Böyük dənizlərin həsrətində
Güney Azərbaycanın böyük yazıçısı Səməd Behrənginin adını ilk dəfə səksəninci illərdə Türkiyədə eşitdim. Mənim bir neçə kitabımı Türkiyə türkcəsinə uyğunlaşdıran mərhum dostum İldəniz Qurtulan Səməd Behrənginin əsərlərini də farscadan türkcəyə çevirmişdi. Yazıçının İldəniz bəyin tərcüməsində İstanbulda nəşr edilmiş kitablarıyla tanış oldum, fransız ədibi Antuan Ekzüperinin "Balaca şahzadə" və Nazim Hikmətin "Sevdalı bulut" əsərlərində olduğu kimi, Səməd Behrənginin kitablarında da alleqorik obrazlar vasitəsilə çox ciddi məsələlərdən bəhs olunur. Amma "Balaca şahzadə"də həyata fəlsəfi baxış, "Sevdalı bulut"da eşq motivi əsasdırsa, Səməd Behrənginin əsərlərinin qayəsi mühüm ictimai-siyasi problemlərlə bağlıdır. Bu baxımdan onun neçə-neçə dillərə çevrilmiş, İtaliyanın Bolonya şəhərində beynəlxalq uşaq kitabları müsabiqəsində Birinci yeri qazanmış məşhur "Balaca Qara Balıq" - hekayəsi yazıçının üslubu üçün səciyyəvidir.
"Biri vardı, biri yoxdu, bir Balaca Qara Balıq vardı. O, anası ilə birlikdə
kiçik bir arxda yaşayırdı. Arxın
suyu dərəyə axırdı. Balaca
Qara Balıqla anasının bir qara daşın dalında,
yosunların arasında evləri vardı. Ana
və bala səhərdən axşama qədər bir-birinin
dalına düşüb üzür, hərdən başqa
balıqlara qoşulub sürətlə balaca bir yerdə gəzişir
və geri qayıdırdılar. Qara
Balıq anasının bircəsi idi". (Farscadan
çevirəni M.Afiyət).
Məsələ də elə burdan başlayır. Balaca Qara
Balıq anasının və bütün başqa
balıqların alışdıqları bu həyatla
barışmaq istəmir, ancaq bir arxın içində
ömür sürüb, bir-birinin dalına düzülüb
bir yerdə gəzişmək, sonra yenə geriyə
qayıtmaq istəmir. O, arxın dərəyə
tökülən yerinə qədər
üzüb geri dönmək yox, suyun axarıyla daha
böyük çaylara, nəhrlərə, dənizlərə
çatmaq, bu qapalı dar dünyadan çıxıb gen
dünyaya qovuşmaq istəyir. Anası, böyük təcrübəli
balıqlar Balaca Qara Balığı yolundan döndərməyə
çalışırlar, bu çətin yolda onu gözləyən
təhlükələrdən, maneələrdən xəbərdar
edirlər, rastlaşacağı amansız düşmənlərdən
bəhs edirlər, hətta məhv ola biləcəyini
başa salmağa çalışırlar. Ancaq
Balaca Qara Balıq inadından dönmür.
Alleqoriyanın mənası aydın-aşkardır. O vaxtkı İranın dar,
boğucu qəfəsində çırpınan gənc nəsil
daha bu sayaq həyata dözmək istəmirdi, ciddi təhlükələri,
ağır itkiləri, qəddar, acımasız düşmənləri
belə eynlərinə almadan böyük dünyaya -
"böyük dənizlərə" qovuşmaq arzusuyla
çırpınırdılar.
Səməd Behrəngi ilə yaşıdıq. O, 1939-cu ildə anadan olub. Məndən bir yaş kiçikdir. "Balaca Qara Balıq" hekayəsini oxuyanda mənim
14 yaşında yazdığım ilk hekayəmi - "İki
dəniz" hekayəsini xatırladım. Səmədin yazıçı kimi püxtələşmiş
yaşında yazdığı hekayəylə
özümün ilk qələm təcrübəmi bədii cəhətdən
tutuşdurmuram.
Amma hər
iki yazıda eyni həsrət ifadə olunmuşdur: mənimkində
"böyük dənizlərə" qovuşa bilməyən
"kiçik dənizin" həsrəti, Səmədinkində
arxdan çaylara, çaylardan dənizə can atan kiçik
balığın arzusu...
"Söz
dünyası"nın əsasən
"altmışıncılara" və onlardan sonra gələn
nəsillərə həsr olunmuş 3-cü cildini
hazırlayarkən eyni dövr Güney Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndəsi Səməd Behrəngi
haqqında da bir yazı yazmaq qərarına gəldim. Onun Azərbaycanda
nəşr olunmuş "Məhəbbət
nağılı" kitabını yenidən, təzə
gözlə oxuyarkən, əmin oldum ki, başqa bir ölkədə,
başqa bir şəraitdə, başqa çətinliklərlə
üzləşən, başqa qadağalar çərçivəsində
yazıb-yaradan yazıçımızı da elə bizim
"altmışıncıları" narahat edən məsələlər
ağrıdırmış. İctimai bərabərsizlik, azad
sözün, fikrin boğulması, böyük dünyadan təcrid
olunmuş həyat tərzi, - Azərbaycanın
Şimalında da, Cənubunda da bu nəslin
yazıçılarını eyni cür
düşündürürmüş.
Mən indi 82 yaşındayam,
"Altmışıncılar" nəslinin bu gün həyatda
olan dörd-beş yazıçısından biriyəm. Səməd isə cəmisi
29 il ömür sürüb. Müşfiq kimi, Əli Kərim kimi, Mərziyə
Üsküyü kimi Səməd də çox-çox
gözəl əsərləri, niyyətləri, arzuları
özüylə aparıb. Amma bu çox
cavan yaşlarında belə görə bildikləri işlər
ədəbiyyat tariximizin parlaq səhifələridir.
Təpədən
dırnağa xalis milli ruhlu Azərbaycan türk
yazıçısı Səməd Behrəngi müəyyən
səbəblərə görə əsərlərini fars dilində yazmağa məcbur olub. Bunun obyektiv və subyektiv izahları var. Obyektiv izah
odur ki, onun yaşadığı illərdə İranda Azərbaycan
dilində əsərlərin nəşri yasaq idi.
Subyektiv səbəb isə ondaydı ki, Səməd fars oxucularına da Azərbaycan ədəbiyyatının,
Azərbaycan folklorunun, həqiqi Azərbaycan tarixinin zənginliklərini
açıb göstərmək istəyirdi.
Bu cəhətdən də Səməd Behrənginin
Şimaldakı "altmışıncılara" nə qədər
doğma, simsar, yaxın olduğu açıq-aydın
görünür.
Sırf
sosial məsələlərə həsr olunmuş "24 saat
yuxuda və ayıqlıqda", "Adət",
"Binam" adlı fars dilində yazılmış hekayələrində
Mirzə Fətəli Axundzadənin, Mirzə Ələkbər
Sabirin, Mirzə Cəlil Məmmədquluzadənin, Əbdürrəhim
bəy Haqverdiyevin Səmədin öz təbiriylə desək,
"ayaq izləri görünür". Bu
yazıçılar bizim
"altmışıncıların" da
arxalandığı sələfləri idi.
Səməd
Behrənginin folklorumuza həsr olunmuş məqalələrində
(o həm də bu folklor örnəklərimizi toplayıb fars dilinə çevirib) mənim bu məsələyə
baxışlarımla tam eyniyyət gördüm. Səməd Behrəngi kimi mən də həmişə
bu fikirdə olmuşam ki, Orta əsrlərdə bizim doğma
Azəri türk dilini yaşadan ilk növbədə folklor
örnəklərimiz - dastanlar, nağıllar, aşıq
şeirləri, bayatılar olub. Demə, Səməd
Behrəngi də mənim kimi "Kitabi- Dədəm
Qorqud" vurğunuymuş.
Səməd Behrəngi Azərbaycanın azadlıq
mücahidləri Babəklə, Səttərxanla, Xiyabaniylə
fəxr etdiyi kimi, doğma dilimizdə yaranan əsərlərin
müəllifləri Möcüzlə, Ləliylə, Şəhriyarla,
Səhəndlə də qürur duyur.
Böyük
Azərbaycan şairi Nizami Gəncəviylə bağlı
çox maraqlı bir fikir söyləyir:
"Əllamə Dehxüdanın Nizamidən
götürüb öz kitabına salmış olduğu
nümunələrin hamısı Azərbaycan atalar sözləri
və məsəlləridir. Nizami onları farsca tərcümə
edib öz şeirlərində istifadə etmişdir. Əlbəttə, bu fikrin
düzgünlüyünü dəqiq tədqiqatla müəyyənləşdirmək
olar. Tədqiqat isə bizdə belə bir sual doğurur:
Aya, Nizaminin şeirlərindəki atalar sözü və məsəllər
ondan qabaqkı fars şairlərinin əsərlərində
varmı?".
Şimali
Azərbaycan ədəbiyyatını böyük maraqla izləyirmiş
Səməd. Əruz vəznindən hecaya keçmək məsələsinə
toxunaraq "Ədəbiyyatımız və Səhəndin
"Sazımın sözü" kitabı" adlı məqaləsində
yazır: "Sonralar heca vəzni daha çox yayılır və
onun Səməd Vurğun kimi nümayəndəsi sözlərin
təbii ahəngini saxlamaqla, misraların uzunluq bərabərliyini
qorumaqla və qafiyələrin müntəzəmliyini
saxlamaqla özünün məhəbbət, tənqid, ictimai
və lirik fikirlərini heca ilə ifadə etmişdir".
Görkəmli
alimimiz Abbas Zamanov "Yenə sıramızda var Rəsul
Rza" məqaləsində yazır:
"Mənhus Məhəmməd Rza şahın
dövründə hökm sürən terrorun qurbanı olan Səməd
Behrəngi 1968-ci ildə gizli şəraitdə
buraxdığı "Parə-parə" məcmuəsində
Rəsulun bir sıra şeirlərini daxil etmişdi. Cənub mətbuatının
yazdığına görə, o zaman bu şeirlər oxucular
tərəfindən maraqla qarşılanmış, əldən-ələ
keçmiş, gizli şəraitdə geniş
yayılmışdır".
Səməd Behrənginin faciəvi şəkildə
Araz çayında boğulub ölməsi bu gün də
sirri açılmamış müəmma kimi qalır. Quruluşa asi
olan yazıçının Şahın gizli xəfiyyəsi
SAVAK tərəfindən boğulması fərziyyəsi əsassız
deyil. Hətta bu fərziyyə Səmədin yüksək qiymətləndirdiyi
folklorun yeni bir örnəyi kimi də yaranıb:
Araz
üstə, buz üstə
Kabab yanar
köz üstə
Səmədi
boğdurdular
Danışdığı söz üstə.
Güney Azərbaycanın böyük şairi Həbib
Sahır Səməd Behrənginin ölümünə
yanıqlı elegiya həsr etmişdir.
...1939-cu
ilin yayında Təbrizin Çərəndab məhəlləsinin
Üsküllər küçəsində çox kasıb
ailədə bir uşaq dünyaya gəlir. Böyük
qardaşı Əsəd xatırlayır: "Səhərlər
küçəmizdən ötənlər
ayaqqabılarını qoltuğuna vurub güllə kimi
qaçan bir uşaq görərdilər. Bir-birlərindən
soruşardılar ki, görəsən, bu uşaq kimdir? Niyə hər səhər harasa qaçır?
Günlər ötdü, məlum oldu ki, hər
səhər ona görə qaçır ki, oxuduğu məktəb
evlərindən çox uzaqdır, qorxur ki, dərsə gecikə,
ayaqqabıları da ki, cırıq olduğundan və onları
geyəndə bərk qaça bilmədiyindən onları
qoltuğuna vurur. Adı Səməddir".
Ömrü
boyu əyni-başı nimdaş, geyim-keciminə əsla fikir
verməyən Səməd Behrəngi maariflənmək və
maarifləndirmək dalınca qoşdu, kənddən kəndə
keçib dərs dedi, oba-oba gəzib folklor örnəkləri
topladı və həyat məramını belə ifadə
etdi:
"Gərək
özünü oda atasan ki, yanmışların dərdindən
xəbərin ola. Kənarda
dayanıb tonqalda əl qızdırmaqla yananların nələr
çəkdiyini anlamaq mümkün deyil".
Arxdan
çıxıb böyük dənizlərə qovuşmaq
istəyən Balaca Qara Balıq kimi, Səməd Behrəngi
özü də bəlkə Arazla üzüb Kürə
qovuşaraq Xəzərə çatmağa can
atırmış. Amma Xəzərin özü də
qapalı dəniz idi axı...
Yazımı bu gözəl
yazıçımızın "Balaca Qara Balıq" hekayəsindən
sitatla başladım. Həmin hekayədən sitatla da bitirmək istəyirəm:
"Ölüm indi çox asanlıqla mənim
dalımca gələ bilər. Qoy olsun. Bu əsas məsələ deyil. Əsas
məsələ odur ki, mənim yaşamağım, yaxud
ölümüm başqalarının həyatına necə
təsir edəcək".
Müdrik sözlərdir!
İyul 2020
ANAR
Ədəbiyyat qəzeti.- 2020.- 8
avqust.- S.2.