəy" imzası ilə nəşr olunur. Heç bir gizli imza səbəbsiz yaranmır. "Mozalan bəy"in "Məşədi Mozalan bəy" olması səbəbi də əsərin Haqverdiyevə məxsus sonuncu hissəsinə təsadüf edir: "Mən ərz elədim ki, mən tiflisliyəm, adım da Mozalan bəydir.

Dedi: - Bəli, eşitmişəm. Məşədi Mozalan bəy sizsiniz?

Ürəyim əvvəl bir gupp elədi. Dedim: Bağışlayın, ağa, mən Məşədi deyiləm.

Buyurdu: İnşaallah məşədi olarsız..." (1908, ¹ 25).

Beləliklə, səyahətnamə 1908-ci il 25-ci nömrədən "Məşədi Mozalan bəy" imzası ilə nəşr olunmağa başlayır.

Müştərək gizli imzalı əsərlərin hissələri üzərində müəllif hüququnu təsdiq etmək üçün imza şəriklərinin şəxsi arxivlərindəki həmin əsərin müvafiq hissələrinin əlyazması, özünün, müasirlərinin xatirə və məktublarının, müxtəlif siyahı və qeydlərin əhəmiyyəti böyükdür. Yardımçı dəlil kimi, əsərin ayrı-ayrı hissələrinin dil-üslub xüsusiyyətləri, təsvir olunan hadisələrin hansı coğrafi məkanda baş verməsi və tarixi ilə bağlı işarələrin nəzərə alınması vacibdir. Ə.Haqverdiyev xatirələrində və tərcümeyi-halında özünün jurnala gəlişi, fəaliyyət dövrü, əsərləri və gizli imzaları haqda verdiyi məlumat bu baxımdan yararlıdır: "1907-ci ilin ibtidasından başlayaraq "Molla Nəsrəddin" məcmuəsində felyetonlar yazmağa başlayıb 1927-ci ilədək işləmişəm. Yazdığım felyetonlar "Cəhənnəm məktubları", "Marallarım", "Mozalan bəyin səyahətnaməsi"nin birinci hissəsi və "Həkimi-Nuni-səğir" imzalı ictimai məqalələrdir" (Haqverdiyev Ə. Seçilmiş əsərləri. 2 cilddə: II c. (tərtib və izahlar: K.Məmmədov). B., 1971, s. 475).

"Mozalan bəyin səyahətnaməsi"nin Ə.Haqverdiyevə məxsus hissəsi haqqında K.Məmmədovun fikri belədir: "Mozalan bəyin səyahətnaməsi" əsərinin müəllifləri Ə.Haqverdiyevlə bərabər, Salman Mümtaz və Qurbanəli Şərifovdur. Ədibin "Molla Nəsrəddin" haqqında xatiratı" ("Hücum" jurn., 1933, ¹ 1-2) əsərin necə yaranması və hansı hissəsinin onun olması haqqında qeydləri vardır. Ə.Haqverdiyevin yazdığı hissə "Molla Nəsrəddin" jurnalının 1908-ci il nömrələrindədir (11, 12, 13, 15, 16, 17, 18, 19, 20, 22, 23, 24, 25) və "Məşədi Mozalan" imzası ilə getmişdir" (Haqverdiyev Ə. Seçilmiş əsərləri. 2 cilddə: II c. (tərtib və izahlar: K.Məmmədov). B., 1971, s. 478).

Əslində, jurnalın 16 və 19-cu saylarında "Səyahətnamə" dərc edilməmiş, sadalanan nömrələrdə əsər "Mozalan bəy", öndə deyildiyi kimi 25-ci saydan başlayaraq "Məşədi Mozalan bəy" imzası ilə çıxmışdır. Əlavə demək olar ki, Ə.Haqverdiyevin Əlyazmalar İnstitutundakı şəxsi arxivində "Mozalan bəyin səyahətnaməsi" əsərinin ədibə məxsus hissəsinin 6 dəftər - 46 vərəqdən ibarət əlyazması vardır (fond 9, s.v. 22).

Tədqiqatlarda diqqət çəkən Ə.Haqverdiyevin "Bakıdan Məşhədə onu Salman Mümtaz apardı" fikri ilə "Mozalan bəyin səyahətnaməsi"nin "iki müəllif tərəfindən yazılmışdır ki, bunlardan biri Ə.Haqverdiyev, digəri Qurbanəli Şərifzadə olmuşdur" kimi fərqli qənaətlərdir.

"Səyahətnamə"nin Ə.Haqverdiyev tərəfindən yazılmış sonuncu hissəsi jurnalın 1908-ci il 25-ci sayında dərc olunmuş, xatiratında deyildiyi kimi, yazıçı Mozalanı Bakıya gətirmişdir. Jurnalın 26-cı nömrəsində isə "Bakıdan gəmimiz yola düşdü. Bir gecə-gündüz dərya üstündə üzüb Krasnovodsk şəhərinə yetişdik" deyən Məşədi Mozalan bəyin səyahət istiqaməti Aşqabad, Kokan, Məşhəd, Xorasan, Tehrana yol alır. Mozalanın gördükləri jurnalın 26-33, 35, 36, 38, 40-cı saylarında oxucuya çatdırılır. 40-cı saydan (1908, 6 oktyabr) sonra Məşədi Mozalan bəy susur. Təqribən iki aydan sonra jurnalın 7 dekabr 49-cu sayında "İdarədən" məlumat verilir: "Lazım görürük oxucularımıza xəbər verək ki, Məşədi Mozalan bəyin Xorasanda olduğunu şah duyub və hakimə yazıb ki, onu zəncirbənd edib Tehrana gətirsin. Lakin Məşədi Mozalan bəyin yanına bir ağsaqqal gəlib bu əhvalatı gizlin xəbər verir. Ertəsi gün Mozalan bəy dərviş paltarına girib Bakıya can atıb. Orada da dayanmayıb düz iki həftə bundan qabaq Tiflisə gəldi".

Bu məlumatın ardınca "İrəvandan" adlı məktub dərc olunur və Məşədi Mozalan bəy 1909-cu ilin 10-cu sayına kimi yenə susur. Bu saydan etibarən isə səyahət İrəvan, Naxçıvan, Baş Noraşen, Şərur, Ordubad, Əylis, Culfada davam edir.

Sual doğuran bir məqam var: Mozalanı Bakıdan aparıb Aşqabad, Məşhəd, Xorasan, Nəcəf şəhərlərini gəzdirən kim idi? Zəncirbənd ediləcəyindən qorxan Mozalan niyə əvvəlcədən nəzərdə tutulan səyahət istiqamətinə - Naxçıvan tərəflərinə yox, Bakıya qayıtmışdı? Bəlkə ona görə ki, Mozalanı İrəvan və Naxçıvan tərəfində Qurbanəli Şərifzadə gəzdirməli idi?

"Səyahətnamə"nin bir hissəsinin atası Qurbanəli Şərifzadə tərəfindən yazıldığını Əziz Şərif "Keçmiş günlərdən" əsərində belə əsaslandırır: "Əbdürrəhim bəy Haqverdiyevin keçmişdə "Hücum" jurnalında çap olunmuş xatirəsindən məlumdur ki, "Məşədi Mozalan bəyin səyahətnaməsi" adlı böyük əsərin də bir hissəsini Q.Şərifzadə yazmışdır. Atamın arxivində qalan əlyazmaları göstərir ki, həmin əsərin 1908-ci il 30 iyundan başlayaraq (jurnal ¹ 26) ta 1909-cu il 13 dekabradək (jurnal ¹ 50) "Məşədi Mozalan bəy" imzası ilə çap edilmiş bütün parçalar onundur" (Şərif Ə. Keçmiş günlərdən. B., 1977, s. 13).

Tədqiqatçı 1979-cu ildə "Azərbaycan" jurnalında dərc etdirdiyi "Atam və mən" xatiratında münasibətini bir qədər dəyişmişdir: "1908-ci illərin son günlərində ("1908-ci illərin son günlərində" - dekabrın 28-də jurnalın 52-ci sayı çıxıb. "Mozalan bəyin səyahətnaməsi" isə bu il son dəfə jurnalın 49-cu sayında dərc olunub - E.Q.) çıxan bu nömrədən (? - E.Q.) başlayaraq, jurnalın 1909-cu ildə çıxan müxtəlif nömrələrində (10, 18, 21, 22, 27, 28, 42, 44, 49, 50) və 1910-cu ilin 14-cü nömrəsində "Məşədi Mozalan bəy" imzası ilə felyetonlar felyetonlar çap edilmişdir ki, bunların da bir hissəsinin əlyazmaları Qurbanəli Şərifzadənin arxivində qalmışdır. Buna əsasən, bütün bu felyetonların Qurbanəli Şərifzadə tərəfindən yazıldığını və 1908-ci ilin 30 iyunundan başlanmış "Mozalan bəy" (əslində, "Məşədi Mozalan bəy" - E.Q.) imzasının ancaq Qurbanəli Şərifzadəyə məxsus olduğunu demək olar" (Şərif Ə. Atam və mən // "Azərbaycan" jurn., 1979, ¹ 2, s. 141-174). Jurnalın 1908-ci ilinin sonuncu 52-ci sayı dekabr ayının 28-də, öncə nəzərdə tutulan 26-cı sayı isə 1908-ci il iyun ayının 30-da çıxmışdır. İyun ayı isə "İlin son günləri" deyil.

Ə.Şərifin xatirələrindən gətirilən bu iki sitat arasındakı fərq ondadır ki, "Keçmiş günlərdən" kitabından gətirilən sitatdakı "Atamın arxivində qalan əlyazmaları göstərir ki, həmin əsərin 1908-ci il 30 iyundan başlayaraq (jurnal ¹ 26) ta 1909-cu il 13 dekabradək (jurnal ¹ 50) "Məşədi Mozalan bəy" imzası ilə çap edilmiş bütün parçalar onundur" - hökmü 1979-cu il "Azərbaycan" jurnalında dərc olunan "Atam və mən" xatıratında: "bunların da bir hissəsinin (? - E.Q.) əlyazmaları Qurbanəli Şərifzadənin arxivində qalmışdır. Buna əsasən, ...1908-ci ilin 30 iyunundan (yəni "Molla Nəsrəddin" jurnalının 26-cı sayından - E.Q.) başlanmış "Mozalan bəy" (əslində, "Məşədi Mozalan bəy" - E.Q.) imzasının ancaq Qurbanəli Şərifzadəyə məxsus olduğunu demək olar" qərarı ilə əvəz olunmuşdur.

Ə.Qədimov Ə.Şərifin xatirəsinə əsaslanaraq, bütövlükdə "Mozalan bəyin səyahətnaməsi"nin "yalnız iki müəllif tərəfindən yazılmışdır ki, bunlardan biri Ə.Haqverdiyev, digəri isə Şərifzadə olmuşdur" (Qədimov Ə. Qurbanəli Şərifzadənin həyat və yaradıcılıq yolu. B., 2009, s. 76) hökmünü vermişdir.

Yenə sual meydana çıxır: Bəs, Mozalanı Bakıdan Məşhədə kim aparmışdır? Həmin səyahətlərin əlyazmaları necə - onlar da Q.Şərifzadənin arxivində varmı? Əgər varsa, Ə.Haqverdiyevin "Hücum" jurnalındakı xatiratına istinad edən Ə.Şərif nə üçün onun "Mozalanı Bakıdan Məşhədə Salman Mümtaz apardı" fikrinə zamanında öz etirazını bildirmir? Dıgər tərəfdən, xatirə 1933-cü ildə yazılmışdır. Salman Mümtaz hələ o vaxt həbs edilməmişdi. Mənəvi sərvətimizin toplanılması və nəşri sahəsində müstəsna xidməti olan Salman Mümtazın Haqverdiyevin ona aid etdiyi bu "töhfəni" qəbul edib razılıqla susması ağla sığan deyil. Belə bir etiraza Salman Mümtazın müasirlərinin yazılı və şifahi xatirələrində də təsadüf olunmur.

Q.Məmmədli xatiratında yazır ki: "Aşqabad ziyalıları arasında belə işlərdə (elm, mədəniyyət, məktəb, maarif, teatr - E.Q.) təşəbbüs göstərənlərdən söhbət düşəndə Mir Əbdülhəmidin adı mütləq çəkilərdi. Tacir Salman Mümtaz Əsgərovdan sonra. Çünki Mümtazın əsli şəkili olsa da, aşqabadlılaşmışdı. O, bu şəhərin ilk ziyalılarından sayılırdı. Qabaqda dediyim kimi, Salman Mümtaz "Molla Nəsrəddin" jurnalının Orta Asiya müxbiri idi (Məmmədli Q. Ömür dəftərindən səhifəflər (1897-1977). Xatirələr. Görüşlər. Müşahidələr. B., 2016, s. 40-41).

"Molla Nəsrəddin"in cəmi Türküstanda şöhrət və nüfuz qazanmasına səbəb Salman Mümtaz, Naxçıvan tərəfində Q.Şərifzadə olduğu halda, Mozalanı Aşqabad, Kokanda Mümtaz yox - Q.Şərifzadənin, yaxud Naxçıvan, Ordubad, Şərur, Əylisdə Q.Şərifzadə yox, S.Mümtazın "gəzdirməyi" məntiqə sığmır. Axı, Mozalanı "hər kəs görüb bildiyi yerə aparıb səyahət" etdirməli idi.

Ə.Haqverdiyev xatiratında aydın yazır ki, Bakıdan Məşhədə onu Salman Mümtaz apardı, İrəvan və Naxçıvan tərəfində Qurbanəli Şərifzadə gəzdirdi. Ə.Haqverdiyevin şəriki olduğu bir əsərin müəllifliyi haqqında belə səhv etməsi inandırıcı deyil. Müəllifin müəyyən olunmasında təkcə əsərin avtoqrafının yazıçının şəxsi arxivində olması yeganə, mütləq, inkaredilməz fakt kimi qaneedici qəbul edilərsə belə, yenə Ə.Şərifin "onların bir hissəsi var" fikri, digər hissələrinin də Q.Şərifzadəyə aid edilməsinə əsas vermir. "Mozalan bəyin səyahətnaməsi" əsərinin müxtəlif səbəblərdən Ə.Haqverdiyev və Salman Mümtazın da yazdığı hissələri daxil olmaqla, köçürülmüş surətinin belə Q.Şərifzadənin arxivində olması təəccüb doğurmamalıdır. Nəzərə alınmalıdır ki, atribusiya prosesində şəxsi arxivdə hər hansı bir əlyazmanın olması o əsər üzərində həmin şəxsin müəlliflik hüququnun təsdiqi üçün tədqiqatçıdan xüsusi ehtiyat tələb edən yalnız bir faktdır - düzgün nəticə üçün tam təminat deyil.

"Mozalan bəyin səyahətnaməsi" əsərinin tam mətni Ə.Haqverdiyevin, Salman Mümtazın da şəxsi arxivində ola bilər. Yaxud, şəriklərin heç birinin arxivində olmaya da bilər. Bu da əsər üzərində müəllif hüququnun inkarı üçün qaneedici tam əsas deyil. Necə ki, C.Məmmədquluzadənin Əlyazmalar İnstitutundakı şəxsi arxivində felyetonlarının avtoqrafı yoxdur. Bu C.Məmmədquluzadənin publisistikasını inkar etmək üçün əsas deyil.

"Mozalan bəyin səyahətnaməsi" əsərinin Salman Mümtaza aid olan hissəsinin əlyazmasının hələ zamanında müəllifin şəxsi arxivində olub-olmadığından xəbərsizik. Bu gün bunu tələb etmək də mümkün deyil. Nəzərə almaq lazımdır ki, Salman Mümtazın həbsi zamanı şəxsi arxiv materiallarının bir hissəsi DTK tərəfindən talan olunmuş, digər bir hissəsi isə Əlyazmalar İnstitutunun saxlancındadır.

Mətnşünasların yaxşı bələd olduqları "atribusiya" və "atteteza" terminləri var. Atribusiya naməlum imza və əsərin müəllifini müəyyən etmək, atteteza isə zamanında düzgün qəbul edilməmiş bir qərarı etibarlı elmi-biblioqrafik sənədli mənbələrdən əldə edilən çoxsaylı daha kəsərli, inandırıcı dəlillər əsasında inkar etmək deməkdir. Salman Mümtazın əsər üzərindəki həmmüəllifliyini inkar edə biləcək belə əsaslı dəlillərin yoxluğu bizə "Mozalan bəyin səyahətnaməsi" əsərini "yalnız iki müəllif tərəfindən yazılmışdır ki, bunlardan biri Ə.Haqverdiyev, digəri isə Qurabanəli Şərifzadə olmuşdur" kimi bir qərar çıxarmaq haqqı vermir.

 

Elmira QASIMOVA

 

Ədəbiyyat qəzeti.- 2020.- 8 avqust.- S.24-25.