Ermənistan Azərbaycanla münaqişədə
«Non-Hau»
uydurub. Nəticələri hamını təəccübləndirə bilər
Azərbaycan
və Ermənistan sərhədindəki silahlı
toqquşmalar daha irimiqyaslı münaqişəyə
çevrilə bilər. Və ondan yalnız birbaşa
münaqişəyə cəlb edilən iki ölkənin
deyil, digər dövlətlərin də zərər görəcəyi
təhlükəsi var.
İrəvanın
siyasəti həmişə müəyyən məntiqə
tabe olub. Bu mənada ki, iqtisadiyyatda uğur qazanmaq
mümkün deyilsə, onda hərbi ritorika işə
düşür. Ermənistanın indiki baş naziri Nikol
Paşinyana böyük ümidlər bəslənilirdi. O,
xalq etirazları dalğası ilə və yeni formasiyalar
adamı kimi hakimiyyətə gəldi. Lakin hakimiyyəti
dövründə cəmiyyətə müsbət heç nə
təqdim edə bilmədi.
Əslində,
Ermənistan vətəndaşları Paşinyandan iqtisadi
artımı təmin edəcəyi və korrupsiyaya
üstün gələcəyini gözləyirdilər. Əgər
camaat sabahkı günə əminlik, rifahın
artdığını hiss etsəydi, onu əlləri üstdə
saxlayar, ermənilər dünyanın hər yerindən Ermənistana
yaşamağa gələrdilər. Lakin Paşinyan həmyerlilərinə
sabahkı günə əminlik yerinə, müharibə təklif
edir. Faktiki olaraq, o, bütün sələflərinin getdiyi
döyənək olmuş yolla gedir.
Azərbaycanla
hərbi münaqişə - Ermənistan rəhbərlərinin
hakimiyyəti əldə saxlamaq üçün daxili siyasi
problemlərinin sevimli həll üsuludur. Yəni ki,
hamımız ümumi düşmənə qarşı birləşməli
olduğumuz halda, hansı korrupsiya və iqtsiadi inkişafdan bəhs
etmək olar?! Daha kasıb, varlı yoxdur, ümumi mübarizədə
hamı bərabərdir və i.
Eyni
zamanda, silahlı qarşıdurma İrəvan tərəfindən
Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlarda
vacib "kozır" kimi istifadə edilib. Azərbaycan tərəfi
həmişə hansısa konkret həll yolları təklif
edib. Bakı problemin sülh yolu ilə həllinin lazım
olduğu və milliyyətindən asılı olmayaraq, sadə
insanların əzab çəkməsinə imkan verməmək düşüncəsi ilə hərəkət
edib. Buna görə Azərbaycan problemin həlli yolunda
müxtəlif, lakin həmişə konkret addımlar təklif
edib.
Lakin Ermənistan
heç vaxt kompromisə getmək istəməyib. Və adətən,
hər zirvə toplantısından əvvəl Dağlıq
Qarabağ ətrafında gərginləşmə
başlayıb. Nəticədə, hər zaman
danışıqlar problemi ölü nöqtədən tərpətmək
haqqında yox, status-kvoya qayıtmaq, yəni sadəcə,
şiddətə son qoymaq barəsində gedib. Fakt budur ki,
münaqişəni məhz erməni tərəfi dondurub.
Eyni
zamanda, xatırlayaq ki, siyasətçilərin vəzifəsi
tamamilə başqadır. Siyasətçilərin vəzifəsi
xalqlar üçün əmin-amanlığı təmin etməkdir.
Onlar istənilən hətta ən xoşagəlməz tərəflə
əldən düşənə kimi danışıqlar
aparmalı, insanların müharibə alovunda həlak
olmasına imkan verməməlidirlər. Və biz çox
gözəl bilirik ki, Dağlıq Qarabağla bağlı
situasiyada Rusiya Federasiyasının mövqeyi məhz bundan ibarətdir.
Uzun illər ərzində o, danışıqlarda vasitəçi
kimi çıxış edib. Eyni zamanda, Azərbaycan həmişə
dialoq aparmağa və konsensus tapmağa hazır olub. Bundan əlavə,
Bakı dəfələrlə situasiyanı ölü
nöqtədən tərpədə biləcək olduqca
ağlabatan kompromislər təklif edib. Bununla belə, Azərbaycan
tərəfi həmişə belə bir prinsipə sadiq
qalıb ki, istənilən qərar həm Azərbaycan, həm
də Ermənistan cəmiyyətinin dinc inkişafına imkan
yaratmalıdır. Lakin gördüyümüz kimi, erməni
siyasətçiləri tamamilə başqa prinsiplərin tərəfdarıdırlar.
Aqressiya,
yəni hərbi fəaliyyət, silahlardan açılan
yayılım atəşi - bunlar siyasətçilərin
öz birbaşa vəzifələrinin öhdəsindən gələ
bilməməsinin bilavasitə sübutudur. Necə deyərlər,
diplomatlar susanda toplar danışır. Onlar üçün
sülhü təmin etməyə çalışmaqdansa,
silahlı qarşıdurmaya getmək daha asandır.
Özü də bütün qarşıdurma illərində
Ermənistan həmişə daha üstün mövqedə
olub. O, faktiki olaraq, Azərbaycanın suveren ərazisinin
beşdə bir hissəsini işğal edib və istənilən
danışıqları məhz bu başlanğıc
mövqeyindən aparıb. Amma hətta bu da İrəvanın
təmkinli davranmasına imkan yaratmadı. Hazırkı gərginlikdə
yeni faktor meydana çıxıb, tamamilə yeni. Bildiyimiz
kimi, döyüşlər Dağlıq Qarabağ ətrafında
deyil, hamı tərəfindən tanınan Azərbaycan ərazilərində
gedir. Döyüşlər məhz Ermənistan-Azərbaycan sərhədində
gedir. Bax bu "nou-hau" üçün məsuliyyəti
Nikol Paşinyan daşıyır. Niyyət sadədir - Azərbaycan
hərbçilərini öz ərazisinə cəlb etmək.
Belədə, bütün dünyaya cürətlə Ermənistan
əleyhinə aqressiya barədə çığırmaq
mümkün olacaq.
Beləliklə,
İrəvan münaqişəyə KTMT ölkələrini
və hər şeydən əvvəl, Rusiyanı cəlb etməyə
çalışır. KTMT-ni cəlb etmək cəhdləri əvvəllər
də görülmüşdür. Lakin heç kim beynəlxalq
birliyin tanıdığı suveren Ermənistan ərazisinə
hücum etmək niyyətində olmadığına görə
erməni tərəfin arqumentləri inandırıcı
görünmürdü. İndi isə təxribatın tamamilə
başqa səviyyəsini görürük.
KTMT
üzvləri tərəfindən reaksiya, əlbəttə,
olacaq, lakin heç də İrəvanın gözlədiyi
kimi yox. Bəli, KTMT nizamnaməsinə görə, təşkilatın
digər bütün üzvləri müttəfiqi müdafiə
etməlidir. Və sanki Ermənistan artıq Rusiya,
Qazaxıstan, Belarusiya, Qırğızıstan və
Tacikistanı Cənubi Qafqazdakı müharibəyə
sürükləməyə yaxındır. Mən təsəvvür
edirəm ki, İrəvanda tamamilə donmuş başlar
yuxarıda sadalanan ölkələrin hamısının dəstə
ilə Azərbaycana necə hücum edəcəyi barədə
plan hazırlayırlar. Lakin vəziyyətə ən səthi
baxış bunun heç vaxt baş verməyəcəyini
anlamağa imkan verir. Əvvəla, Azərbaycan əleyhinə
müharibə heç kimə lazım deyil, KTMT üzvlərinin
hamısının onunla münasibətləri olduqca
yaxşıdır. Əsas odur ki, qarşılıqlı
faydalı əməkdaşlıq var. İkincisi,
doğrudanmı kimsə yalnız "Kral Tiqran Krallığı"nı
bərpa etmək kimi axmaq bir ideya uğrunda döyüşəcək?
Biz isə
anlayırıq ki, müharibə yalnız erməni siyasətçilərinə
və quduz erməni millətçiliyinin tərəfdarlarına
lazımdır. Və nəinki döyüşmək, hətta
Ermənistana dəstək üçün fikir bildirən də
olmayacaq. Sülhə isə hamı dəvət edəcək.
Üçüncüsü,
vəziyyət ona digər qüvvələrin də cəlb
oluna bilməsi ilə mürəkkəbləşir. Deyək
ki, Türkiyənin imperiya ritorikası ilə bağlı
öz ambisiyaları var. Və əgər qalmaqalın təsiri
ilə Türkiyə Ermənistan əleyhinə hərbi fəaliyyətə
başlasa, Rusiya qarışmağa məcbur olacaq. Amma
Türkiyə NATO üzvüdür. Yəni başa
düşürsünüz də, hansı potensial nəticələr
ola bilər? Onda Ermənistan üçün dəqiq
yaxşı olmayacaq.
Lakin mən
məsələlərə pessimist baxmıram. Erməni siyasətçilərindən
fərqli olaraq, bütün digər dövlət
başçılarının çiynində başı
var. Hamı təxribatın mənbəyinin nə olduğunu
gözəl başa düşür və heç kim bundan məmnun
deyil.
İndi
isə Ermənistanın Azərbaycan mövqelərini atəşə
tutmağa başlaması ilə bağlı arqumentlərinin nə dərəcədə
əsaslandırılmış və məntiqli olması
sualına qayıdaq. Xatırladaq ki, söhbət guya sərhədi
keçdiyi iddia edilən azərbaycanlı hərbçilərlə
dolu yük maşınından gedir. Mənsə prinsipcə
sualı bu şəkildə qoymaq istəmirəm. Müharibənin
xeyrinə heç bir arqument yoxdur və ola da bilməz.
Dünyada hamı başa düşür ki, Azərbaycan heç bir müharibə istəmir və həmişə münaqişənin sülh yolu ilə həlli prinsiplərinə əsaslanıb. Xüsusən Bakı heç vaxt suveren Ermənistan ərazisinə hücum etmək fikrində olmayıb. Doğrudanmı Azərbaycanda kimsə, həqiqətən, Rusiya ilə, eyni zamanda Belorusiya və Qazaxıstanla döyüşmək istəyir? Hə, öz ərazilərini güc köməyi ilə qaytarmağa Bakı potensial olaraq qərar verə bilər. Hərçənd, yenə də son onilliklər göstərdi ki, Azərbaycan rəhbərliyi qan tökülməsini istəməyib. Erməni tərəfi dinləsək, belə çıxır ki, Azərbaycan bir yük maşını dolu əsgərin köməyilə Erməsitanı tutmaq istəyirmiş.
Fikir
bulandıran bir şey yoxdu ki? Və bir vacib məsələni
də deyim. O, yəqin ki, ən vacib olandır. Təsəvvür
edək ki, Azərbaycana məxsus əsgərlərlə dolu
yük maşını, həqiqətən, yanlış
olaraq, dövlət sərhədini keçib. Bu cür hallar,
xüsusən sərhəd bölgələrində,
dünyada nadir hal deyil. Bəs ümumiyyətlə, belə vəziyyətlərdə
necə reaksiya verirlər? Sadəcə, uzun və yorucu
bürokratik prosedurlara başlayırlar.
Hərbi
gərginlik planlaşdırılıbsa, başqa məsələ.
Bunun üçün səbəb nə oldu ola bilər:
yük maşını, azmış çoban, qaçıb
sərhədi keçmiş vəhşi heyvan. Nəticə
etibarilə, yük maşını gəlib
çıxmırsa, onu uydurmaq da olar. Yəni məsələ
onda deyil ki, yük maşını olubmu, bundadı ki, erməni
siyasətçilərinə böyük müharibə
lazımdır.
Andrey İvanov
Rusiya İnnovativ İnkişaf
İnstitutunun
Strateji Təhlil Mərkəzinin rəhbəri
Ədəbiyyat qəzeti.- 2020.- 8
avqust.- S.9.