VARİSLƏR
Reşat KƏSƏMƏNLİ:
“Üzü Savalana dayanıb, ağlayırdı”
"Varislər"in
bugünkü qonağı ötən əsrin 60-cı illərində
yazdığı şevgi şeirləri ilə gənclərin
sevimlisinə çevrilən, kitabları əl-əl gəzən,
şeirlərinin çoxunu o dövrdə az qala hər kəsin
əzbərdən bildiyi gözəl insan, səmimi dost,
unudulmaz şair Nüsrət Kəsəmənlinin varisi,
tanınmış aktyor, bir sıra filmlərdə və
teleseriallarda yaratdığı maraqlı obrazlarla yadda qalan
Reşat Kəsəmənlidir.
1945-ci ilin dekabrında, Ağstafa rayonunda
açmışdı gözlərini dünyaya. Çox kədərli
bir tale yaşamışdı uşaqlıq illərində,
amma sonra həyatda qarşısına yaxşı adamlar da
çıxdı. Nənəsi
böyütmüşdü onu. Öz səmimiyyəti
ilə ədəbiyyata yeni ruh gətirmişdi. Oxucu sevirdi onu. Taleyi, sevgisi
alınmayan gənclər onun "Biri vardı, biri yox..."
şeirini pıçıldayırdı. Kimisi
"Sabah o qızın toyudur, Açılma sabah,
açılma!" deyib haray çəkir, kimisi də
"Daha nağıllara inanmıram mən", deyib köks
ötürürdü. O, Azərbaycan oxucusunun sevdiyi
Nüsrət Kəsəmənli idi. O bizim üçün, sadəcə, doğma Nüsrət Kəsəmənli
idi.
"...Və
yaxşı yazana qədər yaz"
İlk dəfə onu 1984-cü ildə canlı olaraq
görmüşdüm. Məktəbimizə qonaq gəlmişdi.
Həmin görüş hələ də xatirələrimin
şirin guşəsində yer alıb özünə. Görüş sona çatdı,
yoldaşlarımın əksəriyyəti
dağılışdı, mənsə heç yerə getmədim.
Dəhlizdə qarşılaşdıq.
Şeir dəftərimi uzadıb dedim ki, Nüsrət müəllim,
mənə "aftoqraf" yazın. İlk səhifəni
açıb, qarşısına çıxan şeiri oxudu və
üzümə baxıb, səmimiyyətlə
gülümsündü. Dəftərimdə:
"Əyyub yaz, yorulmadan yaz, yorulandan sonra da yaz və
yaxşı yazana qədər yaz!" sözlərini qeyd
etdi. O sözlər mənim həyat leytmotivim oldu. Sonradan dəfələrlə
görüşdük, söhbətləşdik və mən
hər dəfə onun dəftərimdə yazdığı
sözləri xatırladım. Bilmirəm,
onun tövsiyəsinə nə qədər əməl edə
bilmişəm, amma daima o fikirlərə sadiq qalmağa
çalışdım. Neçə-neçə
aftoqraflı kitabı var evimdə. Hər
biri əzizdir. Hər birinin öz
tarixçəsi, öz xatirəsi var.
Reşatı da bir müddət olar tanıyıram. Tale elə gətirib
ki, televiziya serialı layihələrinin birində bərabər
çalışmışıq. Bəzən
səsi, davranışı eynilə Nüsrət abini
xatırladır mənə. Elə
atası qədər səmimi, istiqanlı, doğmadır
Reşat.
Vədələşdiyimiz kimi qədimdən qədim
"Azərbaycan" nəşriyyatının
qarşısında görüşdük. Bəlkə
bu da bir mistikadır. Axı bir vaxtlar
Nüsrət Kəsəmənli də böyük ədəbiyyata
bu binadan yol alıb. Bu bina onu yaxşı
xatırlayır.
"Ədəbiyyat
qəzeti"nin redaksiyasında bizə
ayrılmış otağa çəkildik. Söhbətə
nə vaxt başladıqsa, heç özümüz də
hiss etmədik.
Xatirə dəftərlərinə
yazılan şeirlər
- Ötən
əsrin 60-cı illərində ən məşhur sevgi
şeirlərinin müəllifi idi Nüsrət Kəsəmənli.
Oğlanlar sevgi məktublarını onun
şeirləri ilə başlayırdı, qızlar xatirə
dəftərlərində onun şeirlərini
paylaşırdılar. Çoxu bu
şeirləri əzbər bilirdi. Onun
sözlərinə mahnılar yazılırdı. Efirdən səslənirdi, aktyorların ifasında
eşidilirdi. Evdə buna münasibət
necə idi? Yəqin, qısqanclıqsız
ötmürdü...
- İynənin ucu qədər qısqanclıq
olmayıb evimizdə. Ömrünü sənətə
bağlamış hər kəsə anam kimi həyat
yoldaşı arzulayıram. Bunu bizi tanıyanlar da bilir,
deyərdim ki, az qala bütün
xalqımız da bilir. Çünki dəfələrlə
televiziyada, radioda bu məsələ qaldırılıb və
birmənalı olaraq anam öz münasibətini bildirib.
Üstəlik, atam da "Etiraf" şeirində
bu fikirlərə səmimi aydınlıq gətirib.
Anam kimə ərə getdiyini bilirdi
Anam
sonradan: "Kimə ərə getdiyimi bilirdim. Həyat
qurduğum adamı bir şəxsiyyət kimi
tanıyırdım. Onun gözəllik
aşiqi olduğunu, xəyallar aləmində
yaşadığını qəbul etmişdim. Onu sıxmağım, qısqanmağım mənə
heç nə verməzdi, Nüsrət Nüsrətliyində
qalacaq, dəyişən mənə olan münasibəti
olacaqdı. İki yolum vardı: ya getməli, ya da səbr
edib oturmalıydım. Nüsrətin mənə
olan sevgisini bilirdim, o da mənim ona olan sevgimi bilirdi və mən
ikinci yolu tutmağa üstünlük verdim".
- Nüsrət
Kəsəmənli üzdə olan adam idi.
O dövrdə hər adama nəsib olmayan "QAZ 24. Volqa" maşını sürürdü. Böyük oxucu sevgisi qazanmışdı və demək
olar, romantik Azərbaycan gəncliyinin idealına
çevrilmişdi. Onunla istənilən görüş
böyük izdihamla keçirdi və yəqin, ətrafında
buna həsəd aparanlar, qısqanan, qibtə edənlər
vardı. Bəzən istedadlı adamlarda
da qısqancılıq, paxıllıq olur, amma bu xüsusiyyət
daha çox istedadsız adamlara xas keyfiyyətdir. Bu cür münasibətlərə Nüsrət Kəsəmənlinin
reaksiyası necə olurdu? Bildiyim qədərilə ətrafında
xəbislər az deyildi.
- Əlbəttə, kifayət qədər idi onlar. Təəssüf ki, atam həddən
artıq saf adam idi. Sərt
olduğu qədər də saflığı vardı və
bu keyfiyyəti çox vaxt ona mane olurdu. Ətrafını
düzgün seçə bilmirdi. Əksinə,
anam öz proqnozlarında çox dəqiq idi. Ümumiyyətlə, deyəsən, qadınlarda bu
hissiyyat güclüdür. Xatırlayıram,
anam onun ətrafında olan ən yaxın dostları ilə
bağlı dəfələrlə demişdi ki, Nüsrət,
bu adamlar sənin bir nömrəli düşmənlərindir.
Atam da hər dəfə buna etiraz edir,
razılaşmırdı. Təəssüf,
atam sağ olduğu müddətdə bunun gerçək
olduğunu anlaya bilmədi və o, dünyasını dəyişdikdən
sonra anamın nə qədər uzaqgörən olduğunu
hiss etdik. Çünki atamın bir vaxtlar dost dediyi admlar
sadəcə laqeydlikləri ilə deyil, həm də yolumuza əngəl
olmaqla bunu isbat etdilər. Başa
düşdük ki, bu adamlar atamın sağlığında
maskada olublar və öz gerçək simalarını ona
göstərməyə cəsarətləri çatmayıb.
Çünki həm mənəvi cəhətdən,
həm də fiziki olaraq ondan ehtiyat ediblər. Amma biz
atamdan sonra onlardan əmilik gözləyirdik, çünki nə
qədər Nüsrət Kəsəmənli sağ idi, onlar
bizə əmi idilər. Atam o qədər saf
idi ki, hər zaman onları özünə arxa, dayaq bilirdi,
dostları ilə bağlı şeirləri var.
Atamla bir yerdə dəfn etdiyimiz
dostları
Atamın
məclislərində birdən-birə yüz, yüz əlli
adam olurdu. O adamlar itdi. Elə
bil atam qəbrə gedəndə onları da özü ilə
bir yerdə dəfn etdi. Əslinə qalsa,
onların heç nəyinə ehtiyacımız yox idi, sadəcə,
atamın adının çəkildiyi yerdə sayqı
göstərməliydilər, onunla bağlı məsələlərdə
kənarda qalmamalıydılar. Mən atamdan elə bir tərbiyə,
elə bir örnək almışam ki, dost dediyim birinin
yaxşı günündə də, pis günündə də
onun yanında olmağı özümə borc bilirəm. İnsan bəzən daha çox mənəvi dəstəyə,
təsəlliyə ehtiyac duyur və bəzən bir təsəlli
minlərlə maddi dəstəkdən üstün olur. Təsəvvür edirsizmi, onların sonradan atama və
ailəmizə göstərdiyi münasibəti görəndə
mən də dostlarımdan ehtiyat edirəm. Düşünürəm, bəlkə mən də
atam kimi haradasa yanılıram.
- Məncə,
hər şeyin zamana ehtiyacı var. Zaman hər kəsin, hər
şeyin gerçək simasını açıb qoyur
ortalığa. Sadəcə, səbr edib
gözləmək lazımdır.
- Məncə,
bu, ədalətsizlikdir. Mən həyatda olmayandan sonra kimin kim olduğunu bilmək nəyə
lazımdır? Çünki eləsinin cəzasını
verə bilmirsən. Yaşanmış, geridə
qalmış bir ömrü sillə kimi üzünə vura
bilmirsən...
- Səmimi,
saf adamlar üçün belə gerçəkləri bilməmək
daha yaxşıdır. Bəlkə də
Nüsrət Kəsəmənli haqqında şeirlər
yazdığı, xoş münasibətdə olduğu, etibar
etdiyi dostlarının riyakarlığını bilsəydi,
narahat olardı. Heç sən də buna
görə narahat olma.
Belə şeylərlə
barışmışam
- Qətiyyən.
Artıq belə şeylərlə tam
barışmışam və güman edirəm ki, insan, hətta
Allahın salamını belə kimdənsə
ummamalıdır. Ummadığın halda o salam sənə verilirsə, gözəl olur.
-
Reşat, Xalq şairi Hüseyn Ariflə Nüsrət Kəsəmənli
arasında səmimi münasibət olub və hətta lətifəyə
çevrilən məqamlar da var. Ümumiyyətlə,
Hüseyn Arif unukal adam idi, adi
davranışı, rəftarı, hərəkətləri
insan simasında təbəssüm yaradırdı. Bəlkə, Hüseyn qağa ilə atanızın
başına gələn maraqlı əhvalatlardan birini
danışasan.
Hüseyn Arif və atam...
- Elədir, Hüseyn Arif xatırlananda hər zaman
adamın ovqatı qalxır. Bir əhvalat danışım:
demək, bir gün atam maşınla gedəndə Hüseyn
Arifi görür, həmin gün atamın boş vaxtı
olur. Maşını saxlayıb deyir ki,
Hüseyn qağa, qulluğunda hazıram, hara deyirsən səni
aparım. Hüseyn Arif oturur maşına
və kimisə axtardığını söyləyir. Atam onu dediyi kimi bir neçə ünvana aparır,
amma axtardıqları adamı tapa bilmirlər. Sonunda Hüseyn Ariflə birlikdə
Yazıçılar Birliyinə gedirlər. Atam aşağıda gözləyir, Hüseyn
qağa xeyli yubanır. Axırda
qayıdır, amma atamın yanından düz keçib gedir.
Atam maşından enib onu yolundan saxlayır.
Hüseyn Arif artıq bir qədər kefli
imiş. Sən demə, axtardığı adamı
tapıb, oturub bir az konyak-zad içiblər.
Şair atama baxıb gülümsəyərək deyib:
"Ay Nüsrət, xeyir ola, bu gün elə
hara gedirəm, qarşıma çıxırsan. Sənin
işin-gücün yoxdur?!". Belə. Yəni Hüseyn Ariflə atamın bir neçə
belə məzəli əhvalatı olub.
- Bəzi
nankor dostlardan danışdıq, amma inanmıram ki, Nüsrət
Kəsəmənlinin bütün dostları nankor olsun. Yəqin,
yaxşı dostları, sona qədər etibarlı dostları
da az deyil.
Etibarlı dostlar da var
- Əlbəttə. Elə olmasaydı, ömür tam mənasız
keçərdi. Çünki dost çox qiymətli varlıqdır. Mən deyim, atamın etibarlı dostu kimdir. Xalq şairi Vahid Əziz. Bu adam
gözəl şair olmağı ilə yanaşı, həm
də əvəzsiz dostdur. Onun çox
böyük ürəyi var. Harada söz düşübsə,
atam haqqında hər zaman yüksək fikirdə olub,
sevgisini, sayqısını gizlətməyib. Xalq şairi Nəriman Həsənzadə. Atama olan sevgisini, münasibətini ondan sonra ailəmizə
də göstərdi və onu hər zaman yanımızda
gördük. Musiqiçi Cabbar Musayev
atamın yaxın dostu idi, indi də ailəmizə olan münasibəti
dəyişməyib. Amma daha çox
xoş münasibət, sevgi umduğumuz insanlar var ki, onlar
özlərini doğrultmadılar.
- Nüsrət Kəsəmənli bir müddət
taleyini kinostudiya ilə bağladı və ssenarilər
yazdı, redaktorluq etdi, hətta bir neçə filmə də
çəkildi. Kinoya, aktyorluğa meyil haradan idi onda?
Gözəl qız
qarşısında əyilməyən şah
- Sizə
bir həqiqəti danışım. Atamın
aktyor kimi fəaliyyəti heç də təsadüfi deyildi.
Çünki orta məktəbi bitirdikdən sonra İncəsənət
İnstitutunun aktyorluq fakültəsinə qəbul olunub və
bir neçə il orada təhsil alıb. Amma ordudan qayıtdıqdan sonra sənədlərini
geri alıb və Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsində təhsilini davam etdirib. Amma onun aktyor kimi fəaliyyətini əks etdirən
faktlar var. Xalq teatrının səhnəsində Şeyx Nəsrullahı
oynayıb, evdə şəkillər qalır. Müxtəlif irili-xırdalı obrazlarda oynayıb
və Əbdül Mahmudovun lentə aldığı
"Doğma sahillər" filmində iranlı generalın
obrazını yaradıb. Şeyx
Əbdül danışır ki, moskvalı kino mütəxəssisləri
atamın ifasına heyran olublar, onun peşəkar aktyor
olmadığını eşidəndə inanmayıblar.
Sonra atam "Özbəkfilm"in istehsalı
olan "Şirəli və Aypəri" filmində
Şirvanşah rolunu canlandırıb. Yenə
Şeyx Əbdül deyir ki, ssenariyə görə, şah
taxtdan enib gözəl bir qızı qarşılamağa getməliymiş.
Atam buna etiraz edib, deyib ki, şah heç vaxt
taxtdan enib bir qızı qarşılamağa getməz. Əslində, məntiqlə düz də edib.
Onun təkidi ilə ssenaridə dəyişiklik
olub, qız şahın taxtına yaxınlaşıb və
hüzurunda təzim edib.
-
Reşat, sənin aktyorluğa gəlməyinə nə stimul verdi? Nüsrət Kəsəmənlinin
kinoda yaratdığı rollar, yoxsa öz istəyindən
yaranmışdı bu həvəs?
- Anam
heç vaxt aktyor olmağımı istəmirdi, amma həmişə
danışır, uşaq yaşlarımdan müxtəlif
heyvanları təqlid etmişəm. Sonradan, hətta
evdən xəbərsiz dram dərnəklərində məşqlərə
qatılmışam. Dərslərimdən
geri qalmışdım, anam xəbər tutanda məni cəzalandırdı.
Sonradan filmləri davamlı olaraq izləyirdim və bu, sadəcə
film izləmək deyildi, mən oradakı aktyor
ifalarını analiz etməyə, aktyor improvizələrini öyrənməyə
çalışırdım.
Anam hüquqşünas
olmağımı istəyirdi
Anam hüquqşünas olmağımı istəyirdi. Mən də
onun istəyinə uyğun olaraq orta məktəbi bitirdikdən
sonra Təfəkkür Universitetinin hüquq fakültəsinə
qəbul olundum. İki il hüquq
fakültəsinin tələbəsi oldum və 1994-cü ildə
könüllü olaraq orduya yazıldım. Amma
təhsilimi davam etdirə bilərdim. Atam bundan xəbər
tutduqdan sonra dedi ki, əgər belə bir qərar vermisənsə,
səni fikrindən daşındırmağa
çalışmayacağam. Ordudan
qayıtdıqdan sonra başa düşdüm ki, məndən
hüquqşünas olmaz və İncəsənət
Universitetinə daxil oldum.
- Nüsrət
Kəsəmənlini sevənlər və onun sevdikləri az olmayıb. Deyilənlərə
görə, ananıza qədər onun çox sevdiyi bir
qız varmış. Bir də mümkünsə,
ananızla tanışlığının tarixçəsi
haqqında bir az danış. Deyəsən,
bu izdivaca qarşı çıxanlar olub...
- Bəli,
atamın Sevda adlı sevdiyi biri olub. Ona həsr
etdiyi şeirləri də var. Amma müəyyən dövrdən
sonra atam başa düşüb ki, bu münasibətlərə
sevgi azlıq edir, çünki xasiyyətləri tutmur və
bu yaxınlıq yaxşı sonluqla bitməyə bilər.
Beləcə, ayırılıblar. Anamla universitetdə təsadüfən
qarşılaşıb. Anam laborant işləyirmiş,
çox ciddi adam olub, atam ona
yaxınlaşmağa ürək etməyib. Bir şeir
yazıb və dostundan xahiş edib ki, həmin şeiri makinada
yazmaq üçün anama versin. Anam şeiri
makinada yazıb və çox bəyəndiyindən bir
nüsxəsini də özündə saxlayıb. Sonra elə həmin o dostu atamı anama təqdim
edib, deyib makinada yazıb bəyəndiyin şeirin müəllifi
bu oğlandır. Anam deyib ki, çox
gözəl şeirdi, bir nüsxəsini özümdə
saxlamışam və atam bu fürsətdən yararlanıb,
etiraf edib ki, şeiri elə anama həsr edib. Anam həmin şeirin əlyazmasını hələ
də saxlayır. Beləcə,
aralarında münasibət yaranıb, amma nənəm gələn
elçiləri geri qaytarıb, deyib mən şairə
qız verən deyiləm. Şairlər hərdəmxəyal
olur, sabah qızım xoşbəxt olmaya
bilər və s.
Onların toyunu Nəsir İmanquliyev
edib
Söhbət rəhmətlik Nəsir İmanquliyevə
çatıb və Nəsir müəllim elçi gedəndən
sonra nənəm razılıq verib. Atamın həyatında
Nəsir müəllimin xüsusi yeri vardı. Təsəvvür edin ki, atamın toyunu da Nəsir
müəllim edib. Atamın cəmiyyətdə,
ədəbiyyat cameəsində tanınmağında da o
böyük qəlbli insanın əvəzsiz rolu olub.
Atam universitetdə oxuyarkən yataqxanada yer ala bilməyib
və hələ havalar xoş olduğundan gecələr Sabir
bağında skamyada yatırmış. Onu milis
saxlayıb, tüfeyli kimi tutub aparmaq istəyirmiş, amma
atamın tələbə olduğunu, jurnalistikada oxuduğunu
öyrəndikdən sonra onu Nəsir İmanquliyevin yanına
aparıb. Nəsir müəllim məsələni
öyrəndikdən sonra atama yataqxanada yer düzəldib, onu
"Bakı" ("Baku") axşam qəzetlərində
işə götürüb. Yəqin, həmin
milis işçisi indi dünyasını dəyişib, mən
onun da ruhuna rəhmət diləyirəm. Məhz
Nəsir müəllimin mənəvi atalığı sayəsində
atam maddi sıxıntılardan qurtulub. Atamın
ilk evini almasına da Nəsir İmanquliyev kömək edib.
İndi elə kişilər yoxdur.
Hardadı elə ağsaqqal ki, təmənnasız olaraq
kasıb, kimsəsiz bir tələbəyə arxa, dayaq olsun!?
- Nüsrət
Kəsəmənlinin gözəl sevgi şeirləri ilə
yanaşı, həm də gözəl, təsirli tale
şeirləri də var. Hətta "Atalıydı, analıydı
uşaqlar, Bizim evdə biri vardı, biri yox" dediyi məqam
da olub...
"Atalıydı, analıydı
uşaqlar..."
- Hə...
Atamın uşaqlığı ağır və
acı keçib. Lap körpəliyində
valideynləri ayrılıb və o, ata nənəmin himayəsində
böyüyüb. Kasıblıq,
ağır şərait, həyat qayğıları,
ehtiyaclar. Bütün bunlar atamın həyatından,
tərbiyəsindən təsirsiz ötüşməyib.
Balaca vaxtından ailəyə maddi kömək
göstərmək üçün işləmək məcburiyyətində
qalıb və beləcə, təhsildən uzaqlaşıb.
Vağzalda, küçədə qarmon
çalır, adamlar ona pul verirmişlər. Stansiyada qatarlarda xırda alver edirmiş. Hətta qatarda bir qadın onu görüb, ac
olduğunu hiss edib və çörək verib. Bir müddət sonra anası atamı görmək
istəyib və onları görüşdürüblər.
Anası atamı görəndə huşunu
itirib. Sonra məlum olub ki, qatarda atama
çörək verən qadın elə doğma anası
imiş.
Atamın gününün çox hissəsi
küçələrdə, vağzallarda keçirmiş. Dava-dalaşlar,
hətta bıçaqlaşmaya qədər. Yeddinci
sinifdə məktəbdən ayrılıb, üç il belə
davam edib, amma sonra özünə hesabat verib: "Mənim
axırım nə olacaq?!". Beləcə, iradəsini toplayıb, özündən
üç yaş kiçik uşaqlarla yenidən təhsilini
davam etdirib.
- Nüsrət Kəsəmənlinin etiraf şeirləri
ilə dağılmaq üzrə olan ailələr
barışıb. Ananızın ailəyə, həyat
yoldaşına münasibəti bəzən indi də
qırılmış əlaqələrin bərpa
olunmasına stimul verir.
- Atam
üzdə olan adam idi, haqqında müxtəlif
fikirər, şayiələr dolaşırdı. O, cəmiyyət
içində anama olan münasibətini, sevgisini etiraf etməkdən
çəkinmirdi və artıq hər kəs başa
düşürdü ki, Nüsrətin həyatında olan əbədi
insan məhz bu qadındır. Anamın səbirli
rəftarı, anlayışlı münasibəti çoxuna
örnək idi. Bir dəfə televiziyada
anamın sözlərini eşidən qadın mənim sosial
ünvanıma yazıb minnətdarlıq etdi. Dedi ki, ailəmiz
dağılırdı, ananızın sözlərindən
sonra mən həyat yoldaşımla barışdım. Ananıza minnətdaram, mən o qadın
qarşısında təzim edirəm. Çünki bəzən geri
addım atmağa ehtiyac var. Düşünürəm,
yaxşı ki, o şeirlər yazılıb. Bəzən
insanın qüruru ona mane olur və qatar
gedir. Adam vaxtında dilə gətirib deyə
bilmədiyi sözlərin təəssüfünü çəkir.
Amma şeir dili Tanrı
pıçıltısı kimi olur, dua kimi olur, adamın
ürəyinə tez yol tapır.
Anam atamın öldüyünü
bilmirdi...
- Nüsrət Kəsəmənlinin Cənubi Azərbaycan
mövzusunda, Araz, Təbriz mövzusunda xeyli şeiri var və
onların arasında "Mən Araz qoydum ki, adını sənin,
Evimdə Arazı çağırım hər gün"
dediyi sətirlər də var. Qardaşının adı
Arazdır. Özü isə Təbriz xəstəxanasında
dünyasını dəyişdi. Burada nəsə
mistik bir şey hiss etmirsən?!
- O,
ümumiyyətlə iki bölünmüş Vətən təfəkkürünü
qəbul edə bilmirdi. Hər dəfə bu
mövzuda söhbət düşəndə kövrəlirdi.
Hələ sərhədlər bağlı
olanda dəfələrlə Yardımlıdan Savalan
dağının zirvəsinə, Astaradan tikanlı məftillərə
baxıb ağlayırdı. Qardaşın
qardaşdan, qohumun qohumdan, dilin dildən, mədəniyyətin
mədəniyyətdən ayrı düşməsi ilə
barışa bilmirdi. Hansısa zorun,
gücün dünyanın taleyini həll etməsi faktı
onun üçün qəbuledilməz idi.
Bəlkə də, mistika var bu taledə. Ruhumuzun
paytaxtı Təbrizdə böyrək
çatışmazlığından müalicə
alırdı və böyrəyi əməliyyat olunaraq dəyişdirildi.
Əslində, əməliyyat uğurla
keçmişdi, amma sən demə, qəbul etdiyi dərmanlar
mədəsində problem yaradırmış. Üstəlik, mədəsində yara da olub və
daxili qanaxma başlayıb. Viza ilə
bağlı növbə ilə bir ay anam, bir ay mən
qalırdıq yanında. Altı aya yaxın çəkdi
bu proses, biz başqa şey gözləyirdik, amma sən
saydığını say. Demək, anam
qalırdı yanında və atamın dünyadan getməsini
ondan gizlədirmişlər. Təsəvvür
edirsinizmi eyni maşında atamın tabutu və anam gedir, amma
anam bu faciədən xəbərsizdir. Mənə
atamın keçindiyini demişdilər. Zəng
vurub anamla danışırdım, sevinərək deyirdi ki,
atanı buraxdılar, evə qayıdırıq, amma ata
başqa maşınla gəlir. Elə
bilirdim anam dəli olacaq. Mən də həqiqəti
açıb deməyə ürək etmirdim. Axırda
yaxın qohumlarımıza dedim ki, o gəlib burada atamın
tabutu ilə qarşılaşsa, çox pis olacaq, onu bu xəbərə
hazırlamaq lazımdır. Yolda demişdilər və təsəvvür
edin də... Mən artıq anamın halına
acıyırdım. O günlərdə hörmətli Kəmaləddin
Heydərov bizim yanımızda oldu, əlindən gələn
dəstəyi göstərdi.
-
Reşat, onun şeirdən başqa, nəyə həvəsi
vardı? Bir də elm, texnika inkişaf edir və bəzən
elmi ədəbiyyat yazır ki, insan səsini efirdən toplamaq
mümkündür, yaxın gələcəkdə ruhlarla
danışmaq olacaq və s. Əgər sənə belə
bir imkan verilsə, Nüsrət Kəsəmənliyə nə
deyərsən?
- Futbol
azarkeşi idi. Ağlım kəsəndən məni boynuna
alıb stadiona, "Neftçi"nin
oyunlarına baxmağa aparırdı. Gözəl şəkillər
çəkirdi: həm karandaşla, həm də boya ilə. Plastilindən heykəllər düzəldirdi. Salvador Dalini, Van Qoqu, Səttar Bəhlulzadəni o mənə
sevdirib. Patefon valları yığır,
musiqi dinləyirdi.
Qayıdaq
sualın ikinci hissəsinə: əgər mənə belə
bir imkan verilsəydi, atama deyərdim ki, sən artıq oradasan
və bilirsən insan hansı əməlinə görə
hara düşür? Bəs mən bu əməllərimlə,
bu həyat tərzimlə sənin yanına gələ biləcəyəm,
ya yox?
Söhbətləşdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2020.- 8 avqust.- S.20-21.