Varislər
“Eyni gündə həm
anasını, həm də bacısını itirmişdi”
"Varislər"in qonağı
professor Nüşabə xanım Araslıdır
"Varislər"in bugünkü
qonağı böyük ədəbiyyatşünas alim,
Əməkdar elm xadimi, akademik Həmid Araslının
qızı, AMEA-nın müxbir üzvü, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq
şöbəsinin müdiri, filologiya elmləri doktoru,
professor Nüşabə xanım Araslıdır.
Həmid Araslı 1909-cu ildə
Gəncədə, dövrünün məşhur din ailimi
Hacı Məhəmmədtağı Ərəszadənin ailəsində
dünyaya gəlmişdi. Hacı
Məhəmmədtağı daha çox islahatçı din
adamı kimi tanınırdı. Onun şəriət məsələləri
ilə bağlı məqalələri silsilə şəklində
qəzetlərdə çap olunur, maraqla
qarşılanırdı. Alimin "Vəşrihi-Fəraiz"
adlı kitabı, tərcümələri bu gün də
elmimiz üçün qiymətli nümunələrdən
hesab olunur.
Sinədəftər ana
Həmid Araslı
atasını iki yaşı olanda itirib. Balaca Həmid uşaq yaşlarından kitaba, ədəbiyyata
maraq göstərməyə başlayıb. Onun
həyatında anası Dürrübəyim xanım
mühüm rol oynayıb. Bu xanım
oğlunda milli folklor nümunələrinə maraq yaradıb,
ədəbiyyata, incəsənətə həvəs göstərməsinə
təsir edib. Sinəsi el şairlərinin şeirləri,
bayatılar, gəraylılar, hikmətli sözlərlə
dolu olan Dürrübəyim xanım övladlarına olan
sevgisini nəğmə ilə, bayatı ilə dilə gətirib.
Akademik Həmid Araslının varisi
ilə onun iş otağında görüşdük.
- Nüşabə xanım,
tanınmış ədəbiyyatşünas alim kimi son
dövrlərdə dünyanın başını
almış COVİD-19 bəlası ilə bağlı tətbiq
edilən qadağalara münasibətiniz necədir? Karantin dövrünü necə
yaşayırsınız? Bu qadağalar
sizin elmi fəaliyyətinizə, həyat tərzinizə necə
təsir göstərir?
- Əlbəttə, mən də dünyanın bir fərdi
kimi səbirsizliklə bu bəlanın çəkilib gedəcəyi
günü gözləyirəm. Ruhən azad adam
olduğum üçün bu qadağalar əsəblərimdən,
həyat tərzimdən təsirsiz ötüşmür və
başa düşürəm ki, yenidən normal həyata
qayıtmağımız üçün mütləq tətbiq
edilən karantin rejiminin tələblərinə əməl
etməliyik. Son dövrlər yoluxma
sayının gündən-günə azalmasını da
yaxşı hal kimi qiymətləndirirəm və güman
edirəm, tezliklə hər şey bitəcək, bütün
dünya öz normal tempi ilə həyata davam edəcək.
- Güman edək... Nüşabə
xanım, atanız Gəncədə çox
tanınmış bir din aliminin ailəsində dünyaya gəlmişdi.
Gəncə İslam ənənələrinə
sadiq şəhər kimi tanınır və elə bu gün
də Gəncə camaatı milli dini dəyərlərimizin
qorunub saxlanmasına haradasa mühafizəkarlıqla riayət
edir. Həmid müəllim nə əcəb
atasının yolunu tutub din alimi yox, ədəbiyyat alimi oldu?
- Deməzdim
atasının yolunu tutmayıb, yaxud tam bu yolun əksinə
gedib. O, demək olar, atasını görməmişdi,
xatırlamırdı onu, lakin yəqin, atasının elmə,
mənəviyyata olan marağı ona irsən keçib və
atam mütaliə etməyi çox sevib, elmə böyük
maraq göstərib. Xatirələrini
danışanda hər zaman mədrəsə həyatını,
mədrəsə təhsilini böyük sevgi ilə,
sayqı ilə xatırlayıb.
Müəllimlərini şükranlıqla yad edirdi və
onlara böyük alimlər - üləmalar deyirdi. Bu
insanların qanlı repressiya qurbanları olduğunu təəssüflə
qeyd edirdi. Həmişə deyirdi ki, müəllimlərim
mənə həm elmin sirlərini, həm də insanlıq
öyrətdilər.
Mədrəsələrdə tədris
olunan insanlıq dərsləri
Atam kitabların olduğu dünyada yaşayırdı. Mütaliə
etmək, nəsə öyrənmək, o kitablar arasından nəsə
tapmaq onun həyat kredosuna çevrilmişdi və
ömrünün sonuna qədər bu həvəs onu tərk
etmədi. Kitaba zərrə qədər
hörmətsizlik görəndə
narazılığını gizlətmirdi.
- Deyilənlərə görə, Həmid
Araslının birbaşa ədəbiyyata maraq göstərməsində
anası Dürrübəyim xanımın danılmaz rolu olub.
Ümumiyyətlə götürsək, Həmid Araslı
anasını da tez itirmişdi. Anası haqqında nə
danışırdı, necə xatırlayırdı onu?
- Atam hər
dəfə uşaqlıq illərini xatırlayanda kövrəlirdi.
İsrarla ondan anası haqqında xatirə
danışmağı xahiş edirdik. Bu
qadın övladına ədəbiyyata, elmə maraq göstərmək
həvəsi oyatmaqla yanaşı, həm də müdrik,
ağıllı qadın olub. Babam
nüfuzlu din adamı idi və o, dünyadan köçəndə
müəyyən qədər malı-mülkü
qalmışdı. Başsız, kimsəsiz bir
qadının malına-mülkünə göz dikənlər
az olmayıb və Dürrübəyim
xanım bu təhlükələrdən qurtulmaq,
övladlarının gələcəyini təmin etmək
üçün, ikinci dəfə ailə qurmağa məcbur
olub.
Sizi sahibsiz böyüdə bilmərəm
Bu barədə
atama: "Sizi sahibsiz böyüdə bilmərəm",
söyləyib. Atam ona: "Yaxşı, heç olmasa
varlı-karlı adamla ailə qurardın", deyib və nənəm
yenə müdrikliklə: "Varlı-karlı adamla ailə
qursaydım, siz onun qapısında nökər
olacaqdınız", bildirib. Yəni belə
bir zərurət yaranıb və atam da öz
atalığını hər zaman hörmətlə
xatırlayıb. Ümumiyyətlə, Həmid Araslı
çox şükranlı adam idi, səbirli
idi. Doğrudur, atalığının sərt
üzünü də görmüşdü, amma onu
oxutduğu, arxa, ayaq durduğu üçün, heç vaxt
sayqısını əskiltmədi.
Atam dahi şairimiz Nizami Gəncəviyə həsr etdiyi
"Şairin həyatı" əsərində bəzi məqamlarda
öz həyatını qələmə alır. Məsələn:
"Yetimlik ağır şeydir..." və s.
Dürrübəyim
xanım ailənin tək qız övladı olub və
kiçik qardaşı ilə arasında yaş fərqi az imiş. Kiçik qardaşı
təhsil alıb və Dürrübəyim xanım hər
gün qardaşı ilə bərabər
hazırlaşıb. Beləcə, nənəm də ev şəraitində, sərbəst məşğul
olmaqla yazıb-oxumaq öyrənib, müəyyən qədər
təhsil alıb. Atam danışırdı ki,
babam nənəmin savadlı, yazıb-oxuya bilən biri
olduğunu biləndə çox sevinib.
Akademik övladı olmaq
- Nüşabə xanım, ailədə
iki bacı, bir qardaş olmusunuz və qardaşınız
Elman Araslı uzun illər diplomatik fəaliyyətlə məşğul
olub, Azərbaycanın Səudiyyə Ərəbistanındakı
fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət
göstərib. Həmid müəllimin evdə, ailəsi,
övladları ilə rəftarı necə idi? Elmi fəaliyyətdən,
akademik işlərdən ayrılıb, sizinlə zaman
keçirə bilirdimi? Ümumiyyətlə,
akademik titulu elmin generalı deməkdir. Bəs
akademik övladı olmaq necədir?
- Bəli,
qardaşım Elman müəllim filologiya elmləri doktoru,
professor idi. Səudiyyədə və
İordaniyada səfir kimi fəaliyyət göstərirdi.
Atam bacıma anasının adını
vermişdi, amma bunu qısaldıb Dürdanə, ya da anam
deyirdi. Mənim də həyatım,
bildiyiniz kimi, Nizami irsinin tədqiqi ilə keçib. Atam elmə bağlı olduğu qədər də
ailəsinə, ətrafındakı insanlara, tələbələrinə,
yetirmələrinə bağlı idi. Onunla
bir saat, iki saat birgə vaxt keçirmək, bizə əbədiyyət
qədər qiymətli və maraqlı olurdu. Onun söhbətlərindən doymaq mümkün deyildi.
Təsəvvür edin, hamımız ədəbiyyat
adamı idik, öz yanaşmalarımız, fikirlərimiz
olurdu, bəzən evdə elmi mübahisələrimiz,
müzakirələrimiz baş tuturdu və mən o günləri
həmişə həsrətlə xatırlayıram.
Həmid Araslı özünə hörmət qoyan, cəmiyyətdən
öz layiqli hörmətini gözləyən və bunu
görən elm xadimi idi. Həyət evində
yaşayırdıq, məhəllə camaatı, uşaqdan
tutmuş, böyüyə qədər hər kəs onun
hörmətini saxlayırdı. O, məhəlləyə
girəndə hamı özünə çəki-düzən
verirdi. Bir şey olanda onunla məsləhətləşirdilər.
Ümumiyyətlə, kimsə Həmid Araslının
qızıdır, yaxud oğludur kəlməsini eşidən
kimi, bizə sayqı ilə yanaşırdı. Bu bizə
xoş olduğu qədər də, məsuliyyət tələb
edirdi.
Bu rəftar bizi müəyyən
çərçivəyə salırdı
Davranışımızı, rəftarımızı,
həyat tərzimizi müəyyən çərçivələr
içərisində qurmalı olurduq. Çünki
bizi həm də nümunə kimi göstərirdilər.
Onsuz da ağlımız kəsəndən elm
adamlarının, alimlərin arasında
böyümüşdük, atam akademik olandan sonra qeyri-adi fərq
hiss etmədik, sadəcə, o, bir elm adamının qazana biləcəyi
ən yüksək mərtəbəyə
çatmışdı, bizim üçün isə hər
zaman olduğu kimi ailə başçısı, sevimli həyat
yoldaşı, əziz ata idi.
- Həmid Araslı təhsil
illərini, uşaqlıq illərini necə
xatırlayırdı? Yəqin,
ögey ata himayəsində böyümək asan olmayıb.
- Atam uşaqlıq
illərindən, yeniyetməlik dövründən çox
danışırdı. Yetimlik acısı
gördüyü üçün bütün meylini bizə
- övladlarına salmışdı. Nə
qədər yorğun olsa da, qayğılı olsa da, sevgisini
bizdən əsirgəmirdi.
O, qürurlu adam
idi
Çox
qürurlu adam idi, hətta bu xüsusiyyəti
bəzən ona mane də olub. Təsəvvür
edirsinizmi, seminariyada təhsil aldığı illərdə
bütün günü kitabxanada keçib, dəfələrlə
yemək vaxtını ötürüb. Yaxın
qohumlarıgilə nahar etməyə gedib və süfrə
üstə çıxıb. "Fikirləşdim,
deyəcəklər bu uşaq qəsdən yemək vaxtı gəlib,
odur ki, bir kənarda oturdum, süfrəyə
yaxınlaşmadım. Az qala acından gözlərim
qaralırdı, amma yeməyə toxunmadım, toxam dedim...".
Dediyim kimi, atasını qətiyyən
xatırlamırdı. Birindən "filankəs sənin atanı tanıyır"
sözünü eşidən kimi həmin adamla
görüşməyə can atıb, atası haqqında təzə
nəsə öyrənməyə çalışıb.
Çox kədərli bir xatirə qalmışdı
yaddaşında. Demək, anası ağır xəstələnib,
ölüm yatağına düşəndə, südəmər,
körpə bacısı olub. Anası
yaxın qohumlarıgildə qalıb, ona qulluq edirmişlər.
Bu körpə də xəstə imiş, zəif
imiş. Birdən nəsə xəbər
gəlir, evdə olan böyüklərin hamısı
çıxıb harasa gedir və gedərkən bunun
yanına süd qoyub tapşırırlar ki, birdən
bacın ağlayıb-eləsə, südü azca
qızdırıb ona verərsən.
Eyni gündə həm
anasını, həm də bacısını itirmişdi
Atamın yaşı çox olmayıb. Uşaq
yatır, o da uşağın yanında yuxuya gedir və bir
müddət sonra ayılır, uşağa baxanda
görür ki, bunun səsi çıxmır, hərəkət
etmir. Körpənin öldüyünü
başa düşür, ağlaya-ağlaya körpəni arabaya
qoyur, anası olan evə gedir. Deyirdi: "Mən həyətə
girəndə anamı təzəcə yuyub, kəfənləmişdilər".
Yəni eyni gündə həm anasını, həm
də kiçik bacısını itirib. O bu
acını heç vaxt unuda bilmirdi.
- Həmid Araslı repressiya
illərində müəyyən təzyiqlərə məruz
qalıb və hətta həbs olunmaq təhlükəsi
yaşayıb. Mətbuatda onun haqqında
antisovet təbliğatçısı, islamçı,
türkçü damğası ilə yazılar gedib və
o, "Kitabi-Dədə Qorqud" dastanının nəşrinə
nail olduqdan sonra, bu təzyiqlər daha da artıb. Hətta ən
yaxın ətrafında olan həmkarları belə, onun
haqqında tənqidi yazılarla çıxış ediblər.
Nüşabə xanım, nə istəyirdilər
atanızdan? Ona qara yaxanlar kim idi? Hansı
iradə idi Həmid Araslını yolundan döndərməyən,
əqidəsinə, məsləkinə sadiq qalmağa sövq
edən?
-
Bilirsiniz necədir, sovet dövrünün qəribə,
anlaşılmaz ideoloji proqramı vardı. Hər hansısa
xalqın milli dəyərlərini bütünlüklə
sovet xalqının adına
bağlamağa çalışırdılar. Rus
mədəniyyətindən böyük mədəniyyəti
qəbul etmək istəmirdilər. Yəqin, xəbəriniz
var, uzun illər dahi Nizami Gəncəvini fars
şairi kimi təqdim etməyə çalışıblar. Çünki başqa xalqların yazılı ədəbiyyat
tarixi bir o qədər də qədim və zəngin deyil.
Nizami bəşəriyyətin Homer, Dante kimi qəbul
etdiyi dünya klassiklərindən biridir və
yaradıcılıq diapazonuna, ideya-fəlsəfi təfəkkürünə
görə bu dahilərdən öndə gedir. Təbii
ki, Azərbaycan kimi kiçik bir xalqın belə böyük dahi
yetişdirə bilməsi birmənalı qəbul oluna bilməzdi.
Həmid Araslı bütün şüurlu həyatını
milli ədəbiyyat tarximizin öyrənilməsi işinə
sərf etdi və bu fəaliyyəti ilə həmişə
qürur duydu. Sovet ideologiya maşını bizim klassiklərin
hərəsinə bir ad qoymuşdu: "Xaqani saray şairi
olub!", "Nəsimi təriqət şairidir!",
"Şah İsmayıl Xətai feodal hakimdir,
şahdır!" və s. Bu fikirlərlə o dahilərin
şəxsiyyətinə kölgə salmağa
çalışıblar və əgər Həmid Araslı
kimi elm və millət fədailəri olmasaydı, təbii ki,
buna nail ola biləcəkdilər.
"Kitabi-Dədə Qorqud" bəlası
Eləcə
də "Kitabi-Dədə Qorqud" dastanı... Bu böyük eposu, xalqımızın qiymətli
folklor incisini türk xalqlarının ortaq abidəsi kimi təqdim
etmək istəyirdilər. Doğrudur, bu
fikirlər hələ də səngiməyib, lakin Həmid
Araslı öz araşdırmaları ilə belə
düşüncələrin qarşısına sədd
çəkə bildi. Dastanın nəşri Azərbaycanda
böyük hadisə hesab olunurdu və bunu istəməyən,
hökumətə, partiyaya, onun rəhbərlərinə
yarınmağa çalışan, öz gərəksiz fəaliyyətini
arxa plana çəkmək istəyənlər az
deyildi. Dastan nəşr olunduqdan sonra atamı o vaxt "Ədəbiyyat
və Dil İnstitutu" adlanırdı, oradakı işindən
xaric etdilər, universitetdə müəllim idi -
çıxartdılar və təzyiqlər artdı, amma onun
iradəsini qıra bilmədilər. Xalq
müdafiə edirdi onu, milli təəssübkeşliyi ilə
xalqın ürəyinə yol tapmışdı və bunun
qarşısını ala bilmirdilər.
Gündüz tənqid edib, axşam
üzr istəyənlər
Həmid Araslıya hücum çəkənlər, mətbuatda
sicilləmə məqalələr yazıb, onu tənqid edənlər
arasında yaxın dostları, elmə gətirdiyi, dərs
dediyi, qayğı göstərdiyi adamlar da vardı. Hətta
gündüz məqalə yazıb, axşam qapımıza gəlib
üzr istəyənlər də olurdu.
- Kim idi onlar?!
-
Adlarını çəkməyə ehtiyac duymuram. Haqq dünyasında olanlar da, yaşayanlar da var
aralarında. Anam belə şeyləri
bağışlamazdı, sərt idi bu mövqeyində.
Qapıdan qovmaq istəyirdi elələrini, atam
zorla sakitləşdirirdi onu. Hətta atam bir dəfə
elə adamlardan birinə farsların məşhur: "Ozr bədtər
əz günah!" kəlamı ilə cavab verdi.
- Bu kəlamın mənası nə
idi?
- Yəni
"üzrü günahından betər".
Atam kiməsə yarınmağı xoşlamazdı. Belə təzyiqlərin
tüğyan etdiyi dövrdə bir dəfə elmi konfransda
böyük alimimiz, akademik Məmməd Arif Dadaşzadənin
Şeyx Şamil haqqında yazdığı əsərlə
bağlı onu tənqid etməyi təklif ediblər. Hətta:
"Kişi də buradadır (yəni Mircəfər
Bağırov), dur çıxış elə!" - deyənlər də tapılıb, amma atam buna
razı olmayıb. "Mən belə namərdlik
edə bilmərəm!" - deyib. Həmin
adam özü qalxıb,
çıxış edib və tezliklə yaxşı vəzifəyə
irəli çəkilib.
O, ədəbiyyatı
çox sevirdi və sevdiyi qədər onu sevdirə də
bilirdi. Sözü boş yerə deməzdi.
Yeri gələndə Füzulinin şah beytlərindən,
Nizaminin müdrik kəlamlarından elə sərraf dəqiqliyi
ilə misal çəkirdi ki, zövq almamaq olmurdu.
Namərdlik edə bilmərəm
Atam Elmlər Akademiyası əsaslı elmi
kitabxanasının Şərq şöbəsinə rəhbərlik
edəndə xeyli əlyazmanın üzə
çıxmasına, o mətnlərin işlənib elmi dairələrə
təqdim edilməsinə nail olur. Tapşırıq gəlir
ki, həmin mətnlərin, əlyazmaların müəyyən
hissəsi məhv edilməlidir. Atam
özünə bu xəyanəti rəva görmür,
bacardığı qədər, gizlədə bildiyi qədər
materialı gizlədir və qoruyur. Bu,
böyük risk idi, xəbər tutsaydılar, itaətsizlikdə,
xəyanətdə günahlandırıb onu məhv edə
bilərdilər. Sonradan bundan xəbər
tutublar, həbs etməsələr də köhnəliyə pərəstiş
etdiyi üçün vəzifəsindən uzaqlaşdırıblar.
- Kim idi axı o adamlar? Kim idi Həmid müəllimə qara yaxanlar?
-
Bilirsiniz necədir?! Atam deyirdi ki, o adamları da
məcbur ediblər. Onları da qorxudublar.
Onlar özlərini xilas etmək
üçün buna məcbur olublar?
Hər adam qəhrəman
ola bilmir
- Bəs ləyaqət? Kişilik? Axı, bilirik, bu yolu tutmayanlar,
ölümü şərəfsiz həyatdan üstün
tutanlar da olub... Axı Həmid Araslını da bir
başqası haqqında danos yazmağa, bir başqasına
qara yaxmağa məcbur edirdilər və o buna getmirdi.
-
Bilirsiniz, hər adam qəhrəman ola
bilmir. Belələri yazırdı, sonra gəlib üzr istəyirdi,
deyirdi başqa adam yazsaydı, lap betər
yazardı, yaxud mənə dedilər altında imza olmayacaq və
s. Şəxsiyyət məsələsi çətin
şeydir, bütöv şəxsiyyət olmaq
zülümdür. Atamın qətiyyətli
olmağının bir əsas səbəbi də vardı: həmişə
deyirdi ki, gördüyüm işin əhəmiyyətini
başa düşürəm.
"...Saat hələ də işləyir..."
Ali təhsilini bitirdikdən sonra cavan vaxtında Gəncənin
Nəbiağalı kəndində müəllim və direktor
olub. 60 illik yubileyi münasibətilə atamı həmin
məktəbə dəvət ediblər. İti
yaddaşı, dərin hafizəsi vardı. İllərlə
görmədiyi adamlarla görüşəndə onların
çoxunu xatırlayıb, amma bir nəfər, nisbətən
cavan adam yaxınlaşıb və "Həmid
müəllim, deyəsən, məni
xatırlamadınız?!" deyərək, xəbər
alıb. "Suyun şirin gəlir, amma
xatırlaya bilmirəm", deyib atam. Həmin gənc:
"Siz bizə folklor nümunələrinin toplanmasını
təklif etdiniz və dediniz ki, kim çox folklor nümunəsi
toplasa qalib olacaq. Hamıdan çox mən
toplamışdım. Siz qalib olduğumu
elan etdiniz və öz qolunuzdan saatı açıb
mükafat olaraq mənə bağışladınız.
Həmin saat hələ də işləyir və
evimdə əziz xatirə kimi qorunur".
- Həmid Araslını xeyirxah
müəllim kimi xatırlayanlar az deyil.
Onlarca alimin, bir neçə akademikin yetişməsində
onun mühüm rolu olub. Hətta eşitdiyimə görə,
Özbəkistanda da atanızı çox istəyirmişlər.
- Bəli,
atam istedadlı, bacarıqlı, savadlı tələbələri
üçün əlindən gələni edib. Aspiranturada boş yer olan kimi istedadlı tələbələrini
ora cəlb etməyə çalışıb. Əziz Mirəhmədov da onlardan biri idi. Doğrudur, atamın da insanlar haqqında
yanıldığı məqamlar var, bəzən kömək
etdiyi insanlar da ona xəyanət edib, amma belə şeylər
onu insanlara yaxşılıq etməkdən yayındıra
bilməyib.
Bəli, çox doğru deyirsiniz, Özbəkistanda atam
sevilən elm adamı idi. Ona hörmət olaraq
"Damla" (Ustad) deyirdilər. Vahid Zahidov, Vahid
Abdullayev, Həmid Süleymanov kimi onlarca özbək aliminin
yetişməsində, onların tanınmasında xidmətləri
var.
Atam Tiflis Müəllimlər Seminariyasının məzunu
idi, ilk əmək fəaliyyətinə də müəllim
kimi başlamışdı və ömrünün sonuna qədər
müəllim adının şərəfini qorudu.
- Atanızın ömrünün son
dövləri haqqında bir qədər danışın. Hansı dostlarını xatırlayırdı.
Nə iş görürdü? Səhv etmirəmsə,
hipertoniyadan əziyyət çəkib...
- Hə,
yüksək təzyiqi vardı. Ailəmlə bərabər
eyni evdə yaşayırdıq, yəni mən baxırdım
ona. Gecələr narahat olurdu. Mən
də narahat olurdum,
öz otağının işığnı
yandıran kimi, mən də tez yerimdən qalxıb onun
otağına gedirdim. Deyirdi get yat, narahat olma, amma kim idi gedən. Bax elə gecələrdə
tez-tez dostlarını xatırlayırdı. Səməd
Vurğunu, Mir Cəlal Paşayevi, Feyzulla Qasımzadəni,
Əbdüləzəl Dəmirçizadəni, Abdulla
Şaiqi (həm də müəllimi olmuşdu), Cəfər
Xəndanı yada salırdı. Bu adamlarla gənclik illərindən
yaxın dost olublar. Bu adamlar Azərbaycan sovet ədəbiyyatşünasılığını
formalaşdıran və bununla yanaşı, bu ədəbiyyatı
xalqa təqdim edən insanlar idilər. Onlar
ədəbiyyat tarixini sıfırdan yazır, dilçilik
elmini yaradırdılar. Hərəsi bir
dövrü, bir sahəni tədqiq edirdi.
Xalqımızı
aşağılamağa çalışırdılar
Mirəli Seyidov onun sevimli tələbəsi olub. Atam onun İrəvandan
Bakıya gəlib, təhsil almasına kömək etmişdi.
Sonradan Mirəli Seyidovdan həmişə
razılıq edirdi, atamın ümidlərini
doğrultmuşdu. Hətta Mirəli Seyidov
altı aya qədər evimizdə yaşamışdı.
Əzizağa Məmmədov, Qulamhüseyn
Beqdeli də onun sevimli tələbələri olub.
Sonra deyirdi ki, xalqımızı həmişə
aşağılamağa çalışırdılar. "Çarizmin
ucqar vilayəti, savadsızlar, nadanlar ölkəsi, cəhalətin
hökm sürdüyü yer və s. Bunların heç bir əsası
olmayıb. Mən də çox cavan idim və
elə o vaxt qarşıma məqsəd qoydum ki, bu əsassız
fikirlərə son qoymaq üçün mübarizə
aparacağam, sübut edəcəyəm ki, bu xalq heç də
istedadsız, savadsız, cahil deyil. Buna müəyyən
qədər nail oldum, xalqımın milli dəyərlərini
üzə çıxarıb, dünyaya təqdim edə
bildim. Sübut etdim ki, Azərbaycan xalqı dünya mədəniyyətinə
əvəzsiz dəyərlər bəxş edib, amma hələ
görüləsi işlər çoxdur...".
Bəkir Çobanzadənin
xanımı və son beytlər
Yadıma atamın son günləri ilə bağlı
bir əhvalat düşdü. Xəstəxanada idik,
vəziyyəti ağırlaşmışdı, tez-tez
halı dəyişirdi. Birdən
yaşlı bir xanım dəhlizdə göründü.
Dedilər, bizi axtarır.
Yaxınlaşdım, özünü təqdim etdi, dedi:
"Bəkir Çobanzadənin xanımıyam. Bəkirin bir siyahısı vardı, istedadlı tələbələrinin
adı qarşısında işarə qoymuşdu. Atanı da həmin siyahıdan tanıyıram.
Eşitdim Həmid Araslı burada müalicə
alır, onunla görüşməyə gəldim". Atamdan eşitmişdim, Bəkir Çobanzadə onun
elmi rəhbəri olmuşdu. Bir qədər
narahat oldum, atama qətiyyən həyəcanlanmaq olmazdı,
ona görə də üzürxahlıq edib, atamı bu
görüşə hazırlamağa getdim və bir qədər
söhbətdən sonra müəlliminin xanımının
onunla görüşmək istədiyini söylədim. Atamla şərt kəsdim, həyəcanlanmaq olmaz.
Dedi ki, "Bəkir Çobanzadədən ziyan gəlməz!". Görüşdülər.
Atam söylədi ki, Bəkir müəllim həm
də onlara mənəvi ata olub. Tələbələrini
evində yedirdib, qarınları doymadan getməyə
qoymayıb. Ayrılanda atam bu böyük ürəkli,
cəfakeş qadının əllərindən öpdü,
gözləri doldu, sonra bir neçə beyt dedi, quşlar kimi
köçüb gedən dostlar haqqında. Doğma
gəldi, amma başqa türkcədə idi. İndi
fikirləşirəm, Bəkir Çobanzadə Krımda
anadan olmuşdu, bəlkə bu beytləri də nə vaxtsa
sevimli müəlliminin dilindən eşidib, bəlkə də,
Krım türkcəsində idi, bilmirəm...
Söhbətləşdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2020.- 15
avqust.- S.2-3.