Uşaq ədəbiyyatının ciddiyyətinə
xələl gətirənlər:
məsuliyyət
kimin üzərinə düşür
Uşaq ədəbiyyatı ilə bağlı bir məqam
məndə həmişə sual doğurub. Uşaq
psixologiyasının incəliklərinə bələd olmayan
bir adam niyə bu sahədə qələm
işlətməyə borclu bilir özünü? Axı bu sahədə qəbul olunmağın tələbləri
çox ağırdır. Uşaqdır
deyib keçməklə deyil ki. Təcrübə
və reallıqlar sübut edib ki, uşaq ədəbiyyatı
meydana qoymağın çox qəliz şərtləri var.
Bu dənizdə qol qanad atmaq hər adamın hünəri
deyil, hələ keyfiyyətə təsir edən bu kəmiyyət
sıxlığı getdikcə nüfuzlu bir sahənin
adını batırmaq təhlükəsi ilə üz-üzə
qoyur bizi. Təsəvvür edin, dili və
ifadə tərzi ilə uşaqların yaş səviyyələrinə
uyğun olmayan nə qədər kitablar var. Mücərrəd
nəsihət, quru mühakimə baş alıb gedir. Bədii
zövqləri yenicə formalaşan uşaqlar
üçün o qədər pis nümunələr meydana
qoyulur ki, adam heyrət etməyə bilmir. Baxırsan ki, axı bu nümunələri yazan
müəlliflərin özlərinin təfəkkürü,
düşüncə səviyyəsi yerində deyil.
Düzü, bu mövzuda çoxdan yazmaq istəyirdim. Uşaq
psixologiyasının xüsusiyyətlərinə tam diqqət
və həssaslıq lazım olduğu məqamda əks
qütbü nişan verən
çoxsaylı mətnlərin bolluğu mövzudan yan
keçməməyi labüd edirdi. Bu günlərdə sosial
şəbəkələrdə Aygün Bal adlı müəllifin
"Qaz və Göyərçinin əhvalatı"
adlı kitabından bəzi nümunələrin
yayımlanıb haqlı olaraq qınaq predmetinə
çevrilməsi göstərdi ki, bəlkə də
gecikirik. Uşaq ədəbiyyatı ilə
bağlı SOS siqnalını dayanmadan çalmaq
lazımdır. Mərhum dilçi alimimiz Aydın Məmmədov
demiş, "səsimiz eşidilənədək"...
Biz
dönə-dönə uşaqlara tərbiyəvi cəhətdən
əhəmiyyətli, bədii cəhətdən kamil ədəbi
nümunələrin yazılmasının vacibliyi məsələsini
qabardarkən zamanla gizlənməyə fürsət
tapmış bu kimi nümunələr üzə
çıxıb, əslində, nə qədər ciddi bir
problemin içində olduğumuzu bəlli edir:
...Söylədi
eşqini Qaz Göyərçinə,
Dedi:
"Vurulmuşam nə vaxtdır sənə..."
Evli
olduğunu bilsə də Qazın,
Artırdı
bir az Göyərçin nazın.
Boyu
çatmasa da Qazın boyuna,
İnadla girirdi Qazın qoluna.
Göyərçin
bilirdi tay deyil ona,
Göyərçin vurulmuşdu qazın puluna.
...Hər
gün yeyib-içmək, hər gün restoran...
Xərclik də olurdu puldan-paradan.
Arvad
anlamasın, bilməsin deyə,
Qaz evə alırdı çoxlu hədiyyə.
Bir gün xəbər tutdu Qazın arvadı.
Qaqqıltı səsilə tutdu fəryadı.
Axtarıb
tez tapdı o Göyərçini,
Dedi:
"Kəsəcəyəm sənin səsini"...
Göründüyü kimi, müəllif əsl mətləbə
dərin maraq oyatmaq üçün rəngarəng ədəbi
priyomlar işlədir. Biz uşaqlarımızın əxlaqi
dünyagörüşünün formalaşmasına bu
cür lövhə və ştrixlər yaratmaqlamı xidmət
edirik? Ümumiyyətlə,
uşaqlarımıza münasibətdə hansı əxlaq kodeksi
meydana qoyuruq? Axı dil və ifadə səlisliyi
öz yerində, uşaqlar üçün yazılan mətn
ilk növbədə, uşaqların təfəkkür tərzinə
uyğun olmalıdı. İdeya
saflığı, məna aydınlığı gözlənilməlidir.
Müəllifin sonrakı
açıqlamasına istinad etsək, tutaq ki, bu mətni uşaqlar
üçün yazmayıb. Hərçənd
gülməli və uğursuz bəraətdir. O zaman
kitabın içindəki o bər-bəzəkli şəkillər
nəyə gərək idi? Böyüklərə
vizual olaraq nəyisə anlatmaq üçünmü?
Yaxud kitabın sonunda müəllifin yazdığı
"Ümidvaram ki, ailə-məişət fonunda qələmə
aldığım "Qaz və Göyərçinin əhvalatı"
adlı şeirimdən ibarət ilk kitabım
balalarımızın ürəyindən olacaq, onların əxlaqi
və estetik tərbiyəsində müəyyən rol
oynayacaqdır", - fikrini hara yozaq? Məncə,
müəllif belə təmənnalarda olmaqdansa,
uşaqları yüksək dəyərlər ruhunda tərbiyə
etmək vəzifəsini öhdəsinə götürsəydi,
daha yaxşı olardı. Ataların
sözü olmasın, qaçan da Allahı
çağırır, qovan da. Bu "əxlaqi
və estetik" ifadəsini isə kitab və məqalələrin
içində görməkdən gözlərimiz
yağır olub. Heç olmasa,
üzünüzü uşaqlara tutanda əxlaq
sözünü yazmayın, sadəcə əxlaq
aşılayın yetər.
Günlərdir bu məsələdən bəhs
edildiyindən həmin nöqtəyə çox fokuslanmaq istəməzdim. Həm də
ona görə istəməzdim ki, bu cür nümunələr
yüzlərlədir və bu qınaqdan çoxuna pay
düşməlidir. Məsələn,
götürək Gülzar İbrahimovanın redaktorluğu ilə
nəşr olunan "Sehrli dünya" jurnalını.
Bu jurnalda nağıl, yaddaş oyunu, müdrik
hekayətlər, dahilərin həyatından bəhs edən məqalələr
yer alsa da, onlar bəzən ideya baxımından zərərli,
bəzən də sadəcə dil və üslub cəhətdən
qüsurlu formada təqdim olunurlar. Verilən
nümunələrdə sözçülük, cümlə
dolaşıqlığı baş alıb gedir.
Etiraf
edirik, jurnalda "Müdrik hekayətlər" rubrikasında
maraqlı hekayələr yer alır, rus və ingilis dilində
şeirlərin verilməsi maraqlı formatdır, "Mənim
etiket qaydalarım" başlığı altında
uşaqlara görüşərkən riayət etməli
olduqları davranış qaydaları haqqında amillərin
yer alması müsbət haldır, eləcə də
dünyaca məşhur alimlərin həyatı və
onların elmə verdiyi töhfələrdən bəhs edilməsi
uşaqların dünyagörüşlərinin
inkişafına xidmət edən keyfiyyətlərdir. Buna baxmayaq, jurnalın özünün uşaqlarla
davranışda etiket qaydasına riayət etməsinə
ehtiyac var. Məsələn, jurnalda uşaqları əyləndirmək
məqsədi ilə sual-cavabı xarakterli yazıların
"Prikollar" başlığı altında təqdim
olunması nə dərəcə doğrudur? Bu başlığı daha məqsədəuyğun
bir ifadə ilə əvəzləmək doğru olmazmı?
"Ciddi ol" sərlövhəsinin altında isə
uşaqların yaşına, psixologiyasına yad olan elə lətifələr
yer alır ki, yazıq uşaq istəsə belə gülə
bilməz:
"İki deyingən ər və arvad mübahisə
edir.
Qadın:
- Məni
itirmək asandır, tapmaq çətindir.
- Eynən mənim corablarım kimi!"
("Sehrli
dünya", №61, s.48)
Yaxud:
"Müasir
dövrdə pis adam olmağın asan yolu:
1. Pul istəyənə
borc verirsən
2.
Gözləyirsən
3.
Neçə aydan sonra soruşursan: "Borcu nə vaxt
qaytaracaqsan?"
4.
Hazırsan! Bitdi. Sən, ən pis adam oldun"!
Başqa
nümunəyə diqqət yetirək:
"- Oğlum, niyə nişanlın neçə
gündü görünmür?
- Ona dedim sən sehrlisən, küsdü məndən.
- Ona
görə küsməz, düzünü de!
- Dedim
Küpəgirənsən!"
("Sehrli
dünya", № 60, s.42)
Bu lətifələrin uşaqlara nə qədər dəxli
var? Ana ilə oğulun arasında gedən bu söhbət
görəsən hansı yaş senzinə malik uşaqlar
üçün nəzərdə tutulub? Yəqin
"ananın gözündə övladı hər zaman
uşaq qalır" kimi bir deyim bu lətifələri
düzüb qoşan müəlliflər üçün daha
çox keçərlidir, nəinki onların təlim tərbiyəsi
üçün daşıdıqları cavabdehlik hissi.
Onu da qeyd edim ki, uşaqları yaşından
böyük danışdırmaq, onların fikir səviyyələrinin
nəzərə alınmaması son vaxtlar çap olunan
nümunələrdə çox gözə çarpır. Bəzən
buna maraqlı uşaq şeirləri yazan müəlliflər
də yer verir və öz poetik imkanından aşağı səviyyədə
olan mövqe sərgiləyirlər. Məsələn,
Budaq Təhməzin "Budaq babanın
nağılları" adlı uşaq şeirlərindən
ibarət kitabında "Anamın arzusu" şeiri var:
Saleh
deyir: - Uşaqlar,
Anamın arzusu var.
Böyüyüb
yaşa dolam
Geyib əsgər
paltarın,
Oxuyub zabit olam.
Qoy
hamı rahat yatsın
Evində, eşiyində.
Mən də
bir zabit kimi
Dayanım
sərhəd boyu
Vətənin
keşiyində
Anam sevinər
onda
Arzusunu bitirər.
Mənə
də toy eləyib
Ağ
örpəkdə, ağ donda
Evə gəlin gətirər.
Şeirin estetik tərəfləri bir tərəfə,
bizi maraqlandıran ideya sağlamlığı məsələsidir. Doğrudanmı,
balaca uşaqların gələcəklə bağlı
arzularının təməlində "evə gəlin gətirmək"
kimi bir istək də dayanır? Axı belə
bir şey uşaq dünyasına, uşaq düşüncəsinə
yaddır. Niyə bunu zorla
uşaqlarımızın düşüncəsinə
yeridirsiz? Onsuz da zamanı gələndə
bütün gözəl hallar yaşanır. Bunu uşağın dilindən vermək nə dərəcədə
doğrudur?
Yeni çap olunan kitablara nəzarətin olmamasından
şikayətlənirik. Bəs o zaman müəyyən tarixi təcrübəyə
malik jurnallarımızda yer almış naqisliklərin
hesabını kimdən soraq? Məsələn,
"Günəş" jurnalına baxaq. 1927-ci ildən çap olunan bu jurnalda elə
nümunələrlə rastlaşırıq ki, həmin
tarixi təcrübənin öz sözünü demədiyinə
sadəcə, təəssüflənmək qalır. Əvvəla, jurnalda çap olunan əksər
şeirlər mənasız söz yığını təsiri
bağışlayır, sırf qafiyəpərdazlıq
nümunəsi olan, uşaq təhkiyəsinin şirinliyindən
uzaq bu şeirlərdə cılız vətənpərvərlik,
bəsit yumor hissi dominantlıq təşkil edir. Bu şeirlərin ümumiyyətlə, uşaq
jurnalına yol açmasına heyrət etməli oluruq.
Məsələn, "Günəş" jurnalının
2014, N-1 sayında Sərxan Əhmədli adlı müəllifin
"Dörd yolun ayrıcında" adlı belə bir
şeiri verilib:
Bəzən
olub, azmışam
Kasıblar arasında.
Qələmimin
ucunda
Bir
oçerk də yazmışam
"Dörd yolun ayrıcında".
Bu
oçerki bir naşı
Cibimdən oğurlayıb.
Aparıb
bir qəzetdə
Özün "müəllif" sayıb.
Bəyəm
redaktor qağam
Dəsti-xəttimi bilmir?
Niyə
onu götürüb,
Dəqiq öyrənmək
üçün
Mənim yanıma gəlmir?!
Nə qədər çalışsam da, şeirdə
uşaqlara aid kiçicik bir işarə tapa bilmirəm. Şeir müəllifi sanki
çoxdan yanıqlı olduğu mətləbi nəzmə
çəkərək onun haradasa çapına nail olmağa
çalışıb və tarixi təcrübəyə
malik "Günəş" jurnalı da öz səhifələrinə
ona məmnuniyyətlə yer ayırıb. Bu şeirə də,
həmin müəllifin epataj səciyyə daşıyan,
uşaq dünyasına aid olmayan "Ehtiras növbəsində"
şeirinə də:
Düz
bir ildi Eşşəyin
Əli Atdan üzülüb.
Ehtiras
"növbəsinə"
Tülkü-çaqqal düzülüb.
Etiraf edək
ki, bu şeir heç də yuxarıda sözü gedən
Aygün Balın "Qaz və Göyərçinin əhvalatı"
şeirindən az "effektiv" deyil. Uşaq ədəbiyyatı nümunələrində
müəlliflərin öz xəstə düşüncələrini
heyvanların üzərinə köçürüb
onların dili ilə təqdim etdiyi, bu cür natamamlıq
komleksinin göstəricisi olan mətnlər getdikcə adət
halını almaqdadır. Təsəvvür edirsiz,
uşaq ədəbiyyatı ilə bağlı təqdim olunan
bir qism kitablarda açıq-aşkar zoofiliya ilə əlaqəli
motivlər yer alır, "seks", "qız tapmaq",
"arvad calamaq", "baştutanlıq etmək" kimi
ifadələr, kobud sözlər, söyüşlər eninə
boluna işlənir. Özü də bəzən
bunu o müəlliflər edir ki, uşaq ədəbiyyatının
tanınmış simalarıdır. Məni
düşündürən bu şeirlərin hansı
ovqatın təsiri ilə yazılmasıdır. Uşaq zehniyyətini bu cür neqativlərlə zəhərləməyə
hansı səbəblə özlərini haqlı bilirlər?!...
Yaxud digər bir məqam. Böyüklər
arasında mövcud hansısa konfliktin uşaq mətnlərinə
gətirilməsinə nə ehtiyac var? Bu
yaxınlarda uşaq şeirlərindən ibarət topluda Həsənəli
Eyvazlının "Dayısına hürməyən
küçük" adlanan təmsilinə rast gəldim.
Ana hər gün, hər zaman.
Nəsihət eyləyirdi.
Dayısın
tərifləyib,
Əmisini söyürdü.
Deyirdi - nəslimizin,
Onlar qatı düşməni.
Heç
inanma onlara,
Sevməyəcəklər səni.
Böyüyəndə
bilərsən
Nələr çəkirik, bala.
Odur,
qulaqsız qalıb,
Doğma dayın "boz tula".
Yaltaqlığı,
bicliyi,
Hər donu bilməlisən.
Lazım
gəlsə onların,
Ayağın öpməlisən.
Ana bir
xalta asdı
Balasının boynuna.
Küçük
girib sığındı,
Anasının qoynuna.
- Dedi: -
bax, bu xaltada,
Asılını görərsən.
Kimin
boynunda bundan
Yoxsa, ona hürərsən.
O gündən
küçük hər gün,
Boyunlara baxırdı.
Hər
gün xaltanı açır,
Silib, bir
də taxırdı...
Bir
gün əmisin görüb,
Hürdü onun üzünə.
Arsız-arsız
hələ bir,
Dik də baxdı gözünə.
Əmi
xeyli dinmədi,
Heç kəsmədi sözünü.
Asta-asta
söylədi,
Ona
sözün düzünü:
-
Başqasından qurtarıb,
İndi bizə hürürsən.
Hür, bala, nə deyirik.
Göründüyü kimi, müəllif bəsit
kompozisiya daxilində süni dramatizmə
qapılmışdır. Amma burda bizi narahat edən
ideya saflığının olmamasıdır. Uşaqlar üçün nifrət aşılamaq təlimi
keçən əsərlərə gərək yoxdur. Mətn onlarda nəcib hisslər
formalaşdırmağa hesablanmayıbsa bəri başdan
özünü yanıltmış sayılır.
Qeyd etdiklərimiz hər gün rast gəldiyimiz
yarıtmazlıqların bir qismidir. Təəssüf ki,
bu cür nümunələrin sayı günbəgün
artmaqdadır. Uşaq ədəbiyyatı
adı ilə olduqca bəsit, tərtibatı zəngin, lakin
mündəricəsi zəif, yaxud əksinə, məzmunca
maraqlı olsa belə illüstrasiyası sönük,
uşaqlara heç bir estetik və mənəvi qida verməyən
kitablar satılır. Bunun
qarşısını necə almalı? Yalnız hərəmiz
bir yol deməkləmi ki, "uşaqlar gələcəyimizdir",
"zəif, yararsız əsərlərın çapına
yol vermək olmaz"?!. Bununla
problem həll olunurmu? Əlbəttə ki
yox. Bu məsələyə dövlət
səviyyəsində nəzarət lazımdır. Mədəniyyət
Nazirliyinin, Təhsil Nazirliyinin, Azərbaycan
Yazıçılar Birliyinin, F.Köçərli adına
uşaq kitabxanasının, AMEA Ədəbiyyat İnstitutu
Uşaq ədəbiyyatı şöbəsinin, bu yöndə
daim təəssübkeş mövqe nümayiş etdirən
ziyalıların ciddi nəzarətinə götürülməlidir
bu sahə. Bu barədə bir neçə
yazımda yazmışam, AzTv-nin "Çıxışa
doğru" verilişində dəfələrlə səsləndirmişəm.
Ki, uşaq ədəbiyyatına xüsusi nəzarət
olmalıdı, bu sahədə ürəyi istəyən hər
kəs, əlinə qələm alan hər
istedadsız kəsim meydan sulaya bilməz, sulamamalıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin "Qaz və Göyərçinin
əhvalatı" kitabı ilə bağlı
açıqlamasında oxuyuruq: "Ailə institutunu
nüfuzdan salan informasiyalar uşaqlar arasında dövriyyəsi
qadağan olunan informasiyalar sırasına aid edilib. "Uşaqların zərərli informasiyadan
qorunması haqqında" Azərbaycan Respublikası Qanununun
4-cü maddəsinə əsasən həmin informasiya məhsullarının
uşaqlar arasında yayılması qadağandır. Həmçinin, bu qanunun tələblərinə
zidd olaraq sözügedən "kitab" ekspert rəyi
olmadan çap edilib".
Hansı ekspert rəyi? Axı belə bir
ekspert qrupu formalaşdırılmayıb ölkədə.
Sovet dövründə "Nəzarət
palatası" deyilən bir qurum vardı. Bu sahəyə aid bütün məsuliyyəti
üzərinə götürür, uşaq nəşrlərinə
birbaşa məsuliyyət daşıyırdı. Bəs bu gün bu məsuliyyəti hansı qurum
daşıyır? Bizdə adı olub
özü yox kimi görünən çox qurumun
adını çəkmək olar, amma görünən, əldə
olan nəticələr böyük bir boşluğun
içində olduğumuzu bəlli edir.
Bu günlərdə Mədəniyyət Nazirinin birinci
müavini təyin olunmuş Anar Kərimovun təşəbbüsü
ilə nazirlik kompleks və sistemli islahatların həyata
keçirilməsi məqsədilə ictimaiyyətə
üç sual ünvanlamışdı. Suallardan biri belə idi:
"Mədəniyyət sahəsində siyasət və idarəetmədə
gözləntiləriniz nədir?". Bir təklifi burdan irəli sürürəm,
buyursun, uşaq ədəbiyyatı ilə bağlı
Nazirlikdə Ekspert şurası yaradılsın.
"Axar.az" saytında verilən bir məlumatda təhsil
eksperti Kamran Əsədov belə bir fikir səsləndirib:
"Azyaşlı uşaqlar üçün istənilən
vəsait çap olunmamışdan əvvəl senzuradan
keçib qrif almalıdır. Məsuliyyət
daşıyan yoxdur deyə, hərə bir kitab
çıxarır. Mövcud qanunvericiliyə
görə, bu cür nəşrlərə nəzarəti Təhsil
Nazirliyi həyata keçirmir. Müstəqil
Dərslik Mərkəzinin yaradılmasını təklif
etmişəm. Hətta dərsliklər belə
müstəqil qurum tərəfindən yoxlanılsın.
Ona görə hər kəs məsuliyyət
daşısın. Mövcud prosedur və
yoxlamalardan sonra çap edilsin. Ondan sonra bir
də belə bir şey olmayacaq".
Bəli, məhz məsuliyyətin yoxluğundan törəyir
bu cür hallar. Yazıçı yazdığı
sözün, redaktor redaktə etdiyi mətnin, nəşriyyat
çap etdiyi kitabın üzərində məsuliyyət
daşımır. Bazara hesablanmış, rəngarəng
dizaynlarla göz oxşayan, bəhsəbəhsə, say
artırmaq üçün kitab meydana qoymaq uşaq ədəbiyyatına
xidmət göstərmək deyil. Xidmət etmək
o zaman baş tutur ki, mahiyyətində məfkurəvi istiqamət
olsun. Düşünəndə ki, ötən
əsrin bu zamanlarında uşaq ədəbiyyatını
yaradanlar əsərlərini hansı ciddiyyətlə
yazırdılar, uşaqlarımızda hansı məfkurəvi
hisslər tərbiyələndirməyə
çalışırdılar, bu ənənələr
yaşanmalı və yeni istiqamətdə inkişaf etdirilməli
halda sanki planlı şəkildə məhvə sürüklənməkdədir.
Yoxsa texnogen sivilizasiyasının pik həddində
olan çağdaş dünyada "tərəqqi" etməyin,
uşaqlar üçün orijinal mətn yazmağın yolunu
etik, əxlaqi mahiyyətin sıradan çıxmasında
görürük? Onları uşaqlıq
kimi təbii imtiyazlarından məhrum etməyə
çalışırıq. Çox sevdiyim məşhur
bir fikir var: Əl Xarəzmi ondan insanın qiyməti
haqqında soruşanlara belə cavab verir: "Əgər
insanın əxlaqı varsa, bu, bir rəqəmi deməkdir; əgər
insan həm də gözəldirsə, bu 1-in yanına
sıfır da artır =10; əgər insanın həm də
pulu varsa, bura daha bir sıfır artır =100; əgər insan
həm də əsil-nəcabətlidirsə, daha bir
sıfır artır =1000. Amma alınan rəqəmdən
1 - yəni, əxlaq getsə, insanın qiyməti yerdə
qalan sıfırlara bərabər olacaq".
Belə...
İndi biz də əgər mətnlərimizdə uşaqlara
gözəllikdən, əsil nəcabətdən, təbiətdən,
dostluqdan, bir sözlə, guya hansısa mənəvi dəyərlərdən
dəm vurub, əvəzində ruhunu və mənəviyyatını
aşındıran nümunələrlə əxlaqını
kor edəcəyiksə, o zaman edilən bütün
çabalar Cavid demiş, "soldakı sıfır qədər
mənasız" qalacaqdır.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2020.- 15 avqust.- S.16-17.