"Koroğlu" romanı haqqında
qeydlər
"Koroğlu" romanı Vüqar Əhmədin
dördüncü romanıdır. Tarixi mövzuda qələmə
alınan əsər "Ecoprint" nəşriyyatında
çap olunub. Romana AMEA Folklor İnstitutunun Mifologiya
şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy ön söz
yazmışdır. Bədii əsərin rəyçisi
"Ədəbiyyatşünaslıq plyus"
Yaradıcılıq Birliyinin sədri, filologiya üzrə fəlsəfə
doktoru Zəkulla Bayramlı, redaktoru isə Mətbuat tarixi və
publisistika şöbəsinin kiçik elmi işçisi Təhminə
Vəliyevadır.
Koroğlu...
Hər bir erkək türk cocuğunun bənzəmək
istədiyi fövqəladə gücə malik basılmaz bir pəhləvan,
yenilməz bir xalq qəhrəmanı. Hansı
birimiz ağlımız kəsəndən bəri, yeniyetmə
vaxtlarımızda Koroğluya bənzəmək istəməmişik?
Hansı birimiz uşaq olanda ağacdan yonub
"misri qılınc" düzəltməmişik, xəyalən
Koroğlunun misilsiz Qıratının belində
oturmamışıq? Hansı birimiz
"Koroğlu" dastanından heç olmasa iki-üç
şeir nümunəsini əzbərdən bilməmişik?
Fəqət, məhz bizə Koroğlunu da ulu
ozanlarımızın bizim üçün miras qoyduğu bu
qəhrəmanlıq dastanı tanıdıb. Biz məhz
"Koroğlu" dastanını oxuyandan sonra əsl qəhrəmanın
nə olduğunu Koroğlunun timsalında
görmüşük və Allahdan başqa heç kimdən,
heç nədən qorxmayan, zalımın zalımı,
acizin, fəqirin müdafiəçisi olan, zülmkarlara
qarşı sərt, kəskin mübarizə aparan, barışmaz
mövqe tutan, həqiqət carçısı, haqq-ədalət
bərpaçısı, düşmənlə
döyüş zamanı nərəsi yeri-göyü titrədən,
düşmənin canını lərzəyə salan, bir həmlədə
yüzlərlə düşməni pərən-pərən
salan, alçaqların, xainlərin, zülmkarların
leşini bir tərəfə, başını bir tərəfə
ayıran Koroğlunu tanımışıq və sevmişik.
"Koroğlu" dastanı, yuxarıda deyildiyi kimi, bizə
ulu ozanlarımızdan miras qalıb. İyirminci əsrin
birinci yarısında dahi Üzeyir Hacıbəyov
"Koroğlu" dastanının motivləri əsasında
Azərbaycan musiqisinin ən qiymətli gövhərlərindən
birini - "Koroğlu" operasını yaradıb və bu əsər
tez bir zamanda bütün dünyaya səs salıb.
1960-cı illərin əvvəllərində Sabit Rəhmanın
ssenarisinə əsasən, məşhur sinema rejissoru
Hüseyn Seyidzadə "Koroğlu" bədii filmini ərsəyə
gətirib...
İndi
isə Vüqar Əhməd Koroğluya müraciət edib və
bizə elə gəlir ki, çox düzgün də bir
iş tutub. Vüqar Əhmədin bu romanı da
"Koroğlu" dastanının motivləri əsasındadır,
lakin müəllifin özünəməxsus təhkiyəsi
ilə qələmə alınıb və əsərdə
heyrətamiz bir səviyyədə bədiilik mövcuddur.
Əvvəlki əsərlərindən də
biz Vüqar Əhmədin orijinal bir üsluba, kimsəyə bənzəməyən
bədii dilə malik olduğunu bilirik. Müəllif
"Koroğlu"da da bu bədii piryomlardan, qeyri-adi
variantlardan məharətlə istifadə etmişdir.
Romanda
Koroğlu, dastanda nəql olunan kimi, Alı kişinin doğma
oğlu deyil, Alı kişi onu körpə
ikən qayalıqdan tapıb və doğma övladı kimi bəsləyib,
tərbiyə verib, boya-başa çatdırıb. Ümumiyyətlə, kompozissiyası mükəmməl
qurulmuş romanda dastandakından çox fərqli cəhətlər
vardır. Müəllif obrazlarda da dəyişiklik
etmişdir. Məsələn, burada
müsbət obraz kimi verilən Ərəb Reyhan Koroğlunun
düşməni deyil, onun oğlu Ayxan isə Koroğlunun ən
yaxın dostuna çevrilir. Keçəl
Həmzə əvvəlcə Koroğluya qarşı namərd
hərəkət edib, onun atını qaçırtsa da,
sonra öz səhvini başa düşür. Koroğlu təkbaşına yüzlərlə
düşmənlə döyüşərkən ona kömək
edir və beləliklə, onun dəlilərinin sırasına
daxil olur. Giziroğlu Mustafa bəy Çənlibeldə
Koroğlu ilə birlikdə düşmənə qarşı
mübarizə aparır. Əsərdə
Həsən xan, Xotkar obrazları yoxdur, Nigar nə
dastandakı kimi, Xotkarın, nə də filmdəki kimi, Həsən
xanın qızıdır. Bayandur
mahalının adil hökmdarı İsmayıl xanın
övladıdır. Koroğlu da, əslində,
Nigarın dost-doğma əmisi oğludur və körpə ikən,
sonralar İsmayıl xanı nankorcasına öldürüb
taxta oturan xain Qara vəzir tərəfindən anası zəhərlənmiş,
özü isə qayalığa atılmışdır.
Qara vəzir xəmiri riyakarlıqla, əxlaqsızlıqla,
xainliklə, hiyləgərliklə yoğrulmuş iyrənc
bir adamdır. Daha doğrusu, Vüqar Əhməd onun,
eyni zamanda Türküstan hökmdarı Məhdim şahın
ortancıl oğlu Xəyratın timsalında hakimiyyət,
qızıl, külli miqdarda var-dövlət hərislərinin,
hakimiyyətə yiyələnməkdən ötrü hər
cür çirkinliyə, iyrənc əməllərə əl
atanların, qadın düşkünlərinin, vətən,
torpaq xainlərinin, xalq düşmənlərinin olduqca mənfi
obrazlarını yaratmışdır.
Əsərdə nə dastanda, nə operada, nə də
filmdə olmayan hadisələr və obrazlar mövcuddur. Buradakı
hadisələrin çoxu dastandakından fərqli olaraq
tamamilə başqa cür cərəyan edir. Bayandur mahalındakı Təbərrük meşəsində
istirahət etməyə gələn rus çarının
ailəsi, ülyahəzrət Nadejda, qızları Anastasiya,
Marusya, knyaz Barkovski, Vüqar Əhmədin ayrıca
tapıntılarıdır. Koroğlunun
cirə sazı sinəsinə basıb rus mahalının qənirsiz
gözəli vəsf eləməsi, eyni zamanda Anastasiyanın
Koroğluya dəlicəsinə aşiq olması əsərə
xüsusi bir yaraşıq verir və Vüqar Əhmədin nə
qədər yenilikçi, orijinal bir sənətkar olduğunu
sübuta yetirir.
Əsər həm də macəralarla doludur, maraqlı
hadisələrlə zəngindir. Müəllif bu əsərə həm
də uşaqlıqdan nağıllarda oxuyub başına gələn
hadisələrə bəzən təəccüb etdiyimiz, bəzən
heyrətləndiyimiz Azərbaycan nağıllarının ən
məşhur personajlarından biri Ovçu Pirimin parlaq surətini
də salmışdır ki, yüz yaşlı ixtiyar, əsərdə
çox az görünsə də, romana özünəməxsus
bir naxış vurur.
"Koroğlu" dastanında Aşıq Cünun surəti
vardır. Orada Aşıq Cünun el
aşığıdır və Koroğlunun ən yaxın
sirdaşlarından biridir. Vüqar Əhməd
isə bu əsərdə Aşıq Cünunu artıq məziyyətlərlə
vermiş, onu bir növ övliya mərtəbəsinə
yüksəltmişdir. Burada Aşıq
Cünun Uca Yaradan tərəfindən kəramət
verilmiş haqq aşığıdır və onun Koroğlu
ilə hər görüşü çox xeyirli olur. Belə ki, Aşıq Cünun gah Koroğluya bir
ağsaqqal tək hikmətamiz kəlmələrlə
öyüd-nəsihət, təsəlli verir, gah da
üstünə naqafil qoşun gəldiyindən xəbərdar
edir. Koroğlunun Nigarla toyu olan zaman isə
gəlib xeyir-dua verir.
Bu əsərdə Aşıq Cünun tək Azərbaycanın
deyil, bütün türk dünyasının ən
böyük yazılı abidəsi "Dədə Qorqud"
eposundakı Dədə Qorqud obrazına çox bənzəyir. Belə ki, Dədə
Qorqud yalnız ən lazmlı hallarda peyda olduğu kimi,
Aşıq Cünun da əsərdə heç vaxt boş yerə
görsənmir, hər gəlişi Koroğlunun uğur
qazanmasına səbəb olur.
Aşıq Cünundan başqa, bu romanda Allah tərəfindən
kəramət verilmiş, hamımızın müqəddəs
"Qurani-Kərim"in "Loğman" surəsindən
tanıdığı və sevdiyi Loğman surəti
vardır. Müqəddəs "Qurani-Kərim"də
adı hallanan Loğman şübhəsiz ki, tarixi bir şəxsiyyət
olmuşdur və Uca Yaradanın ən xoşbəxt bəndələrindən
olduğuna görə adı hər bir müsəlmanın həyat
kitabı müqəddəs "Qurani-Kərim"ə
düşmüşdür. Loğman surəti
bizə nağıllarımızdan da tanışdır.
Dünyanın ən məşhur tibb alimlərindən
olan İbn-Sinaya da loğman demişlər. Lakin buradakı Loğman, sadəcə olaraq,
çox güclü təbib olduğu üçün xalq
arasında Loğman kimi tanınır. Əsl
adı isə Hacı İbrahimdir. Burada
Loğmana Uca Yaradan tərəfindən kəramət verildiyi
üçün bəsirət gözü açıqdır
və o da Aşıq Cünun kimi çoxlarının bilmədikləri
şeylərdən xəbərdardır və İbn
Sadatın qoşunu ilə döyüşdə nizə
yarası alıb xeyli qan itirmiş Nigarı Allahın intəhasız
inayətilə ölümdən xilas edib həyata
qaytarır.
Həm
Aşıq Cünun, həm Loğman, həm Ovçu Pirim, həm
də bir çox nağıllarımızdan çox mənfi
bir personaj kimi tanıdığımız Qara vəzir surətləri
Vüqar Əhmədin dastanlarımıza,
nağıllarımıza nə qədər bağlı
olduğunu bəyan edir.
Vüqar
Əhməd romanda Koroğlunun hələ, necə deyərlər,
sağ vaxtında ona bənzəmək istəyənlərin
olduğunu göstərir. Məsələn, Kərbəla səhrasında
valideynləri və kiçik bacısı ilə birlikdə
yaşayan Zülfüqar, Yezid nəslindən olan Şimrin əmriylə
İbn Sadatın rəhbərliyi altında iyirmi minlik
qoşunun Koroğlunun üstünə getdiyindən xəbər
tutub düz üç gün-üç gecə at qovub,
özünü Bayandur mahalına çatdıraraq bundan
Koroğlunu xəbərdar edir.
Vüqar
Əhməd əsərə bacı-qardaşlar,
Qızılgüllə Rüstəmin surətini salmaqla
Koroğlunun atılmış, kimsəsiz, yetim uşaqlara da
qayğısını əsirgəmədiyinin, ulu peyğəmbərimiz
Həzrəti Muhəmmədin mübarək hədisi-şərifinin
hikmətinə əsasən yetim başına sığal
çəkdiyinin şahidi oluruq.
Hamıya məlumdur ki, Koroğlu tarixi bir şəxsiyyətdir
və Allaha bütün qəlbi ilə inanan bir insan
olmuşdur. Tarixi mənbələrin əksəriyyəti onun Kərkük
elindən olduğunu göstərir. Bu da
çoxlarına məlumdur ki, kərküklülər istər
Kərbəlaya, istər Nəcəfə, Şimali və Cənubi
Azərbaycandan Həzrət Əli əleyhəssalamın,
İmam Hüseyn əleyhəssalamın və ümumiyyətlə,
Kərbəla şəhidlərinin eşqinə
köçmüşlər ki, dünyalarını dəyişdikləri
zaman onları bu müqəddəslərin məzarının
yaxınlığında dəfn etsinlər. Belə
olan təqdirdə Koroğlunun da Əhli-Beyt aşiqi
olmasının şərhə ehtiyacı yoxdur. Folklorşünaslar və tarixçilər
"Koroğlu" dastanının yaşının çox
olduğunu qeyd edirlər. Bu da öz
növbəsində dastanın baş qəhrəmanı olan
Koroğlunun bütün məziyyətlərini, o cümlədən,
dindar bir müsəlman olduğunu sübut edir. Lakin şübhəsiz ki, sovetlər dönəmində
Koroğlunun dastandakı dindarlığı ilə
bağlı səhifələr
çıxarılmışdır və Koroğlu
oxucuların nəzərinə sosializm ideologiyasının tələblərinə
əsasən dinin nə olduğunu bilməyən bir şəxsiyyət
kimi qələmə verilmişdir. Vüqar
Əhməd bunu da nəzərdən
qaçırmamış, Koroğlunun
dindarlığını, ələlxüsus, Əhli-Beyt
aşiqi olmasını ön plana çəkmiş, bununla
da, Koroğlunun timsalında olduqca əməlisaleh bir obraz
yaratmışdır.
Uzun illər öz cəfəngiyyatları ilə bəşəriyyətin
beynini qarışdıran Karl Marksın materiyanın
şüura olan nisbəti cəfəng fəlsəfəsi əsasında
cərəyan edən sosializm ideologiyası daim belə bir
fikir irəli sürmüşdür ki, bütün
kasıblar yaxşı, bütün varlılar isə pis
adamdır. Özü də məhz xalqın qanını
sora-sora milyonlar sahibi olmuş adamlar sosializm
ideologiyasını bu şəkildə təbliğ və tətbiq
etmişlər. Çox əfsuslar olsun ki, Marksın
ibliscəsinə hazırladığı bu zəhəri indi
də şərbət əvəzinə içənlər
var və onlar da "öz sələflərinin" yolunu
tutaraq dövlətin, xalqın var-yoxunu altdan-altdan mənimsəyə-mənimsəyə
başqalarını da zəhərləndirmək istəyirlər.
Vüqar Əhməd yenilikçi və orijinal bir sənətkar
kimi əvvəlki əsərlərində olduğu kimi, bu
romanda da bu fəlsəfənin yalnış və
gülünc olduğunu sübuta yetirir və çöllərdə
kasıbcasına ömür sürən Koroğlunu xan
sarayında böyümüş Nigarla bir araya gətirərək,
istər sarayda boya-başa çatmış Nigarın, istərsə
də çöllərdə at otarmış Koroğlunun və
onun ətrafına toplaşmış vətənpərvər
adamların timsalında, sadəcə olaraq əsl insan
obrazları yaradır. Bu əsərdəki Koroğlu və
Nigar başda olmaqla, onların ətrafındakı müsbət
surətlər, dövlətli və yaxud kasıb olmasından
asılı olmayaraq vətənpərvər, torpaq sevən,
alicənab, əməlisaleh, mərd, adət-ənənələrinə,
milli dəyərlərinə, dininə, dilinə intəhasız
hörmət göstərən surətlərdir. Vüqar Əhməd bununla insanın dəyərlərinin
onun kasıb və yaxud zəngin olması ilə deyil, əməlləri
ilə ölçüldüyünü, kasıbların da
arasında olduğu qədər, varlıların da
arasında gözəl insanlar olduğunu bədii ustalıqla
göstərə bildirmişdir.
Vüqar
Əhməd bu əsəri Azərbaycanın qəhrəmanlıq
tarixinə adını qızıl hərflərlə
yazmış, eyni zamanda azğın düşmənə Azərbaycan
əsgərinin onların düşündüyü kimi zəif,
qorxaq, aciz deyil, yer üzündə tayı-bərabəri
olmayan, cəsarəti, rəşadəti bütün
dünyaya nümunə ola bilən bir əsgər olduğunu
bir neçə saatın ərzində yüzlərlə erməni
dığasını cəhənnəmin dibinə göndərmiş
Mübariz İbrahimova ithaf etmişdir. Buna da səbəb,
şübhəsiz ki, yuxarıda qeyd olunduğu kimi, ən əlçatmaz
zirvələrdən biri olan şəhidlik zirvəsinə yüksəlmiş
igidlər igidi Mübariz İbrahimovun milyardlarla insandan birinə
nəsib olan fövqəladə şücaəti, məhz
çox zaman düşmənin üstünə təkbaşına
gedən Koroğlu kimi bir həmlədə yüzlərlə
düşmənin leşini leş üstünə
qalamasıdır.
Əslində, həqiqətən də, Mübariz İbrahimov
Koroğluya çox bənzəyir. Etiraf etmək lazımdır ki, biz
bir xalq olaraq zəmanəmizin Koroğlusunu çoxdan gözləyirdik
və budur, Koroğlu yeni qiyafədə, artıq Misri
qılıncla yox, müasir silahlarla silahlanmış, lakin
fiziki qüdrətindən, zirəkliyindən, qorxmazlığından,
vətənpərvərliyindən,
basılmazlığından, yenilməzliyindən, yüksək
mənəvi keyfiyyətlərindən, nəcib sifətlərindən,
əməlisalehliyindən, işıqlı imanından, eyni
zamanda qüsursuz yaraşıqlı görkəmindən
Koroğlunu bizə çox xatırladan yeni bir Koroğlu peyda
oldu. Və gəlişilə hələ qiyamətə
qədər də Koroğluların doğulacağını
populist nitqlərlə, alovlu çıxışlarla yox, heyrətamiz
ruhu, cəsurluğu və fövqəladə hərbi
bacarığı ilə bəyan etdi.
Mən elə düşünürəm ki, Vüqar
müəllim məhz bu səbəbdən yenicə qələmə
aldığı bu çox vacib və dəyərli əsəri
Mübariz İbrahimova ithaf etmişdir.
Yuxarıda qeyd olunduğu kimi, Vüqar müəllim
çox gözəl bir təhkiyə ustasıdır. O, bu hekayətini də elə
bir şəkildə nəql edir ki, həm vəzifəsindən,
tutduğu mövqedən asılı olmayaraq yaşlı insanlar,
həm də artıq oxumağı bacaran azyaşlı
uşaqlar da əsəri, necə deyərlər,
özünküləşdirir və əsər onu o qədər
özünə bağlayır ki, özünü
Koroğlunun yanında, bu el qəhrəmanının macəralarını,
düşmənlərlə savaşlarını gözü
ilə görüb müşahidə etmiş kimi hiss edir.
Vüqar müəllimin Koroğluya müraciətinin bir
səbəbi də onun şəxsən özünün
uşaq vaxtından bu igidlər-igidinə intəhasız dərəcədə
bağlılığıdır. Gözəl bir zərb-misal
var ki, niyyətin hara, mənzilin də ora. Layiq olan bir şəxsiyyəti çox sevirsənsə,
ona hədsiz dərəcədə bağlanırsansa, hökmən
haçansa qarşılığını alırsan. Əsrlər öncə Koroğluya heyran olan
aşıqlar sevə-sevə onun haqqında çox dəyərli
dastan qoşublar. XX əsrin əvvəllərində
dahi Üzeyir bəy Koroğlu haqqında sevə-sevə tək
Azərbaycan incəsənətini deyil, dünya opera xəzinəsini
bəzəyən "Koroğlu" operası yaradıb.
Sonralar Bülbül kimi, Lütfiyar İmanov
kimi böyük müğənnilər sevə-sevə
Koroğlu obrazını oynayıblar. İndi
də Vüqar müəllim sevə-sevə
"Koroğlu" romanını qələmə alıb.
İnanırıq ki, Vüqar müəllim də
hökmən Koroğluya qarşı olan bu sevginin
qarşılığını alacaq, əsər
damarlarından əsl azərbaycanlı qanı axan hər bir
vətənpərvər insan tərəfindən sevilə-sevilə
oxunacaq və yüz minlərlə insan bu kitabı
özünün stolüstü kitabına çevriləcək.
Vüqar
Əhmədin indiki zamanda, iyirmirinci əsrdə Koroğluya
yeni baxışı həm də ona görə vacibdir ki,
türk oğlu, türk övladı Koroğlunun kim olduğunu bütün dünya bir də
görsün. Çoxlarına məlumdur
ki, tarixləri məlum olmayan, bu səbəbdən də
folklorları, mədəniyyətləri,
milli dəyərləri mövcud olmayan, eyni zamanda türk qəhrəmanlarını
hər vasitə ilə aşağılamaq istəyən ermənilər
son zamanlar Koroğluya da əl ataraq onu fransız xalqına
qorxaq və bir çox mənfi xüsusiyyətə malik olan
bir adam kimi qələmə vermiş, daha doğrusu, bunu
türklərin özlərinin yaratdığı Koroğlu
dastanının fransız dilinə tərcüməsi kimi
formalaşdırmışlar. Vüqar Əhmədin
Koroğlunu ən yüksək keyfiyyətlərə, nəcib
sifətlərə, misilsiz qəhrəmanlığa, əyilməzliyə,
basılmazlığa malik olduğunu sadə, aydın və rəvan
bir şəkildə bəyan edən bu romanı həm də
tuği-lənət olub boğazımıza keçmiş
nankor ermənilərə tutarlı bir zərbə,
layiqli bir cavabdır. Şübhə etmirik ki, yaşından
asılı olmayaraq Azərbaycan oxucusu məhz bu romanı
oxuyub Koroğlunun indiyə qədər bizə məlum olmayan
keyfiyyətləri ilə tanış olacaq və Koroğlu
kimi bir igidlə eyni millətdən olduqlarına görə
qürur duyacaq.
Seyfəddin Rzasoy
Ədəbiyyat qəzeti.- 2020.- 8
avqust.- S.14-15.