Yasamal samurayı

 

Sürreal pritça

 

- Xəcalətdən şəhərə çıxa bilmirəm... - qardaşının ürəyi heç cür boşalmırdı... - camaatın uşaqları dağı dağ üstə qoyur. Amma mənə bir gün zəng eləyirlər ki, kiçik qardaşın özünü Qız qalasından atıb, gəl bağırsaqlarını yığışdır, biri gün xəbər gəlir ki, metronun altına girib, başı bir yandadı, əl-ayağı bir yanda, bir gün çağırırlar ki, transformatoru açıb vurub özünü kabellərə, qapqara tabaka olub... Mənim günümə bax da...

Qardaşı deyindikcə başını aşağı salıb puçur-puçur tər tökürdü... Nə desəydi haqqı vardı. Beş-altı yaşında atalarını itirmişdilər, anasının da, onun da yükünü çəkmək böyük qardaşının boynuna düşmüşdü...

- Qurban olum sənə, niyə adam olmursan? - qardaşının səsi bir az yumşaldı elə bil. - Bundan artıq neynəməliyəm ki bununçun? - Qardaşı anasına çöndü... - Texnikomu qurtarandan sonra neçə yerə işə düzəltdim... Dedim əli çörəyə çatar... Amma bu neynədi? Zavodda atdı özünü kislata qazanına, tikintidə onuncu mərtəbədən tullandı aşağı, taxta sexində başını soxdu mişarın altına, avtoservisdə benzin töküb özünü yandırdı... Adam nə qədər şikayət, narazılıq eşidər... bezmişəm ey. Yaxşı ki, rəhmətlik kişi vaxtında getdi, bunun hoqqalarını görmədi...

Anasının isə "düzdü, düz deyirsən" mızıldanaraq, sakitcə hönkürməkdən başqa, bir şey əlindən gəlmirdi... Sadəcə, hərdənbir başını qaldırıb təəssüf dolu baxışlarla kiçik oğluna baxırdı, başını yellədirdi...

O isə həmişə adət etdiyi kimi, qardaşının deyinməyə başladığı andan xəyala dalıb, keçmiş sərgüzəştlərini yadına salmağa başlayırdı...

İlk dəfə orta məktəbdə oxuyanda intihar eləmişdi... Səbəbi isə təbii ki, ilk məhəbbət olmuşdu. Siniflərinə təzə gələn sarışın qıza yazdığı ilk sevgi məktubunı insafsız qız hamının yanında cırıb atmışdı, o da xəcalətdən cəld sinifdən çıxmışdı, cummuşdu tualetə, orda elektrik naqilindən özünü asmışdı... Bir də yarım saatdan sonra, böyük zəngdə gəlib sifəti qapqara kömürə dönmüş bu eşq fədaisini tapmışdılar...

Təbii ki, valideynini məktəbə çağırıb danlamışdılar, yazıq anası puçur-puçur tər tökmüşdü direktorun qabağında və söz vermişdi ki, evdə də möhkəm tənbeh edəcəklər, daha belə hərəkət təkrar olunmayacaq...

O hadisədən sonra hələ bir neçə ay məktəbdə hamı onu barmaqla göstərib pıçıldayırdı ki, tualetdə özünü asıb öldürən oğlandı, sonra da dalıyca gülürdülər... Hətta bəziləri lağa da qoyurdular ki, özünü asırdınsa, heç olmasa, fərli yerdə asardın, yoxsa daşa dəyən ilk məhəbbət hara, tualet hara?.. Adam da o cür romantikanı tualetə soxar?

Bəli, on dörd yaşında ilk intiharın dadını görsə də, hələ, təbii ki, həyatının necə dəyişdiyini anlamamışdı. İlk dəfə siqaret çəkən uşaqlar kimi, elə bilmişdi ki, birinci və axırıncı dəfədir.

Bunlara rəğmən ürəyinin dərinliyində hiss eləmişdi ki, nəsə dəyişib. Özü də təkcə həyatında yox, ümumiyyətlə, hər yerdə... Hə, düzdü, dəyişirdi. Axı XXI əsrin başlamasına bir neçə gün qalmışdı.

Yeni əsrdə anasının və böyük qardaşının öyüdlərinə uyğun olaraq, özünü çox yaxşı apardı, yarım ilə qədər özünü saxladı, heç bir artıq-əskik hərəkət etmədi.

Nəhayət, yay aylarının birində təsadüfən qarşısına bir jurnalda Yukio Misimanın "Vətənpərvərlik" hekayəsi çıxdı... Tərcüməçinin yazdığı kiçik ön söz onun marağını çəkdi. Yazılmışdı ki, yazıçı bu hekayədə təsvir elədiyi xarakiri prosesini bir neçə il sonra reallıqda həyata keçirib.

Hekayəni oxudu. Hələ bu vaxta qədər qarşısına elə bir mətn çıxmamışdı ki, onun ruhunu bu qədər silkələsin. Bu zalım balası səkkiz səhifədə xarakiri prosesini xırdalıqlarına qədər elə dəqiq təsvir eləmişdi ki, sanki zamanı tərsinə fırlatmışdı - əvvəl bağırsaqlarını doğrayıb özünü öldürmüşdü, sonra da bütün incəliklərini hekayədə təsvir eləmişdi. Ən qəribəsi isə bu idi ki, hekayədə ağrı hissi barədə bir kəlmə də yox idi. Hər şey o qədər gözəl, o qədər şirin idi ki... Elə bil yazıçı sübut etməyə çalışırdı ki, ölümqabağı gözəlliyin ən ali, ən ülvi mərhələsində ümumiyyətlə ağrı, iztirab anlayışı olmur. Bu məfhumlar gözəlliyin içində əriyib gedir.

Hə, bu dargözlərdən nə desən çıxar, fikirləşmişdi, sonra hekayəni ikinci dəfə oxumuşdu. Sonra üçüncü, sonra dördüncü dəfə... Müəllifin jurnaldakı şəklinə də xeyli baxmışdı... Sadə görünüşlü, arıq, dargöz adam idi... 

Gecə yuxuda gördü ki, əlində xəncər olan Misima onun otağına gəlir, xəncəri onun çiyninə qoyub təmiz dağlı ləhcəsiylə deyir ki, samuraylar yalnız iki yerdən çıxa bilər, Yaponiyadan, bir də Yasamaldan... Mən Yaponiyanın sonuncu samurayı oldum, sən də Yasamalın birinci samurayı olacaqsan. Həm də qeyri-adi bir samuray. Vətən samurayı. Yasamal samurayı. Əbədi samuray... Hamıya sübut eləməlisən ki, kişi qandan, ağrıdan, ölümdən qorxmaz... Bunu deyib yapon dilində bərkdən "Xarakiri" qışqırdı...

Elə bu qışqırığa da yuxudan oyandı. Bir müddət yerində oturub pəncərədən düşən Ay işığında otağı gözdən keçirdi. Heç kim yox idi. Yalnız o biri otaqdan böyük qardaşının xorultusu gəlirdi.

Fikrə getdi... Yadına düşdü ki, həqiqətən də dağlı camaatı qandan-filandan qorxan deyil... Hərçənd, XX əsrin sonlarına doğru beynəlxalq humanizmin təsiri altında Yasamal da yavaş-yavaş dəyişirdi, ancaq hələ də kişilər arasında belində bıçaq gəzdirmək, toylarda dava salıb bir-birinin bağırsaqlarını tökmək ənənəsi tam yox olub getməmişdi. Elə iki-üç il əvvəl əmioğlusunun palatka toyunda əntiqə bir dava düşmüşdü, düz beş nəfər bıçaqlanmışdı. Hərçənd ki, ölən olmamışdı...

Birdən-birə başa düşdü hər şeyi. Bəli, artıq XXI əsr başlayır. Hamı ürəyiyumşaq, qandan qorxan, quşürək olur yavaş-yavaş. Artıq belində bıçaq gəzdirənə vəhşi kimi baxmağa başlayırlar. Ən böyük dava-dalaşları sülh yoluyla həll etməyə çalışırlar. Belə getsə, on-on beş ilə nəinki Yaponiyada, heç Yasamalda da bir damcı qan tökülməyəcək, hamı humanist olacaq. Hətta dağ kimi kişilər də barmağı qanayan kimi həyəcandan huşunu itirəcəklər... Bütün konfliktlərdə isə şücaətli, igid, mərd olanlar yox, həyasızlar, riyakarlar, fəndgirlər qalib gələcək...

Bəli, məhz belə bir məqamda, bu qədim ənənəni davam etdirmək missiyası məhz onun boynuna düşüb... O, seçilmişlərdəndi... Əgər belə olmasaydı, o boyda Misima Yaponiyadan durub gəlib məhz onun yuxusuna girməzdi və onu Yasamal samurayı elan eləməzdi...

Adrenalin qalxdı, qanı qaynadı... hiss elədi ki, elə bu saat, bu an nəsə eləməlidi. Heç kim görməsə belə, heç kim bilməsə belə... Heç kimə də olmasa, ən azından əleyhüssalam Yukio Misimaya sübut eləsin ki, o boyda yolu Yaponiyadan bura əbəs yerə gəlməyib...

Tez o biri otağa keçib böyük qardaşının siyirtməsini açdı, dayıoğlusunun türmədən göndərdiyi dəstəyi naxışlı bıçağı götürüb şüşəli eyvana çıxdı, işığı yandırıb arxası qapıya oturdu...

Əlbəttə, dünya ədəbiyyatını oxuyub başı xarab olan cavanlar çox olub, elə indi də bu proses davam edir. Amma bir hekayəni oxuyandan sonra gedib eyvanda qarnını kəsib bağırsaqlarını doğrayan olmamışdı. Beləliklə, o, bir ilkə imza atmış oldu.

Səhər onun eyvanın döşəməsinə tökülmüş bağırsaqlarını yığışdırıb qanını təmizləyəndə anası ağlayaraq böyük oğlunu ittiham eləmişdi ki, bu zibil bıçağı niyə evə gətirmisən ki, tifil də həvəsə düşüb öz qarnını doğrasın... Təbii ki, arvad məsələdən hali deyildi, bilmirdi ki, həmin gecə evdə ən küt meyvə bıçağı da olmasaydı, o, paltar qayçısıyla qarnını doğrayıb xarakiri edəcəkdi...

Bundan sonra isə hər şey məlumdu... Qısa fasilələrlə bir birini əvəz edən müxtəlif intihar növləri onun daxili aləmini daha da zənginləşdirirdi. Ətrafdakıların danlağı, tənəsi də vecinə deyildi. Ən əsas məsələ Yukio Misimanın etimadını doğrultmaq idi.

Bu müddət ərzində sevimli yazıçısının başqa əsərlərini də tapıb oxumağa çalışdı və başa düşdü ki, məsələ sadəcə intihar eləməkdə deyil. Burda ən əsas məsələ estetikadı. Misima ölümə və qana olan sevgini elə yüksək estetik mərtəbəyə qaldırırdı ki, heç Şərq şairlərinin təsvir elədiyi İlahi eşqin gözəlliyi də ona çatmazdı. Hərdən müqayisə eləyəndə fikirləşirdi ki, deyəsən, Şərqdə də gizli samuraylar olub, sadəcə açıq şəkildə intihar eləyə bilməyiblər, din qətli-nəfsi qadağan elədiyinə görə dolayı yollarla getməli olublar. Elə ən böyük Şərq samurayı da Nəsimi olub. Çünki onun "Ənəlhəqq" qışqırmasını heç bir məntiqlə özüyçün izah edə bilmirdi. Axı, hətta indinin özündə də kimsə elə bir ideya irəli sürsə, daşqalaq edərlər, o ki qaldı Orta əsrlər ola... Deməli, bilirdi. Dəqiq bilirdi ki, edam edəcəklər. Məqsədli şəkildə bu yolu tutmuşdu. Çünki özünü öldürməyi heç bir yolla əsaslandıra bilməzdi. Burda hər şey konkret və dəqiq idi... Amma "Ənəlhəqq"i izah etməkçün o qədər dolaşıq yollar var ki... Yəqin, şair də fikirləşib ki, qiyamətdə birtəhər fırlanıb altından çıxaram...

Sonrakı illərdə texnikum bitirdi, müxtəlif yerlərdə işlədi və bu müddət ərzində intiharın çox fərqli və estetik üsullarını sınaqdan keçirdi... Qardaşının danışdığı kimi, neçə dəfə binaların damından tullandı, neçə dəfə özünü yük maşınlarının altına atdı, benzin töküb özünü yandırdı, yüksək gərginlikli transformatora girdi, metro qatarının altına düşdü, dənizdə boğuldu...

Ən çox ürəyinə yatan isə yuxarı mərtəbələrdən aşağı tullanmaq idi. çünki o biri intihar üsullarından fərqli olaraq, məhz bu üsulla özünə qəsd edəndə arada bir neçə saniyə vaxt olurdu ki, bu müddətdə özünü dünyanın ən güclü, ən igid adamı hiss eləsin. Ona elə gəlirdi ki, əsl həyat məhz o saniyələrin içində idi... Əsl ali insan həyatı, ali insan varlığı...

Amma bütün bu müddət ərzində, bir məsələ heç cür onu rahat buraxmırdı. Böyük ustadının yuxuda ona dediyi Vətən Samurayı sözünün mənasını özüyçün heç cür həll edə bilmirdi. Düzdü, onun yoluyla gedirdi, intiharın ən qəliz və qeyri-adi estetik formalarını da həyata keçirməyə çalışırdı. Lakin bunun vətənə nə xeyri? Əksinə, dost-tanışın gözündən düşürdü, hamının zəhləsi gedirdi ondan... Anasını, qardaşını da camaatın yanında biabır eləmişdi... Bunun harası vətənə xidmət olur ki? Bəlkə Misima bu kəlməni elə-belə, sözgəlişi demişdi? Amma yox, o, bizimkilərin tayı deyil ki, ağzına gələni danışsın. Deyibsə, deməli, altında nəsə mənası var...

- Bəlkə əsgər gedib gələr, evlənər, ailə sahibi olar, onda düzələr? - anasının sözü onu xatirələrdən ayırdı... - Heç olmasa, arvad- uşağından abır eləyər, özünü yığışdırar...

- Bu ya? - böyük qardaşı əlini ona tutub acı-acı güldü. - Bu ailə saxlayacaq? Həm də bundan törəyən nə olacaq?

Anası cavab vermədi, yenə təəssüf dolu baxışlarla ona baxdı... Qardaşı isə sanki nəyisə xatırlayırmış kimi əlavə elədi...

- Hə, təmiz fikrimdən çıxmışdı.. Gələn ay vaxtın çatır, əsgər gedəcəksən...

- Bəlkə bir az da vaxt alasan, instituta girsin? - anası inamsız səslə böyük oğluna baxdı...

- Danışmışam. Alınmır. Heç nə olmaz, qoy gedib gəlsin, sonra istəyər girər instituta... - qardaşı ah çəkdi.

Hiss elədi ki, qardaşı onun əsgər getməsinə, sanki sevinir. Üzdə də olmasa, ürəyinin dərinliyində... Sanki bir-iki il ərzində onun səfeh hərəkətlərindən uzaq olub rahatlanacağını düşünür...

Ömründə birinci dəfə xəcalət çəkdi ki, qardaşını gör nə hala gətirib... Düzdü, bu xəcalət ani oldu, bir neçə dəqiqəlik...

Qardaşı gedəndən sonra isə yenə öz düşüncələrinə qayıtdı, qərar verdi ki, əsgər getməmişdən qabaq ən gözəl intiharlarından birini həyata keçirməlidi ki, bunun həzzi bir-iki il çatsın... Hər halda hərbi xidmət ciddi məsələdi. Birdən orda heç nə eləməyə imkan olmaz...

Oturdu, düşündü və qərara gəldi ki, bir neçə intihar üsulunu birləşdirsin. Çağırış məntəqəsinə gedəcəyi günün axşamı yeni tikilən çoxmərtəbəli binaların birinin damına çıxdı, venalarını ülgüclə kəsdi, qanı axa-axa öz üstünə benzin töküb yandırdı, özünü atdı aşağı... Və bir qanlı əbədiyyət məşəli kimi qəşəngcə yana-yana düşdü yerdəki armaturların üstünə...

Bəli, beləcə hekayəmizin əsas hissəsinə gəlib çatdıq... Bundan əvvəlki hadisələr uzun olsa da, sadəcə, ekspozisiya idi...

Hərbi xidmətin ilk ayları həqiqətən də öz köhnə həyat kredosunu bir kənara atmalı oldu. Elə bil başqa planetə düşmüşdü. Sərt nizam-intizam rejimi, səhərdən axşamacan sıra yerişi, idman məşqləri, poliqonda hərbi hazırlıq... Heç nə barədə düşünməyə vaxt olmurdu. Axşam da elə yorulurdu ki, yerinə girən kimi nəsə düşünməyə macal tapmamış yuxuya gedirdi...

Beləcə, andiçmə mərasimi gəlib çatdı... Əsgəri andını içib vətənin layiqli müdafiəçisi olmağa söz verdi... Andiçmədən sonra ailəsiylə görüşəndə qardaşının gözlərində sevinc hiss elədi. Axı bu müddət ərzində heç bir artıq hərəkəti barədə xəbər gəlməmişdi...

- Deyəsən, əsgərlik bunu adam eləyəcək...

Anası da fərəhlənirdi. Oğlu bu iki ayda əməlli-başlı böyümüşdü elə bil...

- Andiçmədən sonra onu Murovdağa göndərdilər. Bir müddət sonra isə diribaşlığına görə, kəşfiyyat bölüyünə salındı...

Təxminən yarım il ərzində özünü sakit apardı. Hətta öz-özlüyündə qərara gəlmişdi ki, əsgərliyi bitənə qədər əvvəlki həyatını unutsun, xidmətini yüksək səviyyədə həyata keçirsin. Hətta hərdən ona elə gəlirdi ki, neçə ay əvvəlki Samuray həyatı, sadəcə, bir yuxu olub...

Ancaq deyir sən saydığını say, gör fələk nə sayır... Qış aylarının birində düşmən postlarının yaxınlığında kəşfiyyatda olarkən minaya düşüb partladı. Hər tikəsi bir yana səpələndi...

Bu hadisədən sonra elə bil ki, uzun müddət onu düşündürən sualın cavabı onunçün əyan oldu... Vətən samurayı... Bəli, əsl cavab burda, bu mina sahələrinin, bu dağ postlarının arasındadı...

Fikirləşib hərəkət planı qurdu... Lakin ilk həftələrdə gizli niyyətini həyata keçirməyə müvəffəq olmadı. Beş-altı dəfə minaya düşüb partladı.

Nəhayət, mina sahələrinin yerini dəqiqləşdirib öz xəritəsində qeyd elədi. Həftənin sonunda növbəti dəfə kəşfiyyata gedəndə qrupdan ayrılıb düşmən postuna tərəf getdi. Gözətçilərin gözündən yayınıb posta girib üstündəki üç qumbarayla özünü partlatdı. Neçə nəfər düşmən əsgəri həlak oldu...

Sonrakı günlərdə içində qəribə bir eyforiya hiss elədi. Bəli, ən əsas bu idi ki, onun bu hərəkətində vətənə xeyir verməklə bərabər, həm də bir qəribə sirlilik var idi... Axı öz tərəfimizdən heç kim bu hadisəni görməmişdi... Deməli, bəzi nümayişkaranə saxta qəhrəmanlıqlardan fərqli olaraq, burda təkəbbürdən-filandan söhbət gedə bilməzdi... Həqiqəti, hələ ki bir özü bilirdi, bir də axır vaxtlar yenə yuxularına gəlməyə başlayan Yukio Misima...

Lakin nə qədər çalışsa da, döyüş bölgəsində belə hadisələri uzun müddət sirr kimi saxlamaq mümkün olmur...

Yeddi səkkiz dəfə gizlincə müxtəlif postlara girərək özünü partladıb düşmənə xeyli tələfat verəndən sonra, əks tərəf məsələni araşdırmağa başladı...

Amma onlar araşdırıb ortaya bir şey çıxarana qədər, biz tərəfdə bəzi sirlərin üstü açıldı. Onun xidmət elədiyi artilleriya divizionunun komandiri gördü ki, hərbi sursatların içində əl qumbaraları sürətlə azalır... Üç-dörd gün içində bütün faktları araşdırıb həqiqəti öyrəndi. O da çox israr eləmədi. Komandirin təkidindən sonra açıq etiraf etdi ki, qumbaraları mən götürürəm, hər dəfə gedib bir posta girib özümü partladıram...

Divizion komandiri dərin fikrə getdi. Əslində, kəşfiyyatçının hərəkətləri çox ürəyinə yatmışdı, hətta ondan olsaydı, mükafata da təqdim edərdi. Amma bir tərəfdən də qərargah rəisinin göndərdiyi sərəncamlar gəlirdi gözünün qabağına - düşmənlərimiz həmişə bizi atəşkəsi pozmaqda ittiham edir. Beynəlxalq təşkilatlar təmas xəttində tez-tez qəfil monitorinqlər aparır. Çalışmaq lazımdır ki, bizi atəşkəsi pozmaqda ittiham edə biləcək faktlarla rastlaşmasınlar...

Çox fikirləşəndən sonra qərara gəldi ki, səsə salmasın, sakitcə xətanı özündən uzaq eləsin. Beləliklə, onu başqa bir posta keçirdilər...

Bundan sonrakı aylarda eyni hal dəfələrlə təkrar olundu... Hər dəfə onun yerini dəyişirdilər, o isə əməlindən qalmırdı, hər dəfə kəşfiyyata gedəndə eyni üsulla düşmən postlarına girib özünü partladırdı.

Artıq əks tərəf də bu məsələni araşdırıb, bəzi məqamları öyrənib, adət etdikləri kimi şişirtməyə başlamışdı. Beynəlxalq təşkilatlara şikayətlər gedirdi ki, ay aman, qoymayın, bunlar yeni mübarizə üsuluna keçiblər, xüsusi terrorist-kamikadze dəstələri yaradıb bizə göz verib işıq vermirlər, atəşkəsi pozurlar, fağır əsgərlərimizi öldürürlər...

Söhbət korpus rəhbərliyinə qədər gedib çatdı. Bilmirdilər neyləsinlər. Əməlində hansısa cinayət tərkibi də yox idi ki, tribunal- filana versinlər... Amma boş buraxmaq da məqsədəuyğun deyildi. Sabah bir də gördün buna baxıb o birilər də başladı bellərinə qumbara bağlayıb özbaşına düşmən postlarına hücum eləməyə... Onda nə olacaq? Beynəlxalq təşkilatların sülhsevər humanist kişiləri nə deyəcək? Onsuz da yüz il boyu düşmən tərəf bizi bütün dünyanın gözündə vəhşi barbar kimi təqdim edib, gözdən salmağa nail olmuşdu. Son illərdə zorla bu təbliğatı zərərsizləşdirə bilmişik, özümüzü müsbət tərəfdən göstərmişik. Bütün dünya görüb ki, biz mədəni, humanist, sülhsevər xalqıq, müharibə istəmirik, sadəcə, haqq-ədalətin bərpa olunmasını, doğma torpaqlarımızın qaytarılmasını istəyirik... İndi bundan sonra hər çatan gedib düşmən postlarında özünü partlatsa, sülhsevər humanist kişilərin əlinə bəhanə düşəcək...

Qısası, çox müzakirələrdən sonra qərara gəldilər ki, onu təmas xəttindən aralıda olan hərbi hissələrə keçirsinlər. Lakin bunun da xeyri olmadı, nə yolla olur-olsun, imkan tapıb yenə cəbhə xəttinə qaçırdı, dağın deşiyindən də olsa bir düşmən postu tapıb girirdi, orda özünü partladırdı...

Axırda korpusun tibb xidməti rəisinin ağlına bir ideya gəldi, onun onurğasında əyrilik taparaq xəstəlik kağızı-filan düzəldib, vaxtından qabaq tərxis elədilər... Axı yaxın aylarda ölkədə böyük beynəlxalq tədbir keçiriləcəkdi, belə məsuliyyətli məqamda yalançı vay-şivən qaldırmaqçün düşmənin əlinə bəhanə vermək olmazdı...

Hərbi hissədən ayrılanda komandir ona səmimi-qəlbdən təşəkkür edərək bildirdi ki, sənin kimi igid qəhrəman oğullara hələ çox ehtiyacımız olacaq, vaxtı çatanda yenə sıralarımıza qoşularsan, qəhrəmanlıqlarını davam etdirərsən. İndi isə get dincəl.

Beləcə, vaxtından əvvəl ordudan ayrılıb əvvəlki həyatına qayıtmalı oldu. Lakin bu artıq yeniyetməlikdəki sadəlövh samuray deyildi ki, sadəcə gözəllik xətrinə hər həftə intihar eləsin. Yox, o, artıq vətən yolunda candan keçməyin şirinliyini hiss eləmişdi. Boş-boşuna intihar eləmək artıq ona çox mənasız və lazımsız addım kimi görünürdü...

Bir müddət düşünüb daşınandan sonra ağlına gəldi ki, mübarizəsini başqa cür davam etdirsin. Xarici ölkələrə turist adıyla gedib düşmən ölkənin səfirliklərinin qarşısında hay-küylü şəkildə intihar eləsin, bu yolla dünyanın diqqətini bizim problemə yönəltsin... Gözəl fikir olsa da, başa düşdü ki, həyata keçirmək çox çətin olacaq, bunun üçün əldə müəyyən vəsait olmalıydı. Turist səfərləri od qiymətinə idi. O isə hələ heç yerdə işləmirdi, qardaşının əlinə baxırdı...

Gücü ona çatdı ki, qardaşından bir az borc alıb yaxın ölkələrdən birinə getdi, düşmənin müstəqillik bayramı günü onların səfirliyinin həyətində özünü yandırdı... Artığına pulu çatmadı...

Yenə düşünüb daşındı, qərara gəldi ki, siyasi xəbərləri izləsin, hansı ölkənin rəhbərliyi beynəlxalq tədbirlərdə düşmən tərəfin lehinə bir çıxış-filan etsə, onun səfirliyi qarşısında qeyri-adi şəkildə intihar eləsin, bu yolla vətəninin haqq-ədalət mübarizəsinə öz töhfəsini versin...

Bu daha asan idi və tərxis olunandan bir ay sonra düşmən tərəfə hərbi yardım edən ölkənin səfirliyinin damına çıxıb özünü aşağı atdı... Tərslikdən səfir də qadın idi və qapını açıb bayıra çıxan kimi göydən bir adamın düz qabağına düşərək xurd-xəşil olmasını görüb şok keçirdi, ürəyi getdi. Neçə ay xəstəxanada yatsa da, müalicəsi nəticə vermədi, nəhayət, geri çağırıldı...

Bir neçə oxşar hadisədən sonra səfirliklər Xarici İşlər Nazirliyində hay-küy qaldırdılar ki, bu xoşagəlməz hadisələrin qarşısını alın, yoxsa diplomatik münasibətləri kəsəcəyik...

Yenə məsləhətləşmələr başladı. Özünü dəfələrlə çağırıb söhbət etsələr də, xeyri olmurdu. Heç cür başa sala bilmirdilər ki, vətənin belə əcaib qəhrəmanlıqlara hələ ehtiyacı yoxdu... Vaxtı çatanda çağırarıq, deyərik, sən də sinəni qabağa verib işini görərsən. Hələliksə dinc otur.

O isə hər dəfə deyilənlərə diqqətlə qulaq asıb söz verirdi ki, axırıncı dəfə olacaq, amma bir ay sonra yenə öz bildiyini edirdi.

Çox düşündülər ki, axı bunun qarşısını necə almaq olar? İnsafən, onun heç bir hərəkəti konkret olaraq kiməsə qarşı yönəlməmişdi. Neynirdisə, özünə edirdi və öz aləmində vətən üçün edirdi... Bütün dünya ölkələrində olduğu kimi, bizdə də Cinayət Məcəlləsində intihar etmək üstündə heç bir cəza nəzərdə tutulmamışdı. İntihara sövq eləmək var idi, amma intihar maddəsi yazılmamışdı. Deməli, tutub həbsxanaya atmaq üçün də heç bir əsas yox idi...

Çox məşvərətlər aparıldı, axırda kiminsə ağlına gəldi ki, gəlin onu Prometey kimi Qafqaz dağlarında zəncirləyək.

Bir başqası əlavə etdi ki, gəlin zəncirini də uzun edək, qoy lap gündə üç dəfə özünü atsın qayaların üstünə, sonra Sizif kimi təzədən dırmaşsın yuxarı. Əsas budur ki, dağdan qaça bilməsin, öz sərsəm vətənpərvərliyi ilə heç kimin əl ayağına dolaşmasın...

Qafqaz dağlarında, Şahdağ turist mərkəzinin yaxınlığında qəşəng bir sıldırım qayalıq tapdılar, üstündə onunçün yer düzəltdilər... İndi əsas məsələ özünü razı salmaq idi... Ona bildirdilər ki, biz bütün dünyaya göstərmək istəyirik ki, bizim Prometey kimi oğullarımız var. Qoy düşmən də bilsin ki, belə igidləri olan xalq əvvəl-axır öz istədiyinə nail olacaq...

Özü əvvəlcə bu fikrə şübhəylə yanaşdı. Samuraylıqla Prometeyliyi heç cür beynində calaq edə bilmirdi...

Lakin deyilən yerə gələndə Qafqaz dağlarının əzəməti onun içini riqqətə gətirdi... Gözünün qabağına gəldi ki, min illər əvvəl Zevsin əmriylə böyük Prometey də məhz bu dağlarda zəncirlənmişdi. İçindən qürur hissi keçdi, düşündü ki, dağların bütün gücünü, əzəmətini içinə yığmaq üçün bir müddət mütləq burda qalmalıdı...

Həqiqətən də sonrakı aylar ərzində həyatının ən ali, ən mənalı dövrünü yaşadı. Dəfələrlə özünü dağdan aşağı atdı, yaralı qartal kimi sıldırım qayalara çırpıldı... Düzdü, ilk dövrlərdə düşünürdü ki, görəsən, bu Prometeyliyin vətənə nə xeyri var? Ancaq qısa müddətdən sonra bu məsələ də həll olundu. Şahdağa gələn turistləri onun zəncirləndiyi dağa ekskursiyaya gətirirdilər, özünü sıldırım qayaların üstünə atması səhnəsini göstərib izah edirdilər ki, biz sülhsevər xalqığ, ona görə öz Prometeylərimizi dağlarda zəncirləyirik... Hər dağımızda neçə belə Prometeyimiz var ki, istənilən vaxt canından keçməyə hazırdı... Haqq-ədalət bərpa edilməsə, bizim haqqımız qaytarılmasa, əvvəl-axır Prometeylərimizin zəncirlərini açacağıq, onda düşmənin aqibəti heç də yaxşı olmayacaq...

Turistlər də onun videolarını internetdə paylaşırdılar, dünyada tanıdırdılar...

Lakin zamanə çox sürətli zamanədi. İlk dövrlərdə dünya ictimaiyyəti arasında yeni Qafqaz Prometeyi böyük maraq yaratsa da, yavaş-yavaş adiləşdi... Bir ildən sonra, artıq Şahdağa gələn turistlər, onun zəncirləndiyi dağa getməyə belə tənbəllik edirdilər... O isə dəhşətli dərəcədə darıxmağa başlamışdı. Turistlərə elə öyrəşmişdi ki, artıq ona tuşlanmış telefon kameraları olmadan özünü dağdan atmağa da tənbəllik edirdi...

Bir sözlə, yavaş-yavaş depressiyaya düşürdü... Hətta Şahdağda işləyənlərin dediyinə görə, axır vaxtlar gecələr onun dəli qəhqəhəsi eşidilməyə başlamışdı... Deyəsən, yavaş-yavaş başı da gedirdi.

Və günlərin bir günündə şəhərdə fəaliyyət göstərən media-holdinqlərdən birinin rəhbərinin ağlına maraqlı bir ideya gəldi. Lazımi adamlarla danışıb çətinliklə də olsa icazə aldı və Şahdağdakı Prometeyi zaminə götürdü. Onu dağdan çıxarıb şəhərə gətirdi, bir müddət dincələndən sonra niyyətini ona bildirdi - səninçün ayrıca müstəqil bir sayt açırıq, ofis veririk, bir-iki nəfər də texniki işçi veririk. İşlə, xalqına xidmət elə...

Media-holdinqin rəhbəri az aşın duzu deyildi. Uzaqgörən adam idi və hər şeyi qabaqcadan dəqiq hesablamışdı...

O isə hələ də Şahdağ depressiyasından tam çıxmadığından, işinin mahiyyətini anlamadı. Axı o, jurnalist deyildi, sayt rəhbəri olub neyləyəcəkdi ki?

Ancaq könülsüz də olsa razılaşdı ki, bəlkə beş-on manat qazanar, heç olmasa qardaşına kömək olar. Yoxsa bu vətənpərvər qəhrəmanlıqdan, deyəsən, bir şey çıxmadı...

Yavaş-yavaş işə başladı. Əvvəl həvəssiz işləsə də, getdikcə işin ləzzətini tutdu. Əli yazıya öyrəşdi. "Youtube"da öz kanalını da açdı.

Ona ötürülən ən kəskin materialları da qorxub çəkinmədən saytda verirdi, videoçıxışlarda ağzından çıxanı deyib ifşa eləyirdi... Ağzından qan iyi gəlirdi, qılıncının dalı da kəsirdi, qabağı da...

Daha intihar eləməyə də ehtiyac qalmamışdı. Ayağını tapdaladığı adamlar gah onu maşınla basırdılar, gah bıçaqlatdırırdılar, gah zəhərləyirdilər, gah ofisini yandırırdılar...

Lakin bunlar xırda şey idi... Ən əsası bu idi ki, ilk dəfə özünü cəmiyyət üçün əhəmiyyətli, lazımlı adam hiss eləməyə başlamışdı. Hörməti də artmışdı, həm də qorxurdular ondan...

Əvvəl-əvvəl bəyan elədiyi materialların həqiqiliyini dəqiq yoxlamağa çalışsa da, müəyyən vaxtdan sonra bezib başını buraxdı... Düzdü, səhvdi, həqiqətdi, böhtandı, nə fərqi var, əsas budu ki, qalmaqal yaranır, aləm dəyir bir-birinə, saytın reytinqi qalxır, hamı ondan danışır... Artıq samuraylıq, prometeylik də yaddan çıxmışdı...

Holdinqin rəhbəri isə onun arxasından əməlli-başlı işlər fırladırdı. Kim kiminlə düşmənçilik edərək qara piar kampaniyasına başlamaq istəyirdisə, hörmətini eləyib lazımi materialları media-holdinqə ötürürdü və bu materiallar qısa müddətdən sonra məhz onun saytında peyda olurdu, ya da "Youtube"da onun dilindən səslənirdi...

Media-holdinq rəhbəri üçün o, qızıl yumurtlayan toyuq kimi olmuşdu... Onun hesabına maşını təzələdi, yeni çoxmərtəbəli binada ev aldı, dəniz kənarında villa tikdirdi, uşaqlarını xarici universitetlərə göndərdi...

Onun özü isə arxasında fırladılan bu qara işlərdən xəbərsiz idi. Ona vacib olan vətənə, xalqa xidmət eləmək idi...

Holdinqin rəhbəri də az qala hər gün onu inandırırdı ki, bu saat vətənə ən böyük tarixi xidmət məhz sənin gördüyün işdi. Bundan lazımlı iş yoxdu...

Hətta ona söz vermişdi ki, bu cür davam eləsə, yaxın vaxtlarda, ona "Əməkdar jurnalist" adı almağa da çalışacaq. Əsas budu ki, heç nəyə fikir verməsin, Samuraylığı, Prometeyliyi yadından çıxartsın, başını aşağı salsın, cəmiyyətə xidmət eləsin...

 

İyun 2020

 

İlqar FƏHMİ

 

Ədəbiyyat qəzeti.- 2020.- 8 avqust.- S.16-18.