Qaqarinin Nazim Hikmət
sevgisi
Yaradıcı insanlar təkamülün
indiki səviyyəsi ilə qane olmayanlardır. Onlar Tanrının
qəlbinə nüfuz
etmək, şüurun
xaricinə sıçramaq,
kosmik düşüncəni
yaxalamaq istəyirlər.
Bütün sənət əsərləri
dünyanı dərk
etmək ehtirasından
yaranır. İnsanın mahiyyətində bir ilahiləşmək entuziazmı
var. Transsendental fikir axını da yaranışın mənbəyinə
varmaq meylindən yaranıb.
İnsanın kosmosa uçuşu da dünyanın dışına çıxmaq,
paralel dünya axtarışlarının nəticəsidir. Yəqin. Mel Fişeri xatırlayırsınız.
O, nə az,
nə çox, on yeddi il dənizin
dibində dəfinə
axtarmış, nəhayət,
yarım milyard dollar dəyəri olan qızıl və gümüş sikkələr
tapmışdı. Bu şaquli axtarışlar insanın ruhani həyatında katalizator rolunu oynayır. Bütün əməllərin əcdadı
düşüncədir, deyirlər.
Hər şey düşüncədə
baş verir; beyinə düşən toxum inkişaf edib əmələ çevrilir. Elm də sübut edib ki, insanın
hərəkətverici qüvvəsi
olan ruhun məkanı ürəkdə
deyil, beyindədir.
Orqanizmin
saatı hesab olunan epifiz görünüşcə
noxuda bənzəyir.
Ruh məhz o "noxud"un içində
gizlənir, mikrokosmos,
kiçik dünya da ordan güc
alır. İnsan enerjisinin toplandığı
Depodan. O balaca nöqtə insanı kosmosa qədər aparıb çıxarır.
Rus yazıçısı
və jurnalisti Anton Pervuşinin kosmosa çıxan ilk insan kimi adını tarixə yazmış Yuri
Qaqarin haqqında yazdığı "Bir uçuş və bütün həyatı"
kitabında olduqca maraqlı məqamlar yer alır. Müəllif Qaqarinin məktəb yoldaşı Timofey Çuqunovun xatirələrinə
istinadən yazır ki, onlar 1949-1952-ci illərdə Moskva yaxınlığındakı Lubertsı
şəhərində birlikdə
təhsil alırmışlar.
Şagirdlər tez-tez Moskvaya
gəzməyə çıxır,
muzeyləri, parkları
ziyarət edirmişlər.
Bir gün Qaqarin sinif yoldaşlarını
Nazim Hikmətin Sokolniki parkında keçirilən şeir gecəsinə aparır.
Nazim həmin dövrdə həbsdən yenicə azad olunub Sovetlər
ölkəsinə pənah
gətirmişdi. Qaqarin Nazim
Hikmətlə bu görüşdən unudulmaz
təəssüratlarla ayrılır
və uzun müddət bu görüşün təsiri
altında olur. Pervuşin yazır ki, ruslar Nazimi "Türkiyənin Puşkini"
adlandırırdılar. Qaqarin məktəbdə də həmişə Nazim Hikmətin şeirlərini
əzbərdən deyir,
hər fürsətdə
böyük şairə
sevgisini dilə gətirirdi.
Daha bir maraqlı məqam diqqəti çəkir. Sən demə,
Nazim Hikmət kosmosa uçan ilk insanın sovetlər ölkəsindən olacağını
öncədən təxmin
edibmiş. Sözsüz, Nazim Sovet ölkəsinə
sığınmışdı, sosialist quruluşu onu tam qane etməsə
də bu quruluşun texniki tərəqqisi, elmi nailiyyətləriylə daim
öyünürdü. Onun bu qənaətə gəlməsində həmin
dövrün, mühitin
çox böyük təsiri olmuşdu.
"Znaniye sila" jurnalının 1961-ci ildə
çap olunmuş
6-cı sayında Nazim
Hikmətin belə bir açıqlaması yer alırdı: "Kosmosu fəth edən ilk insan Sovet vətəndaşı
olacaq".
Nazim Hikmət həmin açıqlamasında belə
deyir:
"Venera planetinə
ilk kosmik səfərdən
sonra Moskva radiosunun müxbirləri evimə ziyarətə gəldilər və məndən kosmosa çıxacaq ilk insanın
hansı ölkədən
olacağını soruşdular. Mən də
əminliklə söylədim
ki, həmin insan Sovet vətəndaşı
olacaq. Bu insan sovet vətəndaşı
olmalıdır, başqa
cür mümkün deyil. Mistik düşünmürəm, amma yenə də tarixin məntiqinə inanıram.
Bu məntiq mənə
bunu pıçıldayır:
"1917-ci ildə ayağında
çəkmə, başında
kepka Qış sarayına hücum edən Putilov fabrikinin işçisinin oğlu kosmosu da fəth edəcək.
Əlbəttə, bu dəfə
əlindəki tüfənglə
yox, kosmonavt geyimində".
Şairə görə, sosial ədalət və tarixin məntiqi bunu deyirdi. Dərginin
mövqeyi isə belə idi: "Nazim Hikmətin sözləri gerçəyə
çevrildi. Qaqarinin atası
Putilov fabrikində işləmişdi".
Bu, təsadüf ola
bilərdimi? Nazim Hikmət mistik
idimi? Bəlkə poeziyanın məhvərində
gizlənən mistisizm
şairə bu həqiqəti pıçıldamışdı?!
Bəlkə elə buna görə zaman-zaman dahi şairlərin kəllə sümüyü
paleontoloqları maraqlandırıb?
Ötən əsrin 30-cu illərində
rus alimi, paleontoloqu Mixail Gerasimov Nizami Gəncəvinin kəllə
sümüyünü tədqiq
etmək üçün
aparmışdı. O, böyük şairin təfəkkür modelini müəyyən edə bildimi? Bu tədqiqat
zamanı hansı nəticələr əldə
edildi? Təəssüf ki, biz bütün
bunlardan xəbərsizik.
Şairlər yer üzünün
sehrbazlarıdır, onlar
bu dünyadan qopduqdan sonra da öz sirlərini
qoruyub saxlayırlar.
Kəllə heç zaman
öz sirrini özündən olmayana verməz. Biz niyə unuduruq ki, kainatın ən güclü fenomeni insan beynidir? Şairlər isə bir çox xüsusiyyətlərinə
görə adi insanlardan seçilən varlıqlardır. Onlar Tanrı
ilə əlaqəyə
girə bilirlər.
Şairlər peyğəmbərlərdən
sonra onların missiyasını yerinə
yetirirlər. Bu, artıq tamamilə başqa söhbətin mövzusudur.
Sanskrit əfsanələrində Ayda yaşayan və bütün dünyadakı soydaşlarının
kralı olan bir dovşanın varlığından bəhs
edilir. Nazim Hikmətin məhbəs
illərində yazdığı
"Aydan asfalta düşən dovşan"
şeiri bu əfsanələrdən qaynaqlanır.
Ay doğdu içinde tavuşanıyla,
ben bir şey düşündüm
yüregimin kanıyla,
terini sildi o şey ceketinin yeniyle,
o şey tepeden tırnağa süzdü
beni,
basdı gaza aldı virajı debriyajdayken
ezib keçti aydan asfalta düşen
tavuşanı.
Ən qəribəsi
budur ki, insan oğlunun Aya ilk yolçuluğu zamanı kosmonavtların Hyuston Nəzarət Mərkəziylə ilk danışıqlarında
söhbət Ayla dövşanın üzərinə
gəlib çıxır. Onlar Nazim
Hikmətin Bursa Cəza
Evinin daş divarları arasında şeirini yazdığı
Aydakı dovşan haqqında məlumat verirlər. Qədim bir əfsanədə deyilir ki, dörd
min il bundan
öncə Çanqo
adlı olduqca gözəl bir qız yaşayırmış.
Sevgilisindən ölümsüzlük həbini oğurladığı
üçün öz
dovşanı ilə birlikdə Aya sürgün edilibmiş.
Kosmonavtlardan biri belə demişdi: "Biz
mütləq o dovşan
qızı axtarıb
tapacağıq".
Nazim Hikmət
isə əminliklə
yazırdı ki, kosmonavtlar mütləq yadplanetlilərlə qarşılaşacaqlar.
ve yıldızlardan
birinde
hangisinde bilmiyorum
yıldızlardan birinde konuşacak elçimiz
hangi dilde bilmiyorum
yıldızlardan birinde konuşacak elçimiz onunla.
Böyük şair "Kosmosun
qardaşlığı adına" şeirini
1961-ci ilin 13 aprelində
Parisdə yazmışdı.
Qaqarinin kosmosa uçuşundan bir gün sonra! Bu şeir dünya
poeziyasında yadplanetliyə
yazılmış ilk bədii
mətndir. Bu mənada elmlə ədəbiyyat ürəklə
ciyər kimi bir-birindən ayrılmazdır.
Jorj Simenon çox dəqiq deyirdi: "Ehtimal nəzəriyyəsi
elmdir, ancaq onu ayrı-ayrı fərdlərə tətbiq
edəndə o həm
də dönüb incəsənət olur".
Bu heyrətamiz faktların ətrafında cövlan etdikcə Nazim Hikmət haqqında yazılmış onlarca kitabdan birinin müəllifi Radi Fişin fikirlərini də xatırlayıram:
"Nazim Hikmət uzunboylu, güclü, qüvvətli, yaraşıqlı,
ətrafa hardasa fiziki şəkildə
hiss ediləcək dərəcədə
ruhi enerji saçan bir insan idi. Başqa dünyalarda yaşayan kimsələrə
dünyamızın insanını tanıtmaq üçün
Nazimdən daha mükəmməl elçi tapmaq çətin
olardı".
Kənan Hacı
Ədəbiyyat qəzeti.- 2020.- 15
avqust.- S.32.