Masaya dağılmış qırmızı şərab

 

Mehriban Ələkbərzadəyə

 

O  gecə metroda

"Ədəbiyyat qəzeti"nin əlimə çıxan

siyah mizinə baxıb

kömür mədəninin fəhlə arzusunu xatırladım;

"Ən böyük arzum Günəşi görməkdir"...

 

Kimsə xatırlamaz dünən əsəsən küləyi

pəncərəni qucub azad edən küləyi.

Məndə ki, məndəki odla suyun əməyi.

Əsrlərdi torpaq susur, hava susur,

külək ki elə pəncərəni qucur.

Məndə ki, məndə ki quyuya daş

atan həmin dəli...

 

Renesans dövrünün uşaqlarına kimsə demədi ki,

əslində, azadlıq relsdən çıxmış bir qatar

ya insan bətninə

gözüyumulu sərinləmək üçün baş vuran güllədi.

Yəni azadlıq

kitabda, həyatda

heç vaxt ayrılıq mənasını verməyib

ya da vermədi.

Axı ayrılıq insanların uydurduğu tərzi hərəkətdir...

 

Belə, əziz ev sahibi,

ilmədən qaçan həyatın ağrısı

masaya dağılmış qırmızı şəraba bənzəyir.

Hər kəs sahil kimi çəkiləndən sonra

bir küncdən sənə gülümsəyir...

döşəmən ilk dəfə azadlıq görür.

Unutmamış döşəmə üçün üzr istəyirəm...

 

Tanrı illəri

 

Ev ola bilərdilər,

istəsən o evdə atəş ola bilərdilər.

Lap qayıq olub

baş alıb gedə bilərdilər...

Amma sən istədin,

onlar...

 

Rica edirəm indi bircə kəlmə,

gülümsə ki,

bu məsum kağızda məni gördüyünü bilim.

Kədərli ağacların kimsəsiz kölgələri

illərdi məndən cavab gözləyir.

 

Gözləmək...

Axı gözləməyin olduğunu

kimsə bilməsə , sən hamıdan

yaxşı bilirsən, Tanrı!

Bir insan illəri ilə güclə bacarıram

O ki qaldı Tanrı illəri...

Səni anlayıram...

Sadəcə, kimsəsiz kölgələrə söz  vermişəm,

söz vermişəm ki, gülümsəyəcəksən

bütün bəyazlar yenidən yaşıla bürünəcək.

 

Fuad Cəfərli

 

Ədəbiyyat qəzeti.- 2020.- 15 avqust.- S.19.