Sağalmayan yaralar
Noyabr, 1988-ci il.
Meydan
Ağrı-acıyla yüklü bu
yazı türkün qanına və onların əzəli
doğma torpaqlarına yerikləyən ermənilərin
üçüncümü, dördüncümü yol Qərbi
Azərbaycanda yaşayan dinc, əliyalın türkləri
yurdlarından bəlli havadarına arxalanaraq vəhşicəsinə
qovduğu vaxtda, elə bir zamanda ki, Vətənimizin Xankəndi
meşəsində doğranan ağaclara endirilən hər
bir balta Bakının Azadlıq meydanına
yığışmış milyondan çox adamın, sanki əlinə,
qoluna, başına dəydiyi günlər qələmə
alınıb.
Meydanda
yüzlərlə adam çiyin-çiyinə
dayanmış insan səddini yarıb tribunaya can
atırdı. Həmin gün yüz minlərlə
səsin, qışqırığın yaratdığı
bir uğultunun içərisində balta səsləri, daha
aydın, daha ucadan "eşidilirdi". Bu
balta səsləri Dağlıq Qarabağın Xankəndi həndəvərində
vəhşicəsinə doğranan meşədən gəlirdi.
Milyon yumruq düyünlənib birdən
yuxarı qalxır, ağac qırğınının
dayandırılmasını tələb edirdi. Topxana
meşəsini görməsəm də, ağacların
baltalanıb ağaran kəsik yerlərini, buldozerlərin nəhəng
ağacları itələyib adam kimi yerə
yıxdığını "görürdüm" və
elə bil vurulan dəhrələr, baltalar qoluma,
qıçıma dəyirdi, içimdə həmin
ağacların ağrısını duyurdum. Həmin 18 noyabr
günü tribunaya can atanların arasında mən də
vardım. Mikrofonla deyilən onlarca tələblərə
həmrəy olsam da o gün, o saat hamının diqqətini mənə
görə daha vacib, daha gərəkli olan başqa bir məsələyə
cəlb etmək istəyirdim. Eşitmişdim
ki, Ermənistanın rayon və kəndlərində min illərdən
bəri yaşayan türkləri qovurlar. Həmin
gün elə bilirdim tribunaya qalxıb bu xəbəri bildirsəm,
milyon adamın həmrəylik və etiraz tələbini Ermənistan
dövləti və Sov.İKP MK-nın Siyasi Bürosu eşidəcək
və bu haqsızlığın, zorakılığın
qarşısı dərhal alınacaq. Həmin
gün nə qədər canfəşanlıq etsəm də,
coşmuş hissləri daha da coşduracağımdan ehtiyat
edənlər məni tribunaya çıxmağa qoymadılar.
Üç
gün sonra Ermənistanın Meqri (Mığrı) rayonunun
Lök kəndində (ermənilər kəndin adını dəyişib
Vartanidzor qoyublar) məktəb direktoru Əvəz Əliş
oğlu, məktəbin rus dili müəllimi İmanqulu
Xudaverdi oğlu və kolxoz sədri Baba Mustafa oğlu qorxu
içində rayonun yaxınlığındakı zastava
gedib bildirdilər ki, dünən yüzə yaxın
silahlı erməni kəndə gəlib hədə-qorxu ilə
dedilər ki, bir gün ərzində rayonu tərk etməlisiniz.
Zastavın rəisi polkovnik onlara cavab verir ki,
bizim vəzifəmiz sərhədi qorumaqdır. Polkovnikin buz baxışları onları ermənilərin
hədə-qorxusundan da bərk üşüdür.
On dörd gün ərzində nəinki
Mığrı, Qafan, Zəngəzur bölgəsində, eləcə
də bütün Ermənistanın indiki ərazisində
yaşayan türklər əsən yellərlə, axan
çaylarla yaşıd olan doğma ata-baba yurdlarından
qovuldular.
Ancaq on dörd gün sonra bəlli oldu ki, söyüşlərə,
təhqirlərə, qırhaqırla qovulma kompaniyasına təkcə
Ermənistan Kommunist Partiyası deyil, eləcə də
başda Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçov
olmaqla, Siyasi Büro da razılıq verib. Ermənistan
ərazisindən bütün türklərin qovulma aktı
başa çatcaq Siyasi Büronun "müdrik və
humanist" qərarı qəzetləri bəzədi. Bəlli oldu ki, hər hansı xalqın nümayəndəsi
başqa xalqın nümayəndəsinə "gözün
üstə qaşın var" deyə bilməz və qərarı
pozanlar ciddi cəzalanacaqlar. Anlayanlar bildi
ki, bu "humanist" qərar ancaq Azərbaycanda yaşayan ermənilərin
təhlükəsizliyi üçündür.
Yetmiş
il analarımızdan, tərbiyəçilərimizdən,
müəllim və professorlarımızdan dostluğa,
qardaşlığa dair laylalar, şərqilər, zərb-məsəllər,
mühazirələr eşitmişdik, şeirimiz, musiqimiz, rəssamlığımız,
kinolarımız xalqlar dostluğundan, beynəlmiləlçilikdən
bəhs etmişdi. Məscidlərimizdə
mollalar müqəddəs "Quran"ımızdan misallar
çəkib Allahın adından bizi
inandırmışdı ki, insan insana qardaş
olmalıdır. Elə buna görə də biz türklər
qonağı, qonşunu, tanımadığımız
insanı özümüz qədər, özümüzdən
də çox istədiyimizdən onları həmişə sədaqətlə,
açıq ürəklə qarşılamışıq,
yeməyimizin dadlısını, evimizin yuxarı
başını, yatağımızın isti, rahat yerini
qonağa verməyi özümüzə borc bilmişik.
Mahnı
...Gecə
saat ikidə, bəzən üçdə qatardan düşəndə
evimizə gedə bilmədiyimdən Mığrıda erməni
kirvəmizin qapısını həmişə ərklə
döymüşəm. Və hər dəfə
onlar məni gülərüz qarşılayıb, boynuma
sarılıblar, üz-gözümdən öpüblər.
Günlərin bir günü kirvəmizin bağçaya gedən
beş yaşlı qız nəvəsinin
öz gəlinciyinə oxuduğu mahnıda Andranikin
adını eşitdim ("R" hərfini deyə bilmədiyindən
"Andlanik" tələffüz edirdi). Erməni
xalqının "milli qəhrəmanı" hesab elədiyi
cəllad general "Andranik" təkcə Zəngəzurda əkin-biçinlə,
maldarlıqla məşğul olub, özlərini və həm
də erməniləri dolandıran dinc türk kəndlərini
gülləyə tutmuş, qılıncdan keçirmiş,
10068 adam öldürmüş, kəndləri talan edib viran
qoymuş, əlli min adamı isə doğma yurdlarından didərgin
salmışdı.
Onda
anladım ki, kirvəmizin beş
yaşlı qız nəvəsi Andranik haqqında gəlinciyinə
oxuduğu bu mahnını on iki, on beş, iyirmi ildən sonra
bətnində uşaq pəncərənin qabağında əyləşib
gələcək körpəsinə corab toxuya-toxuya yenə
oxuyacaq. Günlər, aylar ötəcək,
körpə dünyaya gələcək, körpəsini əmizdirəndə
südüylə, laylalarıyla həmin qan qoxuyan
mahnını körpəsinin qanına, ruhuna yeridəcək.
Bunlar tarixdi, bunları indən belə unutmaq olmaz.
Qaçqınlar
1988-ci ilin noyabr ayında Ermənistandan (əslində, Qərbi
Azərbaycandan) elliklə qovulan türklərin bir hissəsi
min bir çətinliklə gəlib Bakıya doldu. Canlarından başqa hər
şeylərini itirmiş qaçqınların yöndəmsiz
geyimləri, dəlisoy, çaşqın baxışları,
bəzilərinin etikaya sığmayan əsəbi, hikkəli
və iddialı danışıqları, adicə yerişləri,
davranışları aylardan bəri gərginlik içində
yaşayan yerli camaatı bir az da hövsələdən
çıxartdı. Bu "üzlü,
sırtıq" qaçqınlar işsizlikdən,
yurd-yuvasızlıqdan, bekarçılıqdan Bakıda
yaşayanların işlərinə qarışmağa
başladılar. Qaçqınlardan biri
dodaqları boyalı olmasına görə bir qızı,
başqa bir qaçqınsa sinəsi, çiyinləri
açıq paltar geydiyinə görə başqa bir
qızı danladı. Və şəhərin
hər yerinə yayıldı ki, bu abırsız
qaçqınlar burunlarını hər yerə soxurlar.
Qəribəsi bu idi ki, həmişə hörmət
edib saydığım tanınmış ziyalılardan bəziləri
də hansı bir cavanınsa, yaxud cavanların yersiz dediyi
sözü bütün qaçqınlara, "gəlmələrə"
şamil edib, onlara "yurdlarını, ata-baba
ocaqlarını atıb gələn, arvad-uşaqlarını
qoyub gələn qeyrətsizlər" dedilər.
Evimizdə "Mülüşü"
sözünü eşidəndə altı-yeddi yaşım
olardı. Yadımdadır, atamın qanı yaman
qaralırdı. İllər ötdükcə
bu adı dönə-dönə eşidir, hər dəfə
də atamın qanının qaraldığını
görürdüm. Ağlım kəsəndə
anladım ki, otlaqlı, meşəli, taxıl zəmiləri
olan yüz hektarlıq "Mülüşü" deyilən
yer vaxtilə bizim Lök kəndinin yaylaq torpaqları olub.
İyirminci illərdə bu torpaq zorla
alınaraq erməni kəndinə qatılıb. Onu geri almaq üçün atam (kolxoz sədriydi)
haralara yazmadı. Ancaq faydası olmadı.
Son vaxtlar rayonda bütün erməni kəndlərinə,
mal-qara tövlələrinə, dəyələrə uzanan
yollar belə asfaltlanmışdı. Ancaq baş yoldan kəndimizin
içinəcən iki yüz metrlik məsafəni
asfaltlamağa rayonun gücü çatmadı. SSRİ-nin ən ucqar qəsəbələrinə
gedib qayıtmaq mənə həmişə Mığrı
rayonundan vur-tut on iki kilometr aralı olan Lök kəndinə
getməkdən asan gəlib. Bizdən
yuxarı bütün erməni kəndlərinə marşrut
üzrə avtobuslar işlədiyi halda, təkcə Lök kəndi
unudulmuşdu.
Yuxarı dağlardan "Dübək" deyilən yerdən
baş alıb gələn su kəməri bizim kolxozun
kövşənindən keçib rayona sarı
uzanırdı. Bu su kəmərinə görə
hektarlarla bərəkətli zəmilərimiz qazılıb
korlandı, verimli meyvə ağaclarımız
doğrandı. Su kəməri boyunca bütün erməni
kəndlərinə həmin içməli sudan
bir qol ayrıldı, yenə bizim kəndimizdən başqa.
İl
yaxşı gətirməyəndə kolxoz pətəklərinin
vur-tut iki yüz kiloqram balı olardı.
"Qanuna" əsasən həmin bal
rayona göndərilib ucuz qiymətə (qabaqlar iki, sonralar
dörd manata) məsul və mötəbər işçilərə
satılırdı. Cəvizi, soğanı da eləcə.
Mığrı rayonunda ermənicə çıxan
"Araks" (Araz) qəzetinin vaxtilə bir səhifəsi
türkcə olub. Qəzetin türkcə olan bölməsi
1949-cu ildə bağlandı.
Dəli İqnat
"Xux!"
etcək qaçıb gəlməyib bu qaçqınlar,
yetmiş ildir ermənilər ustalıqla onları qovurdu...
Ağlım kəsəndən kəndimizdə
böyüklərin dilindən "burada yaşamağın
axırı yoxdur" sözlərini çox
eşitmişdim. Bir də bənna erməni İqnatın
(Dəli İqnat deyərdilər) sözlərini.
Türklərə ev tikəndə
divarın üstündə onu tələsdirəndə belini
düzəldib "Tikin e, elə gecə-gündüz tikin. Hamısı bizə qalacaq" deyərdi.
Aşkarlıq dediyimiz sözdən çox-çox
qabaq İsmayıl Pirqulu oğlu və onun qardaşı Xanlar
rayon mərkəzinə getmişdi. Heç kəsdən
çəkinməyən, sözün düzünü deyən,
kimsəyə boyun əyməyən və namusla yaşayan, elə
buna görə o qədər də sevilməyən
qardaşlar bir gün rayonda yeməkxanaya gedib nahar eləyirlər.
Bir az da boğazlarını
yaşlayırlar. Ovqatlarının xoş
vaxtında balaca qardaş İsmayıl "Azərbaycan
oğluyam" mahnısını oxuyur, nəqərat yerində
böyük qardaş da ona qoşulur. Bu
"günahlarının?" "Azərbaycan
oğluyam" mahnısını oxuduqlarına görə həmin
gün yeməklərinin üstündən qalxmamış, gəlib
ikisini da tutub milis şöbəsinə aparırlar. Günlərlə "damda" saxlayıb incidir, təhqir
edirlər. Axırda böyük məbləğdə
pul alıb buraxırlar.
O gərgin
noyabr günlərində bir nəfər "bəs sənin
özün o vaxt niyə çıxıb gəlmisən
bura?" soruşdu.
Zəngəzurun
Oxçu (indiki Kaçaran) qəsəbəsində beş nəfər sənət məktəbini
bitirib təyinatla rayonumuzun Həkərək (indiki Aqarak) qəsəbəsinə
işləməyə gəlmişdik. Onlardan
ikimiz türk, üçü erməniydi. Dərəcəmiz eyni olsa da, biz fiziki cəhətcə
və bacarıqca ermənilərdən üstün idik.
Buna baxmayaraq, ermənilərin aylığı
300-350 manat olduğu halda, bizə 100-120 manatdan artıq vermirdilər.
Bir il boyu hər maaş alanda şikayətə
gedirdik. Və hər dəfə şikayətə gedəndə
neçə il qabaq ermənilər tərəfindən
öldürulmüş Səlim Niftalı oğlunu və Məhərrəm
Murad oğlunu xatırlayırdım. Məhərrəm
çox ayıq, dilli-dilavər, düzlüyü sevən bir
adam idi. Dağ mədənlərində
işləyirdi. Düz
danışdığına görə ermənilər ona
"demaqoq" deyirdilər. Bir gün
dağ yolunda Lehvaz kəndindən bir erməni onu vurub
öldürmüşdü. Qatilin kim
olduğunu hamı bilirdi, ancaq bu cinayət işini ermənilər
ört-basdır etdilər.
Biz dözə bilmədik, mən oxumağa getdim, dostum
Kamran isə Zəngilana qayıtdı.
Mən universiteti bitirdim. Kəndimizdə rayon maarif
şöbəsinin müdirinə görüm-baxımdan sonra
üç-dörd dərs saatı alıb "xoşbəxt"
olanları görəndə, rayonda məsul vəzifəli
türklərin yavaş-yavaş sıxışdırılıb
çıxarıldığını biləndə, mən
hansı ümidlə kəndimizə qayıtmalıydım!
Azərbaycanın
göbəyində yerləşən Xankəndində belə,
ermənilər türkləri qovduğu bir vaxtda, erməni
daşnaklarının yaşadığı həmin kəndə
ayaq basa bilmədiyimiz bir çağda fil qulağında yatan
"ziyalım" soruşdu ki, Ermənistandakı Azərbaycan
kəndləri niyə bir-biri ilə birləşmirdilər!
Rayona,
poliklinikaya, bazara, mağazaya, yaxud bir arayış almağa
gedən bir adam, xəstəxanaya
doğmağa gedən bir qadın və onun bir qohumu kəndin
bütün camaatını başına yığıb
özüyləmi aparmalıydı! Rayona gedəndən-gedənə
geyindiyi abır paltarı əynində olan bir kolxozçu yeməkxanada
başını aşağı salıb çörək
yediyi yerdə hansısa bir dığanın atdığı
ələngə, sümük qırığı
şappıltı ilə xörəyin içinə
düşüb üst-başına sıçrayırsa,
yaxud bir dəstə erməni dığası yanından
ötəndə onlardan biri öskürüb
qarşındakı qabın içinə tüpürüb
gedirsə, yaxud bacınla, istədiyin bir qızla, həmyerlin
olan abırlı qadınla bir topa erməni yeniyetməsinin
yanından keçəndə onlardan sinirə bilmədiyin
nalayiq söz eşidirsənsə, qardaşının,
dostunun, kəndçinin də başına buna bənzər
işlərin gəldiyini dönə-dönə eşidirsənsə,
o rayona hansı həvəslə, hansı hisslərlə
qayıtmaq olar? Kəndlər niyə birləşmədi!
"Böyük rus qardaşlarımızın
qayğısı" ilə kəndlər, rayonlar arasında
silahlı hərbçi dəstələr qoyuldu və
türklərin bir-birilə əlaqəsi kəsildi. Hərbçilərin
gözü qabağındaca əli avtomatlı erməni
dığaları o yana, bu yana
qaçıb at oynatdılar, ermənilərin bu ərköyünlüyünü
hamı gördü. 1988-ci ilin ortalarında rəsmi
orqanlar tərəfindən kənd adamlarında olan tək-tük
silahlar - ov tüfənglərinəcən hamısı
yığıldı. Son aylar ermənilər
türk kəndlərinə vaxtlı-vaxtında ərzaq,
yanacaq üçün qaz balonları göndərmir, gecə-gündüz
istədikləri vaxt evlərə zəng edərək
onları söyüb təhqir edir, hədə-qorxu gəlir,
telefon xətlərini kəsib hər yerdən ümidlərini
qıraraq psixoloji vahimə yaradırdılar.
Uzaq-uzaq
dağların arasında telefonları kəsilmiş,
işıqları söndürülmüş, hərəsində
otuz, yetmiş ev olan Maralzəmi və
Lök kəndlərinin üstünü vahiməli
qaranlıq alırdı. Ölüm qorxusu ev-ev
dolaşır, 1905-1918-ci illərdə olub unudulan faciələr
yaddaşlarda yenidən canlanırdı.
Yaddaş
Evlərin
birində dedilər ki, qaçqınlarını axtaran
dörd yüz adam öz kəndləri
Bağuda qayıdır. Günorta hamısı məscidə
yığılır... Ermənilər
Bağudda 400 adamı məscidə yığıb
qapısını bağlayırlar. Qabaqca pəncərədən
əl bombası atır, sonra od vurub
hamısını yandırırlar.
Evlərin
birində dedilər ki...
...Qədimə Tahir qızını xəncərlə
doğradılar, döşünü kəsib südəmər
uşağının ağzına soxdular.
Evlərin
birində dedilər ki...
...Bağud
kəndində Yolçu Şıx Hüseyn oğlu
öldürüldü, ermənilər onun sünnətini kəsib
mərhumun ağzına soxdular.
Evlərin
birində dedilər ki...
...Bağudun
qonşuluğunda olan bir kənddə, adı yadımdan
çıxıb, Gülməstə Qasım
qızının döşlərini kəsdilər, kürəyinin
ortasına nal mıxladılar.
...Ağud
kəndində Qulam-Api Şəkər oğlunun
ayağını topuqdan kəsdilər, süngüləyib
qamçıladılar, qanı axıb qurtaranacan, ölənəcən
onu yeriməyə məcbur etdilər.
...Çullu
kəndində yorğan-döşəkdə yatan doqquz xəstəni
xəncərlə doğradılar.
...Nüvədi
kəndində yorğan-döşəkdə hərəkətsiz
yatmış yüz yaşlı qoca Əsəd bəy Məlikabbasovu
süngüylə deşik-deşik elədilər.
...Lök
kəndində qaynar samovarı bir kişinin çılpaq
kürəyinə sarıyıb qaçmağa məcbur etdilər.
1988-ci ilin gərgin və qorxulu noyabr günlərində
Lök kəndinin bütün evləri də, bu kəndin
qarovulunu çəkən ayrı-ayrı dəstələri
də 1918-ci ildə Hüseynəli kişinin atasının
müsibətini qorxu içində xatırladılar.
Azğınlaşmış daşnakların əlinə
keçib min bir əzab-əziyyət, rüsvayçı təhqirlərlə
qarşılaşmasın deyə, Hüseynəli kişinin
atası özü öz əliylə on bir
uşağını xəncərdən keçirib evindəki
buğda quyusuna tökür, təkcə oğlu Hüseynəli
bu faciədən qaçıb yaxasını qurtara bilir.
"Yurd yerini, dədə-babalarının qəbrini,
and yerini qoyub qaçan şərəfsizlər! Ölüb
öz xarabanızda qalaydınız!" Bu sözləri
Bakının küçələrində, meydanda, avtobusda,
trolleybusda, iş yerində ayrı-ayrı adamlardan o qədər
eşitdim ki, bir gün özümü saxlaya bilməyib mən
də bu anlamazlar, bu daşqəlblilər kimi hikkəylə
qardaşıma - heç nədən qorxub kəndi qoyub
qaçdınız - deyəndə qardaşım tapança
kimi açıldı:
- Sizdə
insaf, vicdan yoxdur! Hamı da desə, sən demə barı! İyirmi beş,
otuz il məndən qabaq qaçıb gəlmisən! Gəlib
qoruyaydın da kəndi! Ermənilər bizim kənddən
qabaq Lehvaza hücum etmişdilər. Kəndin
arvadları dığaların üstünə
qışqırıb hədə-qorxu gəlmək istəyəndə,
bilirsən dığalar neyləyib!.. Ay
zalım, mən nə kənd düşünürdüm, nə
də ev-eşik hayındaydım. Deyirdim bircə
uşaqları götürüm çıxım. On səkkizinci
ildə Bağud kəndində qızların başına gətirilən
oyunlar yadından çıxıbmı!..
İkinci katib
Mığrı rayonunda bir nəfərdən başqa
hamı qovulmuşdu. O bir nəfərin ayaqları tutulmuşdu,
yorğan-döşəkdə yatırdı. Uşaqları
üç gün qabaq ev tapmaq
üçün Bakıya getmişdi.
Çarpayısının yanındakı telefon üç
gündən bəri dəmiryol nəzarətçisinin
telefonu kimi gecə-gündüz ara vermədən
zəng çalırdı. Uşaqlarından xəbər
gözlədiyindən istər-istəməz hər dəfə
dəstəyi qaldırır və hər dəfə də
ömründə eşitmədiyi söyüşləri, təhqir
və hədə-qorxuları dinləməli olurdu. Pəncərələrinə tez-tez daş
atılırdı.
O, dəstəyi
qaldırdı:
- Ay
yoldaş, innən belə mən burada qalan deyiləm. Sadəcə, ayağa qalxammıram. Uşaqlarımı gözləyirəm, gəlib
aparasıdılar - deyib dəstəyi qoydu. Çox keçmədi yenə zəng
çalındı, ona elə gəldi ki, bu zəng ucadan səsləndi.
Həyəcan və ümidlə dəstəyi
qaldırdı.
-
Yoldaş Cəfərov...
Səs
ona tanış gəldi, həyəcanı
bir az da artdı. - Bəli, bəli, eşidirəm, - dedi.
-
Maşın qapıda sizi gözləyir. Əgər
geciksəniz, özünüzdən küsün. Kəsdiyimiz duz-çörəyin xətrinə xəbər
elədim.
O, tanış səsi anışdıra bilmədi.
Pəncərəyə sarı iməkləyib
qollarının gücünə dartınıb qalxdı,
aşağı boylandı. Həyətdə
kuzovu qırlı, mazutlu "KRAZ" dayanmışdı.
Maşının arxasından gur, qapqara
tüstü çıxıb həyəti
bürümüşdü. Bir
ayağını qazdan çəkməyib o biri ayağı
üstə maşının pilləkənində
dayanmış gənc başıyla ona "gəl"
işarəsi elədi. O, pəncərədən çəkildi,
yenə iməkləyə-iməkləyə
çarpayısına yaxınlaşdı. Telefonun
dəstəyini qaldırıb raykoma, sonra milis idarəsinə,
sonra tanıdığı, güman elədiyi bir neçə
idarəyə zəng çalıb onu bir maşınla
vağzala çatdırmalarını xahiş elədi.
Növbəti dəfə dəstəyi qaldıranda: - Ay
türk, maşını bəyənmədin, düş
aşağı, mersedes gözləyir səni... Sənin ananı... yağlı-yağlı
söyüşlər eşitdi.
Xəstəxanaya zəng elədi, axtardığı
adamı tapdı. Vəziyyətini ona danışdı.
Dəstəyi yerə qoyub sevinə-sevinə
stulun başına keçirilmiş ütülü,
nişastalı ağappaq köynəyini geyib qalstukunu
taxdı, kostyumunu geyinəndə qapı açıldı.
Tələsik onu xərəyə qoyub
aşağıda gözləyən təcili yardım
maşınına apardılar.
Maşın vağzala çatçaq onu
düşürüb geri qayıtdılar. Üz-gözündən
ziyalılıq yağan, səliqəli və zövqlə
geyinmiş, asfalt yolun ortasındaca oturub əllərini yerə
qoyaraq qollarına söykənmiş bu adam
Mığrı Rayon Partiya Komitəsində uzun illər ikinci
katib işləmiş, ikinci dərəcəli Vətən
müharibəsi əlili, bütün rayonun
tanıdığı ağsaqqal Əli Əlcəfər
oğlu Cəfərov idi.
Hamı
ancaq qaçqınları söyüb danlayır, onları
suçlu bilirdi, bəs bu hadisələrəcən hansı
dövlət xadimi, partiya işçisi, şair, alim,
iqtisadçı, sosioloqumuzun, hansı artist müğənnimizin
ayağı Mığrı, Qafan, Sisyan, Gorus rayonlarına və
Ermənistanın başqa türk kəndlərinə dəyib,
onların yaşayışı ilə yaxından
maraqlanıb və bununla bağlı haralara yazıblar!
Dünyanın düz vaxtı
Zəngəzur
və eləcə də Ermənistanın türklər
yaşayan başqa ərazisində yüz illər, bəlkə
də min illər yaşı olan kənd, çay, yer
adlarıyla hansı coğrafiyaşünasımız, toponim
ilə məşğul olan alimlərimiz maraqlanıb!
Hansı tarixçi və arxeoloqumuzun ayağı bu qədim
türk torpaqlarına dəyib! Mığrı
rayonunun mərkəzindəki bağın hasar divarlarında
qarşı-qarşıya qoyulmuş qoç heykəllərinin
Nüvədi kəndinin ərazisindən (xarabalığa
çevrilmiş "Tuğut" kənd qəbiristanlığından)
maşına qoyulub gətirildiyini aldərəli çoban
Allahverdi Məhərrəm oğlu görmüşdü.
Bəs həmin rayonun Maralzəmi kəndinin
yaylağındakı ("Tarıqulu" yaylağı) qədim
türk qəbiristanlığındakı daş qoç heykəllərini
ermənilər harasa apardıqlarını indən belə kim sübut edəcək...
Lök kəndinin
(indiki Vartanidzor) "Tuğut" (Zəngəzur bölgəsində
bu kənd adına tez-tez rast gəlinir) adlanan ərazisində
bir qədim kilsə var. Bu kilsənin hansı xalqa - albanlaramı,
ermənilərəmi məxsus olması tapmaca kimi qalır.
Kilsənin yaxınlığındakı qəbiristanlıqda
mamırlı başdaşların üstündə xaç
nişanları var. Lök kəndindən yaylaqa çəkilən
erməni buldozerçisinin tamahı güc gəldiyindən
başdaşının üstündə xaç olan qəbri
söküb dağıdır, onun altından nə tapsa
yaxşıdı, müsəlman qəbrləri...
Mığrı rayonunun ərazisində müsəlmanların
"Buğukar" adlanan bir müqəddəs yeri - ibadətgahı
var. Naxçıvandan, Ordubaddan, Zəngilan, Cəbrayıl, hətta
Bakının kəndlərindən bu müqəddas ocağa
ziyarətə gələrdilər. Hələ
dünyanın "düz" vaxtı ermənilər bir
neçə dəfə bu məscidi qarət etdilər,
neçə dəfə bu qədim abidəni partlatmaq istədilər.
Bakının ortasında erməni kilsəsinnn
qabağında ermənilər həmişə arı kimi
qaynaşırdı. Ancaq Mığrıda ermənilər
"gömrük haqqı" almaq üçün məscidə
gedən yolda şlaqbaum qoyub güclü nəzarət edirdilər.
Pirə getmək türklərə qadağa
olunduğundan onlar çox vaxt dağa-daşa, meşəyə
vurub ziyarətə getməli olurdular.
Qarabağda yaşayan erməni kəndlərinin
sosial-iqtisadi, mədəni vəziyyətinin Azərbaycanın
bir çox, bəlkə də bütün rayonlarının
kəndlərindən yüksək olmasına baxmayaraq, ermənilər
qışqırıb dünyaya səs saldılar ki, zillət
içindəyik. Ancaq biz istər Azərbaycan, istərsə Ermənistandakı
türk kəndlərinin vəziyyətindən
danışanda, yetmiş il bundan əvvəlki
dolanışıq, güzaranla, yaxud sosial-iqtisadi və mədəni
cəhətdən ən geridə qalmış bir ölkə
ilə müqayisə edib bu gün onlardan çox irəlidə
olduğumuza görə toxtayıb qürrələndik.
İllər boyu Azərbaycan televiziyasında erməni
verilişləri göstərilib. Respublikamızda erməni
dilində "Qrakan Azərbaycan" bədii jurnalı nəşr
olunub. Neçə illər öncə
İrəvanda fəaliyyət göstərən azərbaycanlı
ziyalılardan "Bəs bunların
qarşılığını siz niyə tələb
etmirdiniz" soruşanda dedilər ki, Azərbaycan dövləti
tələb etməliydi. Həmin sualla
bizim tanınmış və nüfuzlu bəzi
ziyalılarımıza, Azərbaycan KP MK-nın bəzi
işçilərinə də müraciət eləmişdim.
Mığrı qaçqınları bir aydan çox Zəngilan
rayonunun küçələrində ümidsiz-ümidsiz
dolaşdı.
Yollarda postlar yaradıldığından tək
ananı belə Bakıda yaşayan oğlunun yanına
buraxmırdılar. Kəndlərin
ağsaqqalları yığılıb istənilən yerdə,
lap Qarabağda kəndi kəndlə dəyişmək
üçün dəfələrlə rəhbərlikdən
xahiş etdilər. Ancaq adını
tutmağa xəcalət çəkdiyim, indi familiyası qədər
də özü adama miskin və zavallı görünən
respublikamızın keçmiş katibi Vəzirov buna yol verməyib
xalqımıza növbəti bir yara vurdu. Gümanı
gələn yerə səpələnməkdən başqa
qaçqınların çıxış yolu qalmadı.
Güllə yarası
Hərəsi
bir yolla Bakıya gəlib çıxmış
qardaş-bacılarım, qohumlarım aylardan bəri ev axtarırdılar. Günlərin
bir günü yenə də ümidsiz qayıdıb
yorğun-arğın və əsəbi oturmuşduq. Nənəm
(anam): - Ay bala, səbrli olun, hər şey düzələcək"
dedi. Şükür eləyin ki, bu dəfə
ölən-itən qabaqkılar qədər olmadı. Dədəm deyərdi ermənilər iki dəfə
evimizi yandırdı. Bu da
üçüncü. Sonra da deyirsiz biz niyə
kasıbıq... üçüncü dəfədir yurdumuz
dağılır...
- Nənə,
on səkkizinci il qırğını
yadına gəlirmi? - soruşdum.
- Necə
gəlmir?.. Ermənilər
birdən kəndi üç tərəfdən gülləyə
tutdular. O vaxt kənd indiki yaylaq yerindəydi. Qonşu kəndlərin hamısı ora
yığışmışdı. Kişilər
səngərə getmişdi. Elə o vaxt
da bizimkilərdə sən deyən tüfəng yox idi, olan da
o tüstülənən tüfənglərdəndi. Güllələr vıyıltıyla gəlib
evimizin divarlarına dəyir, "yuvalar"
açırdı. Sən deyən
ağlım kəsmirdi. Barmağımı
divarda açılan güllə yerlərinə soxurdum,
xoşum gəlirdi. Nənəm qolumdan
tutub evə dartdı. Gün batanacan
eşiyə çıxa bilmədik. Qaş
qaralanda "Bərəhellər" aşağı
qaçıb dərəyə tökülüşdük.
Dərədə qan su yerinə axırdı.
Deyirdilər kənddə birinci güllə əmin
Məhəmmədə dəyib. Qələ
bürcü kimi bir oğlanıydı. Nənəm
deyirdi ki, meyitini götürə bilmədilər, düzdəcə
qaldı... Dərədən çaya enib
üzüaşağı Xıbıra tərəf
qaçırdıq. Ağanənən məni
dalına almışdı, qarnında da bir uşağı
vardı. Yorulanda məni yerə qoyub
qaçırdı. Mən dala qalanda yenə
qayıdıb məni dalına alırdı. Meşənin
ətəyinə çataçatda birdən elə bildim ayağıma
od basdılar, ayağımı yelləməyimlə
nənəmin vaysınıb "vurdular" deməsi bir oldu.
Məni dalından yerə qoydu, bu vaxt nənəmin
ayaqlarının qana boyandığını gördüm...
Nənəm (anam) corabını çıxarıb
ayağını divanın üstünə qoydu, məni
yanına çağırdı. Çeçələ
barmağından azca aralıda yanıq yerini göstərib
"görmürsən?" soruşdu. Mən
barmağımın ucu ilə həmin qırmızı
novalçaya bənzər yeri ehmalca
sığallaya-sığallaya başımı tərpədib
"hə" dedim.
...Mənim
ayağımı yalayıb ötən güllə Ağanənənin
qıçının ortasından keçmişdi. Yaxşı ki, sümüyə dəyməmişdi.
Yağış kimi yağan güllənin
qorxusundan, yazıq nənəmdə div gücü
varmış, yarasına baxmağa macal tapmadı. Əlimdən tutub darta-darta məni meşəyə
sarı çəkdi. Payızın qovsuydu...
- Necə
oldu ki, o qırğından sonra yenidən Mığrıya qayıtdınız?
On səkkizinçi ili deyirəm.
- Necə
qayıtmayaydıq? Ata-baba yurduydu. Daşı, torpağı, suyu, havası çəkdi
apardı. Kökümüz, sümüyümüz orda
qalmışdı...
O gün
divanın üstündə əyləşən nənəm
on səkkizinci il qırğınından
çox danışdı. Bəlkə də
onların çoxunu unudacağam. Ancaq onun
ayağını sığallayanda barmağımın ucuna,
oradan da ürəyimin başına keçən o
qırmızı novalçaya bənzər yarıq heç
vaxt yadımdan çıxmayacaq.
İlahi,
bu türk qadını yetmiş il səbrlə
susub, doğmaca övladına bir söz deməmişdi. Nənəm susmaqla düzmü, yanlışmı hərəkət
elədiyini hələ də anlamıram. Və
bunu indi də nənəmdən soruşa bilmirəm.
Ancaq barmağımın ucunda, ürəyimin
başındakı o güllə yerini xatırlayanda, istər-istəməz
hər dəfə erməni kirvəmizin qız nəvəsinin
Andranik haqqında oxuduğu mahnıdan tutmuş, illərdən
bəri ermənilərin türkün əleyhinə
yazdıqları qızışdırıcı məqalələr,
cild-cild kitablar, kinofilmlər, televiziya verilişləri
yadıma düşür. Və birdən
ağlıma gəlir ki, türklərin bədbəxtliyi
onlara edilən pislikləri unutmasındadır, ermənilərin
bədbəxtliyi isə, onlara edilən
yaxşılıqları unutmasındadır.
Erməni məktəbi
1988-ci ilin noyabr günlərinin birində Bakının
"Azadlıq" meydanında yüz minlərlə
adamın arasında doqquzuncu sinifdə oxuyan oğlumla
qarşılaşdım, "dərsdən niyə
qaçmısan?!" - danladım. "Bütün
sinfimiz, bütün məktəbimiz qaçdı,
hamısı burdadı". Oğlum bunları
razılıqla dedi.
Ürəyimdə bir qürur hissi baş
qaldırdı. Bir azdan sonra o, dəmirlərin
üstünə vurulmuş neçə-neçə
yazılardan birini göstərdi. "Armyanskiy
druq xuje vsyakoqo vraqa". Sonra dedi ki, başa
düşürəm, ancaq dəqiq tərcüməsini bilmirəm.
Mən bu qədim Vizantiya sözünü
bildiyim kimi, "Erməni dostu ən qəvi düşməndən
də pisdir" tərcümə elədim. Bir azdan sonra oğlum həyəcanla məni yenə
dümsüklədi. Bu dəfə göstərdiyi
yazı Puşkinin ermənilər haqqında fikriydi:
"Tı vor, tı rab, tı armyanin!".
Həmin an İsveç alimi Massenin
"Musulmanskaya renessans" kitabının 144-cü səhifəsi
və fransız yazıçısı Aleksandr Dümanın
ermənilər haqqındakı fikirləri yadıma
düşdü.
Çoxları belə fikirlər söyləyir. Ancaq mən bildiyimdən
olmaz, çünki heç bir yerdə yazılmayıb, onu
bir vaxt oxuduğum sənət məktəbinin direktoru Adamyan
deyib!
...Onuncunu
qurtarmışdım, Zəngəzurun Oxçu qəsəbəsində
on bir nömrəli texniki-peşə məktəbində
oxuyurdum. Goruslu bir erməni dığası
klubdakı təzə divanın qara meşinini bir neçə
yerdən bıçaqla cırmışdı. Sıraya düzülmüşdük. Balacaboy, ağsaçlı Adamyan (məktəbin
direktoru) əllərini arxasında daraqlayıb, sinirli-sinirli
bizim qarşımızda var-gəl edirdi. O, birdən
goruslu dığanın qarşısında dayandı, səsi
indi də qulağımdadır: - Eşşi kurraq! Eşi bes gereles, eşi bes metsatseles! (Eşşəyin
qoduğu! Eşşək kimi yemisən,
eşşək kimi böyümüsən!)
Bu sözləri
də deyəndən sonra elə bil Adamyan bir az
sakitləşdi: "Başqa əlacımız yoxdur, xainlik
qanımızdadır... Bir erməni olur, bir türk, bir də
rus. Bunlardan soruşurlar ki, nə
istəsəniz yerinə yetirəcəyik, ancaq bir şərtlə,
nə istəsəniz həmin şeydən qonşunuza ikisini
verməliyik. Rus fikirləşmədən
yarım litr araq, türk isə at istəyir. Erməni görür ki, rusun qonşusuna iki
şüşə araq, türkün qonşusuna iki at verdilər,
deyib Adamyan başını qaldırdı. Aranızda
türk varmı! - soruşdu. Erməni
dığası başıyla məni göstərib: - Qa,
bayts, xelki mi ban çiqdrum. (Var, ancaq ağlı bir şey kəsmir)
- dedi. Direktor bir neçə addım atıb sözünə
davam elədi: - Hə, erməni deyir ki, mənə bir gün
vaxt verin. Vaxt verirlər. Şan vorti (it
oğlu) səhərə kimi yatmır... "Elə
şey olarmı, mən birini alım, qonşum ikisini"
düşünür. Səhər olur.
Gəlib soruşurlar bəs nə oldu! Qanı qara və əsəbilik
içində - Bir gözümü çıxardın! - deyir...
Mənim
balam, ancaq bilmirəm ki, ermənilər barəsində
deyilmiş Vizantiya atalar sözü qədimdir, yoxsa Adamyandan
eşitdiyim bu məsəl?..
Yurd
Kim
qarğıdı qaçqınlara, döyüldükləri,
söyüldükləri, vəhşicəsinə
öldürüldükləri, ata-baba yurdlarından
qovulduqları bəs deyilmiş, burada
özümüzünkülər nələr demədilər
onlara! Elə bilirlər o başılovlular
mağaradan, meşədən çıxıb gəliblər.
"Bakıya gəlmək ürəklərindənmiş"
deyirdilər. Hardan biləydilər Zəngəzurdakı
Lök kəndinin qaçqınları öz evlərini necə
tikmişdilər!! Mənim balam, orda
dağların qoynunda qalan evlərimizi tikəndə sən
yaşdaydım. O evlərin daşlarını
çaylaqdan bircə-bircə yığıb maşın
yoluna dalımızda daşımışdıq. Çaylaqda daş qurtaranda dağın
döşünü qazıb torpaqdan
çıxartmışdıq. O vaxtlar
özüboşaldan maşınlar yox idi. Əlimizlə
maşına yığdığımız daşı əlimizlə
də boşaldırdıq. Kəndin
ortasından çay axırdı. Çayın o
tayında ev tikənlərin işi ikiqat
çətin olurdu, illah da ki, eşşəyi olmayanların.
Daşları, qum kisələrini, milləri,
pərdiləri belindəcə ağzı yoxuşa dirənə-dirənə
daşıyardılar. Həbib Mir Məcid
oğlundan, Gülü Xudaqulu qızından soruş
bunları, gör düzmü deyirəm. Mənim
balam, səndəmi bilmirsən bu yiyəsizlər niyə
qaçıb gəliblər? Ağlınca bu zillətlə
özlərinə ev-eşik quran adamlar asanlıqla, kefdənmi
qaçıb gəldilər! Bağçaların
gilasları böyüyüb-böyüyüb qoz
ağacı boyda olmuşdu. Hər
yazbaşı gilaslar, gilənarlar fışqırıb
çiçəkləyəndə adamların ürəklərindəki
olan-qalan qaranlıqlar işıqlanırdı, bəyaz-bəyaz
çiçəklərə baxanlar bir-birinə daha mehriban
olur, daha da doğmalaşırdı. O gilaslar ki, nənəm
(anam) Məhliqa Mahmud qızının əlləriylə əkilmişdi,
su tutmayan ağacları illərlə vedra-vedrə su
daşıyıb suvarmışdı, diblərinə peyin
vermişdi, qışın ayazlı gecələrində
şaxtadan qorumaq üçün tonqal qalayıb
ağacları tüstüyə vermişdi və beləcə
illər boyu gözünün önündəcə boy
atıb böyüyən gilas, gilənar, alma, armud, şəftəli,
tut ağacları övlad qədər
doğmalaşmışdı!
Maral inəyinin
qaşqasını qaşıyıb qabarlı əlləriylə
mehriban-mehriban boynunu tumarladığı kimi
bağçasındakı alça, armud, gavalı
ağaclarını da sığallayan və
sığalladıqca bütün yorğunluğunu unudan,
ürəyində onlarla söhbət edən səksən
yaşlı Xanəli əmidən soruş, mənim balam,
soruş gör burda, Bakının küçələrində
günlərlə ev axtarmaq, burada yaşamaq haçansa onun
ağlına gəlmişdimi, yuxusuna girmişdimi!
Kəndimizdən
sonuncu çıxanlardan biri də iyirmi il
bundan qabaq gözlərinin işığını itirmiş
Mürsəl Şirzad oğludur. Ermənilər
onun bağçasından pətəkləri
daşıyıb aparanda "Mən görmürəm, bəs
sizə nə gəlib, məni görmürsünüz!"
soruşub. Ermənilərdən biri yaxınlaşıb
demişdi:
- Ara,
qorxma eli, hak-hesabı kasacağam. Biri
yüz ali manatdır, biliram. Ancax man yüzdan veracağam. On
yaşika min bas elar!?
- Nə
deyirəm...
Pətəkləri
maşına yığandan sonra erməni Mürsələ
yaxınlaşıb: - Al, - deyir. Qəpik səsi
eşitdiyində Mürsəl əlini uzatmır. Erməni
ucadan: - Alini ver da, naz elama, mən talasiram - deyir. Mürsəl
əlini uzadanda erməni əlindəki qəpikləri onun
üzünə sarı tullayır: - harasina iyirmi qobeq, basindi.
Yığ, yığ qoca türk, man qetdim! - deyib
gedir.
Qanbay Məmi oğlunun kolxozun kövşəninə
söykənmiş ikimərtəbəli evi saraya bənzəyirdi. İyirmi il
bundan qabaq tikməyə başlamışdı, bünövrəsini
ay işığında qazmışdı. Ermənilər
kəndə basqın edəndə iyirmi ilə tikdiyi evin son
işlərini görürdü, evlərinin üstündəki
su çənini rəngləyirdi. Kənddən
çıxmağı ağlına gətirmirdi. Bağçası daşlı,
çınqıllı bir yer idi. Buğdanı şədərədən,
xəlbirdən keçirib qumdan, zir-zibildən arıdan kimi
iyirmi il öncə bu torpağı o
üzə, bu üzə çevirib qayadan, daşdan,
çınqıldan arıtmışdı. Maşınlarla
gətirdiyi peyini xərəklə daşıyıb
torpağa qatmışdı. Nələr yoxdu
bağçasında! Qaçqınları qınayanlar,
danlayıb söyənlər, pənah gətirdiyi Azərbaycan
torpağından da qovmağa hazırlaşanlar, sizin ilk
yazbaşı sarı-sarı çiçəkləyən,
payızda qızarıb dəyən zoğalın sevincindən,
yazda sel kimi aşıb-daşan meyvə ağaclarının
bəmbəyaz, çəhrayı çiçəklərinin
sonsuz fərəhindən... gecələr dərinləşdikcə
göylərdəki ulduzların böyüyüb,
böyüyüb, kəndin üstünə
yaxınlaşdığından və yüz illər, min illərdən
bəri "bərəkətli toxumlar kimi" doğma və
müqəddəs ölülərin doğma torpağa
basdırıldığından xəbəriniz varmı!?
Bütün bunları qoyub qaçmağa məcbur
olanları qınamaq olarmı, ey qan qardaşım!
Allahdan aşağı
1988-ci ilin acıları unudulmaz noyabr günlərinin
birində "Memar Əcəmi" metrosunun
çıxışında xəyala bənzər bir
qadın gördüm. Saçları dağılmış,
gözlərinin yaşı qurumuş, yüzlərlə
adamın arasında özünü tənha hiss edən
ağsaçlı bir qadın. Öz-özüylə,
Ermənistanda öldürülmüş oğluyla
danışırdı: "Burada nə işim
qalmışdı, niyə gəldim? Ölüb
yanında qalmadım. Üstündə kim ağlayacaq?.."
Sonra
Allahla danışırdı: "Gözün
çıxsın, fələk, balama necə qıydın? Yurdun dağılsın, fələk". Fələk
neyləsin axı! Bir bəla ki, ermənidən və mərkəzdən
gəlir...
Baxışları buz kimi, səsi həyəcansız,
quru, təkcə ümidini deyil, qorxusunu da itirmiş kölgəyəbənzər
bu insanı elə bil yel aparırdı. Gah öz-özüylə,
gah Ermənistanda ölüb qalan bircə oğluyla
danışan, gah da Allahla danışıb ona qarğış
edən xəyala bənzər o qadını görəndə
anladım ki, Allahdan aşağı Yer üzünün
bütün bəndələrinin günahını çəkinmədən
üzünə demək olar. O gərgin əsəbi noyabr
günləri küçələrdə qaynaşanların
arasında əl-qolunu oynadıb öz-özü ilə bəzən
ucadan, bəzən astadan danışan çoxlarına təsadüf
elədim. Bir də ayılıb gördüm ki,
qarşıdan gələn adamlar heyrətlə mənə
baxırlar...
"Bəs sən deyirdin insanlıq yaxşılığa, kamilliyə doğru gedir!" Mən də inanmışdım. Deyirdin ki, keçmişə baxmış hal-hazırda bu gün insan yaxşılaşıb. İki yüz minə yaxın adamı iki həftənin içində döyə-döyə, söyə-söyə, öldürə-öldürə qışın oğlan çağında sürü kimi qabağına qatıb yurdundan, yuvasından qaçmağa məcbur edənlərmi yaxşıdır, Uilyam Folkner? Özü də bu amansızlıq, vəhşilik xristianlığın min illiyi qeyd edilən bir dövrdə oldu. Bəlkə bu, bilə-bilə xristianlıq üçün hazırlanmış bir sürprizdir! Uilyam Folkner, sən bu ümidli sözləri deyəndə, yoxsa təkcə öz ölkənizi nəzərdə tuturdun!..
Mixail Sergeyeviç, indən belə səni nə qınayıram, nə də səndən bir şey umuram. Sənin başın çox "böyük işlərə" qarışıb. Ucu-bucağı görünməyən bir ölkədə demokratiya, aşkarlıq (yaxşı, bəs bu aşkarlıq şəraitində Maltada Buşla qapalı görüşünüzü necə yozaq? Xristianlara sürpriz hazırlamaq niyyətindəydiniz, yoxsa müsəlmanlara!) işinə başlamısan? Bu aşkarlıq fonunda böyük və qədim bir xalqın hüququnu, haqqını amansızcasına tapdalamaq işini həyata keçirirsən. Öz "demokratik və ədalətli" işini dünya xalqlarına inandırmaq üçün imkan daxilində olan bütün vasitələrdən istifadə edilməsinə yol verirsən. Böyük və qüdrətli bir xalqın əl-qolunu bağlayıb ermənilərin qarşısında yazıq, aciz göstərməkdən ləzzətmi alırsan! Doğrudanmı Dağlıq Qarabağın azərbaycanlılaramı, yoxsa ermənilərəmi məxsus olduğunu iki ildən(!) sonra bildin! Əgər bunları bilə-bilə edirdinsə, de görüm rus dövlətinə Azərbaycan torpağı çox fayda, gəlir verib, yoxsa Ermənistan torpağı? Təkcə Böyük Vətən müharibasində Bakı neftinin gördüyü işi yadına sal. Onda belə düşünməli oluram ki, Mixail Qorbaçov öz şəxsi mənafeyini rus dövlətinin, daha doğrusu, rus xalqının mənafeyindən üstün tutur. Əgər belə deyilsə, iki yüz minə yaxın türk indiki Ermənistan ərazisindən vəhşiliklə qovulanda bəs niyə bu hadisəyə göz yumdun? Mixail Qorbaçov, əgər mən qurultay iştirakçısı olsaydım, bu sualı verərdim, sən də özünə xas olan bicliklə araya söz qatıb cavab verməkdən qaçardın, mən səni təmkinlə dinləyərdim, nələr deməyindən asılı olmayaraq, yenə həmin sualımı verərdim, sən yenə başqa məsələlərə keçib məni çaşdırmağa çalışardın, mən yenə təmkinlə səni dinləyərdim, sözünü qurtarcaq, yenə də verdiyim sualı təkrar edərdim, lap qurultayın sonunacan, ta məni tutdurana qədər soruşardım, soruşardım, soruşardım...
Haqqa, ədalətə, yaxşılığa doğru gedən bəşəriyyətin son rəhbərlərindən biri Mixail Qorbaçov, mən siyasət adamı olmasam da, onu bilirəm ki, nahaq qan tökmək olmaz. Onu bilirəm ki, bir manat dəyəri olan nəyisə oğurlayanda, bir insanı təhqir edəndə, həmin günahkarı ittiham edib cəzalandırırlar. Öldürülən yüzlərlə azərbaycanlı və erməninin, yüz minlərlə qaçqının, haqsız repressiyaların günahı kimin ayağına yazılmalıdır! Özünü az da olsa suçlu bilirsənmi! Yoxsa hakimlərin mühakimə olunmadığına arxayınsan! Yoxsa qüdrətli bir imperiyanın gələcəyi naminə bu qırğınları təbii və zəruri hal sayırsan! Yoxsa başqarışdırma əməliyyatı rus dövləti üçün keçmişdən qalma bir ənənədir! Mən bu suallara cavab istəyirəm".
O məşəqqətli günlər Bakı şəhərində bir küçənin o biri küçədən, Azərbaycanda bir kəndin o birindən, rayonun rayondan xəbəri yox idi. Bakının "Azadlıq" meydanında, küçələrində insan qələbəliyini gördükcə, qaçqınlarla bağlı bir-birinə bənzəməyən faciələr haqqında eşitdikcə, bəzən ölümün yaxasından qaçıb qurtaran adamlarla rastlaşdıqca ağlım başımdan çıxırdı. Ürəyimdə Vasili Belovla, Rasputinlə danışırdım. Hardasan, niyə səsin çıxmır, SSRI xalq rəssamı Tahir Salahov, həmişə sənətinlə, adınla, şan-şöhrətinlə öyünən xalqının başına gələnlərdən xəbərin yoxdurmu? Yoxsa sən də məlumatları yalan, böhtan, riyakarlıqla dolu mərkəzi mətbuatdan alırsan! Adınla öyünüb fəxr etdiyimiz rəssam, yoxsa düz danışıb vəzifəni, karyeranı itirəcəyindənmi qorxursan? Məbada, səsini çıxardıb isti yerini soyuq edəsən, Abşeron balası...
Yevgeni Yevtuşenkoya belə bir teleqram vurdum: "Nə üçün şair, rus vicdanın susur? Kolbasa növbəsində dayanmış adamların dərdini çəkən şair, kəpənəyin, qarışqanın ağrısını duyan şair, Ermənistanın Mığrı rayonunda əliavtomatlı ermənilər dörd minəcən türkü, əliyalın dinc insanları heyvan sürüsü kimi qabağına qatıb həmin rayonun Astazur kəndinəcən qovdu. Başqa bir silahlı erməni dəstəsi qaçqınların qarşısını kəsdi. Spitakda, Quqarkda, Kirovakanda ermənilər türkləri orijinal ölüm üsulu ilə qırdılar. Bir insanın deyil, bir xalqın taleyi səni narahat edirsə, Bakıya gəl, qanlı-qadalı günlər olsa da, səni layiqincə qarşılayıb yola salan tapılar".
Andrey Voznesenskiyə belə bir məktub yazdım: "Salam, Andrey Voznesenski, salam Allahlıq iddiasına düşən şair! Sən niyə susursan, niyə özünü bilməzliyə vurursan? Damarlarında qan yerinə fitnə-fəsad axan erməniləri, yoxsa səndəmi "çox əzab çəkmiş xalq" kimi tanıyırsan? Sənindəmi aldığın məlumatlar ancaq erməni konyakı qoxuyan mərkəzi televiziya verilişlərindən, qəzet materiallarından olub? Onda yazıqlar olsun ucqarlarda yaşayan zəhmətkeş rus xalqına! Bir vaxtlar səni dönə-dönə oxuduğuma, inanıb sevdiyimə yanıram. Hrand Matevosyanın susması aydındır, çünki o, erməni xalqının oğludur, nə qədər də cəsarətli, namuslu olsa, öz xalqını tənbeh etmək, onun haqsız olduğunu açıq söyləmək onun üçün çətindir. Bəlkə bunu gələcəkdə bədii əsərlərində göstərəcək. Deyək ki, Mesrop kimi. Onun namuslu yazıçı kimi susması, erməni fitnə-fəsadından yuxarıda dayanmasıdır. Bəs sənə nə olub Andrey Voznesenski, doğrudanmı Azərbaycan, Ermənistan münasibətində kimin haqlı, kimin haqsız olduğunu bilmirsən? Yoxsa ən böyük günahı, haqsızlığı bütün bu qarışıqlığı salan rus dövlətində gördüyün üçün susursan? Məncə, şair hər hansı müvəqqəti bir quruluşdan, dövlətdən, imperiyadan yuxarıda dayanmalıdır.
Bir vaxtlar sənə bərk inandığım şair, görəsən Rusiyada elə bir adam tapılarmı, şair, yazıçı, deputat olması məcbur deyil, lap pinəçi olsun, sağıcı, şaxtaçı, yer şumlayan olsun, erməni və türkün son münasibətinə dair iddiasız, qərəzsiz, namusla bir məqalə yazsın, fikrini dünyaya bildirsin! Axı, sənin susmağın, Vasili Belovun, Rasputinin, Yevtuşenkonun susmağı zəhmətkeş rus xalqı, rus vicdanı haqqında pis fikir yaradır. Bəlkə sizləri rus dövlətinin bugünkü siyasətindən ayırmaqda sadəlövhlük edirəm? İnanırsanmı, Andrey Voznesenski, mən xalqımın bu ağır günlərində gecələr işığı söndürüb yerimə girəndən sonra o namuslu, vicdanlı Lev Tolstoyun, yazıçı Çexovun mələk ruhunu çağırıb onlarla danışmaq istəyirəm, bəzən danışıram, elə bilirəm ki, onlar məni dinləyir, deyirəm görürsünüz, hələ də insanlar insanların başına nələr gətirir. Andrey Voznesenski, birdən şübhələr içində düşünürəm, görəsən bu gün Lev Tolstoy, Çexov yaşasaydı, onlar da sizin kimi susardılarmı? Yox, vicdanlı yazıçı susmaz!
Bir insan, bir şair kimi səndən soruşuram, bir qadının bir gilə göz yaşı ağırdır, bir ahı yandırıcıdır, yoxsa iki yüz min qaçqının faciəsi?..".
Nə teleqramın cavabı gəldi, nə də məktubumun.
O noyabr günləri dərd dərdi qovurdu, ölüm ölümü. Sonralar bəlli oldu ki, təkcə Ermənistanın Quqark rayonunda səksən türk öldürülüb. O vaxtlar heç kimin inamı yox idi ki, bu faciənin qarşısını kimsə ala bilər. Mən rus monaxına, Roma papası ikinci İohan Pavelə, BMT-yə, İnsan Hüquqlarını Müdafiə Komitəsinə teleqram vurub haqq-ədaləti bərpa etmək üçün kömək istəyirdim. Hanı bəs insanları, xalqları dostluğa, qardaşlığa çağıran dininiz! Bəlkə biz türklərin, müsəlmanların bilmədiyi başqa bir dini, müqəddəs kitabınız da var! Bəlkə İncilinizdəki "insan insanın qardaşıdır" kəlamı biz müsəlmanları aldatmaq, başımızın altına yastıq qoyub yatırtmaq üçünmüş?!
Dünyada hər şey, hər şey mənə yalan göründü. Xalqların inkişafı, millətlərin mədəniyyəti, bəşəriyyətin sivilizasiyası bir anda, bir addımda alt-üst ola bilərmiş. İnandım ki, min illər ötsə də, insanlıq vəhşilikdən qurtara bilməyəcək! Gözəllik, yaxşılıq adına deyilmiş, yazılmış hər şey yalanmış! Haqq, ədalət, vicdan, qardaşlıq, dostluq, insanlıq adicə sözlərmiş, kimlərisə aldatmaq üçünmüş!..
Zəlzələ
- xəbərdarlıq
Ermənistanın Krasnoselo rayonunda rus hərbçiləri qaçqınlara "qayğı" göstərdilər. Xilas etmək adıyla əslində qovma kompaniyasını sürətləndirmək üçün qaçqınları tələm-tələsik zirehli maşınlara, vertolyotlara yığıb kəndlərdən çıxartdılar. Kəndlərdə elə qara-qorxu, vahimə yaradılmışdı ki, hamı başını itirmişdi. Qardaş bacıdan, ər arvaddan xəbər tutmadan canını götürüb qaçırdı. Elə gərginlik yaradılmışdı ki, gənc ana qaynanasına arxalandığından südəmər uşağını beşikdən götürməyə maçal tapmamış, tələsik qaçaraq özünü vertolyota çatdırıb Azərbaycana gələrək körpəsini və qaynanasını səbirsizliklə gözləyirmiş. Qaynananın uşaqsız gəldiyini görəndə gənc ana həmin an ağlını itirib havalanır...
Ermənistanın şəhər, rayon, kəndlərində yaşayan türklərə amansızcasına divan tutuldu. Zəlzələdən söz düşəndə Kanbay Məmi oğlu dedi: - Mığrının vağzalında dəmiryolu boyu kilometrlərlə adam toplaşmışdı. Uzun bir eşalon gəldi. Uşaq, ağbirçək, ağsaqqal, xəstə bilmədən adamlar yük vaqonlarına sarı qaçdılar. Bir də gördüm insan seli Fatmabəyim xalanı da qabağına qataraq vaqonun qapısının ağzına gətirib. Bu ağbirçək qarının gözləri çoxdan tutulmuşdu. O hay-küyün, qışqırığın içində nədənsə onun yavaşdan dediyi "hara! hara!" - sözlərini eşitdim, "Əlini ver! Əlini yuxarı qaldır, Fatmabəyim xala!" - qışqırdım. Balacayla mən onun əllərindən tutub var-gücümüzlə tələsik yuxarı dartdıq. Yazıq arvad ayağını ata bilmədiyindən vaqonun dəmiri topuğundan dizinəcən qıçlarının dərisini sıyırıb qan-çil elədi. O hay-küyün içində Fatmabəyim xalanın yanıqlı ufultusunu da eşitdim. O yanlarda adamların başına nə oyunlar açıblar, nə divan tutublar deyə bilmərəm. Allah təkcə o köməksiz qarının qıçlarının nə günə düşdüyünü görsəydi, güclə eşidilən, ancaq bədəni ürpəşdirən o ufultunu eşitsəydi, bu zülmü götürməzdi...
Bu zülmü böyük Allah götürmədi, ancaq o vaxta qədər gözlədi ki, ermənilər türklərin hamısını doğma yurdlarından qovub çıxartdı. Elə ki, türklər oradan uzaqlaşdılar, gözlərini qan tutmuş, azğınlaşmış erməniləri ayıltmaq üçün Ermənistanın o yerlərini silkələdi. Qoy ermənilər zəlzələni təbiətin qanunu hesab etməsinlər. Bilsinlər, unutmasınlar, türklərin heç kimi olmasa da, bircə Tanrısı var.
7 dekabr 1988-ci ilin yer titrəməsi ermənilərin yeni faciəsini yaratdı. Bu xəbəri bütün dünya, eləcə də Azərbaycan və Azərbaycana pənah gətirmiş türk qaçqınları da eşitdilər. Yalanın nə mənası, Ermənistandan qovulmuş bu qaçqınlar sevindilər. Bu sevinc bəzən erməniləri zəlzələnin dəhşəti qədər yandırdı. Zəlzələnin faciəsi ilə bağlı elin dərdini çəkmək əvəzinə, həmin an boğazı cırıla-cırıla bütün dünyaya car çəkib "türklər bizim müsibətimizə sevinir" deyən erməni, həmin məqamdan istifadə edib türkü bir daha gözdən salmaq niyyətiylə nə qədər şərəfsiz, nə qədər alçaqsan! Əgər indi özünə gəlmisənsə, sualıma cavab ver: Noyabrın 28-də Tumanyan rayonunun Böyük Ayrım kəndində vəhşicəsinə öldürdüyünüz Haqverdi Haqverdiyevin, Abbas Əliyevin, Səməd Mahmudovun qardaş-bacısı, qohum-əqrabası, doğmaları sənin kədərinə şərikmi olmalıydı?..
26 noyabrda Sisyanın Şəki kəndindən qaçıb canını qurtarmaq istəyəndə Xalisə Əmrah qızı yoldaca donub öldü, onun qızı Gülarənin əl-ayağını soyuq apardı. Anasının ölümünə, bacısının əl-qolunu soyuq aparmasınamı görə Əşrəf Kərimov ağrına-acınamı ağlamalıydı?..
Ucu şiş dəmir alətlərlə bədəninə zərbələr endirilmiş, beşbarmaqla vurulub gözü kor olan, huşunu itirib Tiflis xəstaxanasına düşən, arvadından, balaca oğlundan xəbərsiz olan noyanberyanlı (Baqrataşen qəsəbəsi, üç nömrəli ev) Əfəndi Yusif oğlu sənin vayınamı qoşulmalıydı?..
Stepanavanlı (Kuybışev kəndi) yetmiş yaşlı Təmraz Yusifoğlunun evində yeyib-içən quduzlaşmış ermənilər qocanın başını iti daşla kəsdilər. Yetmiş yaşlı quqarklı (Vartana kəndi) qolu kəsik Qəribi diri-diri yandırdılar və həmin kənddən on bir adamı vəhşicəsinə öldürdülər. İymrmi doqquz yaşlı spitaklı (Saralı kəndi) Teymur Məsim oğlunu, onun əmi nəvəsini işgəncə ilə məhv etdilər. Teymurun yaralanıb xəstəxanaya düşən arvadını erməni tibb bacıları mələfə ilə boğdular. Bunların və daha neçə-neçə mərhumun doğmaları, qohumları, ellilərimi ağlayıb yas saxlamalıydı sizin şivəninizə?
Yollarda ölüb basdırıla bilməyənlərin, namusunu tapdadığınız qız-gəlinlərin qohumları, qardaşları, ərlərimi yas tutmalıydı sizə?!
Zəlzələdən bir gün sonra Bakıdan Yerevana türk adıyla təbrik teleqramı göndərən erməni, nə qədər ləyaqətsiz, nə qədər iyrəncsən! (Bu teleqramın azərbaycanlı tərəfindən vurulduğunu zənn edib cinayət işi qaldırmağı vacib sayan mərkəzi mətbuat, xalqımızın faciəsini görməməkdə sən də nə qədər kor və rəzilsən!). Qovduğunuz qan qardaşlarımızın ağrısı-acısı bütün Azərbaycanı bürüdü. Zəlzələdən sonra siz daha böyük fəlakətə uğradınız. Ötəri də olsa bizim başımıza gətirdiyiniz faciəni unutduq, dar, ağır gününüzdə sizə yardım etmək istədik, köməyə gələn təyyarəmiz sizin torpaqda (!) qəzaya uğradı. Türkiyənin göylərindən (!) keçib gələn Yuqoslaviya təyyarəsi də qəzaya uğradı. Sizin yolunuzda ölən (öldürülən) altmış doqquz qardaşımızı heç olmasa insanlıq naminə, etika naminə bircə yol da yad etmədiniz. O ölənlərin ruhu qarşısında həm siz, həm də onları sizin torpağınıza ölümə göndərən bizim müti başbilənlərimiz cavab verməlidirlər! Niyə həmin gün köməyə gedənlər arasında respublikamızın rəhbərlərindən, partiya və dövlət işçilərindən birinin də əziz-xələfi yox idi!..
Yazıçı
Yazıçı Hrand Matevosyan, bilirsənmi Azərbaycanda sənin nə qədər oxucun vardı? Qabaqlar ayağım İrəvana düşəndə neçə-neçə erməni şairinə, yazıçısına, jurnalistinə sənin gözəl yazıçı olduğundan danışırdım, onların çoxu səni tanımırdı, tanıyanlarsa dodaq büzərdilər, bir yazıçı kimi səni bəyənmirdilər. Yarızarafat, yarıciddi onlara deyirdim ki, Hrandı sevməyən istedadsız, sənəti anlamayanlardır. Bir az da qızışanda çəkinmədən deyərdim ki, sizin üçün istedadlı adam Zori Balayan kimiləridir. Yalançı, böhtançı, millətçilər! İstedadsızlığını gizlətmək üçün millətçi adıyla sənətdə alver edənlər! Sevilmək, tanınmaq üçün hətta xalqı qırğına verməkdən, ölümə aparmaqdan çəkinməyən populyarlıq azarına tutulanlar! Deyirdim yazılarıyla, böyük istedadıyla Hrand sizdən böyük "millətçi"dir.
Hrand Matevosyan, o qaragüruhun, o fanatiklərin arasında yaşayıb susmağın, yalan, böhtan deməkdənsə susmağın igidlikdir! Mənə bir şey maraqlıdır, son iki ildən bəri davam edən erməni-türk münasibətləri ilə bağlı sizin ziyalılarınız arasında xalqınızın coşdurulmuş hisslərini yatırtmağa, qonşuluq münasibətlərini gözləməyə çağıranlar az da olsa vardımı? Doğrudanmı sizdə ağsaqqal missiyasını boynuna götürənlərin hamısı Silva Kaputikyan, Sero Xanzadyan, Zeytunsyants, Vartges Petrosyan, İgidyan, Zori Balayan, Şahnazarovlar və nəhayət, ata saydığınız Vazgen kimilərdir!? Bunlar erməni xalqını birbaşa qırğına, ölümə, məhvə səsləmirlərmi?! Eşitdik ki, ata Vazgeniniz deyirmiş, Qarabağı almaq xatirinə yeri gəlsə, Bakıdakı bütün erməniləri qurban verməyə hazırıq.
Yox, Hrand Matevosyan, elə bilmə zərər çəkmiş, təhqir edilmiş, öldürülmüş, bizimkilərlə müqayisədə çox az hissəsi qovulmuş (çünki Bakı və Azərbaycandakı ermənilərin çoxu, daha doğrusu, ağıllıları törətdiyiniz biabırçılığı, vəhşiliyi görçək ev-eşiyini, əmlakını satıb vaxtında köçüb getdilər) ermənilərin faciəsini gizlətmək fikrindəyəm. Əslində, Azərbaycandakı erməniləri də siz və sizin üstünüzə qanadını çəkmiş "sülhsevər" mərkəzi dövlət qovaladı. O erməniləri ki, həm Stepanakertdə qeydiyyatı vardı, həm də Bakıda. O erməniləri ki, Bakının özündə üç yerdə evi vardı. Hrand, indən belə səndən və ermənilərdən nə umacağım var, nə də sizi barışığa, dost olmağa çağırıram, sadəcə bu dəqiqə bütün ermənilərin içində ancaq səninlə danışa bildiyimə görə istəyirəm bir həqiqəti biləsən ki, Bakıda on üç yanvarda (1990) ermənilərin başına gətirilən "oyun" üstünüzə qanadını çəkmiş dövlətin növbəti proqramı-layihəsi əsasında həyata keçirildi.
Hrand, Bakının küçələrində Mığrıdan, ata-baba yurdumuzdan qaçıb gəlmiş doğma qardaşıma, bacılarıma, qohumlarıma aylarla ev axtarırdıq. Yüzlərlə erməninin qapısını döyüb ev dəyişmək üçün söhbətə girişirdik. Ermənilərin təxminən doxsan beş faizi Mığrı rayonu ilə maraqlanmırdı, onda Göyçə, Krasnoselo, Razdan və Ermənistanın başqa rayonlarında yaşayan qohumların evlərinə təklif edirdik. Nədənsə sözləşibmiş kimi "biz Ermənistana getmək istəmirik, bizim onlardan zəhləmiz gedir" deyirdilər. Qabaqca bunu mənə tanış olan adi "erməni bicliyi" kimi başa düşürdüm. Görəndə ki, onların əksəriyyəti Armavirə, Minvoda, Krasnoyarska, Rostova, Soçiyə, Leninqrada, Moskvaya və onun ətraf rayonlarına getməyi Yerevana getməkdən belə üstün tuturdular, istər-istəməz onlara da yazığım gəlirdi. Bu işlərə neçə baxırsan, Hrand Matevosyan?! Axı, Ermənistana getmək istəməyən və Ermənistanı tərk etmək istəyən ermənilər yüzlər, minlər deyil, on minlərlədir. Bu, sizin xalqın faciələrindən biri deyilmi?! Təsəvvür edirsənmi, Ermənistandan qovulan türklərin hamısı Azərbaycana toplaşıb.
Hrand
Matevosyan, sənə bir sualım da var. Qardaşım evini dəyişmək
məqsədilə rayona qayıtmışdı. Çox qorxulu günlər idi. Mığrıya
qayıdan türkləri ermənilər huşunu itirənəcən
döyürdülər. Həmin vaxt ermənilərdən
biri qardaşımı iki gecə gizlicə evində
saxlayıb. O erməni ki, Mığrı rayonunda
türklərin qovulmasına başçılıq edənlərdən
biriymiş. Yəni sizin "Qarabağ komitəsi"nin (Mığrı üzrə) fəal
üzvlərindən idi. Belə erməninin
vicdanı mənə aydın deyil. Ancaq mən
bakılı iki erməninin (Q.İ.Petoyan və Dorentev Qeorqi
Rantoviç) vicdanından danışmaq istəyirəm.
Bunların haqqında eşitməmiş
olmazsan. Bakı şəhərinin
ayrı-ayrı rayonlarında yaşayan bir-birindən xəbərsiz
bu adamlar özlərinə qəsd ediblər. İntihardan qabaq yazıblar ki, ermənilərin uzun
müddətdən bəri türklərin başına gətirdikləri
haqsız, nalayiq hərəkətlərdən xəcalət
çəkdiyimə görə özümü
öldürürəm.
Səncə, vicdanlı, yüksək əxlaqlı bu
iki insan erməni ədəbiyyatında müsbət obraz kimi
öz əksini tapa bilərmi?
Son söz
Hamı bir-birindən soruşur ki, bu işlərin
axırı necə olacaq. Bu işlərin necə qurtaracağını
Allahdan başqa heç kim bilmir. Ancaq biz bir şeyi bilməliyik ki, qonşumuz ermənidir.
Tanrı bizi yaratdı, hansı
günahımıza görəsə bizi qarğıdı, bu
qarğış ermənilərlə qonşu
olmağımızdır. Erməni də
fitvaya gedib (getməsin də, axı özlərini ən
ağıllı xalq sayırlar) zaman-zaman bizi aldatdı, xəyanət
elədi, fürsət tapcaq kiməsə satdı. Təkcə iyirminci yüzildə üç dəfə
bizi ata-baba yurdumuzdan qovdu.
Mən heç kimi qisas almağa çağırmıram. Ancaq unutmayaq ki, min il keçsə də, tut ağacı tut, əncir ağacı əncir, nar ağacı nar gətirdiyi kimi, erməni də erməni olaraq qalacaq. İstər Los-Ancelosda olsun, istər Armavirdə, istərsə də Qarsda, yaxud Kiyevdə. Bunları heç vaxt yaddan çıxartmamalıyıq. Yaddaşsızlığımız, unutqanlığımız onlara qol-qanad verir. Bunları öz balana söylərsən, mənim balam, deyərsən ki, balan da öz balasına, balası da öz balasına söyləsin və bildirsin ki, bunları heç vaxt unutmasın! Yadlarından çıxartmasınlar ki, qonşumuz ermənilərdir!
Ermənilərin elədikləri özlərindən asılı deyil. Sənin çörək yeməyin, su içməyin özündən asılı olmayan kimi, xəyanət, satqınlıq, xainlik, pislik etmək də ermənilərin mayasında, qanındadır. Bunu Oxçuda on bir nömrəli texniki-peşə məktəbinin direktoru dünyagörmüş, ağsaçlı Adamyan da deyirdi.
Azər ABDULLA
Ədəbiyyat qəzeti.- 2020.- 15
avqust.- S.20-24.