Diri-Birinin nəğmələri...
Nisə Bəyimin «Diri-Biri» kitabı
haqqında
Poeziyanın
dua, pıçıltı, etiraf, ya da elə kimyasız,
filansız təbii məlhəm olması yenilik deyil ki...
Şeir mənim düşüncəmi, dərdimi, qorxumu,
gözləntimi, təkliyimi, sevgimi, həyəcanımı
ifadə edincə doğmadı... Həm də
belə olanda oxucu şairin həmmüəllifinə çevrilir.
Misal üçün, kim məni
inandıra bilər ki, haçansa illərin o tayında Nazim
Hikmət, Mayakovski, Yesenin, Rəsul Rza, Vaqif Səmədoğlu
varlığımdan (ya da haçansa var olacağımdan) xəbərsizmişlər
və vaxtı gələndə misralarının istisində
qızınacağımı da ağıllarına belə gətirməzmişlər?!
Heç kim! Təbii ki, burda
"mən" sözü oxucunun ümumiləşdirilmiş
ifadəsidir. Əlbəttə, şairlər ən sevilən
şeirlərini
yazanda yaxın, ya uzaq oxucunu da təsəvvürdə
canlandırıblar, gözünün içinə də
baxıblar, dərdini anlamağa, nə istədiyini dərk
etməyə və poeziyaya çevirməyə
çalışıblar. Bu isə çətin
deyil, şairin elə özünü başa düşməsi,
öz duyğusunu sözə çevirməsi, həm də
özüylə açıq danışması bəs edir.
Axı nə olur-olsun, insan dəyişmir.
Yüz-yüz illər keçir, amma onun
duyğusu, arzusu, ağrısı elə həminkidi. Ona
görə əsrlərin o tayında qalmış sevgi
tanrısı Füzulinin də, ötən əsrin eşq
uzmanı Nazim Hikmətin də, poeziyamızın
güldürərək düşündürən bənzərsiz
şairi Vaqif Səmədoğlunun da qəhrəmanı
eynidi...
Bəlkə,
düşünən adamı ağrıdan, təsirləndirən,
duyğulandıran olaylar, həyat vəziyyətləri
oxşardı, ona görə... Nisə Bəyimin
"Diri-Biri" kitabını oxuduqca bu oxşar olaylar,
poeziyanın obyektinə, mövzusuna çevrilən hadisələr
barəsində düşünürəm. Və bir daha anlayıram ki, həyatın da, sənətin
də təməli kədərdi. Dibində
ağrı durmayan yumorun belə ömrü uzun olmaz,
yaddaşda qalmaz. Hələ söhbət
şeirdən gedirsə, yaraya məlhəm kimi yazılmasa nə
mənası?! Nisə Bəyimin də şeirləri dərman
kimi, həb kimi, sağlamlıq iliksiri kimi yazılıb desəm,
yanılmaram... Şairənin həm daha əvvəl
yazdığı əsərləri, həm də elə bu il işıq üzü görmüş
"Diri-Biri" kitabına daxil olan son şeirlərini
oxuduqca başa düşürsən ki, küll halında bu
poetik nümunələr kövrək ruhlu bir qadının
dünyanı bir azacıq dəyişmək, gözəlləşdirmək
cəhdidir... Həm də sözün gücünə
inamın təzahürüdür:
Götür
bu dünyanı, rənglə sözünlə,
Hər
sözə bir rəng qat, rənglə hər yanı,
Nəbadə,
yalanla işin olmasın,
Çevir
bu üzünü, ya o üzünü,
Dünyanın rəngsiz bir yeri qalmasın.
Şairənin ən məşhur şeirlərindən
birindən gətirdiyim nümunə ilk baxışda zərif
bir xülya, utopik arzu təsiri bağışlayır. Amma bir az
dərin düşünəndə sual verirəm özümə:
məgər ən qəmli, ən ümidsiz anlarımızda
belə, söz təsəlli deyilmi? Və hər kəs ən
azı öz balaca dünyasını rəngləmək
üçün sözə, şirin, mehriban, sevgidolu kəlmələrə
üz tutsa, yaşadığımız ucsuz-bucaqsız
dünya rəngarəng olmazmı...
Oxu
duaların ən gözəlini!
Kimsənin
eşitməyəcəyi bir səslə
Danış
nağılların ən gözəlini!
Kimsənin
bilməyəcəyi bir dillə
Ağla
sevgilərin ən gözəlini!
Kimsənin
ağlamayacağı sevda ilə
Aç
ölüm qapısını!
Kimsənin
duymayacağı bir həyəcanla
Yaşa
ölümlərin ən gözəlini!
Dəhşətli ağrıyla, əzabla -
anamızın iztirabları ilə başlanan ömür necə
davam etməsindən asılı olmayaraq eyni məntiqi
sonluğa gedir. Bütöv bir insan həyatında mütləq olan,
qaçılmaz və dəyişilməz yeganə olay elə
ölümdü... Hamı öləcək, ən
mənalı və mənasız, xeyirə, yaxud şərə
xidmət edən, qısa, ya uzun ömürlərin də
sonucu eynidi. Əgər belədirsə,
şairənin söylədiyi kimi hər şeyin, hətta
ölümün də ən gözəlini yaşamağa
(yaşamağa?!) ən azı cəhd etmək missiyadı, bəlkə
də.
Və
bütün bu mübarizə, gözəl yaşamaq,
dünyanı daha gözəl görmək, bir az
daha mənalandırmaq Nisə Bəyim
yaradıcılığının əsas mövzusudur.
"Diri-Biri" kitabında toplanmış şeirlər daha
çox bədbin, hətta bəzən ümidsiz notlarda
yazılsa da, bu kədərin, hüznün də təbii
olduğunu, şairənin ağrını da necə təmkinlə
yaşayıb yazdığını görürük...
Füzulinin - "Mən istərəm bəlanı,
çün istər bəla məni" misrasını necə
xatırlamayasan?! Görünür, bəla və ona sevgiylə
yaşamaq, tənhalığı həyat tərzinə
çevirmək bütün düşünən adamların
taleyinə yazılıb... "Homo sapiens"in
yaşının qədimliyini nəzərə alsaq, XXI əsrin
insanını "düşünən" - deyə
seçməyim yersiz görünür, bəlkə də... Amma etiraf edək ki, zamanını bir axına
qoşaraq yaşayıb gedən, başını yediyi qabdan,
düşüncələrini həyatdan qapdıqlarından
ayırmayan, kəmiyyətin əsiri olan insan
çağdaş dünyada çoxluqdadı. Amma hər
kəsin bir anlıq nəfəs dərməyə, geriyə
baxıb düşünməyə, olmuşlardan nəticə
çıxarmağa ehtiyacı var. "Diri-Biri"
kitabı, sanki dayanacaqdır, həm şairənin
özü, həm də oxucusu üçün...
Dünyanın və insanın yarandığı gündən
bitib-tükənməyən dərdləri,
çıxılmazlıq və işıq
axtarışı, yalqızlıq və kütləyə ala
qarğa kimi qarışa bilməmək, yaşamaq arzusu və
ölüm sevdası - bütün bunlar Nisə Bəyimin
şeirlərinin təməlində duran duyğulardı
...
"Səssizlikdən yorulmuşdu. Dünya belə
səssiz yaranıb, görəsən?! Bəs,
böyük partlayışdan danışırdılar.
Partlayış olubsa, deməli, səs olub.
Bəs niyə o, səssizlikdədi? Bəlkə
ölüb?".
Nəsrlə
başlanan əsərin ovqatında yuxu ilə ayıqlıq
arasındakı hal var... Mifik bir qəhrəman
təsiri bağışlayan Qıs-qıvraq şairənin
bu səssizlik - kimsəsizlik, qulaqları çəkən tənhalığında
onunla dərdləşir, ömrünü yadına salmağa
çalışır. Və mənə
görə ən təsirli olan Qıs-qıvrağın ona
Diri-Biri - deyə müraciət etməsidi. Həyatdan əlini
üzmüş, ümidləri tükənmiş hər kəsin
Qıs-qıvrağı - diri olduğunu,
yaşadığını yada salan bir kimsəsi mütləq
olmalıdı! Axı hansı düşüncədə,
hansı ovqatda olmağının fərqi yoxdu, əsas
diriliyi "boynuna almaqdı", nəfəs
aldığını etiraf etməkdi...
Tanınmazsan,
bilinməzsən,
Səsinin
canı olmasa...
Tanrı
sənə nəfəs verməz,
Göylərin
canı olmasa...
Amma
şairə onu da bilir ki, o göylərdən can kimi,
Tanrıdan nəfəs kimi verilmiş pay yalnız bir halda
sevincə, səadətə çevrilə bilir.
Arzularının adamına-sevgiyə qovuşanda, o nəfəsi
ən doğma nəfəslə, o canı ən əziz canla
birləşdirəndə...
"Hər yerdə onu axtarırdı. Nə zamansa
rast gələcəyini bilirdi. Ola bilməz ki, bu boyda
dünyada onun bu qədər dərin duyğularla sevdiyi adam olmasın. Gec-tez
görüşəcəklər, mütləq
görüşəcəklər. Əgər
belə bir şey baş verməyəcəksə, o zaman illərlə
yaşayıb qoruduğu sevgi mənasız imiş. O, bətnində
illərlə ölü uşaq gəzdirirmiş...".
Şairə illərlə axtardığı, gözlədiyi
sevgisini də elə Qıs-qıvrağın simasında
görür və hər şeyi onun yadına salan,
ömür nəğmələri toplanmış qovluğu
da onun üçün hazırlayan odur. Naməlum sevgi, yaxud əfsanəvi
qəhrəman! Və o yerdə ki, Bəyim
heç vaxt itib-batmayan əlyazmalara qovuşur, etiraf edir -
"İndi, doğrudan da, dirildim" - deyir. Bu da
yaradıcı adam xarakteridir, yazdıqca,
yeni söz, təzə kəlmə, misra doğduqca dipdiri
olduğuna, ölümün həndəvərdə
dolaşmadığına inanırsan...
Amma bu
şeirlərdə varlıqla yoxluq o qədər
içiçədir ki... Şairə son dərəcə
həzin, kövrək poetik ifadələrlə öz təkliyini
də, arzularını da, ölümün gözünün
içində gördüklərini də səmimi şəkildə
qələmə alır. Bu kitabın nəşrindən
öncə Nisə Bəyimin ağır xəstələnməsi,
ciddi müalicələr alması haqda xəbərləri mətbuatdan
oxumuşdum. İndi də şeirdən-şeirə
düşünürəm, görəsən, bütün bu
bədbin ovqat xəstəliyin təsiridirmi?!
Qəlbin
də çarəsiz susub duracaq,
Vaxtın
nəfəsi də sona yetəcək...
Kimsə
olmayacaq sənin yanında,
Ağrı
da, təklik də orda bitəcək...
Bu
şeirin hər sözündən yağan əzablı,
canıyla əlləşən insanın dünyadan
küskünlüyünü ifadə edən ab-havasından
sonra növbəti misralar bir az da dərinə
aparır oxucunu...
Hələ
caynağında əsir deyiləm,
Hələ
ümidlərim ölməmiş kimi...
Hələ
yaşayıram yalanlarımda,
Arada
heç bir şey olmamış kimi!
Nümunə
gətirdiyim iki bəndi müqayisə edib sualıma cavab
tapıram... Bu şeirlər xəstəliyin
yox, düşünmək üçün vaxtın, fürsətin
nəticəsidir. Axı ən dinc, əmin-aman, rahat
halında, arın-arxayın ovqatında belə,
düşünmək fürsəti yaranırsa, təhlil -
özünü təftiş məqamı yetişirsə, bu
cür təzadlar içində itib- batırsan... Elə bu
özüylə mübarizədən usanan şairə ona
görə deyir ki:
Çıxmaq
istəyirəm orbitimdən,
Özümdən
milyon il kənara düşüm...
Nə
kimi-kimsəni tanıyım, nə də özümü,
Məni də
kimsələr tanımasınlar...
Vaxtdan da
ayrılaq,
Yadlaşmış
kimi,
Nə
vaxt məni tanısın,
Nə mən
tanıyım...
Görünür,
həqiqətən yer üzündə ən acımasız
olan vaxtdı... İnsan üçün də,
dünya üçün də vaxtdan qəlizi yoxdu. Şairə də ara-sıra gah vaxtı, gah taleyi,
gah da dünyanı qınayaraq əbədi problemlərdən
danışır. Hamının olan dərdlərini dilə
gətirir...
Vaxtın
özü keçmiş,
Özü
qocalmış,
Sıxsan,
tarixindən qan damcılayar...
Gedir
öz sürətiylə,
Öz
aramıyla...
Yükü
- zaman, yapdığı - dövran...
Gücünü
təzədən, doğuşdan alır,
Özü
təzələnir, özü gəncləşir,
Qocaldır,
öldürür yaratdığını...
Hər təzə
ilin də əlində qamçı
Hökmü
gözlərindən bəlli, eləmi,
Dünya, eləmi?
Şeirin
yazılma tarixinə baxanda təəccüblənirəm...
2019-cu ilin son günündə, 31 dekabrda təzə ilin - 2020-nin əlindəki qamçını necə
görə bilib şairə?! Əslində, cavab sadədi,
dünya yaranandan belədi axı - gələcək
qamçıyla təşrif buyurur ömrümüzə, sadəcə,
o qamçısını necə, hardan vuracaq, neçəsinə
dəyəcək bunun zərbələri, bilinmir... Amma gətirdiyi
bütün xəstəliklərə, ölümlərə,
ağrı-acıya baxmayaraq vaxtın sıradan
çıxmayan, şəklini dəyişməyən dəyərləri
var. Diri-Birinin nəğmələrini söz-söz,
misra-misra oxuduqca və kitabın sonuna doğru
yaxınlaşdıqca Allahdan dünyamıza da, şeirlərin
müəllifi, istedadlı şairə Nisə Bəyimə də
şəfa arzuladım.
Qəlbim sözdən söz çəkdi.
Ürəyimlə,
qanımla
Söz
doğurdum,
Söz əkdim.
Bu
dünyanın yükünü
Qoşub şeirimlə çəkdim.
Bir vaxt bu misraları yazan Nisə
Bəyim, sanki öncəduyumla Diri-Birinin qovluğundan
çıxacaqları fəhm edirmiş. Dünyanın
yükünü çəkmək şairlərə
qalıb görünür… Amma qəribə bir ümid də
yarandı içimdə, bəlkə bu ilin sonuna doğru
şairənin də, dünyanın da ovqatında nikbin
mərhələ yetişdi və Diri-Biri o qovluğun lap-lap dərinliyində
gizlətdiyi sevgi, ümid, sevinc, səadət dolu
misralarını da oxucuları ilə bölüşdü...
PƏRVİN
Ədəbiyyat qəzeti.- 2020.- 8
avqust.- S.6.