Susmaq - etiraz forması
kimi...
Filmdən həyata...
Uşaqlar böyüklər tərəfindən incidiləndə
etirazlarını daha çox hansı formada bildirirlər? Susurlar,
küsürlər və danışmırlar. Onların əlindən başqa bir etiraz forması gəlmir.
Məsumca əllərini qoyunlarında
çarpazlaşdırır və dodaqlarını bərk-bərk
büzüb otururlar.
Uşaqlar
yeganə cəza tanıyırlar: küsüb
danışmamaq!
"Bir
de görüm, "A"
Ay gözəl
kukla!
Yoxsa səninlə
Danışmaram
ha!".
Susmaq bir etiraz forması kimi təkcə uşaqlara xas
keyfiyyət deyil. Həm də böyüklərə aid
xüsusiyyətdir. Son vaxtlar biz bu etiraz formasına
sosial şəbəkələrdə tez-tez rast gəlirik.
Hamının danışdığı vaxt, dil-boğaza
qoymadığı zamanlarda birdən kimsə lappadan susur,
münasibətini sadəcə susmaqla bildirir: "Mən bu
barədə danışmaq istəmirəm!".
Tez-tez belə
elan oxuyuruq: "Dostlar, profilimi bir müddətliyə
dondururam, kimsə elə düşünməsin ki, onu blok eləmişəm, yaxud dostluqdan
çıxartmışam! Bir müddət buralarda olmayacam!
Sağlıqla qalın! Görüşənədək!".
Susmaq, tənhalığa
çəkilmək, mübarizəni öz daxilində aparmaq,
məğlub olmaq, qalib gəlmək!
"Susmaq" mövzusu kinematoqrafiyanın da
aparıcı mövzularından biridir. Kinematoqraf lal
olduğu vaxtlarda, kino yaradıcıları onu
danışdıra bilmək üçün hər cür
yola əl atırdılar.
Səsli kinoda, hamının danışdığı
yerdə, tək bir obrazın danışmaması, qəfil susması
isə nə anlam daşıyır?
Bəzən qəhrəmanın cəmiyyətə,
haqsızlıqlara, həyatın cəfəngliyi və
amansızlığına qarşı heç bir silahı
olmur. Onda onun gücü susmağa, bu yolla etiraz etməyə
çatır.
İsveç rejissoru İnqmar Berqmanın 1966-cı ildə
lentə aldığı "Persona" filminin qəhrəmanı,
teatr aktrisası Elizabet tamaşa oynadığı yerdə qəfildən
susur. Elizabet sağlamlıq durumuna, yaxud hər hansı
şok yaşadığına görə susmur. O, sadəcə,
qəfildən bu qərarı verir.
Elizabetin bu qərarı verməsinin səbəbləri
isə onun "mən"inin ən gizli nöqtələrində,
psixologiyasının, şüurunun dərin qatlarında yerləşir.
Kinoşünaslar hesab edirlər ki, filmdə şəxsiyyət
ikiləşməsindən bəhs olunur. Filmin adı - Persona da latın dilində maska mənasını verir.
Filmdə Elizabetin şəxsiyyəti ona baxan
tibb bacısı Alma ilə gah eyniləşdirilir, gah
qarşılaşdırılır. Elizabet film boyu
susmağına baxmayaraq, Alma danışır:
keçmişindən, gələcəklə bağlı
arzularından, həyatla bağlı düşüncələrindən.
İkiləşmədən, haçalanmadan, səhnədə
ayrı, gerçəkdə ayrı həyat
yaşamasından, bir növ maskalanmaqdan bezən Elizabet
susmağı etiraz yolu kimi seçir. Onun əlində bütün bunlara
qarşı tək dirəniş forması var - Susmaq! O da məşhur
uşaq mahnısının qəhrəmanı kimi:
"Yoxsa səninlə danışmaram ha!" - deyir...
Maraqlıdır ki, İnqmar Berqman "Persona" filmini
çəkdiyi eyni ildə Sovet Azərbaycanında rejissor Həsən
Seyidbəyli "Sən niyə susursan?" filmini çəkir
və filmdə "Susmaq" motivini işləyir.
Filmin baş qəhrəmanlarından biri Cəmilə (Rəna
Səlimova) filmin əvvəlindən sonuna qədər susur,
yol yoldaşı Rasimlə danışmır. Rasim əvvəl
düşünür ki, brokonyerlərin ona qoşduğu bu
qız laldır. Yol boyu "yuxusu gəlməsin"
deyə, qızı danışdırmağa, tanımağa
çalışır. Qız isə
inadla susur, bir kəlmə də danışmır. Hətta dəhşətli qorxu qarşısında
qalanda da, ölümlə üz-üzə gələndə
də, Nəcəf onu balıq toru ilə boğmağa
çalışanda belə susur. Susmaqla
müqavimət göstərir. Susmaq hələ
ki, Cəmilənin yeganə etiraz formasıdır.
Cəmilənin zalım, əclaf Nəcəfdən başqa
heç kimi, heç uzaq qohumu da yoxdur. Şirməmməd kimi dələduz,
daşürəkli adam belə Cəmilənin
Nəcəfin ümidinə qalmağını istəmir. Onu Rasimə qoşub restoranına balıq göndərdiyi
Bəbirin yanına yollamaq istəyir. "Qıza
heyfim gəlir. Nəcəf burda onun
axırına çıxacaq. Qoy getsin Bəbirin
yanında başını girləsin" - deyir. (Cəmilə Nəcəfin üzünü
cırmaqlayıb, hətta belə bir ehtimal yaranır ki, Nəcəf
qıza təcavüz etmək istəyib). Kasıbın,
kimsəsizin, yetimin yanında olan Sovet hökumətini isə
"nədənsə" Cəmilənin arxasında
görmürük. Cəmilə
arxasızdır, ümidsizdir, gücsüzdür,
möhtacdır, susmaqdan başqa dirəniş forması
bilmir. Hətta filmin sonunda əlində
alov dilimi ilə heyvan ruhlu Nəcəfə qarşı
vuruşanda, Rasimi ondan xilas etməyə çalışanda
da susqunluğunu qoruyur, nə bir kəlmə deyir, nə
qışqırır. Cəmilə Nəcəfin
tora saldığı, ovladığı balıqlar kimi
susqundur. Nəcəf kimilərin toruna
keçmiş günahsız balıqdır, susqunca
çırpınmaqdan başqa bir şey bacarmır.
Rasim onu qoyub getmək istəyəndə, ayaqyalın
maşının dalınca düşüb qaçanda Cəmilə
ilk dəfə danışır, hətta
qışqırır, "getmə" deyə
hayqırır. Dili açılandan sonra isə Cəmilə
susmaq bilmir, ürəyindən keçənləri
açıb danışır.
"Sən
niyə susurdun?" sualına, "elə bilirdim sən də
onların adamısan", yəni onlar kimisən, - deyir Rasimə.
Cəmilə o qəddar, kobud adamlara etiraz olaraq
susurmuş, Rasimi də onlardan biri hesab etdiyinə görə
danışmamaq qərarına gəlibmiş.
Cəmilə o adamların qanunsuz işlərlə məşğul
olduğunu bilirdi, dövləti aldatdıqlarını,
oğurluqla məşğul olduqlarını, qanundan gizləndiklərini
də bilirdi.
Ancaq niyə şikayət etmirdi? Niyə başqa cür etiraz edə bilmirdi?
Başqa bir etiraz yolunu bilmirdi? Yoxsa etirazın
başqa formaları çıxış yolu deyildi?
Cəmilə
də balaca, saf bir uşaq kimi deyirdi:
"Yoxsa
səninlə danışmaram ha!".
İran azərbaycanlısı rejissor Məcid Məcidinin
1999-cu ildə çəkdiyi "Baran" (Baran
sözünün mənası yağış, yağmur deməkdir)
filminin qəhrəmanı əfqan qızı (Zahra Bahrami) da
filmin əvvəlindən axırına qədər susur. Film Taliban rejiminin əlindən
baş götürüb İrana sığınmış əfqan
qaçqınlarının İrandakı çətin,
qaçaq həyatından bəhs edir. Əfqanların
işləmək icazələri yoxdur. Baranın
atası Nəcəf də dövlətdən gizli işlədiyi
tikintidə yıxılaraq ağır xəsarət alır, iş qabiliyyətini itirir, evin
bütün yükü qızının çiyinlərinə
düşür. Qız kişi paltarı
geyinərək Nəcəfin işlədiyi inşaat şirkətinə
gəlir, orda işləməyə başlayır. Onu işə götürən memar nə qədər
sual verirsə, qız susur. Qızın
yerinə bütün sualları atasının əfqan dostu
cavablandırır, onu Nəcəfin oğlu Rəhmət kimi
təqdim edirlər. Rəhmət deyə
çağırdıqları bu zəif, gücsüz
oğlanın lal olduğunu düşünürlər.
İlk günlərdən ağır şeyləri
daşıya bilmədiyini görüb, ona inşaatda işləyən
fəhlələrə çay, yemək hazırlamağı
tapşırırlar. Lətifin işini
alıb Rəhmətə verirlər deyə, Lətif Rəhmətə
kin bəsləməyə başlayır. Və
hətta bir dəfə mətbəxə girib hər şeyi
dağıdır.
Rəhmət isə Lətifin elədiyi bütün
pisliklərə, həqarətlərə rəğmən
inadla susur, bir kəlmə də danışmır. Lətif mətbəxini
dağıdanda da, yanağına qəzəblə sillə
vuranda da, köynəyini yumasın deyə, kobudluqla əlindən
dartıb alanda da, gətirdiyi çayı qumun içinə
boşaldanda da, Rəhmət (əfqan qız) susur, ancaq
gözləri danışır.
Əfqan qız danışarsa, qadın cinsindən
olduğu ortaya çıxacaqdı deyəmi susur? Məncə, yox! Lətif Rəhmətin oğlan yox, qız
olduğunu bir təsadüf nəticəsində öyrənir
və ona aşiq olur, sonra onu hər yerdə izləyir,
kömək etməyə çalışır. Qız
Lətifin yaxşılıqlarını da təəccüb
və susqunluqla qarşılayır!
Əfqan qız Lətiflə qadın paltarında,
qadın görkəmində üzləşəndə də
susmaqda davam edir. Axı Lətif indi yaxşı
adamdır, onun atasına kömək edir, demək olar ki,
onları qarabaqara izləyir. Neçə
dəfə üzbəüz gəlirlər, bütün bu
müddətdə bir kəlmə ağzından söz
çıxa bilməzdimi? Bir kəlmə
təşəkkür kəlməsi belə səsləndirmir.
Qadınların yad kişilərlə
danışması günah idimi, qadağan idimi deyə
susurdu? Yox, o qadınların, öz həmcinslərinin
arasında da susur axı! Hətta növbəti iş yerində
çaydan iri-iri daşları çıxardıb sahilə
daşıyanda, ayağı sürüşüb buz kimi suya
yıxılanda, onda belə səsini, cıqqırını
çıxartmır. Ətrafında işləyənlərin
hamısı qadınlar, qızlar idi! Adama elə
gəlir ki, ətini kəssən, səsini
çıxartmayacaq. Onun yerinə
çöl quşunun çığırtısını
eşidirik.
Bu, Şərq qadınının zülm
qarşısında susqunluğuydumu? Məncə, təkcə o deyildi! Bu
susqunluq həm də etiraz idi, üsyan idi, hayqırtı idi!
Bu susmaq Elizabetin və Cəmilənin susmasına bənzəmirmi? Bu susmaq məşhur
uşaq mahnısındakı qızcığazın susmaq istəyinə
(hədəsinə) necə, bənzəyirmi?
"Yoxsa
səninlə danışmaram ha!".
Əfqan
qız bütün bu yaşadıqlarına,
ağrılarına-acılarına, başına gələnlərə,
ümumən xalqınının əzablarına görə
susur! Onun başqa etiraz forması yoxdur!
Qarabağın rayonları bir-bir işğal olunurdu. Tanınmış
aşıq şairələrdən biri elan etdi ki,
torpaqlarımız geri qayıtmayana qədər susacaq,
sazını sinəsinə basmayacaq, bir daha
çalıb-oxumayacaq. O zərif qadın da bu cür
etiraz edirdi! Onun da əlindən tək bir etiraz forması gəlirdi
- Susmaq!
Növbəti
filmin qəhrəmanı o xanım olsa gərək!
Sevinc ELSEVƏR
Ədəbiyyat qəzeti.- 2020.- 8 avqust.- S.3.