Ağrı
hekayə
Səhran
kişi əlini ağappaq saqqalına çəkdi, hətta
yorğun, bir o qədər də çəlimsiz
barmaqlarını saqqalının uclarına qədər
sürüşdürdü. Elə dərindən ah çəkdi
ki, bütün çiyin əzələləri
yığılıb-boşaldı. Bomboz çöllüklərə
baxdı. Cibindən siqaret çıxarıb yandırdı,
bir qullab alıb tərtəmiz havaya buraxdı. Gözləri
dolmuşdu. Birnəfəsə ağlamaq istəyirdi. Amma
ağlamadı. Bəlkə də elə
zülüm-zülüm ağladı, amma bu fəryadı səsli
görmək olmadı. Qara bulud kimi fikirlər, duyğular
içinə çökmüşdü. Və qəfil dedi ki,
bu daşlarda anamla gəzərdik, indi isə burdan anamı
görmək üçün qəbiristanlığa
baxıram...
Səməd
onda lap balaca idi. Hələ burnunu köynəyinin qoluna
silirdi. Bir də hinəgirən Səriyyənin
toyuqlarının yumurtasını oğurlayırdı. Hinəgirən
Səriyyə də çıxıb taxıl
xırmanının ortasında elə söyüşlər
verirdi ki, heç o söyüşləri kişilər
vermirdi. Hələ bir dəfə xırmanda bərk
qarğış elədi. Dedi ki, mənim qırmızı
beçəmin yumurtasını oğurlayanın görüm
həyəti toyuq-cücəyə həsrət qalsın,
oğlu evlənməsin, qızı qarıyıb evdə qalsın.
Səməd
də seyid Fatmanın evinin arxasında böyürtkən
koluna qımışıb, hinəgirən Səriyyənin
qarğışlarını bir-bir barmağı ilə
sayırdı. O, dəqiq yəqin eləmişdi ki, hinəgirən
arvad o qarğışları ona edir. Kim bilərdi ki, gün
gələcək Səmədgilin həyətində bir
beçə olmayacaq ki, qonaq qabağına kəsib qoysunlar.
Səməd
evin tək oğlu idi. İki bacısı isə ondan
böyük idi. Anaları uşaq olanda ölmüşdü.
Atası Səhran kişi isə Sovet dağılandan sonra
ömrünü həyət-bacada keçirirdi. Düz 37 il Səmədin
atası anasından sonra subay yaşayırdı. Və həmişə
ona evlən deyənlərə deyirdi ki, rəhmətlikdən
gedin soruşun, görün o nə deyir, mən ondan
soruşmadan iş tuta bilmərəm.
Doğrudan
da, qəribə ömür sürürdü. Bir gün kənddə
arvadlar pıçıldaşırdılar ki, Allaha çox
şükür hinəgirən arvadın duası qəbul
olmayıb. Çünki bu söz-söhbətə səbəb
Səmədin evlənməsi idi. Səməd daha böyük
kişi olmuşdu. O, burnunu qoluna silmirdi, yumurta da
oğurlamırdı. Amma Səmədin haqqında şayiələr
isə bitib-tükənmirdi. Deyirdilər ki, Səməd
"qızbibidi". Allah bilir, bəlkə elə bunu da o hinəgirən
Səriyyə uydurub. Onu da deyim ki, Səriyyəyə ona
görə hinəgirən deyirdilər ki, bütün
gününü hinin qarşısında keçirirdi. Necə
ki, toyuq yumurtlayırdı, Səriyyə də tez
başını hinə soxub yumurtanı
götürürdü. Bu minvalla axşama qədər gününü
belə keçirirdi.
Kəndin
bekar arvadlarının pıçıldaşması
bütün elə-obaya yayılandan sonra, hamı yəqin etdi
ki, Səməd həqiqətən evlənir.
Qış
ayının düz ortaları idi ki, Səməd
üçün toysuz-çalğısız bir qız gətirdilər.
Səməd də sevindiyindən işıldayan kəmərini
belinə vurub, hərdən eyvanda var-gəl edirdi. Hinəgirən
qarı da çox güman ki, evdə bu işin baş
tutmaması üçün qarğışlar edirdi.
Qarğış etməsə də yumurtaların
sayını tuturdu.
Amma bu
xoşbəxtlik uzun çəkmədi. Hinəgirən
qarının qarğışları öz bəhrəsini verdi.
Səməd evlənər-evlənməz Rusiya yoluna üz
qoydu. İki bacısı və atası birotaqlı evdə
ömür etməyə davam edirdilər. İllər
çox sərt olur, ya da bəzi insanlara sərt
üzünü göstərir.
Səhran kişi iki qızını saxlamaq
üçün üç baş inəyə göz bəbəyi
kimi baxırdı. O, inəklərin balalarını satıb
evi dolandırırdı. Hərdən görürdün ki, kəndin
ayağında yağışlı günlərdə
daşa qımışıb oturub. Və adama elə gəlirdi
ki, Səhran Səməddən nigarandı. Ya da qəbiristanlıqdakı
anası üçün darıxıb. Amma necə ola bilər
ki, 67 yaşında adam anası üçün
darıxsın? Bəs darıxmırdısa nəyə
görə elə hey qəbiristanlığa baxırdı?
Elə qəbiristanlığa
baxa-baxa Səhran kişi əlini ağappaq saqqalına çəkdi,
hətta yorğun, bir o qədər də çəlimsiz
barmaqlarını saqqalının uclarına qədər
sürüşdürdü. Elə dərindən ah çəkdi
ki, bütün çiyin əzələləri
yığılıb-boşaldı. Bomboz çöllüklərə
baxdı. Cibindən siqaret çıxarıb yandırdı,
bir qullab alıb tərtəmiz havaya buraxdı. Gözləri
dolmuşdu. Birnəfəsə ağlamaq istəyirdi. Amma
ağlamadı. Bəlkə də elə
zülüm-zülüm ağladı, amma bu fəryadı səsli
görmək olmadı. Qara bulud kimi fikirlər, duyğular
içinə çökmüşdü. Və qəfil dedi
ki, bu daşlarda anamla gəzərdik, indi isə burdan anamı
görmək üçün qəbiristanlığa
baxıram...
Daha bir
yağışlı gün idi. Səhran çənəsini
ağaca söykəyib boz çöllükdə inəkləri
otarırdı. Sonra həzin-həzin mahnı da oxuyurdu:
Duman
çəkil dağlardan, duman çəkil dağlardan,
Dağlar,
başına dönüm, torpaq, daşına dönüm.
Elə qəmli-qəmli
oxuyurdu ki, elə bil bu dünyada hamı Sehran kişini
atıb getmişdi, hamı onu tərk etmişdi, daha gəlməyəcəkdi.
Əslində isə həqiqətən də o,
büsbütün bir tənhalığın içində
idi: Oğlu Səməd üçün, ölən
arvadı üçün və anası üçün
uşaq kimi darıxırdı. Darıxa-darıxa da, iki bəxti
gətirməmiş qızına baxırdı və illərin
qabağına düşüb qocalırdı.
Hinəgirən
qarı da qırmızı beçələrini
uşaqlarına tapşırıb ölmüşdü. Amma
hinəgirən qarı ölsə də, onun
qarğışı qulaqlardan getməmişdi. Elə bil ki,
hər il yay olanda, taxıl biçinindən sonra xırmanda
onun səsi eşidilirdi: Deyirdi ki, ay toyuqlarımı sayan, inəklərimin
südünə göz dikən, sizi görüm
balanızın köynəyi sovxaya qalsın. Hələ
ürəyi soyumayanda daha ağır qarğışlar edirdi
ki, bütün kənd-kəsək onun
qarğışlarından heçə
çıxmışdı.
Səhran
kişi isə həmişə hinəgirən arvada
deyirmiş ki, oğlum Səmədin ölmüşünə,
Səməd Rusiyətdən gələndə sənə
yaxşı don tikdirəcəm. Amma nə Səhran kişi, nə
hinəgirən qarı o günü görmədi. Səməd
gedib Leninqradda ilişib qaldı. Həm də o da
söz-söhbət olmuşdu ki, Səməd arvaddan
qorxandı. Ona görə gəlib atasına baş çəkmir.
Bu yaz Səhran
da öz anası yatan qəbiristanlığa getdi. Heç
oğlu Səmədi də görmədi. Daha heç Səmədin
boyuna-buxununa da yalvarmadı. Çünki əcəl ona vaxt
vermədi. Səhərin günəşində inəklərini
kövşənliyə ötürdü, ağappaq
saqqalına adəti üzrə sığal çəkdi. Həm
də saqqalına son sığalı çəkdi. Evə qayıdıb
əbədi olaraq gözlərini yumdu, o gözlər daha
kövrək və bəxti gətirməmiş
qızlarını görməyəcəkdi. Sonra camaat
yığıldı. Arvadlar ağladı, kişilər Səhran
kişini çiyinlərinə alıb apardılar. O boyda
kişini heç nə demədən, heç nə
soruşmadan götürüb apardılar. Adama elə gəlirdi
ki, Səhran kişi özü tabuta girib, çıxıb
oturub kəndin kişilərinin çiynində. Sanki elə
özü bu günü tələskənliklə gözləyirmiş.
Tabut həyətdən çıxar-çıxmaz isti plov
qoxusu bütün kəndə yayıldı. Hamı Səhran
kişinin ehsanından yeyib
"Allah rəhmət eləsin" dedi. Səhran isə
daha boz çöllüklərdən qəbiristanlığa
baxmırdı. Buxaradan çıxan tüstü bulud-bulud
göylərə yayıldı. Bəxti gətirməmişləri
"ay dədə" deyib nalə çəkdilər.
Əlağacı həyətdə zülüm-zülüm
ağladı. Yağış kövşənliklərə
sel olub axdı.
Ruzbeh Məmməd
Ədəbiyyat qəzeti.- 2020.- 15
avqust.- S.12.