Nayman ananın sehrli yaylığı
Sərdar Aminin «Atamın əlləri» hekayəsi haqqında
Sərdar Aminin "Atamın əlləri" hekayəsini oxuyub sona çatdıqdan sonra onun ithaf hissəsi yadıma düşdü. Hiss elədim ki, bu gözəl hekayədə məhz o ithaf sözləri artıqdı; zənnimizcə, hər bir proza mətnində sonradan yazıçının da bilmərrə unutduğu bir sirr olmalıdır, ithaf sözləri həmin sirri bir az gözdən salmaq istədi.
Hekayədə qəhrəman da sirr axtarır, daha doğrusu, bildiyi nəsnə xəyalının bir qaranlıq yerində gizlənərək üzə çıxmır ki çıxmır. Şarl Bodlerin bir sözünü xatırladım: gözəl şeylər belə olur, qarşımıza çıxıb bizi özünə bağlayır, sonra dərd içində ölürük...
Amma əvvəlcə
suallar: Sərdar Aminin hekayəsi nədir? Sərdar hansı
hekayəni yazmaq istəyir? Duyduğumuz qədər, müəllif
yazı alınana, mətnə çevrilənə qədər
onu dəfələrlə dəyişir, olay və hadisəni
var gücüylə adilikdən çıxarmaq istəyir,
istəyir ki, hadisəylə bağlı yazılan cümlələrin
sanbalı hiss edilsin, duyulsun. Onun üçün cümlənin,
intonasiyanın möhtəşəmliyi hər şeydən
önəmlidir. Bu niyə belədir? Yazarın yaratmaq, ifadə
etmək istədiyi məna, zənnimizcə, qismən cümləyə
sığa bilər, yəni müəllif-yazar şüurun sərhəd
zonasında fəaliyyət göstərir, məna qorunub
saxlansa da, burdan o yana sözün sözü keçmir.
Müəllif bu səbəbdən ruhunda dolaşıb mətnə
çevrilmək istəyən havanın enerjisini itirmək
istəmir, gözünə sataşan istənilən əşyanı
- yarpağından başdaşına, Ay
işığından şehə qədər hər
şeyi, sanki bütün dünyadan ayrılmış vəziyyətdə,
uşaqlığından damcı-damcı toplanıb
yaranmış xəyal müstəvisində təsvir etsin. Və
burada "təsvir" sözü də yerinə
düşmür. Müəllif gülün, çiçəyin,
otun, torpağın... işarə edilən hər şeyin
daxilindəki sirri dünyanın üzünə yansıtmaq
istədiyindən və surətin altında yatan kədəri
göstərmək arzusuyla mərhəm və sadəcə içində
təkrarladığın nəsnələrə üz tutur.
Bu kvazi-romantik (bir az da məqsədli-!) təsvirin arxasında
başqa bir düyün dayanır. Realist qatda - ayda bir dəfə
şəhərdən gəlib bağında uşaqlıq
dostu Niftullahla şərab içən ata və onun
danışdıqca danışan, kiriməyən
barmaqları, biləkləri... Niftullahın arvadı Reyhan belə
məqamlarda bağın çəpərinin böyründə
yarpaqların arasında gizlənib ərini pusur, uşaq
baxır və onu titrəyən kölgə kimi görür,
böyüdükcə Reyhan xalanın obrazı da elə bu
Nayman ananın yaylığı kimi titrək kölgə
olur, sirli-sehrli... Günlərin bir günü Reyhan xala
ölür. Bu qəfil gedişlə çəpərin dibindəki
o kölgə də çəkilir və uşağın
gözündə dünyadan heç nə əksilmir, əksinə,
hər şey adəti yerini tutur. Ancaq bu, zahirən belədir
(ancaq, zənnimizcə, bu məqamda diqqətediləsi bir məqam
da var: Əvvəllər elə bilərdim, atamı
güdür. Anam bir gün qulağıma
pıçıldadı:
- Elə
deyil. Reyhan xala atanın uşaqlıq dostu Niftullah
dayının arvadıdı, əri içib evdə dava
salır. Yazıq... Niftullah içməsin deyə, əsir-yesir
olub küçələrdə.
Niftullahın
bir söhbətinə qulaq kəsilsən, cavanlığı
gözünün önündə sərgilənərdi.
Adamın bir əlinə sığmayan biləklərindən
kiminsə xatirə bölüşməsinə ehtiyac yox idi;
biləklər özləri danışırdı...).
Uşağın anası sonradan açılacaq sirdən (həm
də yarıyolda susub-qalmış şəlalə kimi...) xəbərdardırmı?
Reyhan xala dünyadan köçəndə uşağa adi gəlir,
anasısa ağlayır...
Bu
dünyada məna ilə, gerçəklik və
yaşamın dərin və incə məqamları ilə
dolu olan düyünlər açılana qədər
çox adi və artıq görünür, həm də
bezdirici, o nəsnələr dünyadan çəkilib gedincə
zahirən o bezdirici və boğucu hava da çəkilir, yeri
boş qalır, ancaq bu dünyada onunla insan hissləri
arasındakı buludlar - xəyal ilmələri başqa mətləbləri
üzə çıxara bilir. Sərdar bu məqamda, sanki
enerji ilə aşıb-daşan cümlələrin bir fon
olduğunu demək istəyir, təhkiyə massivini
(bütün enerjini bir nöqtə içinə cəmləyib)
hadisənin daxilinə yönəldir - məzarlıq səhnəsi.
Reyhan xalanın başdaşında onun cavanlıq şəklini,
gözəl olduğu günlərin əksini görür və
içinə qəribə hisslər dolur, o hisslər ki, insan
bütün təfərrüatları bilsə də,
bunların hansı mənaya gəldiyini heç zaman
anlamır, bilsə də, anında unudur. Hekayə, proza mətni
məhz bu "anında bilinib unudulmağa məhkum" məqama
görə qələmə alınır, qalın-qalın
romanlar da...
Hekayədə
"paralel mənzərələr", yəni eyni bir
predmetin müxtəlif situasiyalarda nümayişi dediyimiz sirli
məqamı içdən incələməyə yönəlikdir
və belə olduğu üçün təsvirdəki
"rəng qatışığı" daha sonra "rənglərin
ayrılması" ilə müşayiət olunur. Oğul qəbiristanlıqda
birdən Reyhanın cavanlıq şəklini görür, elə
bir effekt alınır ki, ikinci dəfə o şəklə
baxmağa ürək eləmir, amma çox çəkmir ki,
şəkil özü onun başını yerdən, sinə
daşının dibindən ayırıb özünə tərəf
qaldırır, qadın gözlərini müəllimin
oğlunun gözlərinə dikir, şəmşir kimi
parıldayan, amansız gözlərini. Təsvirin, təhkiyə
axınının bu hissəsi insan ölüb getdikdən
sonra da şəkillərinə yansıyan "gözündə
qalan arzusu"na işarə edir. (Yəni bəlkə də:
sən mənim oğlum ola bilərdin...). Daha sonra: "...Atam
mənə də eynisindən miras qoyduğu uzun
barmaqlarını astadan Reyhanın üzündə gəzdirdi.
Ağıllı telefona öyrəşməyən
barmaqları sensorda gəzişdikcə Reyhanın ekrana
yaxınlaşdırdığım şəkli atamın əmriylə
şıltaq-şıltaq tərpəndi. Kişi titrəyən
barmaqlarını hərlədikcə Reyhan ekranın bu tinindən
o tininə dəyir, sanki bundan həzz alır, qəhqəhə
çəkirdi. Dünəndən şəmşir kimi
parıldayan gözləri də sevincdən
qıyılmışdı, ağ üzü telefonun
ekranında pişik balası kimi
atılıb-düşürdü...".
Hekayədə
vahid, hardasa birbaşa (yəni heç bir əlavə əhvalatla
qırılmayan) təhkiyə axını mövcud olsa da,
daxildə "şüuraltı fraqmentlərin" rudimentlərini
görməmək olmaz. Bu rudeimentlər alt qatda "texniki
uyğunsuzluq" yaradır. Bu nə deməkdir? Fransız
yeni romanın yaradıcısı və
araşdırıcısı Mişel Bütora müraciət
edək: "...Hekayə dünyanı bizə verir, ancaq o bizə
fatal şəkildə yalan bir dünya təqdim edir. Əgər
biz Piyera Polun kim olduğunu izah etmək istəyiriksə, biz
ona öz tarixçəsini nəql edirik:
yaddaşımızı, xatirələrimizi eşələyib
müəyyən sayda materialı seçib üzə
çıxarırıq ki, onun obrazını yaradaq və biz
gözəl bilirik ki, vaxtın çoxunu boş yerə məsrəf
edirik, bizim yapdığımız portret müəyyən mənada
qeyri-dəqiqdir: şəxsiyyətdən elə cizgilər
mövcuddur ki, yaratdığımız obraza sadəcə
yapışmır, onunla tən gəlmir". Bu tən gəlməmək
və uyğunsuzluq hekayənin əsas bəlirləyici məqamıdır:
mətnin əvvəlində personaj hər şeyi xatırlasa
da, bir incə məqamı nə eləsə də
xatırlaya bilmir, hansı təpənin ayaqları altında
dəfn edilən bir dərə var (bu motiv yönəldici
xarakterə malikdir, belə olduğu üçün də
hekayənin təhrikedici elementi sayıla bilər), həndəvərini
təsəvvür eləsə də içini-mahiyyətini
görmür. Sitatdakı "bihudə zəhmət" bu
anda meydana gəlir, nəhayət, personajın xəyalındakı
aydınlanma ilə gerçək əhvalat arasındakı yerlə
göyün fərqi təhkiyə prosesində bir yarğan,
böyük bir şırım açır: bu yarğandan
oğlanın atasının oğluna
danışdığı hekayət boylanır, dostu
Niftullahı Reyhanla görüşə apardığı səhnə.
Ağac novdan adlayıb bağa keçirlər. Qız
Niftullahın gözündən oğurlanıb oğlanın
atasının əlini tutur, "o getsin, sən qal", -
deyir. Müəllif ən gizlin hiss və duyğuların
paradoksal təbiətini açmağa çalışır
və mətn boyu bir-birini kəsən, bir-birinə calanan kəsiklər
"allüziya səhnələri" yaradır. Anri Matisin
"Allüziya" rəsmində olduğu kimi. Bayaqdan bir
müstəvi üzərindən axan təhkiyə allüziya
səciyyəsi kəsb edir və mətn parçaları -
fraqmentlərin bir-birinə keçidi müxtəlif
situasiyalarda çox fərqli səhnələrin
alınmasına təkan verir. "Uzun illərdən sonra xəyalımı
"Nayman ananın sızlayan yaylığı" kimi yenidən
həmin sirli dərəyə saldım, asta-asta kəndin
üstünə gəlməyə başladım. Haqq-hesab gecəsiydi!
Daha nə mən, köksündə dovşan balası gəzdirən
arıq uşaq, nə də bu gecə hər yerindən nalə
qopan sirli yelda idi. Beş-on bayquşu var bu gecənin, onlardan
da biri köksümdə ulayır.
Dərəylə
üzüyuxarı uçuşan xəyalımda artıq
İlhamın gözəl qızlarının gecə kimi uzun
saçları da hörüklənə bilməzdi. Gülpəri
xalanın keçiməməsi üzüm tənəyi də
bir Allah bilir nə vaxt qurumuşdu. O həyətdən bu yola,
bu yoldan o bağçaya... Dərəni çözə-çözə
meşədən ancaq bətnində boy verən qəbir
daşları ilə seçilən qəbiristana girdim.
Sıx palıd ağaclarının arasındakı - bir
zamanlar üzündə min cizgi, qırış
gördüyüm ətli-qanlı insanların illər sonra
ömrünün ən sevimli təbəssümləri ilə
boylandıqları qəbir daşları içimdə qopuq
bir qımıltı yaratdı".
Hekayə
bu qımıltının əksi, dünyanı tərk etdikdən
sonra insanların dodaqlarından qonan təbəssümün
dilinin təsviridir. Bu sükutla əvvəlki, o insanların
danışdıqları, güldükləri,
sevib-öldükləri anların ani təmasdan
yaratdığı şırımlar personajın içindən
keçir. Ağrıdaraq. Onun xəyalının
düzü-dünyanı gəzib-dolaşması mətndə
"Nayman ananın sızıldayan yaylığı"
metaforasını yaradır. Mətndə bu detal ilk
baxışdan, yəni süjet boyunca adi səciyyə
daşıyır, sadəcə təyinedici məqamda işlənən
metafora effekti verir. Ancaq ümumi kompozisiya planında
götürdükdə uşağın xəyalının
düzü-dünyanı dolaşması, itiyini axtarması
quşa çevrilən xəyalın gizlinlərini üzə
çıxarır. Belə bir keçid həm oxu, qavrama
sürəkliliyini şərtləndirir, həm də mətndə
detal və motivlərin transformasiya prosesini göstərir.
Xüsusən, bir sirli, unudulan, xatırlanması çox
çətin olan məqama nüfuz edilməsi bu
yaylığın-quşun keçdiyi "xəyali yol"
insan həyatının sevincli anlarıyla (müəllim
olduğundan ağ köynəyinin bədəninin bir hissəsi
kimi qavranılması, Niftullahın bicliyi və
oyunbazlığının doğurduğu şaqraq
gülüşlər...), sanki bir göz qırpımında
dünyaya çökən kədərin həmin
yaylığın sızıltısında görünməsi
və yox olması təsirini bağışlayır. Dərd
heç zaman bitmir...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2020.- 15
avqust.-S.25.