Bədii Tərcümə Mərkəzi təqdim edir:
Çağdaş özbək ədəbiyyatı
Qoşqar Nərqabil (1968) - çağdaş özbək ədəbiyyatının tanınmış isimlərindəndir; şair və nasir, dramaturq, tanınmış jurnalistdir, Özbəkistanın Əməkdar jurnalisti, Özbəkistan Yazıçılar Birliyinin
üzvüdür. "İnsan və Qanun" qəzetinin baş redaktorudur. Şeirləri Azərbaycan dilində də nəşr olunub.
Qəlbimdəki Qafqaz
Hekayə
- Dedulə,
otkuda
vı? İz Tadjikistana? Pakistana?
- Net, iz
Djaxonistana!*
Pəncərənin
arxasındakı gözəl qız bəyaz üzündəki
təbəssümlə, Qafqaz gözəllərinə xas
ilahi baxışla, ulduz kimi parlaq, qara gözləri ilə məndən
soruşur:
-
Djaxonistana, qde gto Djaxanistan?*
-
Djaxonistan - gto Uzbekistan! Bunu bilmirdinmi? - deyə ona baxıram. Çünki
Özbəkistan dünyanın bütün möcüzələrini,
gözəlliyini, səxavətini və cazibəsini
özündə cəmləşdirir.
Qız
pasportumu açıb: "Uzbekistan... Uzbekistan"*, - deyir və
təkrar-təkrar baxır.
Onun laqeydliyi mənə xoş gəlmir.
-
Yaxşı, harada müvəqqəti qeydiyyatdasınız? - təkəbbürlə soruşur.
-
Sanatoriyada. "Özbəkistan"
sanatoriyasında. Böyük babamın
qanuni qeydiyyata alındığı öz sanatoriyamızda.
Təəccüblə
baxır:
-
Qafqazdamı? - deyə heyrətlənir. -
Bilir, axı. Bizim sanatoriyamız, özbəklərin
qəşəng sanatoriyası, özü də Qafqazın ən
sərin yerində.
- Başa
düşürəm. Bəs, o kağız
haradadır?
-
Hansı kağız?
- Qeyd
olunduğunuz yer barədəki kağız.
Başım gicəllənir. Bu pul o qədər də
təcili deyildi, amma növbədə uzun müddət
gözləmişdim. Oğlum xaricdən
"Western Union" vasitəsilə göndərmişdi.
Onu Kislovodskda da ala bilərdim. Sanatoriyanın yanında bir bank vardı. Nə xəyal elədimsə Pyatiqorska gəldim.
Dedim, həm şəhəri gəzim, həm də dostum
Əhmər üçün hədiyyə alım.
Bank
kraliçası:
Kağızsız
mümkün deyil, edə bilmərəm, - deyir.
- İndi neyləyim? Yenidən sanatoriyaya
gedib həmin kağızı yazdırımmı? - kədərlə soruşuram.
Qız yenidən pasportuma baxır, gülümsəyir və
kompüter düymələrini basmağa başlayır.
"Deməli,
yazır...".
Əlimdəki "Əli Qəmbər" qovununu pəncərənin
yanındakı stolun üstünə qoyuram. İlk
baxışdan kiçik olsa da, ağırdır. Əlim əsir. Nə zülümlə
tapmışam onu!
Qafqaza uçmazdan öncə, dostum Nurullaya zəng
etdim. "Bu
qovunu tapmaq mümkün deyil, yalnız Qarakalpaqstanın Beruni
rayonunda, ya da Xorəzmdə olar" - demişdi.
Hələ
əsəbləşmişdi də:
-
Başın xarabdı? İndiki zamanda
"Əli Qəmbər"i haradan tapa bilərsən?
-
Tapılacaq, - ümidlə dedim, - çünki Qafqazda dostumu
görməliyəm. Bilirsən, Əhmər
Əhədov ilə Əfqanıstanda olmuşuq. Otuz ildir bir-birimizi görmürük. Ona aparmaq istəyirəm.
- Sən
təzək yeri soruşmursan e, "Əli Qəmbər"i
soruşursun. Bu vaxta Əli Qəmbər qalar?
Nurulla telefonunu söndürdü.
Əhmər və mən eyni bölükdə xidmət
etmişdik. Demə, alnımıza yazılıbmış.
Yad ölkədə çox faciələr
gördük. Bir dəfə o məni
ölümün pəncəsindən qurtardı. Yaralıydım, güllə
yağışının altından çıxardı.
Hələ bir dilin cəlbediciliyinə bax: bay-bay.
Əhmər özbək dilinə çox yaxın tatar
və qazax ləhcəsi arasındəkı gözəl bir səslə
danışırdı. İkimiz də qədim türk qanının damarlarımızda
axdığını hiss edirdik.
Deməli, bu iki qaragözlünün qismətində
qiyamətə qədər getmək, cəhənnəmə
atılmaq varmış? Biri Qafqazın dağ kəndindən, biri
də Sərxandəryanın cənubundakı bir kənddən
- Möminqüldən. Əfqanıstana qədər bir
yol...
Doğrudur, tale bizi o yanğında qovurdu, təltif də
elədi, sağ-salamat geri də döndərdi. Bu günsə
qafqazlı dostum Əhməri görməyə qərar verdim.
Ayda-ildə bir dəfə ziyarət etdiyim
sanatoriyanın Kabardin-Balkar Respublikasına uzaq olduğunu biləndə
narahat oldum. Sonra: "Əlli kilometr uzaqdakı dostum
üçün əlli il sürünsəm də azdir",
- deyə fikirləşdim.
Axı bədəni güllədən deşik-deşik
olmuş özbək dostunu dəhşətdən
çıxaran bolqar qardaşım üçün əlli
kilometr nədir ki?
Mən hospitaldən qayıdanda Əhmər də
özbəklər kimi çox xoşbəxt idi. Sanki
qardaşı gəlmişdi. Sevindiyini
görsəydiniz. Sonra kazarmanın
qaranlıq dalanında sabaha qədər içdik. Kimsə siqaret çəkdi, tüstünün kəskin
qoxusu da başımızı fırlatdı.
-
Əhma-ə-ə-ər... Mən sənə nə
yaxşılıq edə bilərəm? Sən mənim
dostumsan! Ölsəydim, sənə nə
göndərə bilərdim axı? Şükür ki,
sağam!
- Siz tərəfdə,
eşitmişəm, qovun çox şirindir. Daşkənddən
qovun göndərərsən, - Əhmər demişdi.
Göndərərəm...
Yox... özüm gətirərəm.
Gerçək sözümdür, özüm gətirərəm,
- söyləmişdim.
Başım gicəlləndi, başımı onun sinəsinə
qoyub ağladım. Onun da çiyinləri
atılıb-düşürdü...
Bankir qıza qayıdaq. O, hələ də kompüterə
nəsə yazırdı.
- Müvəqqəti
qeydiyyata dair məlumatların pasportunuzda olduğunu
bilmirdinizmi? Onu itirməyin, əgər itirsəniz,
pulu ala bilməzsiniz, - qız xəbərdarlıq elədi.
Elə bu vaxt hündürboy, yaraşıqlı bir
qadın masaya yaxınlaşdı və "Əli Qəmbərə"
uzun-uzadı baxdı. Nazik, ağ barmaqları ilə
qamış səbətin içindəki qovunu ovuşdurdu və
masaya baxmaqda davam elədi. Yanaqlarında göz
yaşı puçurlandı, dəfələrlə udqundu.
Yumru qarnını ovuşdurdu və ona
baxdığımı görəndə utandı və stula
oturdu. Amma gözlərini qovundan çəkmədi.
Xəcalət
çəkirdim, özümü narahat hiss edirdim, səhv bir
iş görmüş kimi əsəbləşirdim.
Qadına baxmamağa çalışırdım. Bankir qız
işimi tez qurtarsaydı, qovunu götürüb arxaya baxmadan
çıxıb gedərdim.
Aman Allah,
qadın ayağa qalxdı və yenidən "Əli Qəmbər"in
yanına gəldi, onu götürdü və həzin səslə
yalvararaq dedi:
Bu qovunu mənə
satın, lütfən, nə qədər pul istəsəniz,
verərəm, - qadın baxışlarını gizlədib
pörtərək deyir.
Pəncərə
arxasındakı Qafqaz gözəli mənə baxır və
birdən:
Qovunu ona
ver! Sən yaxşı insansan! Bu
ikicanlıdır axı. Siz tərəflərdə
də qadınlara hörmətlə yanaşırlar, elədirmi?
Doğrudur, - deyirəm.
- Əsl erkək sözüdür. Bu qovunu bir
kağıza büksəydiniz, ya bir qutuya qoysaydınız,
belə də omazdı, gülümsəyərək deyir.
Dayandığım yerdə hönkürürəm. Nurulla bunu min əzab-əziyyətlə
tapıb. Xorəzmdə evlər gəzib, axırda Bek
ağanın evindən tapıb... Bek ağa da qovunun hara
göndəriləcəyini biləndə razılaşıb:
"Nə deyim? Allah yolunu açıq eləsin"
- söyləyib.
Verərsinizmi,
bu adam mənim gəlinbəyimdir,
qardaşımın arvadı!
Mənə pul çıxarıb verir.
"Mən
bunu... Bu qovun... Bu ..." Sözümü sona
kimi deyə bilmirəm.
Bankir
qızın gözləri alov saçır:
Axı
siz kişisiz! - deyir.
Mən yerimdən dik atılıram, oğlumun xaricdən
göndərdiyi pulları götürürəm və
binanı tərk edirəm.
Bek ağanın qovunu içəridə qalır. Günaha
batmış adamlar kimi küçədə veyillənirəm.
Rəhmətə getmiş nənəmin sözləri
qulağımda səslənir: "İkicanlı qadın
yıxılarsa, dağ titrəyər, ikicanlı qadın istədiyini
yeməzsə, günəş batar".
Alış-veriş eləyirəm və günortadan
sonra Əhmərin evinə gedirəm. Gəldiyimi
görüb sevinir, həyətində mağar qurur.
Dostları və qonşuları "qonaq gəldi",
- deyə həyətə yığışırlar. Yemək-içmək...
Əhmər
həmkəndlilərinə sevinclə deyir: "Mənim
dostum, mənim özbəkim. Oyyy! Adam ki adam!..
Özbəkistandan gəldi, məni görmək
üçün gəldi".
Kişilərin ayağı axşama kimi həyətdən
yığılmadı. Axşamüstü Əhmərin
arvadı Zamarta bağın başında ikimizə təzə
süfrə açdı. Onunla
keçmişdəki hadisələri xatırladıq, hərdən
kövrəldik, hərdən də xoşhal olduq.
Müharibə vaxtı, ikicə il bir yerdə
olsaq da, sanki iki yüz illik bir yol keçmişdik, tarixi
çiyinlərimizdə daşıyırdıq...
Zamarta ara-sıra adını bilmədiyim yeməklər
gətirir, gözlərilə təamlarla dolu süfrədə
çatışmazlıqları axtarır, sanki evinə mən
yox, doğma qardaşı gəlib. O da çox sevinir. Mən
də illərdən sonra bacımı tapmış kimiyəm.
Məni bura - qan qardaşımın yanına gələ
bildiyimə görə Yaradana min dəfə şükür
edirəm.
Əhmər
gülümsünərək:
-
Yoruldunmu? Adamların gəlib-getməyindən
bezmədin ki? Kəndçilərim də
səni qonaq çağırır. Bir az
dincəl, sonra növbə ilə onlara gedərik, - deyir.
İnşallah, yayda Özbəkistana gəl sən də. Bizim kəndimiz
də çox qonaqpərvərdir. Özbəklərin
hamısı qonaqpərvərdir, - deyirəm.
Əlbəttə, gələcəm. Gəlməsəm,
ayıb olar.
Əhmər,
yadındadır, o vaxt sənə söz vemişdim ki, sənə
şirin qovunlar göndərəcəm! İnşallah,
yayda gələrsən, bostana girib istədiyini qopara bilərsən.
İndi elə qovunlar yoxdu, əsl qovun yayda
yetişir.
- Əlbəttə,
gələcəm, - dedim axı, - deyə
gülümsünür.
Həyətdə hay-küy qopur. Darvaza
açılıb-bağlanır. Qulaqlarıma
gülüş səsləri gəlir.
Əhmər:
-
Uşaqlar da gəldi. Bizi kənddə qoyub, özləri də
şəhərə getmişdilər, - deyə izahat verir.
- Həyətin
o başına getmək düzgün deyidi. Burada
da qonaq evin süpürgəsidir. Harda desələr,
orda da durasıdır.
Zamarta osetin yeməyi gətirir və ərinin
qulağına nəsə pıçıldayır. Ev sahibi
başını tərpədir.
Gəlin gedir və dərhal sonra yanımızda milli
geyimli iki qız peyda olur.
- Bunlar mənim
balalarımdır: biri qızım Asmana, biri də gəlinim
Talihədir! Oğlum işdən gec gəlir.
Onunla da görüşərsən, Allah qoysa.
Qız və gəlin bizimlə görüşəndən
sonra çıxırlar. Bir az
keçmiş Zamarta gəlir. Masaya qovun qoyur.
- Mən...
Mən... - deyə çaşıram,
qovuna baxıram və birdən yerimdən
sıçrayıram. Əzalarım səyriyir,
gözlərim qaralır, göz yaşım yanaqlarımdan
süzülür. - Aman Allah, qüdrətin
böyükdür, - deyə pıçıldayıram...
- Hə,
Özbəkistan qovunudur, bazarda satırmışlar, gəlinimlə
qızım alıb. - Zamarta həyəcanlandığımı
görən kimi deyir.
Əhmər də ayağa qalxır. Uzaq bir döyüşdən
sağ-salamat çıxmış adamlar kimi onu
qucaqlayıram... Göz yaşlarımı saxlaya bilmirəm...
- Nə
oldu sənə, sakitləş, o günləri unut getsin, -
Əhmər mənə sarılaraq deyir.
Mənsə
pıçıldayıram:
- Allah, Sənə
şükür! Şükürlər olsun Sənə!!!
Əhmərin
arvadı Zamarta, qızı və gəlini həyətdə
durublar, şəfqətlə bizə baxırlar...
Qoşqar Nərqabil
Özbək dilindən çevirdi: Rəhmət
Babacan
Ədəbiyyat qəzeti.- 2020.- 15
avqust.- S.26.