Mühacirlərin yadigar
əşyaları
"Nostalgiyanın gələcəyi"
kitabından
XIX əsrdə yaşamış məşhur rus
mühaciri Aleksandr Herzen bir vaxtlar demişdi ki, vətənindən
uzaqda yaşayanlar üçün saat həmişə
sürgün olunduqları vaxtı göstərir. Uzun illərdir
qürbətdə yaşayan sovet mühacirləri ilə
Nyu-Yorkda və Bostondakı evlərində görüşəndə
bir çoxlarının otağını qış mənzərəli
divar rəsmləri ilə yanaşı, haçansa zərif,
amma işlək olmayan, küçə alverçilərinin
qapı-qapı düşüb satdıqları köhnə
divar saatlarının bəzəməsi məni təəccübləndirirdi.
Amma evlərində şəkillər çəkdiyim
mühacirlərin əksəri on, yaxud iyirmi ildir ki, Birləşmiş
Ştatların az-çox dəqiq, insana öz
qaydalarını diktə edən həyat tərzinə
öyrəşmiş adamlar idi. Görüş
günlərini qeyd etdikləri dəftərlər və
kompyuterləri olan bu mühacirlər yararsız şeylərdən,
keçmişdən yadigar qalan əşyalardan, zibilliyə
atılmaqdan bir təhər "xilas edilmiş" xəzinələrdən
hələ də həzz alırdılar. Vaxtı
ötmüş təqvimlər isə indiki zamanla əlaqəsini
tamam itirmiş və sadəcə yaddaş bələdçisinə
çevrilmişdilər.
Amerikaya
iyirmi il əvvəl gəlmiş və bu
gün Kvunistdəki orta məktəbdə müəllimə
işləyən Larisa F deyir ki, "rus mühacirlər
divarın ağ olmağına "dözə bilmirlər".
Özgə yurdda dam-daş qaralayanda isə
minimalizm heç də həmişə yeganə
çıxış yolu deyil. O, danışır ki,
"otağımızın xəstəxana divarlarına
oxşamağını istəmirik". Modern üslubun əsas
göstəricilərindən olan ağ
divarlar daha çox rəsmi binaları xatırladır. Görünür, rəngarənglik səmimiyyət
və isti münasibətlərin göstəricisidir. Hər
ev, hətta ən bəzək-düzəksiz
olanı da şəxsi bir xatirə muzeyidir. Bəzi
evlərdəki əşyaların yerləşdirilməsi
İlya Kabakovun ekspozisiyaları ilə müqayisə oluna bilər.
Hər mühacir istədi-istəmədi,
gündəlik həyatında həvəskar rəssama
çevrilir. Amerikadakı köhnə Sovet mühacirlərinin
evlərini interyeri və diaspor idarələrindən onlara pay
verilən əşyalardan ibarət kolleksiyaları, ilk
baxışdan ana vətəni xatırladan sirayətedici bir
simvol təsiri bağışlayır, fəqət yiyələrinin
öz əşyaları haqqında danışdıqları əhvalatlar
unudulmuş özünəməxsusluğu yenidən
canlandırmaqdansa, qürbətdə özünə
ev-eşik düzəltməyin mahiyyətini açıb
göstərir. Onların haqqında
danışdıqları həyat, nə tam olaraq Amerikan
xülyalarına, nə də dözülməz nostalgiyadan dəm
vuran rus melodramına uyğun sürgün həyatıdır.
Görüşdüyüm mühacirlərin
hamısı, aşağı-yuxarı, həmyaşıd və
eyni ictimai qrupa aid adamlardılar. Onlar İkinci Dünya
müharibəsindən əvvəl, yaxud da elə qan-qada təzəcə
bitəndə dünyaya göz açmış, şəhərli,
aşağı və orta təbəqəyə məxsus
mühəndislər, mühasibatçılar, müəllimlər
idilər. Hamısı da həyatını
babat qurmuşdular, güzəranları nə çox
yaxşı idi, nə də həddən artıq ürəkağrıdan.
Onların həyat hekayələri Kiçik Odessanın mafiya
üzvlərinin və gözü yaşlı, uzun
qıç fahişələrin əhvalatlarına tay deyildi. Əslində,
haqqında danışdığım adamların heç
biri Brikton Beachdə yaşamamışdı. Qürbətlə bağlı bu hekayələr qəriblərin
çoxuna yox, sadəcə bir qrupuna aiddir. Nəticədə
bu insanların başqalarına çatdırmaq istədikləri
fikirləri də elə bundan ibarət idi: hamıya bab həyat tərzi, yaxud da Amerika
televiziyası və kinolarında tez-tez göstərildiyi kimi
aksenti rüsvayçı olan mənfi tip yox, özünəməxsus
insan modeli...
Rita D
deyir ki, bütün Rusiyanın Yenidənqurmadan sonra
yaşadıqlarını biz on il əvvəl
yaşamışıq. Bizlər ilk
post-kommunistlər idik. Bu gün (1995-ci ildə)
sanki köhnə Sovet İttifaqının hamısı
mühacirdir, aramızdakı yeganə fərq odur ki, onlar vətənlərində
qalıblar. Mühacirlərin kommunizmdən
sonrakı nostalji hissləri gözardı edilməyəcək
qədər diqqətə layiqdir. 1972-1987-ci
illərdə Amerika Birləşmiş Ştatlarına gələn,
əksəri də yəhudilərdən ibarət didərginlər
hər şeyə həssas münasibət göstərən
adamlar deyildilər. Hamısı da Sovet
İttifaqının Helsinki Müqaviləsindən sonra
"ailə üzvlərinin qovuşması" qanunundan
istifadə edib, mühacir olmuşdular, halbuki çoxunun
ölkədən kənarda heç bir qohumu-filan yox idi.
Mühacirət etmələrinin səbəbləri çox
müxtəlif idi: Siyasi dünya görüş fərqləri,
yəhudi əleyhdarları ilə mübarizə, klostrofobiya
"hissi", Brejnevin iqtisadi durğunluq dövrünün
dözülməzliyi, ölüm-dirim qorxusu, ictimai fürsət
axtarışları, qeyri-müəyyən, utopik azadlıq xəyalları,
özlərinə də qaranlıq olan gələcək
xülyası.
Kiminsə
öz ev-eşiyini tərk etməyin səbəbləri
nostaljinin mahiyyəti qədər mürəkkəb ola bilər. Səbəblərin
hamısı bir-birinə bağlıdır. 1981-ci ildə tərcüməçilik edərək
keçindiyim İtaliyadakı sığınacaq düşərgəsində
köhnə Sovet vətəndaşlarının qürbətə
köçmələrinin səbəblərini izah edəndə
nə qədər çətinlik çəkdiklərini
yaxşı xatırlayıram. Bəzən
elə olurdu ki, saatlarla məruz qaldıqları təhqirləri
ən xırda detalınacan danışmaq istəyirdilər,
bəzən də bu mövzuda kəlmə kəsmirdilər.
Bilirdilər ki, bu haqda nəyi necə yaza bilərlər,
amma özlərini bu şəkildə təqdim etməyin mənasını
başa düşməyə çətinlik çəkirdilər.
Bir sıra hallarda, həqiqətən də, yəhudi əleyhdarlarına
aid acı təcrübələri (kobud, yaxud da nəcib şəkildə)
olsa da, öz ölkələrində yaşamaqlarına Sovet
tərzində ideoloji don geyindirmələrinə müqavimət
göstərən mühacirlərə başlarına gələnləri
siyasi terminlərlə izah etmək çətin gəlirdi. Bəziləri isə düşünürdülər
ki, rəsmi şəkildə necə
adlandırılmasından asılı olmayaraq, onsuz da
heç kəsin vətənindən
ayrılmağının həqiqi səbəbini əksəriyyət
vacib saymır.
Mühacirlər
vətənlərini tərk etmək qərarından əvvəlki
gün-güzəranları haqqında danışanda
onları həyatları barəsində yenidən
düşünməyə sövq edən bir neçə
vacib təcrübəni mənimlə
bölüşmüşdülər: bu məsələlər
arasında ədalətsizlik, acı reallıqların (məsələn,
ailə üzvlərindən hansınınsa sürgün
düşərgəsində ölməsi) meydana
çıxması, Soljenitsın və yaxud Nabokovun qadağan
olunmuş kitablarını gecələr gizli-gizli
oxumaları, bir dostun, yaxud sevdiyin adamın el-obasından uzaqda
yaşamağa məhkum edilməsi kimi çarəsizliklər
vardı. Mənim üçün isə bu cür təcrübələrdən
ikisi keçərli idi: Birincisi ana-atasının başqa yerə
köçməyi qərarlaşdırmış bir
şagirdin məktəbdə ittiham olunması idi. Yadımdadır ki, müəllimimiz məktəb
direktorunun gözünün qabağında baş verənlərdən
narazı olduğumuzu qəbul edə bilməmiş və
sinifdəki bütün yəhudi şagirdlərin sionist təbliğatını
qınamağını tələb etmişdi (Mən susaraq
dırnaqlarımı gəmirsəm də, amma aramızdan
ürəyimizdən keçən qınaqları dilə gətirən
bir neçə könüllü tapılmışdı).
Mikelancelo Antonioninin çəkdiyi "Sərnişin"
filminə baxanda vur-tut on yedi yaşım vardı. O,
filmin mövzusu siyasi sürgün yox, yadlaşma, özgə
mədəniyyətləri doğma hesab etməklə
bağlıdır. Cek Nikolonsun baş rolu
oynadığı bu filmdə qəhrəman ölən
dostunun pul qabından şəxsiyyət vəsiqəsini
tapır və onun yerinə keçir. Maria
Şhenderin ifa etdiyi qəhrəman da eynən beləcə,
izahedilməz bir narahatlıq yaşayır və sanki faniliklə
azadlıq bir müstəviyə gəlir, biri o birini əvəzləyir,
hansısa memarlıq abidəsinin yerində başqası
tikilir. Ən əsası, Qərb sərhədləri
bağlı olsa da, qəhrəman viza problemi ilə üzləşmir,
qısa donu və pırtlaşıq saçları Ağ dəniz
mehində dalğalanır. (Xatırlayıram
ki, anamın növbədə gözləmək və Sovet
dövründəki gündəlik həyatın
sıxıntılarına tablamaq kimi çətinliklərinə
qatlanmayan "qərbli" qəhrəmanların mübarizələrinə
rəğbəti yox idi. O deyirdi ki, "kaş
onların problemlərini mən yaşayaydım"). Mən isə filmdə gördüyüm bu
yadlaşma "xoşbəxtliyin"ə, özünü
ifadə etmə azadlığına həsəd
aparırdım. Haqqında
danışdığım film, mənim evi tərk etmək
xülyalarıma qarşı xiffətimi daha da
artırırdı. Bu acı təcrübədən
sonra senzura və kəskin siyasi ayrı-seçkilik həyasızcasına
meydan sulayırdı. Fəqət, vətəni tərk
eləyəndə hara getdiyimi yaxşı başa
düşmürdüm: Amerika Birləşmiş
Ştatlarına, yoxsa populyar dekadens Qərbə? (Mühacir statusu əldə etmək
üçün müraciət edəndə Antonioni
haqqında danışmamışdım).
Sovet vətəndaşları senzura
"sınağından çıxmış" mətnləri
oxuyub ölkəni tərk etmək qərarını beyinlərində
götür qoy-edəndə, paralel bir həyat yaşamağa
məcbur qalır və öz daxili dünyalara baş
vururdular.
Miqrasiya xidmətinə, bəzən də KQB-yə saysız
get-gəllər, işdən qovulmalar bəzən
dostların, iş yoldaşlarının "xəyanət"
məsələsində hər kəsin ürəyindəki qəzəbi
dilə gətirən "şou xarakterli ittihamlar" və
mümkün olan hər yerdən lazımi sənədləri
aylarla bir yerə cəm edəndə üzləşdikləri
Kafkavari bürokratik macəralar həyatın ayrılmaz hissəsi
idi. İşsiz və dostlarsız davam edən bu özünəqapanma,
təcrid, bir neçə ay da davam edə bilərdi, on il də. Sonra isə vətəndaşlıqdan
məhrum edilənlər vizalarını alıb ölkəni
iki həftə içində tərk etməyə məcbur
idilər. Artıq bu mərhələdə
onlar yaxşı dərk edirdilər ki, hardan
çıxıb hara gedirlər.
Sərhəddən keçmək tamam başqa təcrübə
idi. Gün boyu davam edən təhqiramiz gömrük
yoxlamalarından sonra (bəzən qır-qızıl gizlətdikləri
ehtimal olunaraq ginekoloji yoxlamalardan da keçirdilər) Sovet sərhəd
xidmətçiləri gedənləri məlumatlandırırdılar
ki, daha heç vaxt vətənlərinə geri qayıda bilməzlər.
Hava limanının təhlükəsizlik xidmətinin
əyri pəncərələrinin qarşısına
axırıncı dəfə "sağ-salamat gedin" deyə
bilmək üçün gələn qohum-əqrəbalarına
və bir neçə cəsarətli dosta qanrılıb
baxırdılar. Sağollaşmaq
üçün bir yer yox idi. Atam
xatırlayır ki, sərnişinlərə
ayrılmış yerdə gözucu baxıb
görmüşdüm ki, uzun növbədə arxamda dayanan dərdli
bir mühacirin sürdüyü uşaq arabasını
gömrükdən keçməyə qoymamışdılar
və həmin kişinin arabanı əmanət eləyəcəyi
hansısa bir qohumu, yaxud dostu yox idi. Beləcə,
uşaq arabasını boşalan salonun pilləkənlərindən
aşağıya itələmişdilər. Eynən Eyzenşteynin filmlərindəki kimi.
Sovet
İttifaqındakı qohum-əqrəba və dostlar
mühacirətə yollananların təşkil etdiyi "vida
məclisi"ni oyanışa bənzədirdilər.
Mühacirət etmək, ölümü
xatırladırdı, qəribliyə düşməyin
hansısa naməlumluğa vasil olmaqla heç bir fərqi yox
idi. 1970-80-ci illərin qəzet və
jurnallarını oxuyan biri heç vaxt inana bilməz ki,
yüz min insan vətənindən didərgin salınıb.
Bu məsələ haqqında hamının
yanında danışmaq və mühacirət etmək istəyənlərlə
münasibətləri davam etdirmək insanlar arasında
ümumi bir qorxuya çevrilmişdi. Əksər adam mühacirət haqqında eyhamla, Ezop dilində
danışırdı. İnsanlar hara gedəcəklərini
demədən mühacirətdən danışanda hansı
fikri çatdırmaq istədikləri aydın başa
düşülürdü. Qayıdışı
olmayan bir səfərə yollanırdılar. Rəsmi mühitlərə xas
üstüörtülü gülüşü qeyri-rəsmi
yumor ört-basdır edirdi, görünür, Rabinoviçdən
Brijit Bardoya, Brejnevdən Vasili İvaniç Çapayevə
qədər 1970-ci ilin bütün lətifə qəhrəmanlarının
yəhudilərin mühacirətindən başqa lağa
qoymağa mövzuları yox idi. Əsas lətifələrdən
biri demək olar ki, Sovet İttifaqının süqutunu
qabaqcadan xəbər verirdi. Yoldaş
Rabinoviç bir gün mühacirlərin üz tutduğu
Miqrasiya Xidmətinə gəlir. Bir məmur ondan
soruşur ki:
-
Yoldaş, Rabinoviç, burda yaxşı işiniz, xoşbəxt
ailəniz var. Niyə vətəninizdən köçmək
istəyirsiniz?
Rabinoviç
deyir ki, mühacirətə getmək istəməyimin iki səbəbi
var:
- Kommunal
binadakı qonşum deyir ki, Sovet iqtidarı hakimiyyətdən
gedən kimi, sənin boynuna minəcəm.
Məmur cavabında
deyir:
- Amma,
yoldaş Rabinoviç, bilirsiniz ki, belə bir şey heç
zaman olmayacaq. Sovet iqtidarı əbədiyyən
hakimiyyətdə qalacaq.
Rabinoviç
deyir:
- Bax, bu
da getməyimin ikinci səbəbidir.
Sovet
İttifaqından ayrılandan iyirmi il
sonra, artıq Amerika vətəndaşlığı
almış bir neçə mühacir danışırdı
ki, heç turist kimi də vətənlərinə
qayıtmaq istəmirlər. Artıq mühacirlər
geri qayıtmaqla bağlı təhdidləri taleləri və
müstəqil seçimləri kimi dərk edirdilər. Geriyə baxmağı tabuya çevirən sərhəddi
aşmaq təcrübəsi onlar üçün bir
qırılma nöqtəsi idi, hətta bu mövzuda
danışmağı, kövrəlməyi belə şəninə
sıxışdırmayan insanlar üçün əsl
travma idi. Geri qayıtmağın
mümkünsüzlüyünü göstərən sərhəddi
keçmək məsələsi, 1970-ci illərin bu ürəyi
daşlaşmış mühacirləri ilə sərhəddin
hər iki tərəfinə rahatca keçməyin ləzzətini
(ya da lənətini) dadan və oturum yerləri
haqqındakı qərarları sonraya saxlayan 1990-cı illərin
müasir mühacirləri arasındakı əsas fərq də
elə bu idi. Artıq bu mövzulardan cana
gəlmiş mühacirlər, adətən, özlərinə
haqq qazandırır və höcət olurlar, mənəvi və
sosial uğursuzluqdan yaranan psixoloji ehtiyatlılığa
çevrilən qayıtmaq istəyənin
mümkünsüzlüyünü fəhm edirdilər. Bəzi mühacirlər öz bədən üzvlərindən
biri kimi qəbul etdikləri sərhəd məftillərini xəyalən
çəkirdilər. Mühacirlərlə
dostları arasındakı narazılığın əsasını
da 1970-ci illərdə yaranmış bu təcrübə
meydana gətirmişdi. Hər biri digərində
öz həyat tərzinin alternativ potensiyalını, indiki həyatları
ilə uyğun gəlməyən yeni yaşam
qaydalarını görürdü. Qəribə
olsa da mühacirlər Sovet İttifaqındakı evlərini o
yerlərdə qalıb, amma bir səhər gözlərini
tamam başqa bir ölkədə açanlardan daha
yaxşı xatırlayırdılar.
Mühacirlər
hardasa iyirmi ilə əvvəl pasportsuz, vətəndaşlığı
olmadan və şəxsi əşyalarını qoyub gəlmişdilər,
adam başına iki dəst kostyum və hərəsi
90 dollarlıq cib xərcliyi ilə ABŞ-a pənah
apardılar. Yenidənqurma ilə 1970-ci ildən
1980-ci illərə qədər davam edən
"üçüncü dalğa" Sovet mühacirəti
həm hüquqi, həm də praktik səbəblərlə
qadağan edildi. Fəqət bu mühacirlərin
özlərinə məxsus gizli istəklərini onların
nostalgiyalarını və özlərini təqdim etmə
yollarını həm aydın şəkildə meydana qoyur, həm
də daha da başadüşülməz edirdi.
Rus-Amerika təqdimatı heç də asanca qəbul
edilən təqdimat deyil, çünki Sovet pasportundakı
beşinci xanaya görə çoxu yəhudilərdən ibarət
üçüncü dalğa Sovet mühacirləri, həqiqətən
əsl həyatlarını yaşamaqda böyük çətinliklər
çəkiblər. Onlara təəccüblü gəlirdi ki,
Amerikada niyə rus olaraq qalıblar? Amma digər
tərəfdən, başqa rus mühacirləri (ikinci və
üçüncü dalğadan salamat çıxanlar)
onları vətənlərinə nifrət edən əsilsiz-köksüz
kosmopolitlər" kimi qəbul etdiklərini görəndə
mat-məəttəl qalmışdılar. Mühacirlərin
çoxu amerikalı yəhudi qruplaşmalarından
yaxşıca yardım alsalar da, onların hamiləri tez bir
zamanda Sovet Yəhudilərinin yəhudilər haqqında
çox az şey bildiklərini beyinlərindəki
nostalji - birgəyaşayış yeri - ata-babalarının və
əcdadlarının meyl elədiyi şey - məqsədlərinə
uyğun gəlmədiklərini başa düşdülər.
Sovet yəhudilərinin əksəri şəhərli,
təhsilli və sekulyar idilər. Pasportlarına
"Amerikalı" yazılması məsələsində
də qırmızı xətti keçmişdilər.
ABŞ-a olan
bağlılıqlarını həddən ziyada büruzə
verdikləri üçün bu, tez-tez amerikalı dostları
və hamilərin qəzəbinə səbəb olurdu.
Mühacirlər evlərində kiçik Amerika bayrağı
qoyurdular, amma həqiqi Amerika adət-ənənələri,
hüquqi sistemləri və davranış qaydaları
haqqında az məlumatlı idilər. Rusiyada xəyal etdikləri Amerika xəyalına hələ
də nostalji hisslər bəsləyir və bəzən də
arzuladıqları gözəl günlərə əlləri
çatmırdı deyə Amerikanı bağışlaya
bilmirdilər.
Larisa evə
qədəm basanda iki cür münasibət
gördüyünü danışırdı: Ya çox tərif
edirdilər (Bəh-bəh, buralar çox gözəldi, eynən
Moskvadakı evə bənzəyir), ya da gözdən
salırdılar (on beş ildir burdasan, hələ
də mühacir kimi yaşayırsan). Burdakı
evlər Moskvadakılara oxşayır, amma demək olmaz ki,
onların eynisidir. Dostoyevski, Tolstoy, Höte, Tomas
Mannın seçilmiş əsərləri burada çox
böyük qiymətə sahib idi; çox güman ki, bu
nüsxələr həm onların
kübarlıqlarının göstəricisidir, həm də
şəxsi yadigar əşyaların (matryoşka
oyuncaqları, taxta qaşıqları ilə bəzəkli
kasaları, gildən düzəldilmiş oyuncaqlar, ekzotik
plyajlardan yığılmış balıqqulağılar,
1970-ci illərdə Estoniyadan alınmış keramik güldanlar,
Nyu-Yorkda tullantıların yığılıb
satıldığı mallar və zibillikdən
toplanmış "xəzinələr) görüş
yeridir. Mətbəxdə bir neçə fərqli dini simvol
olardı: Rəflərin birində ucuz yeddi gözlü
şamdan, digərində Pasxa bayramındakı yumurtalar, rus
oyuncaqları, divardan asılmış Pasxa boşqabı,
mayasız çörək, çay stəkanları, stolun
üzərindəki mürəbbəli qoğal qəribə
və dini həyat tərzini simvolizə edirdi. Dini
əşyalara da sənət əsəri və yadigar
gözü ilə baxılırdı. Larisa
köhnə Sovet pasportuna görə yəhudi hesab olunurdu,
amma Sovet İttifaqında yaşayanda heç zaman ibadət
etməmişdi. Fəqət deyirdi ki,
mühacirətdə bütün bayramları qeyd edir və nə
qədər çox bayram olursa, o qədər çox sevinir.
Amma Moskvada yaşasaydı boşqabı
heç vaxt divardan asmayacağını da gizlətmirdi.
Bu əşyalar dekorasiyadan çox bildiriş,
kimliyini nəzərə çatdırmaq xarakteri
daşıyırdı.
Mühacirlərin kitab rəflərindəki yadigar əşyalar
beynəlmiləl bir mahiyyət kəsb edirdi. Burada Amerikada
həyətlərdə əldə satılan hədiyyələr,
Çin ördəkləri, şirlər və digər
ekzotik heyvanlar (rus mühacirləri ürəkparçalayan
unutqanlıqdan xilas etmək üçün miniatür kitab
muzeylərində sərgilənən "Red Rose" etiketli
çay qutularında olan balaca dinozavrlar da daxil olmaq şərti
ilə) tapa bilərsiniz. Bunlar mühacirlərin
yaddaşındakı əsas heyvanlardır. Bəlkə də, bu heyvanlar onlar üçün əşya
tullamaq qadağasını ifadə edirdilər. Bir dövr vardı ki, mühacirlər öz
zir-zibillərindən yaxa qurtarmaq üçün,
başlarına bəla olmasın deyə, şəxsi əşyalarından
bir çoxunu tullamışdılar, indi qorumaq və kolleksiya
yığmaq növbəsinin onlara
çatdığını düşünürdülər,
onlar üçün gizlədilən əşyanın
heç bir önəmi yox idi.
Amerikada küçə alveri və zibilliklər
mühacir fotoqrafiyasında xüsusi əhəmiyyət
daşıyır. Mühacir xatirələrini qələmə alan Diana Vinkovetskaya belə yazır:
"Heç Nyu-Yorkdakı zir-zibil haqqında məlumatınız
var? Burda nə yoxdu ki? Burda
olan şeylər heç muzeylərdə yoxdu. Balaca bir stol hələ də evimizin əziz əşyalarındandır.
Həm də Napoleonun dövründəki amper
üslubunda Vinkovetskaya Moskvada Tretyakovda şəkilləri bərpa
edən, amma Nyu-Yorkda zibillik eşmək peşəkarı
olan bir mühacirin həyatını danışır.
O, küçədəki əşyaları toplayıb təmizləyib
və əvvəlki vəziyyətinə qaytarıb. Bu əşyaların sayı o qədər çox
imiş ki Tolstoy Fondundan sosial xidmət işçiləri
onları görməyə gələndə dərhal maddi
yardım ayırmağı qərara alıblar. Zibillikdən əşya yığmaq praktik bir
ehtiyac olduğu qədər, eyni zamanda keçmişin
xilasıdır, amma həmin keçmiş onların öz
tarixi ilə bağlı deyil.
Larisa deyir ki, Moskvada olsaydım ömrümdə bu bəzək əşyalarını rəfimə düzməzdim. Əslində, bəzi rus qadınları mənə danışmışdılar ki, Moskvada heç zaman matryoşka və xoxloma düzməzdilər. Çünki belə şeylər maddiyyatçılığa qarşı mübarizənin bütün gücü ilə davam etdiyi 1960-cı illərdə kübarların mədəniyyətsizliyi kimi mənalandırılar və insanlar tərəfindən o qədər də yaxşı qarşılanmırdı.
Ardı var
Svetlana Boym
Tərcümə
etdi: Fərid Hüseyn
Ədəbiyyat qəzeti.- 2020.- 15
avqust.- S.18-19.