Proloqdan epiloqa
Hər bir bədii əsərin həm də öz oxucusuna aid olduğunu nəzərə
alsaq, mən bu hekayəni bircə cümlə ilə "Ömrün on
yeddinci mərtəbəsi"
adlandırardım.
Hekayənin mərhum gənc yazar Mövlud Mövluda həsr olunması mətni ən yaxşı izah edən açar sözdür, deyərdim. Çünki bütün düyünlər
baş qəhrəman
on yeddinci mərtəbədən
aşağı baxanda
açılır. Bu həyatdan ölümə,
fanilikdən əbədiliyə
baxmaq kimidi və deməli, hər bir yazıçı,
hər düşünən
insan ömründə
bircə dəfə də olsa, bu
pəncərədən aşağı
baxır. Kimi həyatını
da götürüb özünü atır bu pəncərədən,
kimisi bu prosesi, sadəcə, təsəvvür edir, qorxub geri çəkilir.
Biri yaşanacaq ömründən
imtina edib, təkcə proloq qoyub gedir bu
dünyada, o biri yaşanmış ömrünü
roman kimi çırıb
atıb, təkcə epiloqu saxlamaq istəyir. Fərqi yoxdur, məsələ
ondadır ki, əsl insanın həyatında bu on yeddinci mərtəbənin
pəncərəsi bəsirət
gözü kimi həmişə açıqdır.
Kədərlisi isə
odu ki, bu
mərhələdə ömrünü
yaşamadan cırıb
atmış adamla yaşayandan sonra cırıb atan adam arasında
təqribi bərabərlik
işarəsi qoymaq mümkündü, nəticədə
isə bizim Mövludu qınadığımız
bütün arqumentlər
yoxa çıxır.
Bu hekayə ahıl
bir yazıçının
gənc yaşında
intihar etmiş bir yazıçıya "səni anlayıram", -
deməsidir, bəlkə
də.
...Kamal Abdullanın qəhrəmanının alınmamış
roman kimi cırıb atmaq istədiyi ömrünün içində
iyirmi illik sevgi də var. Amma varmı?! Ümumən,
bu sevgi var olubmu?! Var olan bir
nəsnə sonradan yox ola bilərmi?! Bəs "sevgi ya olmur,
ya ölmür" ifadəsi?! Demək ki, iyirmi illik
bir sevgi əslində, bir heçmiş və dolayısı ilə iyirmi il
bir heçə həsr olunub. Təkcə bu, kifayətdi ki, Əhməd ömrünü alınmamış
roman kimi cırıb atmaq qərarına gəlsin.
Suat Derviş
bir qəhrəmanının
uğrunda azadlıqdan
məhrum olduğu, uzun illər həbsxanada vüsalını
düşünüb yaşadığı
sevgilisiylə görüşünü
təsvir edir. Azadlığa
çıxanda qəhrəman
öz sevgilisini bir mağazada satıcı cildində görür, qadın o qədər şişmanlamışdı
ki, ayağına kişi ayaqqabısı
geyinmişdi. Həyatının
mənası olan qadının ayağındakı
kişi ayaqqabısı qəhrəmanın
uzun illər çəkən fədakar
sevgisini öldürür
və o mağazadan sevgilisiylə - amalı pul qazanmaq olan
şişman satıcı
qadınla görüşmədən
çıxıb gedir.
İllərlə can atdığı,
xəyalını qurduğu
görüşdən imtina
edir. Təsvir elə həyatidir
ki, oxucu da qəhrəmana haqq qazandırır.
Onu vəfasızlıqda suçlaya
bilmir. Bir cüt kişi
ayaqqabısı bircə
anın içində
böyük bir sevgini (?) məhv edir, sən demə, fəda olunan illər əslində bir heçə həsr olunub.
Eynən bu hekayədə də belədi. "Zalxa irişdi" ifadəsi oxucunu bu sevginin ölümünə
inandırır. İyirmi illik
sevgi və uzun ayrılıqdan sonrakı görüşdən
Əhmədin yadında
qalan yeganə ştrix - Zalxanın olmayan dişləridi.
Sevgi, xüsusən, uzun ayrılıqla müşayət
olunan platonik sevgi daha çox
fantaziya məhsulu olduğu üçün
adi bir həqiqətdən,
bir qırıq diş görüntüsündən
asanlıqla ölümə
məhkum oluna bilir. Burada Zalxanın heç
bir günahı yoxdu, sadəcə, zaman sevgini də
öldürmək gücündədir,
fani dünyanın sevgisi də fanidi, çünki.
Burada Əhmədin də günahı yoxdu, çünki o ömrünün
finişinin çox yaxında olduğunu görür və ora çatana qədər həyatında
nələrisə dəyişməlidi.
Ona görə də bu hekayədə Kamal Abdulla Bulqakov kimi "Ardımca, oxucu, mən sənə əsl sevgini göstərəcəyəm",
- demir. Əksinə, oxucunun əlindən
tutub onu sevgi məzarlığına
aparır. "Ardımca,
oxucu, indi məhs sənə sevginin necə öldüyünü göstərəcəm",
- təxminən belə.
Bəs Zəhra? - deyə
irad bildirmək tam haqqınızdır.
Əslində, Əhmədin həyatına
Zalxanın ölüsü
üzərindən gələn
Zəhra da tam çıxış yolu deyil. Sadəcə, qəhrəmanının bu sevgini də
öldürməyə, yeni
sevginin yeni aldanış olduğunu dərk etməyə zamanı qalmayıb və Zəhradan xilas kəməri kimi yapışmaqdan başqa əlacı yoxdu. Axı o , həyatının epiloqunu yazmaq istəyir, vaxt isə lap azdır, epiloq üçün əvvəllər düşündüyü
sözlər yoxa çıxıb, arxaya baxanda yalnız ilğım görünür.
Əvvəllər düşündüyü kimi son səhnədə Zalxa ilə əl-ələ tutub özünü uçurumdan
atmaq variantı alınmır. Deməli, ssenari
təcili dəyişməlidir,
epiloq üçün
yeni sözlər seçmək lazımdı,
həkimin məsləhətlərinə
əməl etmək, qarşıdakı üç
ayda bütün ömründən aldığın
zövqdən daha çox zövq almaq, daha gerçəkçi
yaşamaq lazımdır.
Həyatı ciyərlərinə çəkərək. Finişi görsə
də hələ ora çatmağa var, sürəti artırıb qalib gəlmək də mümkündür. Həkimin ona
dediklərinin də məğzi budu, hələ vaxta var, səhvləri düzəltmək zamanıdır.
Buna görə də Kamal müəllimin qəhrəmanı
Zalxanın ölüsü ilə Zəhranın
dirisi arasında düzgün
seçim edir. Qoşqar müəllimin dediyi
kimi; düşünmədən, sorğulamadan, həqiqət axtarmadan.
Amma qəhrəmanda yenə tərəddüdlər
var, yenə durmadan düşünür, hər şeyin
alt tərəfini, ali
həqiqəti axtarır. Məhz buna görə də onun
həyatının epiloqu olmaq
heç Zəhralıq da
deyil, bu baxımdan
Əhmədin xilası mümkünsüzdür,
onun düşündüyü
epiloq o qədər
möhtəşəm bir çərçivədir
ki, Zəhra orda uğursuz rəsm əsəri kimi
görünür.
Əhməd bunu bilir,
ona görə də on
yeddinci mərtəbənin açıq pəncərəsi
onu keçmiş
sevgilisindən də, gələcək sevgilisndən də daha cazibəli görünür.
Düzdü, o, otağa - Zəhranın daxil
olduğu yeni həyatına
qayıdır ki,ömrünün epiloqunu yazsın. Axı epiloq
ömrün daha redaktə
olunmuş variantıdır, nisbətən
daha dəqiq, düzgün
cavaba daha yaxın,
ideyanı daha dərindən açan məntiqi sonluğu.
Və həm də onu
cırıb-atmağa heç kimin vaxtı qalmır. Qaçış
zolağında son sözü
finiş dediyi kimi, həyat da qalın bir kitabın son səhifəsindəki
epiloqdan ibarətdir. Bu
baxımdan bütün epiloqlar
ömrün əsas hissəsinə nisbətən
daha maraqlı, mənalı və daha haqlıdır. Lakin
yenə də ölüm qədər həqiqi
deyil.
Səhər Əhməd
Ədəbiyyat qəzeti.- 2020.- 8
avqust.- S.23.