Gülərək dedilər ki, müqəddəslər
də
bu əzabdan keçiblər.
Uşaqlar ələkdən keçdilər
Bu sənin üçündür,
daha böyük,
daha gözəl olasan
və şübhəsiz
daha dürüst,
odur ki, ürəyimi quzu dırnağı kimi
iki yerə böldüm.
Oğurluq etdim,
yalan danışdım,
qan qusdum.
Nə qədər meyit yudum
və hər gün küçədə
zibil tayalarının
üstündə yatdım,
əlimdə bıçaq
yuxuya getdim
cır-cındırı arasında
qoca dilənçilərin.
Bu adamlar bəlkə sənin şərəfinə
saqqallarını topuğa
qədər uzadıblar,
elə bil lap qədim şumerlərdilər,
o şumerlər ki, sevdikləri üçün
şir ovuna gedirdilər.
Yarasalar
qarabaqara izlədilər
məni,
sən varsan deyə fərqində olmadım.
Gözləri bərələ at kimi
dırnaqlarınla torpağı
eşəndə
zülüm-zülüm ağladım.
Ağladım
addım-addım
indicə intihara sürüklənən adam
kimi.
Nəfəsinə ərimiş yapışqan
çəkən
üzləri meyit rəngində
küçə uşaqlarının
arasında yaşadım.
Ələnəcəkdilər,
daşdoğrayan dəzgaha
diyirlənəcəkdilər
yekə daşlar kimi,
ordan da zir-zibilin içinə
düşəcəkdilər.
Dördyol ayrıcında
barmaqlarım üstə
qalxıb
hönkür-hönkür ağladım.
Oğrulara, fırıldaqçılara imkan verdim ki,
məni çapıb-talasınlar
kasaların içində
cingildəyən
kürək kimi iri qaşıqların səs-küyündə.
Qaz iyi verən, yanmış yemək qoxuyan
ucuzluq kafelərin ortasında azdım.
Araq piramidaları arasında qalıb
sürtülüb ovuldum.
Yoruldum
sənin böyük,
yaşlı dediyin
bu adamların əlindən
elektrik sayğacında
yatan,
özünü ora-bura sürtən pişik kimi.
O biri yanağımı da al qana boyadılar,
barmaqları böyrümü
rahat buraxmadı.
Ürəyimi dörd yerə böldülər.
Gülərək dedilər ki, müqəddəslər də
bu əzabdan keçiblər.
Məni ələkdən keçirdilər.
Başqa uşaqlarınla bir yerdə, eyni vaxtda.
Ağzımı tikib, sus dedilər,
danışma.
Sənə görə
qurdların arasında
bir zibil kimi
ciblərimə sığınıb
gizləndim.
Xəyanətin bədheybət siçanlarını
canımla yedizdirdim,
doyurdum.
Gözləri bərələ qalmış
at kimi
dırnaqlarınla torpağı
eşdiyin zaman ağladım,
bəli, təkcə sənə görə
zorla bu dünyaya adladım:
ürəkdən gələn
və bir daha geriyə yolunu tapmayan...
qan
şırnağı kimi.
İkiağızlı tiyə
Bəzən
dimdik mum qayalıqlar üzərində
özünü itirirsən
yox olana qədər.
İndi
sən
dolama nərdivanla
sürüşüb uzaq yerlərə köç
etmiş
Paris səhərini xatırlayırsan,
onun sədəf rəngini,
tənhalığın Mirabu körpüsündən
baxıb
ətraf yerlərin
kənara uzanan
qollarından asılan
körpünü xəyal
edirsən;
yanaqları qızarır,
kvars daşları kimi sayrışır.
Metronun Sfinkter dairəsindən keçib
daşdan keçmiş
su tək saflaşırsan,
sonra da məna tayasının üstünə yıxılırsan,
tüstün göy üzünü tutur,
buludular dağılır.
Səhərsə, yəni sübh
çağı
itlərin güddüyü
ala-bula siçovul
kimi
zeytun bağında
özünün nəm sifətini göstərir,
hələ keçilməli
olan
bir qarış yolu işıqlandırır.
Ölümün divarına
Əsas
yol bəzən elə pip-şoudu,
başını itirmiş
motosikl sürücüləri
arzular bunu.
Yolun kənarında isə
qızlar gözləyər
dilənçilər kimi.
Onlar bapbalaca dəri kepkalarını irəli uzadar,
istərlər ki, motosikl sürücüləri
dəli kimi yerdən qopub
havada fırlansınlar,
ölümün divarı
üzərində
sürüşsünlər...
Atam
Atamın
həmişə çəkdiyi
bu dünyanı titrəyişiylə
göz önündə
canlandıran səffaf
bir tüldür.
Qapı
ağzındakı qaşıqların
səsinə
əl saxlayardı çox vaxt.
Son günlərinin birində
ancaq mənim üçün
bir işıq qülləsi çəkdi
Pizada, yamaca söykənmişdi.
Son qəpik-quruşuyla
yolların labrintini
içindən kəsib
doğrayan
bir maşın aldı mənə.
Və papirosun kötüyünü
ağzındakı son dişləriylə
saxlayan
atam yəhərlə
yəhər qayışı
arasında
bir yer açdı mənimçün
həmin dişləriylə.
Su basmış qitə kimi
Ölkəm su basmış
qitə kimiydi
tozlu havada üzürdü,
bir cəsəd təsəvvür edin
günorta işığında.
Ataları nadir kişilər idi
dağların əzəmətli
dərisini dəlib keçən
mərmilər kimi.
Anaları göz yaşı
tək zərif və həssas;
göz yaşları axırdı tez-tez və dərdli-dərdli.
Anaları yer özünə çəkdi.
Ölkəm adamları
açıq yaranı
yeyib axırına çıxan
qurd sevgisiylə sevərdi onu.
Ölkəm məni dizləri
üstünə alıb
başımı
sığallar,
siqaretini alnımda
söndürərdi...
Şlyapa
Atam hardasa uzaqlarda, açıq dənizdədir,
güclə görürəm
onu.
Əl yelləyirəm.
Ola bilsin ki, hələ də məni görür.
Su qalxır,
suyun üzündə
qalır şlyapası...
Linda Maria Baros
Tərc etdi: C. Yusifli
Ədəbiyyat qəzeti.- 2020.- 15
avqust.- S.31.