"İşıq" - ilk qadın qəzeti...
"Bizə ən yaxşı anaları verin və biz ən yaxşı adamlar olacağıq"
Jan Pol
Lənətə gəlmiş qaranlıq tarixin bütün səhifələrində dizin-dizin bizi izləməkdədir. Günəşimizi udan əjdahanı (güntutulma hadisəsi) belə mifik jestlərlə - əlimizə mis qab və çömçə alaraq və ona zərbələr endirərək hürkütmək istəmişik. Anlamamışıq ki, qaraqışqırıq çıxış yolu deyil.
"Əcnəbinin seyrə balonlarla çıxan" vaxtlarında avamlığımızı çılpaqcasına görən Azərbaycan ziyalısı, az-çox təhsil almış yazı-pozu bilən zümrəsini işığa doğru cəlb etməyin, avamını maarifləndirməyin yolunu həm də milli mətbuatın varlığında görürdü. "Əkinçi" bir tərəfdən xalqı gerilikdən çıxarmağa güc sərf edirdisə, digər tərəfdən də yazısını oxuyan və oxuduqlarından qorxan ruhanilərə qarşı mübarizə aparırdı. Eyni qaragüruh "Molla Nəsrəddin" ətrafında da var idi.
Qorinin qapıları Azərbaycan övladları üzünə açılandan, ürəyində azacıq mərhəməti olan valideynlər güc-xoş öz övladlarını elm ocaqlarına göndərirdilər. Sağ olsun azsaylı vətən övladları ki, savadlanaraq geri dönməyi özlərinə borc bildilər. Bəzi müasirlərimizdən fərqli olaraq Qərb təhsili ilə savadlanıb "Ölməyə vətən yaxşı" deyimini əlində bayraq tutub, sağlığında Qərbə, dəfn olunanda isə torpaq altında "vətənə xidmət" etmədilər. Qayıdanlar - Həsən bəy Zərdabi qeyrətində bulunub, bir xristian qızına aşiq olmasına baxmayaraq, elmlərini xalqa xərcləmək üçün geri döndülər və bu missiyanı bütün məhəbbətlərdən, istəklərdən uca tutdular.
Xədicə xanım Əlibəyova da ruhani ailəsində anadan olmuşdu...
Tiflisin sosial qarışıq mühitindən idimi, çevrədən idimi, bilmirəm. Hər halda, atası dindar olmasına baxmayaraq, "qız nədir, təhsil nədir?" deyib də onu evə kilidləmədi. Övladını ən yaxşı, ən savadlı xanımlardan biri kimi görmək istədi. Gördü də.
Xədicə xanım dövrünün savadlı bəylərindən biri ilə ailə həyatı qurur.
Mustafa bəy Mirzə Cabbar bəy oğlu Əlibəyov, Şəki Xanları Sarayının Mirzəsinin ailəsində dünyaya gəlmişdi. O, ilk təhsilini Şəkidə almış, ərəb, fars və rus dillərini mükəmməl bilirdi. Ardından Tiflis Gimnaziyasında təhsilini davam etdirən Mustafa bəy hüquqşünas kimi fəaliyyət göstərir. O, təkcə hüquqşünas deyildi, həm də ötən əsrin əvvəllərində ədəbiyyatşünas kimi də tanınırdı. Nasir, publisist, yazıçı-dramaturq kimi fəaliyyət göstərirdi. Həmçinin "Nicat" xeyriyyə cəmiyyətinin üzvü idi. Belə dolğun avtobioqrafiyaya malik bəyəfəndinin Xədicə xanıma rast gəlməsi əgər tale məsələsi idisə, həm də məfkurə, ideya uyğunluğu, eyni məqsədlərin varoluşu mənasını özündə daşıyırdı. Bir-birini hər cəhətdən tamamlayan cütlük vətənində ilk qadın qəzeti olan "İşıq"ın əsasını qoyur. Xədicə xanım qəzetin redaktoru, Mustafa bəy naşiri idi. Qəzetin hamisi isə dövrün böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev idi.
Qəzetin əsas qayəsi qadınları təhsilə yönləndirmək və onlara hüququnu anlatmaq idi. Cəmiyyətin əşya qismində yanaşdığı o dövrün qadını "Molla Nəsrəddin" səhifələrində başı üzərində ailə, cəmiyyət qayğıları ilə şəllənmiş şəkildə rəsm edilirdisə, "İşıq" qəzetində satiradan uzaq bir biçimdə təbabət, evdarlıq, ədəbiyyat, hüquq, vəzifə, təlimi-nisvan başlıqları altında təlimatlandırılırdı. Dövrün mütərəqqi ideyalı qadınları - müəllim, həkim, yazıçıları bu qəzet ətrafında cəm olmuşdular.
Qəzetə münasibət birmənalı deyildi. Bəli, əgər Məhəmməd Hadi qəzetə göndərdiyi təbrik məktubunda "Qarelərə tərbiyeyi-ətfalı layiqincə tanıtmaq üçün müslümə övrətin çocuğun əlindən yapışıb işığı göstərməyini gözdən keçirdim. Xeyirli olsun" ("İşıq" 29.01.1911 ¹2), Yusif Vəzir Çəmənzəminli Kiyevdən qəzetə göndərdiyi təbrik məktubunda "Xanımlar qəzetəsi dedikdə ən əvvəl "arvad məsələsi" gözümün qabağında durur... "Arvad məsələsinin" arvadlarımızın nəfinə həll olunmağına, arvadlarımızın hüquq və ixtiyarını müdafiə etməyə bircə yol, bircə vəsilə var: qanmaz sözündən, avam təkfirindən qorxmayıb doğru danışmaq, həqiqəti açıb hamıya məlum etmək və zəmanəmizin tələbatına müvafiq işlər görmək" ("İşıq" 16.04.1911 ¹13) təbriklərində nə qədər şən idilərsə, "Molla Nəsrəddin"çilər qəzetin varlığına qarşı görməzlik nümayiş etdirirdilər. Təkcə Cəlil Məmmədquluzadə deyil, Ömər Faiq Nemanzadə və Əliqulu Qəmküsar da qadın azadlığı kimi mühüm bir məsələnin həllində "İşıq"ın tərəddüdlü mövqeyini tənqid edirdilər.
Cəmiyyətdə nəyisə dəyişmək cəhdi iki cür özünü göstərir. Bəzən zamanın qısalığını rasional şəkildə dərk edən tərəflər onu daha kəskin və inqilabi şəkildə gerçəkləşdirmək istəyirlər. Məsələn, "Molla Nəsrəddin" kəskin dəyişim istəyini özündə təcəssüm etdirirdi. O, ərköyün cəmiyyətinə sərt təpki gəlməkdən çəkinmirdi. Üstünə ordu gəlsə belə, əsəb xərcləsə belə, hər şeyə reallıq çərçivəsindən baxaraq "dünya dəyişir və dəyişikliklə ayaqlaşmaq lazımdır" prinsipinə görə cəmiyyətini də tezliklə bu axına ən azından bir az da olsa yaxınlaşmasını istəyirdi. "İşıq" daha sakit və təmkinli yolu tutmuşdu. O, cəmiyyətinə ərköyün övlad kimi baxıb başına sığal çəkməklə yola gətirməyə çalışırdı. Qayğıkeş, anlayışlı ana obrazından çıxış edirdi. Həm də "İşıq"çılar qarşısında "Əkinçi" nümunəsi var idi ki, onlar Zərdabinin mollaların tənələrinə qarşı hansı vəziyyətdə olduğunu bilirdilər və uzunmüddətli çap həyatı yaşamaq üçün ruhanilərin ayağını tapdamamağa və onları qıcıqlandırmamağa çalışırdılar.
Yuxarıda qeyd etdiyim kimi, Ömər Faiq Nemanzadə, Əliqulu Qəmküsar qəzetin tərəddüdlü mövqeyini tənqid edirdi. "Biz şəriəti-islamiyyəyə müvafiq əməl etməyi arzulayırıq" fikrini söyləyən Xədicə xanımın özünün buraxdığı qəzetdə manşet şəkli kimi müntəzəm olaraq verilən - günəşi övladına göstərən ananın başıaçıq şəkildə təsviri arasında məntiqcə fərqlilik mövcud idi. Bu da təzadlı mövqe təəssüratı yaradırdı, əslində. Açıq fikirli ziyalılar Tiflisdə başıaçıq gəzib, eyni zamanda təhsil alan azsaylı xanımlardan biri olan Xədicə xanımın bu şəriətpərəstliyini anlamırdılar. Çünki geyim həm də təfəkkür hadisəsidir. Cəmiyyəti qaranlıqdan xilas etmək missiyasını gerçəkləşdirmək istəyən bir redaktorun bürüncək estetikası ilə irəliləməsi paradoksal durum yaradırdı.
Qəzet əməkdaşları "İşıq"ın bəzi nüsxələrini "Molla Nəsrəddin"ə göndərsələr də, Molla əmi tərəfindən alqış ala bilmirdilər. Elə bu səbəbdən də qəzetin naşiri Mustafa Əlibəyov istehzalı yazısı ilə Molla əmiyə müraciət edir. 1911-ci ilin 31 martı
"Molla Nəsrəddin"in 12-ci sayında qəzetin
ironiyasına eynilə ironik cavab verilir. Cəlil
Məmmədquluzadə "İşıq" adlı məqaləsində
"Doğrudur, Bakıda çıxan
"İşıq" qəzeti müsəlman
qardaşlarımızı işıqlandırır, amma bunu
gərək biləsən ki, çox bərk işıq da
bir şey deyil, adamın gözünü
qamaşdırır" yazır. Jurnal bir az da irəli gedərək eyni ilin 7 aprelində
"Molla Nəsrəddin"in 13-cü sayında, jurnalın
rəssamı Rotterin karikaturası ilə növbəti sətraltı
mənanı sərgiləyir. Karikaturada hərbi geyimli bir adam əllərini başına tutaraq
şlyapalı, müasir əlbisəli müsəlman
qadınlarının təqibindən qaçır. Qadın təsvirlərinin üzərində
"Tiflisdə müsəlman qadınları və dul
arvadlar" sözləri yazılır. Bu,
"İşıq" üçün prestijli jurnal tərəfindən
və dövrün mütərəqqi ziyalısı Mirzə
Cəlil tərəfindən endirilmiş bir zərbə idi.
Niyə qadın azadlığını əlində
bayraq edən, qadınların təhsilli olmasını,
hüquqi cəhətdən azadlığını səmimi-qəlbdən
arzulayan bir ziyalı - C.Məmmədquluzadə ilk qadın qəzetəsinin
varlığına qətiyyən sevinmirdi? Ona rəqib
kimi baxırdımı? Yoxsa Mirzə Cəlili
qıcıqlandıran yalnız örpək məsələsiydi?
Mustafa bəy
bu həqarətdən sonra qəzetdə "Molla Nəsrəddin"
sərlövhəli məqaləsi altında bunları
yazır: "İndiyə qədər "Molla Nəsrəddin"
jurnalı övrətlərin tərəfdarı olub surəti-əlnicata
dəvət edib cəmi müsəlmanlara təklif edib ki,
onlar bitərbiyə və bielm analarını,
bacılarını, zövcələrini və
qızlarını bazara, teatra aparıb onları istibdad
boyunduruğunun altından çıxartsınlar, asudəlik
versinlər. Çünki nicat buradadır.
Lakin 13-cü nömrədə bir düjün
müsəlman xanımını biəndazə libas və təbəq
boyda üçmərtəbə şlyapa başında bir
yaranalı (hərbiçini) qovmağını səbt ediblər.
Hərgah Mollanın demək istədiyi bu isə
ki, guya müsəlman xanımları oxuyub tərbiyə
alandan sonra bu hala düşürlər ki, bu böyük bir
böhtan və bişərm yalançılıqdır.
Hərgah Molla müsəlman övrətinə
böylə tərbiyə vermək istəyirsə, bu tərbiyə
ümumi millətə lazım deyil. Biz isə
elmli, tərbiyəli xanımların mütləq məsumə
olduqlarını yəqin edirik. Mollanın
sərf etdiyi bu söz ancaq özünə məlum olan bir ədavət
və böhtanın məhsuludur".
Deyilənə görə, guya gərginlikdən sonra bəyan
olunmuşdur ki, çəkilən karikaturada birbaşa olaraq
bu yox, bu cür düşünən tərəflərə
gülmək, istehza etmək üçün bu şəkil
çəkilibmiş. Yəni cəmiyyətin kişisi elə bilir ki,
qadın savadlanarsa sonra bir az da irəli
gedib azadlıq tələb edərək öz həya və
abrını itirə bilər. Guya Molla əmi
belələrinə gülübmüş. Amma istənilən halda əgər beləydisə,
karikaturada obrazlar üzərində başqa sözlər
yazılardı. Biz isə tamamən əksini
görürük. Həm də
"müsəlman qardaşlarımızı
işıqlandırır" ifadəsində niyə Mirzə
Cəlil bacı və qardaşlarımızı deyil, məhz
qardaşlarımızı yazır? Qadınların
azadlıq eşqinin yalnız qardaşlara - kişilərə
işıq olduğuna eyham vururmu, yoxsa mollalara işarət
edirmi, məsələsi də düşündürən məqamlardandır.
Dahi insanların təzadlı və dəyişkən
xarakterə malik olmaları çoxumuza bəllidir. Öz ailəsində
qadın hüququnun vacibliyini bilən və belə bir azad
qadının həyat yoldaşı olan C.Məmmədquluzadə
əlbəttə, müsəlman qadını haqqında
karikaturadakı kimi düşünə bilməzdi. Həm də öz doğma bacısının
bürüncəkli geyimindən utanan Cəlilin həyat
yoldaşına "Bir də o belə bir libas geyinərsə,
onunla heç yerə çıxmaram" deməsi
qadını həm vizual, həm də daxilən, ruhən
azad görmək istəyən kişinin psixologiyasını
qarşımızda aşkar edir. Demək
ki, Mirzə Cəlili qıcıqlandıran yalnız və
yalnız örtük nüansı idi. Və
qəzetdə bu cür şeylərin tez-tez tirajlanması onun
tərəfindən qəbul edilmirdi. Elə
Mustafa bəyin yazısından sonra Mirzə Cəlilin çəkinmədən
Xədicə xanımı jurnalın üz
qabığında müasir əlbisə ilə verib,
çadralı qadınları barmağıyla göstərərək
çadralı qadınların obrazı üzərində
"Bax, müsəlman xanımları belə ismətli və
namuslu olmalıdırlar" yazısı Mirzə Cəlilin məhz
geyim mövzusunda qıcıq olmasını
açıq-aşkar göstərirdi. Xədicə
xanım isə bu eyhamı anlayıb bu məsələyə
aydınlıq da gətirmişdi. O, örpəkli
qadınlara Tiflisdə təhsil alan bəylər
tərəfindən gerilik kimi baxılması səbəbindən
başına şlyapa taxmasını vurğulamış,
yenidən başına örtülən örpəyi isə
ismət örpəyi adlandırmışdır. Əliqulu Qəmküsarın da tənqidinin mahiyyətində
elə Xədicə xanımın hicabın ləğvi sahəsində
tərəddüdlü mövqeyi dayanırdı. Çünki qəzetdə gedən məqalələr
evdarlıq, təlim, təhsil fonunda olsa da, bu nüansa
zaman-zaman eyham vurulurdu. Bir sözlə, əgər
indinin indisində də örtük, saqqal ismət məsələsi,
papaq kişilik, qeyrət ampluasındadırsa, bizə
yazıqlar olsun. Mahiyyətdən
uzaqlaşdığımız üçün praktik, elmi hər
şey kölgədə qalıb. Biz
üzərimizə sarılmış örtük kimi bir
parça diplomu hər şeydən üstün sanıb dərəcələrimizi
artırmaqla və elmə xidmət etməməklə, nəzəri
bölümü doldurub, təcrübi olaraq heç nəyi
gerçəkləşdirməməklə ömür
tükədirik. Ona görə də
dünya alimləri kainatı cənginə almış xəstəliyə
qarşı peyvənd axtarışındaykən, biz də
Akademiyalarda quru bəy kimi qalstukla (müasir əlbisə) əyləşib
dırnaqarası elmlə məşğuluq. Yazdıqlarımız kağızdadır. Xəstəlikdən qurtuluşu isə ağac
altında oturan ayı kimi halva-halva deməklə gözləyirik.
Nə vaxt peyvənd kəşf olunacaq, biz də
xilas olacağıq gözləntisindəyik. Əlbisəmiz müasir, elm, üləma yoxdur ki
yoxdur.
Cəlil
Məmmədquluzadənin Mustafa bəy Əlibəyova
qarşı xoş münasibəti "Molla Nəsrəddin"
jurnalının 4 avqust 1911-ci il 28-ci
nömrəsində gedən yazıdan da məlumdur. Baş verənlərin qətiyyən
qısqanclıq, rəqabət məsələsi
olmadığı gün kimi aydındır. "Korifey
naşey literaturı... (ədəbiyyatımızın
görkəmli nümayədənsi) ifadəsi ilə
başlanan rusca mətndə məşhur vəkil Mustafa bəy
Əlibəyovun dəfələrlə Qorki ilə Andreyev
arasındakı mübahisələri həll etməsi və
Tolstoyun özünə əxlaq haqqında moizə oxuması
mətləbləri göstərilmişdir. Çünki C.Məmmədquluzadənin
Mustafa bəyin kim olmasından xəbəri
var idi. O, həmin Mustafa bəy Əlibəyov idi ki, XX əsrin
əvvəllərində nasir, publisist-yazıçı,
dramaturq kimi də tanınaraq Azərbaycan Cümhuriyyəti
dövründə "Yaşıl qələm"
Yazıçılar Birliyinin fəal üzvlərindən
olmuşdu. XX əsrin əvvəllərində
Azərbaycanda neft sənayesinə kapitalizmin inkişafı ilə
bağlı yaranan meyil və marağın, xalqın bu sahədə
ətalət və geriliyi, rus, xarici və erməni qəsbkarlığı
Mustafa bəy Əlibəyovu publisistik və bədii
yaradıcılığa sövq etmişdi. Bu münasibətlə
o, 1905-ci ildə "Abşeron neft cəzirəsi" (Sitat:
Əcəba! Bizim bəylərimiz ki, həmin
yerləri əcnəbilərə satdılar, aya özləri
bir dövlətə dara oldularmı? Xeyr! Ancaq həmin qədim
cəhalətlərində qalıb aldıqları az məbləği də həvayi-nəfsə
uymaqla bir az müddətdə gah aparıb genə əcnəbilər
məmləkətində və gahi burada eyşü-işrətə
sərf edib və etməkdədirlər) məqaləsini,
1914-cü ildə isə "Məhkəmələr
qapısında tökülən qanlı
yaşlarımız" pyesini yazmışdı. Bu əsər milli dramaturgiyamızda dahi Mirzə Fətəli
Axundzadənin "Mürafiə vəkillərinin hekayəti"ndən
sonra insan hüquqlarının qorunmasına, məhkəmə
işlərinə həsr edilmiş dolğun bir əsər
kimi özünəməxsus yer tutur.
Bütün bunlardan görünür ki, dava - rəqabət,
yorğan davası yox, düşüncə davası idi ki, məhz
bu - şəriətpərəstlik nüansı əsas
götürülərək qəzetə qüsur kimi
bildirilir və onları doğru yola gətirmək
üçün qabaqcıl ziyalılar əllərindən gələni
əsirgəmirdilər.
"İşıq" özünü ruhanilərin təqiblərindən
qorumağa çalışsa da, maddi çətinliklər
qarşısında tab gətirə bilməyərək iki
illik ömrünü başa vurmağa məcbur olur. Qəzetin bağlanma
qorxusunu öncədən hiss edən Xədicə xanım
"İşıq"ın 1911-ci ildə çapa gedən
1-34-cü saylarını Rusiya İmperatoru II Nikolayın həyat
yoldaşı Aleksandra Fyodorovnaya göndərərək
toplunun cildində bu sözləri yazır: "Eə
İmperatorskomu Veliçestvu Qosudarınc İmperatiriüc
Aleksandrc Feodorovnc - "İşıqğ" za 1911 qodc.
"Svetğ"". Hətta
bu göndəriş belə İmperatriçanın diqqətini
qəzet üzərində cəmləyə bilməmiş,
68-ci buraxılışdan sonra qəzet bir daha çap
olunmamışdır.
1911-ci ilin ortalarında “İşıq”la əməkdaşlıq
edənlər artıq şeir və məqalələrini qəzetə
göndərmirdilər. "Təəssüflər olsun" adlı məqalədə
qadınlara müraciəti oxuyuruq: "Vətənə xidmət
beləmi olur?! Bağbanı köçmüş,
bağçası viran olub, gülləri solmuş
bülbüllər kimi hara qaçıb
dağılışdınız"... ("İşıq"
08.10.1911 ¹ 29).
Xədicə xanım bütün çərçivələri
pozmadan, din və şəriətin heysiyyatına toxunmadan hərəkət
etməyinə baxmayaraq ərklə ruhanilərin yanına getsə
də, onlardan dəstək ala bilmir. Əvəzində müraciət
etdiyi ruhanilərdən namaz zamanı kütləyə səsləniş
eşidir... "Kim "İşıq" qəzetini
alarsa kafirdir. Çünki övrət qəzetəsinin
olması qiyamət nişanəsidir"... Bu da son...
"İşıq" tarazlıq yolunu seçmişdi. Kimsəni
incitmədən nicata, gələcəyə doğru getmək
istəyirdi. Bəzi ziyalılar tərəfindən
məhz şəriət məsələlərində
suçlanılsa da, elə qəzetin ilk
buraxılışında Xədicə xanım öz
yazısı ilə cahilliyi deyil, elmi əlində bayraq edən
dinin tərəfindən çıxış etdiyini bəyan
edirdi. Peyğəmbər deyimlərini yazıya alaraq
"görə bilən kəslərlə, görə bilməyən
kəslər bir ola bilərmi?" sözlərini
dilə gətirərək dövrün dindarına dinin həm
də elm tərəfdarı olmasını demək istəyirdi.
Əlbəttə, mətbuat tariximizdə ilk qadın mətbu
orqanı olaraq "İşıq" qiymətlidir. Həm də
o dövrün mütərəqqi qadınlarını ətrafında
cəm etməsi baxımından, yeni jurnalistika ənənələrinin
qoyulması baxımından dəyərlidir.
Bir qəzetin yoxluğu hələ son deyil, əslində. "Əkinçi"nin
ardından gələn mətbu orqanlar kimi,
"İşıq"ın da ardından gələnlər
olacaqdı. Günü-gündən
savadlanan, yetişən ziyalıların sayəsində iynə
boyda da olsa işıq ucu həmişə irəlidə
görünürdü və həmin zərrələr Azərbaycan
publisistikasını qurub yaşadırdı. Kədərli olan Azərbaycan ziyalılarının
sonucu, aqibəti idi. Sinəsində
böyük ürəyin döyünməsinə, vətənini,
millətini dərin məhəbbətlə sevməsinə
baxmayaraq, 1937-ci ilin qurbanlarından biri də məhz Mustafa bəy
Əlibəyov olur. Xalqın düşünən beyinlərini
xalqın əlindən alan Sovet
çarxı növbəti qurbanını öz məngənəsində
əzir. Həyatının dinclik, nəvə
qayğısına qalma dönəmində Mustafa bəy
Əlibəyov "Xalq düşməni" adıyla evindən,
yurdundan didərgin düşərək Sibir düzənliyində,
sürgündə ömrünü tamamlayır. Bir çox dəyərli ziyalılarımız kimi,
ona layiq olmayan şəkildə, özgələrin çevrəsində,
vətəndən uzaq, balalarından, həyat
yoldaşından xəbərsiz şəkildə həyata
vida edir. Xədicə xanım isə beş
balasını layiqincə böyüdərək,
savadlandıraraq zərif missiyasını layiqincə yerinə
yetirir. Ən yaxşı adamların ən yaxşı
anası olur...
Günel EYVAZLI
Ədəbiyyat qəzeti.- 2020.- 8
avqust.- S.18-19.